Ali irs
İnsana inam hissi xalqın ən ümdə, ən dərin
duyğularındandır. Bu, xalq müdrikliyinin
ilkin əlamətlərindən biri kimi özünü
göstərir. Şəxsiyyət amili də
insana inam hissinin, xalq müdrikliyinin mərkəzində
dayanır. Bu hissdən, bu müdriklikdən
gələn dəyərləri özündə birləşdirir.
Heydər Əliyev şəxsiyyəti də xalq ruhundan
gələn, xalqın yetirdiyi ayrı-ayrı şəxsiyyətlərin
həyatından, tarixdəki iştirakından keçən
talelərin ümumiləşmiş obrazı idi.
Heydər Əliyev şəxsiyyəti, Onun Azərbaycan
tarixindəki yeri və rolu xalqın əsrlər boyu
toplanmış milli enerjisinin, tarix boyu qazandığı mənəvi
nailiyyətlərin, milli ruhunun seçkin insanların
ömürlüyündən yol gələ-gələ konkret
liderin həyat və fəaliyyətində ən yüksək
zirvəsinə çatması idi.
Bəli,
Heydər Əliyev Azərbaycan tarixinin min illər ərzində
ömürlərdən-ömürlərə əmanət
edib boya-başa çatdırdığı, hər
işıqlı ömürdən bir zərrə pay verib
yetirdiyi - dünyanın ən böyük azərbaycanlısı
idi!
Dədə
Qorqud müdrikliyi, Babək əzmi, Nizami Gəncəvi bəsirəti,
Şah İsmayıl ruhu, Abbasqulu ağa Bakıxanov, Mirzə
Fətəli Axundov, Həsən bəy Zərdabi ziyası, Azərbaycan
Xalq Cümhuriyyətini qurub-yaratmış zəka sahiblərimizin
vətənpərvərliyi və idrakı Heydər Əliyev
şəxsiyyətində təcəlla tapmışdı.
Ulu öndərin hər əməlində bu insanlardan,
onların ideallarından bir nişanə var. Amma fərq
ondadır ki, Heydər Əliyev bu dəyərli böyüklərimizin
axıra yetirə bilmədiyi müqəddəs vəzifələri
məntiqi sonluğuna uğurla çatdıra bilmişdi.
Ona görə də Heydər Əliyev bir azərbaycanlının
öz ictimai-siyasi taleyində mümkün olan ən yüksək
zirvəyə ucaldı.
Heydər
Əliyev hər bir azərbaycanlının idealı idi,
idealıdır!..
lll
Müstəqil Azərbaycan dövləti Heydər
Əliyevin cismani yoxluğunda da ayaqdadır,
güclüdür, qüdrətlidir. Çünki bu
dövləti qurub-yaratmış insanın ideyaları
yaşayır. Azərbaycan dövlətinin
bugünkü uğurları məhz Heydər Əliyev
ideyalarına söykənir, bu ideyalar üzərində qərar
tutur.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham
Əliyev də özünü bu ideyaların
davamçısı sayır. Heydər Əliyev
ideyalarına istinad edərək sosial-iqtisadi islahatlar kursunu,
hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu proseslərini əzmlə irəli aparır.
İlham Əliyev Heydər Əliyev
ideyalarının davamçısıdır. Amma bu
gün İlham Əliyevin özünün də Azərbaycan
adına, Azərbaycan naminə
gördüyü işlərlə gələcək
üçün daha bir dövlətçilik irsi
formalaşır. Gələcək nəsillərdən
ötrü daha bir mənəvi istinadgah ortaya qoyulur. Həm də elə bir istinadgah ki, hər zaman ona
söykənərək müvazinətini saxlaya və parlaq gələcəyə
doğru yoluna davam edə bilərsən.
Heydər
Əliyev ideyalarının, İlham Əliyevin bu ideyalar
üzərində yaratdığı zəngin milli dövlətçilik
irsinin bu dəyərlərlə birgə hər bir vətəndaş
qarşısında müəyyən etdiyi vəzifələr,
ortaya qoyduğu həqiqətlər də var. Amma şəxsiyyətlərin
insanlara, bəşəriyyətə xidmət edən mənəvi
ideyalarının da əbədilik haqqı var. Onların mənəvi
ideyaları da bəşəri sərvətdir.
