Şəxsiyyət və
yazıçı ünvanı
UNUDULMAZ ƏDİBİMİZ ƏLİBALA HACIZADƏNİN 80 İLLİYİNƏ
Doğma
kəndindən ayrıldığı, ilk dəfə şəhərə
düşdüyü üçün qərib bir adam kimi sıxılsa da, qəlbi böyük
arzularla qanadlanırdı. Zənn edirdi ki, bu az yaşında üzləşdiyi
acılardan, itkilərdən sonra taleyi, yəqin, bir daha onu
ağır sınaqlara çəkməz. Qəbul
imtahanlarına səylə hazırlaşmış, artıq
üç imtahandan əla qiymət almışdı. Axırıncı imtahanı da yaxşı versəydi,
universitetə qəbul olunacaqdı. Lakin həmin
gün imtahan vərəqini itirdi. İmtahan
komissiyasının sədri ona yeni vərəq vermədi.
Əvvəl prorektora, sonra rektora müraciət etsə də,
onlardan müsbət
cavab almadı.
Zənnində yanıldığını
düşünə-düşünə naəlac halda pillələri
enirdi. Ayaqları keyimişdi elə bil, ürəyi
sıxılırdı. Və... birdən
Həmid müəllimi
gördü. Gözlərində ümid
işıqlandı, dodaqlarına təbəssüm qondu.
Ədəbiyyatdan imtahanı ondan professor Həmid
Araslı götürmüşdü. Bu
çəlimsiz oğlanın cavabı çox xoşuna gəlmiş,
biliyini "əla" qiymətləndirmişdi.
Əlibala ürəklənib salam verdi. Bəxtindən Həmid müəllim onu
tanıdı. "Nə olub, bala?"
- deyə onun qəmli olduğunu hiss
etdiyindən həlim səslə soruşdu. Əlibala
başına gələnləri danışdı. Həmid
Araslı onunla birlikdə imtahan komissiyası sədrinin
yanına gəldi: "Mirzə, bir imtahan vərəqi ver,
uşaq imtahana getsin". Bayaqdan ağzından
"yox" sözündən qeyri bir kəlmə
çıxmayan komissiya sədri imtahan vərəqini ona
uzatdı. Sevincək imtahan otağına
girib bilet çəkdi. "Yaxşı" qiymət
alıb universitetə qəbul olundu...
Özünə
söz verdi ki, ilk dərs günündəcə
Həmid Araslıya təşəkkürünü bildirsin.
"İlk dərs günü böyük sevinc
içində auditoriyaya daxil oldum. Hamı həyəcanla
müəllimi gözləyirdi. Fikirləşdim
ki, tənəffüs vaxtı nurani simalı Həmid müəllimi
tapıb ona təşəkkürümü edəcəyəm.
Müəllim auditoriyaya daxil olanda bir anlıq
özümü itirdim. Gələn Həmid
Araslı idi. İnsanlığına pərəstiş
etdiyim Həmid müəllim indi mənə dərs deyəcəkdi.
Lakin bir tərəfdən də çox məyus
oldum. Çünki təşəkkürümü
ona bildirə bilməyəcəkdim. Fikirləşdim ki,
əgər mən Həmid müəllimə təşəkkür
etsəm, o elə bilər bu yetim uşaq beş
il qiymət almaq üçün ondan kömək istəyəcək.
Qərara aldım ki, ali məktəbi bitirməyi
gözləyim, o zaman ona minnətdarlığımı
bildirim".
lll
Tələbəlik illərinin əvvəllərində
çətinliklərlə üzləşdi. Yataqxanada yer vermədilər,
kirayə evdə qaldı, maddi sıxıntı içində
yaşadı, düz üç il
qış aylarını paltosuz, tək pencəkdə
keçirtdi. Lakin sındırmadı
özünü. Qarşısına
qoyduğu məqsəd üçün
çalışdı. Zamanının ünlü alimlərindən,
görkəmli sənətkarlarından, nəcib
insanlarından dərs aldı: Əli Sultanlı, Həmid
Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz
Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadə...