Siyasi liderlərin, dövlət qurucularının
dövlətçilik ideyalarının davamı mexanizmi məlumdur. Onların
qurub-yaratdıqları dövlət institutları, idarəetmə
sistemləri bu ideyaların həyata keçirilməsinə,
davamlılığına təminat verir. Mənəvi
ideyalara gəlincə isə burada vəziyyət bir qədər
fərqlidir. Bu ideyaların yaşaması
yollarını axtarıb tapmaq, bu insanların nəcib
obrazını yenə həyatda görmək, onların
adlarını, əməllərini o mənəvi
ideyaların təcəssümü kimi yaşatmaq istəyən
insanlar düşünüb tapmalıdırlar.
Heydər Əliyev şəxsiyyətinə xas mənəvi
ideyalar dünyanın bütün kamil insanları
üçün xarakterik olan insanlıq dəyərləridir. Humanizmdir, mərhəmətdir,
xeyirxahlıqdır, tolerantlıqdır, maarifdir, savaddır,
insana inamdır, dünyaya, bəşəriyyətə
sevgidir.
Heydər Əliyevin 1997-ci ilin avqustunda ABŞ-da rəsmi
səfərdə ikən, Londonda oğul nəvəsinin
dünyaya gəlməsini eşidib Hyuston şəhərindən
Londona, nəvəsinin görüşünə tələsməsi
epizodunu yada salıram.
Şahidlər
xatırlayır: "Heydər Əliyev bu görüşə,
sözün əsl mənasında, qaça-qaça gedirdi.
Nəvəsini ona təqdim edəndə gözləri
yaşardı və çox təntənəli, yüksək,
bir qədər də kövrək səslə dedi: "Mən
bu uşağın adını Heydər qoyuram". Otaqda olan hər kəsin gözləri
yaşarmışdı".
O,
dünyaya yenicə göz açmış körpəyə
dünyanın ən qiymətli hədiyyəsini, tarixin
xatırladığı ən şanlı adlardan birini -
öz adını, Heydər Əliyev adını verdi.
Bir yaz günü Naxçıvanda, sadə bir ailədə
doğulmuş oğlan uşağına verilən bu adı
Heydər Əliyev doğulduğu, həyata doğru ilk
kövrək addımlarını atdığı ata
ocağından dünyanın taleyini müəyyən edən
üç-beş adamın adının əks olunduğu
tribunalara qədər aparıb çıxarmışdı. 80 illik təlatümlü
ömrünün heç bir mərhələsində bu ada
toz belə qondurmamışdı. İndi isə, qolunun
qüvvəti, zəkasının gücü ilə yüksəltdiyi,
mənalandırdığı, dəyər
qazandırdığı, şəxsiyyəti ilə bəzək
verdiyi bu adı yenicə dünyaya gəlmiş körpəyə
bağışlayırdı...
Çünki zəndində yanılmayacağına
adı kimi əmindi. O körpəni dünyaya gətirmiş ananın soyuna,
mənəvi dünyasına, körpəsinə verdiyi
südün, tərbiyənin, ana öyüdünün
halallığına bələddi. Bu, təkcə
adın əmanəti deyildi. Heydər
Əliyev bununla oğluna, ocağının gəlininə
"Adım əmanəti" demirdi. Bununla
həm də öz mənəvi ideyalarını onlara əmanət
edirdi.
Və bu ideyaların qorunub saxlanması, Heydər
Əliyev adında assosiasiya olunan mərhəmətin,
humanizmin, xeyirxahlığın bəşəriyyətə
xidmət göstərən dəyərlər kimi
bütün dünyaya yayılması Heydər Əliyevin
ömrünün davamını, onun varisini dünyaya gətirmiş
Ananın - Mehriban xanım Əliyevanın üzərinə
düşürdü.
O, öz
borcundan çıxdı. 2004-cü ildə Heydər
Əliyev Fondunu yaratmaqla bu ideyaları düşüncədən
əmələ çevirdi. Heydər
Əliyevin mənəvi ideyalarını yaşatmaq, onlara
qol-qanad vermək borcu Mehriban Əliyevaya düşdü.
Çünki Mehriban xanım özü də bu
ideyaların yetirməsi idi. O, Heydər Əliyevin mənəvi
övladı idi və atası Arif müəllimdən,
anası, mərhum Aida xanımdan
görüb-götürdükləri, aldığı tərbiyə
qədər həm də Heydər Əliyev ideyalarından,
özünün də məqalələrindən birində
yazdığı kimi "Heydər Əliyevin həyat dərsləri"ndən
öyrənmişdi.
lll
O, Heydər
Əliyevin təkcə xoş günlərinin şahidi
olmamışdı. Cəmi 18 yaşında Əliyevlər
ocağına gəlin köçən Mehriban xanım Heydər
Əliyev üçün, eləcə də bu ailənin hər
bir üzvü üçün son dərəcə
ağır günlərin acısını - Zərifə
xanımın itkisini, istefaya göndərildikdən sonra Heydər
Əliyevə, onun ailə üzvlərinə qarşı
başlanan təzyiqlərin göynərtisini də bu ailədəki
bütün doğmalarla birgə yaşamışdı,
bunları qəlbindən keçirmişdi.
O çətin
illərdə Mehriban xanım Əliyeva - bu zərif Azərbaycan
qızı bütün xalqın yükünü,
ağrısını daşıyan Heydər Əliyevin mənəvi
yükünü öz kövrək çiyinlərinə
çəkmişdi. Onun çətin günlərinin
həyanı olmuşdu.
Həmin
keşməkeşli günlərdə dağ vüqarlı,
xan çinar əzəmətli Heydər Əliyevin yerbəyerdən
üzərinə əsən tufanlara, qasırğalara sinə
gərməsi, duruş gətirməsi və bununla tarixin
küləklərinin silkələdiyi Azərbaycanın da
müvazinətini qoruması üçün zərif
vücudu ilə ona söykək olmuşdu.
Halal süd əmmiş, mayası halallıqdan
yoğrulan bir kişinin çörəyini yemiş hər
bir Azərbaycan qızı, yəqin ki, belə davranardı və
Mehriban Əliyeva da bu baxımdan istisna deyildi.
Mehriban
xanım Əliyeva Moskvadakı dövlət bağında
keçirdiyi ağır, əziyyətli, min bir keşməkeşli
günlərdən müstəqil Azərbaycan dövlətinin
Prezidenti kimi yaradılan möhtəşəm tarixə
doğru aparan uzun, incə bir yolda Heydər Əliyevin ilk
ardıcıllarından idi.
Heydər
Əliyevin nələr düşündüyünü, nələr
hiss etdiyini, nələr planladığını, İlham
Əliyev qədər Mehriban Əliyeva da bilirdi, duyurdu, hiss
edirdi.
Ona
görə də indi bu sözləri heç bir
mübaliğəyə varmadan yazıram: Heydər
Əliyevin, əslində iki davamçısı var. Milli
dövlətçilik ideyalarının həyata keçirilməsi,
milli dövlətimizin gələcəyi ilə bağlı
arzuların reallığa çevrilməsi baxımından
bu missiya Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin üzərinə düşür və bu
missiya ən şərəfli səviyyədə gerçəkləşir.
Mənəvi sahədə isə Heydər Əliyev
irsini Azərbaycan Prezidenti ilə birgə, həm də
Mehriban xanım Əliyeva davam etdirir. Və bu
davamçılıq onun yaratdığı Fonda
seçilmiş adla birgə bu qurum üçün müəyyən
edilmiş fəaliyyət proqramında da öz əksini
tapır.
Heydər
Əliyevin adını daşıyan bu qurumun - Heydər
Əliyev Fondunun məramı, məqsədi aydındır...
lll
Bir
adamın yüksək mənəvi keyfiyyətlərini daha
yüksək tonla, daha emosional ovqatda nəzərə
çatdırmaqdan ötrü adətən, "qızıl
kimi insandır" deyirik... Azərbaycan dövləti
də Prezident İlham Əliyevin gündəmə gətirdiyi
"insan kapitalı" ideyası ilə, əslində,
"insan qızılı" yaratmaq istəyir. Gələcəyin qızıl kimi insanlarını
yetirməyə çalışır. Çünki
bu, zəmanəmizin ən qiymətli sərvətidir, xəzinəsidir
və bu xəzinənin də mərkəzində təhsil
dayanır.
Azərbaycan dövlətinin təhsilimizin
inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərlə
bir arada, nə aşağı, nə yuxarı, elə
dövlətin gördüyü işlər qədər Heydər
Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etməliyəm.
Hər kəs
üçün bərabər təhsil imkanları
yaradılmalıdır! Gənc nəsil zəruri biliklərə
yiyələnməlidir! Azərbaycan təhsili beynəlxalq təhsil
sisteminin bir parçasına çevrilməlidir! - Bu
üç məramı Heydər Əliyev Fondu
özünün təhsil sahəsində gələcəyə
yönələn aydın fəaliyyət istiqaməti kimi
müəyyənləşdirib.