O, dərslərini
səylə oxuyur, həvəslə yazırdı: şeirlər,
kiçik hekayələr, novellalar. Bir gün təzəcə
yazdığı "Ağ saçlı qızın hekayəsi"ni oxuyub fikrini bildirmək üçün Bəxtiyar
müəllimə verdi. Bəxtiyar Vahabzadə tələbəsinin
hekayəsini bəyənib kiçik bir dəyişiklik etdi:
Əlibala Hacıyev imzasını pozaraq Əlibala Hacızadə
yazdı.
Beləliklə, o, sevimli sənət müəlliminin məsləhətilə
yazılarına Əlibala Hacızadə imzasını qoydu. Universitet qəzetində
"Mənim ilk məhəbbətim", "Ömrüm təzələndi",
"Yada düşdü", "Bir dəstə nərgiz"
kimi lirik hekayələri çap edildi.
Aşağı kurs tələbələri olan bizlər,
eləcə də həmyaşıdları bu ortaboy, arıq,
xoşsifət, istedadlı oğlana rəğbət bəsləyirdilər. Müəllimlər
xətrini istəyirdilər. O, Bəxtiyar Vahabzadənin
sevimli tələbəsi, həmyaşıdı Nahid
Hacızadənin yaxın dostu idi. Və bu səmimi,
təmənnasız dostluq ömür boyu davam etdi.
Aradan illər
keçəcək yazıçı-jurnalist Nahid Hacızadə
"Nəsrimizin nəğməkarı" sərlövhəli
xatirəsində yazacaqdı: "1956-cı ilin yazında universitet qəzetində
Səməd Vurğunun vəfatı ilə bağlı bir
hekayəsi dərc olunmuşdu - "Yada düşdü".
Qəlb ağrısı, yüksək hissiyyat və
böyük sevgiylə yazılmış bu hekayə
şairin romantik çağlarına həsr olunmuşdu. "Yada
düşdü" - ilk məhəbbət, onun ülviyyəti
haqqında zərif, poetik bir nəğmə idi.
Oğlanlar, qızlar qəzet vurulmuş lövhənin
qabağından ayrılmırdılar. Tələbələr dəhlizdə
onu görəndə bir-birlərinə deyirdilər: "Yada
düşdü" hekayəsini bax, bu oğlan yazıb".
Hamımız
ona qibtə ilə baxırdıq...
O, beləcə
hələ tələbəykən nəsrin magistral yoluna
çıxıb, taleyini ömürlük sözlə
bağladı, sözə arxalandı, sözlə qanadlandı.
İllər keçdi, Əlibala Hacızadə
müasir Azərbaycan poetik nəsrinin ustadları Seyid
Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev
ənənələri üstündə köklənmiş nəğməkar
bir yazıçı oldu".
Müdriklər
deyiblər: "İstedadı Allah verir, insan
tanrısının bu əvəzsiz nemətinə öz zəhmətilə
sahib olur".
Müharibə illərində ata-anasını itirib qoca
nənəsinin ümidinə qalan Əlibala kiçik
yaşlarından zəhmətə qatlaşıb, həm
işləyib, həm də oxuyub. Bəxtinə
yaxşı insanlar, xüsusilə ömrü boyu
unutmayacağı gözəl müəllimlər
çıxıb. O, gördüyü qayğı, nəcib
insani keyfiyyətlər, xeyirxahlıqlar qarşısında həmişə
özünü borclu sayıb. Zəhməti, səyi,
biliyi ilə müəllimlərinin etimadını
doğrultmağa çalışıb.
Çalışıb ki, sənət müəllimləri Həmid
Araslıdan, Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən
öyrəndiklərinin bəhrəsi kimi öz qələminin
məhsulu olan əsərləri ilə ustadlarını
sevindirə bilsin. Və buna nail olub.
Universiteti bitirəndən sonra Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunda işə başlayır və burada "Fərruxi
Yəzdinin poeziyası" mövzusunda namizədlik
dissertasiyası müdafiə edir. Akademik Həmid
Araslı öz sevimli tələbəsinin fundamental elmi
işini bəyənir və bunu dünya şərqşünaslığında
XX əsr böyük İran şairi F.Yəzdiyə həsr
olunmuş ilk geniş tədqiqat əsəri kimi yüksək
qiymətləndirir.