Adətən,
cəmiyyətdəki hansısa ictimai məzmunlu problemlər
haqqında söhbət düşərkən, tez-tez istifadə
etdiyimiz ümumi bir məntiqi hökm var: "Hər şey məktəbdən
başlanmalıdır". Heydər Əliyev
Fondu da, Fondun rəhbəri Mehriban xanım Əliyeva da,
sözün əsl mənasında birinci məktəbdən
başladı. Onun irəli
sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb
layihəsi" Azərbaycanın ictimai gündəmini müəyyən
edən sosial çağırış kimi əks-səda
yaratdı. Qısa zamanda özünə böyük tərəfdarlar
ordusu topladı bu çağırış...
Hamı bu nəcib niyyətin gerçəyə dönməsindən
ötrü cani-dildən işə girişdi. Sabah övladlarının təhsil
alacağı yaxud, müəllim kimi dərs deyəcəyi
yeni Azərbaycan məktəblərinin tikilib qurulması
prosesində hamı bir işin qulpundan yapışmağa can
atdı. Az zamanda Azərbaycanın ucqar kəndlərində,
şəhər və qəsəbələrində ağ
daşdan səliqə ilə inşa olunmuş, iri pəncərəli,
rəngli taxtapuşlu məktəb binaları dikəldi.
Bunlar yeniləşən Azərbaycanımızın
yeni məktəbləri idi. Sovetin vaxtından məktəb
deyib dad döyən, birinci sinif şagirdi olan balaca sakinləri
hər səhər çantalarını sürüyə-sürüyə
qonşu kəndlərin məktəblərinə doğru
kilometrlərlə yol adlayıb, dağlardan, dərələrdən
aşan, yol yorğunu olan kəndlərin də məktəb
intizarı bitdi. O kəndlərin ağsaqqalları,
ağbirçəkləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci
xanımı Mehriban xanım Əliyevaya şükranlıq
duyğuları ilə "Halaldır kişinin oğluna,
halaldır kişinin qızına" söylədilər.
Heydər Əliyevin ruhu bu zəhmət adamlarının
Tanrıya ünvanlanmış şükranlıq
dualarından sevindi, rahatlıq tapdı.
lll
Heydər Əliyev Fondu Azərbaycanlı birinci sinif
şagirdlərini dünyanın dörd bir yanında
axtarıb tapır. Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə,
Rumıniyada və başqa-başqa ölkələrdə
yaşayan məktəbli balalarımız Heydər Əliyev
Fondunun - Mehriban xanım Əliyevanın onlara göndərdiyi
içi hər cür dərsliklərlə, dərs ləvazimatları
ilə dolu hədiyyəlik çantalarla sevinir.
Heydər Əliyev Fondu "Təhsilə dəstək"
adlı bu layihə çərçivəsində Azərbaycan
ərazisindəki milli azlıqları da diqqətdən-qayğıdan
kənarda qoymur. Onların da öz dillərində təhsil
almaq imkanlarını genişləndirir. Göstərir
ki, bu vətən, bu torpaqlar milliyyətindən, dilindən,
dinindən asılı olmayaraq bizim hər birimizindir.
Hamımızın ümumi Vətənidir...
Heydər Əliyev Fondunun dəstəyi ilə müntəzəm
olaraq keçirilən fənn olimpiyadaları, məktəblilər
arasında təşkil edilən inşa müsabiqələri
ilə istedadlı balalarımız millətin ən dəyərli
sərvəti kimi bir-bir üzə çıxarılır. Onların Fransa, Almaniya,
Niderland, Belçika kimi ölkələrə səfərləri
təşkil olunur.
Bölgələrimizdə,
Bakı kəndlərində uşaq
bağçalarının əsaslı təmir olunaraq
müasir avadanlıqlarla təchiz olunması da Mehriban
xanım Əliyevanın irəli sürdüyü bu layihənin,
səpdiyi xeyirxahlıq toxumunun lətif meyvələridir...
lll
Hər uşağın ata-anaya ehtiyacı var. Bir
körpə üçün dünyanın ən rahat, ən
güvənli sığınacağıdır, ata-ananın
qolları. Yer üzünün ən çox məmnunluq bəxş
edən məkanıdır.
Bəs kimsəsiz körpələr?! Onların qəlbindəki
dünya boyda boşluq?! Bəs bu boşluğu kim doldursun?!
Dünyanın bütün məkanlarında imkan daxilində
bu uşaqlara sahib çıxmağa, onların qumru kimi
ürkək qəlblərindəki boşluğu doldurmağa,
gözlərindəki özlərindən ağır kədəri
ovutmağa çalışan dövlət qurumları var,
uşaq evləri var. Azərbaycan da bu sarıdan istisna deyil və
bunun ən kamil nümunəsi Heydər Əliyev Fondudur,
Mehriban xanım Əliyevadır.
Əslində o da dünyanın hər yerində
başqa tanınmışların bu sahədə
gördükləri işləri görür. İrəli
sürdüyü "Uşaq evləri və internat məktəblərinin
inkişafı" layihəsi ilə dünyanın
bütün sivil ölkələrində özünü
doğrultmuş üsulların, yanaşmaların Azərbaycanda
da tətbiqinə çalışır.
Amma arada bir fərq var və bu fərqə toxunmasam,
olmaz. Mehriban xanım bütün bu işlərə ana
şəfqətini, ana sevgisini, analıq hisslərini də
qatır və bu şəfqət, bu sevgi, bu hiss kimsəsiz
uşaqlarla bağlı görülən bütün işlərin,
həyata keçirilən bütün tədbirlərin
fövqündə dayanır.
İnternat
məktəblərində, uşaq evlərində tərbiyə
olunan, qaçqın və məcburi köçkün ailələrindən
olan və təhsildə fərqlənən uşaqlar
üçün hər il müxtəlif
bayramlarda şənliklər, mərasimlər təşkil
olunur. Bu mərasimlərdə Mehriban xanım qızları
Leyla və Arzu ilə körpələrin
görüşünə gəlir... Və bütün
siyasi-ictimai statuslarını körpələrlə
görüşdüyü məkanın o astanasında, o biri
üzündə buraxıb içəri yalnız bir statusla,
bir missiya ilə daxil olur...
Ana
statusunda, ana missiyasında, ana sifətində...
Ona görə də belə mərasimlərdə
körpələr onun yanında çox sərbəstdirlər. Bir uşaq anasına
doğru necə tələsərsə, onlar da Mehriban
xanıma elə can atırlar... Bir uşaq anasının
yanında necə davranarsa, necə dəcəlliklər,
şıltaqlıqlar edərsə, onlar da Mehriban xanımın
yanında belə davranırlar... Körpələrdən
hansısa lap dəcəli Mehriban xanımın
saçlarına toxunmaq istərkən onu
qarışdırır, başqa biri onun ana qucağında
rahatlıq tapır, digərləri şəkil çəkdirmək
üçün onu bir anda əhatəyə alır.
...Və
hər dəfə o şəkillərə nəzər salarkən,
kimsəsiz körpələrin sevimli Mehriban anasının o
şəkillərdən baxan gözlərinin dərinliyindəki
kədəri də sezmək olur...
Bu ailənin yetirməsi, mərhəmət və insansevərliyinə
görə, babasının, atasının, anasının
layiqli ardıcılı olan Leyla Əliyevanın elə bu
günlərdə kimsəsiz bir qızı
övladlığa götürməsi də ailə şəcərəsinin
qanından, ruhundan gələn bir humanizm idi.
Mehriban xanım Əliyeva Onu özlərinə mənəvi
ana bilən bu uşaqları uşaq evlərini tərk edəndən
sonra da sahibsiz, kimsəsiz, pasibansız qoymur. Bir ana kimi
onların üzərinə qanad sərir. Müxtəlif
şəhərlərdə, qəsəbələrdə, kəndlərdə
inşa edilən yaşayış binaları ilə, Onun bu nəcib
təşəbbüsünə dəstək verən biznes
qurumlarının köməyi sayəsində yeni
açılmış zavodlarda, fabriklərdə yaradılan
iş yerləri ilə bu körpələri ev-eşik,
iş-güc yiyəsi etməyə çalışır.
Onların layiqli vətəndaşlar kimi öz həyatlarını
qurub halal çörək qazanmalarına dəstək olur. Bu uşaqların ailə
qurub, övlad sahibi olmalarına, iç
dünyalarındakı kimsəsizlik soyuğunu, buzunu ailə
ocağının hərarəti ilə isitmələrinə
vəsilə olur. Onlara Ana xeyir-duası verir...
lll
Mehriban xanım Əliyeva sağlamlıq problemləri
olan insanlara kömək göstərilməsini rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən
biri kimi müəyyənləşdirib. Fondun bu sahədə
gördüyü işlər yalnız səhhətində
problem yaranmış hansısa vətəndaşımızın
müalicəsinə kömək göstərilməsi, kiməsə
dava-dərman alınması və ya bir başqasının Azərbaycanda
dəvası tapılmayan ağır bir dərddən
qurtuluşu üçün xarici ölkələrin xəstəxanalarına
göndərilməsi ilə əhəmiyyətli deyil. Əlbəttə, hətta cəmi bircə
insanın da həyata qayıtmasının, dünyadan əlini
üzmüş bir kəsin qəlbində ümid
işığı yandırılmasının savabı yerə-göyə
sığmaz. Heydər Əliyev Fondu,
Mehriban xanım Əliyeva illərdir ki, bu işi görür.