Böyük
alimin 10 səhifəlik müsbət rəyi və xoş
sözlərini əvəzsiz mükafat hesab edən Əlibala
Hacızadə gündəliyində yazır: "Başa
düşdüm ki, illərdən bəri qəlbimdə gizlətdiyim
o sözləri
artıq deyə bilərəm. İlk dəfə Həmid
müəllimin məndən imtahan götürdüyü, sonra
itmiş imtahan vərəqinin yerinə yenisini alıb mənə
verdiyini ona dedim: "O vaxt siz mənə kömək etməsəydiniz,
indi mən bu səviyyəyə çata bilməzdim". Həmid Araslı bir qədər duruxdu, məndəki
dözümə təəccübləndi. Hansı səbəbdən bu sirri
saxladığımı dedikdə isə gözləri
doldu".
Düz
bir il sonra Əlibala Hacızadənin Fərruxi
Yəzdi haqqında yazdığı monoqrafiya çapdan
çıxdı. O, gündəliyinə bu sözləri
yazdı: "Ömrümün beş ilini sərf etdiyim
kitab! Qoy bu, ömrü boyu əzab çəkmiş,
dodaqları tikilmiş, damarlarına hava verilərək vəhşicəsinə
öldürülmüş cəfakeş şairin xatirəsinə
məndən kiçik bir əklil olsun!"
lll
Şərqşünas alim kimi Əlibala Hacızadə
ömrü boyu yalnız bir yerdə, AMEA-nın Şərqşünaslıq
İnstitutunda çalışdı, elmi araşdırmalar
apardı, bir sıra orta əsr mənbələrini dilimizə
tərcümə etdi, eyni zamanda yazıb-yaratdı.
Yaradıcılığının
ilk illərində
sınaq dövrünü uğurla keçən
yazıçı öz üzərində səylə
çalışaraq getdikcə püxtələşdi,
axtarışlarının bəhrəsi özünü
ötən əsrin 60-cı illərində qələmə
aldığı hekayə və povestlərdə büruzə
verdi.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin təbirincə,
yazıçının yaradıcılığında
sıçrayış "İnam" povestindən
başlayıb. Bu əsərində Ə.Hacızadə
adi həyat əhvalatını mənəvi-əxlaqi problem səviyyəsinə
qaldıra bilib. Povest çap olunduqdan sonra
akademik, görkəmli tənqidçi Məmməd Arif
Dadaşzadə əsər haqqında maraqlı bir məqalə
ilə çıxış etmiş, onun bədii dəyərini
və məziyyətlərini göstərməklə
yanaşı, gənc müəllifə tövsiyələrini
də vermişdi.
Əlibala Hacızadəyə böyük şöhrət
qazandıran, tənqidçi Əsəd Cahangirin "Milli
belletrist nəsrin zirvəsi" hesab etdiyi, "oxucu
auditoriyası toplamaq baxımından bütün Azərbaycan
nəsri tarixində görünməmiş rekord müəyyənləşdirən"
"Əfqanıstan trilogiyası" ("İtkin gəlin",
"Əfsanəsiz illər" "Ayrılığın
sonu yoxmuş") oldu. Mərhum tənqidçi Aydın Məmmədovun
fikrincə, trilogiyanın ilk əsəri - iki gəncin
uğursuz məhəbbətini iddiasız bir dillə nəql
edən "İtkin gəlin"lə doğurduğu
ümumxalq rezonansı baxımından
qarşılaşdırılacaq yeganə roman Anarın
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
idi. Trilogiyaya daxil olan romanların ümumi
tirajı yarım milyon nüsxədən çox idi və
bu, Azərbaycan yazıçısı üçün
böyük göstərici sayılırdı. Təsadüfi
deyil ki, görkəmli ədəbiyyatşünas alim Abbas
Zamanov istedadlı tələbəsinə özünün təzəcə
çapdan çıxan "Sabir gülür"
kitabını hədiyyə edərkən belə bir avtoqraf
yazmışdı: "Azərbaycanın
milyonçu yazıçısı Əlibala Hacızadəyə
müəllimindən yadigar".
(Ardı var)
Əlövsət
BƏŞİRLİ
525-ci qəzet.- 2015.- 27 avqust.- S.4.