Bu Fond dərdləri, ağrı-acıları
ilə baş-başa qalmış insanlar üçün illərdir
ki, pənah ünvanıtək ucalır. On
minlərlə insana ümid bəxş edir, mərhəmət
işığı ilə onları yenidən həyata
tutundurur.
Özlüyündə bunun dəyərini, qiymətini
sözlə ifadə etmək mümkünsüzdür. Amma daha qiymətli
olanı Mehriban xanımın bununla insanlara təlqin etdiyi mənəvi
dəyərlərdir. Heydər Əliyev
Fondu bu məqamda da xalqımızın milli düşüncə
sistemində xüsusi yer tutan dəyərlərə
tapınır. Mərhəmətə,
insanpərvərliyə, xeyirxahlığa üz tutur. Cəmiyyətin mənəvi cəhətdən
saflaşdırılmasına, mənəvi
dünyamızın yad təsirlərdən qorunmasına dəstək
olur. Bunlar elə dəyərlərdir ki,
onları tarix boyu qazandığımız ən qiymətli sərvət
gözündə görə bilərik. Mehriban
xanım Əliyevanın missiyası da yıxılanı
ayağa qaldırmaq, köməksizə, binəsibə əl
tutmaq, insanlara daha yüksək diqqət və qayğı
düşüncəsini fəallaşdırır. Bu
düşüncənin işığında cəmiyyət
dərk edir ki, xeyirxah əməllər bütün dövrlərdə
nə qədər lazımdır, gərəklidir, vacibdir...
lll
Mehriban xanım Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun rəhbəri kimi sərhədlərimizdən
kənarda da maraq və rəğbətlə izlənən
ictimai fəaliyyətinə dünyanın ən nüfuzlu
qurumlarından olan YUNESKO-nun rəhbərliyi biganə
qalmadı.
2004-cü ilin yayında Mehriban xanım Əliyevanın
YUNESKO-nun xoşməramlı səfiri ali
statusuna layiq görüldüyünü eşidib sevindik. Həmin ilin 9 sentyabrında Paris şəhərində
bu ad təntənəli şəkildə Ona - Azərbaycan
qadınına təqdim olundu.
Mehriban xanım Əliyeva qısa zamanda bu inamı,
ümidi nəinki doğruldacaq, YUNESKO-nun xoşməramlı
səfiri olmağın meyarlarını, ən parlaq nümunəsini
yaradacaqdı.
Xoşməramlı səfir olmaq - Vətən
qarşısında, dünya qarşısındakı məsuliyyətdir.
İnsanın Yer üzündə tarixin
özü tərəfindən müəyyən edilmiş
taleyidir.
Xoşməramlı səfir olmaq - narahat, ziddiyyətli
dünyanın insanlarını mənən
yaxınlaşdırmağa çalışmaq, əsrlərin
miras qoyduğu mənəvi və mədəni sərvətləri
yaşatmaq amalı uğrunda zəhmət sərf etməkdir. Xoşməramlı səfir
olmaq - dünyada çox az şəxsiyyətin
taleyinə düşən Tanrı payını
bölüşməkdir...
Dünya üzrə onların sayı 30-dan çox
deyil.
İlham Əliyev bu xüsusda özünəməxsus yumorla
deyib: hər halda onların sayı prezidentlərin sayından
xeyli azdır. Mehriban xanım öz fəaliyyəti
ilə YUNESKO-nun xoşməramlı səfirləri sırasında
çox qısa zaman ərzində lider mövqeyə doğru
irəlilədi. Mədəniyyətlər
və sivilizasiyalar, keçmişlə bu gün arasında əlaqənin,
bağlantının yaradılması missiyasını şərəflə
yerinə yetirdi.
Azərbaycanın YUNESKO ilə tam əməkdaşlığı,
bu nüfuzlu qurumun imkanlarından istifadə edilməsi də
məhz Mehriban xanım Əliyevanın şəxsi nümunəsi
sayəsində mümkün oldu. Ölkəmiz 2005-ci ildə
YUNESKO-nun İcraiyyə Komitəsinə üzv seçildi və
bu da Azərbaycanın mədəniyyət sahəsində
rolunun, fəaliyyətinin beynəlxalq miqyasda tanınmasının
parlaq sübutuna çevrildi...
YUNESKO-nun
xoşməramlı səfiri kimi Mehriban xanım
Əliyevanın həyata keçirdiyi missiya çoxşaxəli
və əhatəlidir: mədəniyyət, sosial müdafiə,
mənəvi irsin qorunması... Azərbaycanın
birinci xanımının bu istiqamətlərin hər biri
üzrə apardığı ardıcıl fəaliyyət Azərbaycan
Prezidenti İlham Əliyevin dövlət
qayğılarını üzvü surətdə
tamamlayır, bu qayğıları mümkün qədər
azaldır, yüngülləşdirir. Avropa, yoxsa Asiya...
Qərb, yoxsa Şərq...
Vaxt Azərbaycan cəmiyyətini hələ XX əsrin əvvəllərində
bu suala doğru-dürüst bir cavab tapmaq, hər iki aləmin
ən yaxşı cəhətlərindən faydalanmaq
üçün yollar düşünmək zərurəti
qarşısında saxlamışdı.
"Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə,
elm və maariflərinə, kəşfiyyat və
ixtiralarına müraciət etmək istəyirik, özlərinə
deyil! Biz istəyirik
ki, islam ölkəsinə onların beyinləri
girsin, boğazları, mədələri girməsin. Biz istəyirik
ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində
həzm olunmasın ... " Dövrünün
böyük mesenatı Hacı Zeynalabdin Tağıyevin maliyyə
yardımı ilə nəşr etdirdiyi "Füyuzat" dərgisində
görkəmli fikir adamı Əli bəy Hüseynzadə o
zaman bu suala belə cavab verirdi.
Ötən əsrin 80-ci illərinin sonlarına doğru
bütün dünyada ideologiyaların savaşı başa
çatandan və kommunist ideologiyası son nəfəsini
verib canını tapşırandan sonra Azərbaycanda da Qərbə,
yoxsa Şərqə doğru sualı yenidən
aktuallaşdı. XX əsrin əvvəllərində
ömür sürmüş böyük fikir
adamlarımız bu sualın cavabını düşüncələrində
axtarırdılar. Mehriban xanım Əliyeva isə həmin
mütəfəkkirlərin yolunu Sovet dövründə də
əsərləri ilə davam etdirən və şəxsiyyət
etibarilə onlarla eyni mənəvi ucalıqda qərar tutan
anası, professor Aida İmanquliyevadan əxz
etdiyi fikir sərvətinin işığında əməlləri
ilə cavab tapdı bu suala.
2004-cü ildən, mahiyyət etibarilə Qərb dəyərlərinin
ifadəçisi kimi çıxış edən YUNESKO-nun
xoşməramlı səfiri statusunu daşımaqla bahəm
2006-cı ilin noyabrından İslam Elm, Təhsil və Mədəniyyət
Təşkilatının - İSESKO-nun da eyni statusuna layiq
görüldü.
Mehriban xanım Əliyeva İSESKO-nun mövcudluğu
tarixində bu yüksək vəzifə ilə şərəfləndirilən
3 xoşməramlı səfirdən biridir. Azərbaycanın
birinci xanımı İSESKO-nun ilk qadın xoşməramlı
səfiridir.
...Və Mehriban Əliyeva şəxsiyyəti eyni vaxtda həm
Qərbin, həm də Şərqin mənəviyyat,
barış elçisi missiyasını yerinə yetirən,
bu iki fikir dünyası arasındakı dialoqu,
anlaşmanı ilk növbədə öz mənəvi aləmində,
qəlbində, zəkasında quran bir ilkdir. Azərbaycan
qadını bu iki dünyanı bir araya gətirməyi
bacardı. Bu iki aləm arasındakı
gah birləşən, gah kəsişən, əsrlər boyu
böyük düha sahiblərinin fikirlərini məşğul
edən mübhəmlərin sirrini çözdü.
Mehriban xanım həyatda ən böyük ideyanın məhz
insan ideyası olduğunu hər kəsə anlatdı. Əməlləri
ilə sübuta yetirdi ki, yalnız bu ideya ilə yüklənmiş
fəaliyyət başa vara, muraza yetə bilər. Humanizm hissi ilə bağlı olmayan hər cür
niyyət öz nəcibliyini itirər, eybəcər mahiyyət
kəsb etməyə başlar.
Mehriban xanım YUNESKO və İSESKO-nun sülhməramlı
səfiri kimi, həm Qərbin, həm də Şərqin
yüksək səlahiyyətli elçisi statusunda bəşəriyyətə
bu gerçəyi anlatmağa çalışır. Körpəlikdən
varlığına hakim kəsilmiş humanizm qayəsini, insan
ideyasını Pakistanda zəlzələdən zərər
çəkən qızlar məktəbinin yenidən inşası
ilə gündəmə gətirir. Hollandiyada, Rusiyada,
Gürcüstanda, Rumıniyada, Misirdə və digər
ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə
köməklə, Afrika ölkələrinin qeyri-maddi mədəni
irsinin qorunmasına yardımla reallaşdırır. Parisdə Versal sarayının parkında yerləşən
abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm
kafedral kilsəsinin yenidən qurulması ilə gerçəkliyə
çevirir. Qəbələdə ənənəvi beynəlxalq
musiqi festivallarının təşkili, dünyanın fərqli
ölkələrində icra edilən beynəlxalq layihə və
proqramlarla, konfrans və toplantılarla bəşəriyyətə
təlqin edir...
lll
Onun ideya və əməlləri təkcə Azərbaycan hüdudları ilə əhatələnmir, bu dəyərli ideyaların, bu nəcib əməllərin işığı, uzaq-uzaq ellərdə mərhəmətə, qayğıya, hansısa müşkülün həllində köməyə ehtiyacı olan insanların, toplumların da üzərinə düşür. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondunun xarici ölkələrdə inşa etdiyi məktəblərin, xəstəxanaların, körpülərin, köməyə möhtac insanlara edilən yardımların nurunda yaşadığı məkandan, milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq dünyanın uzaq-uzaq ellərində yaşayan insanlar da Mehriban xanım Əliyevanın humanizmindən öz nəsibini görür. Xeyirxahlıq, mərhəmət bu insanlar arasındakı bütün ayrıntıları götürərək, onları eyni sevgi, eyni şəfqətlə bağrına basır.
Təsadüfi deyil ki, Mehriban xanımı bu gün beynəlxalq miqyasda tanıdan əsas amil onun sadəcə Azərbaycanın Prezidentinin həyat yoldaşı kimi ölkənin birinci xanımı statusunu daşımasından daha çox, bu statusun verdiyi imkanlardan istifadə edərək bəşəriyyətə verdiyi mühüm töhfələrdir. Azərbaycanın möhtəşəm tarixini və müasir uğurlarını ölkə hüdudlarından kənarda layiqincə tanıtması, Azərbaycan qadını adını layiq olduğu zirvələrə ucaltmasıdır.
lll
İnsanlar onu özlərinə doğma bilir və bu münasibətin işığında hər hansı problemlərinin həllində ondan kömək istəyirlər. Haqlı olaraq vətəndaşlara elə gəlir ki, onları narahat edən məsələlərlə bağlı Mehriban xanım Əliyevaya müraciət etsələr, onların narahatlığının aradan qaldırılması özünü çox gözlətməz. Heydər Əliyev Fondunda bu müraciətlərin qəbulu, onlara baxılması, əlaqədar dövlət orqanları ilə birgə həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün mükəmməl bir sistem formalaşdırıb Mehriban xanım Əliyeva.
Və bu işi hər hansı inzibati öhdəlik qismində yerinə yetirmir. Belə bir missiyanı bir ananın, bacının öz doğmalarının dərdinə yanması, imkan daxilində onlara kömək əli uzatması, başqaları üçün faydalı olmasının mənəvi rahatlığı kimi həyata keçirir.
Bu, şərəfli missiyadır...
Ötən ay Azərbaycan Prezidenti tərəfindən məmləkətin ən ali mükafatı - "Heydər Əliyev Ordeni" ilə təltif olunması da, əslində Mehriban xanımın bu missiyasına dövlətin və xalqın verdiyi dəyərin, bəslədiyi minnətdarlığın ən səmimi ifadəsi idi...
Heydər Əliyevin əbədiyaşar xatirəsini, əziz ruhunu şad edən, rahat edən şükranlıq idi...
Hüseynbala Mirələmov
Milli Məclisin deputatı,
yazıçı-publisist
525-ci qəzet.- 2015.- 26 avqust.- S.3.