Şəxsiyyət və yazıçı ünvanı

 

UNUDULMAZ ƏDİBİMİZ ƏLİBALA HACIZADƏNİN 80 İLLİYİNƏ

 

(Əvvəli ötən sayımızda)

 

Müəllifinə böyük şöhrət qazandıran trilogiyası ilə oxucuların sevimlisinə çevrilmiş Əlibala Hacızadə "Mən sözlərimin içində yaşayıram" xatirə-məqaləsində bu haqda yazırdı: "İtkin gəlin" roman-trilogiyasının belə geniş şöhrət tapmasında dahi şəxsiyyət, ədəbiyyatımızın mədəniyyətimizin dostu təbliğatçısı Heydər Əlirza oğlu Əliyevin böyük köməyi olmuşdur. Yaşlı nəslin yadındadır ki, Heydər Əliyev o zaman pambıq yığımı mövsümlərində böyük bir qrupla rayonlara gedir, zona müşavirələri keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən birində Saatlı rayonunda hansısa kolxozun briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir sonra soruşur:

 

- Bəlkə sizin nəyəsə ehtiyacınız var, maşına, mebelə... utanmayın, deyin...

 

Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb:

 

- Heydər müəllim, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var, - deyir, - ancaq bir xahiş eləmək istəyirik... Bu yaxınlarda "İtkin gəlin" kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz oxuya bilək.

 

...Deyirlər, şahların sözü sözlərin şahıdır. O söhbətdən sonra "İtkin gəlin" iki dəfə hərəsi yüz min tirajla çap olundu satıldı".

 

Romanın təkrar nəşr olunan çoxsaylı nüsxələrindən Cəlilabada da göndərildi tezliklə oxucular tərəfindən alındı. Mən həmin vaxtlar "Yeni gün" rayon qəzetinin redaktoru işləyirdim. Müəllifi rayona dəvət etdik. O, kəndlərdə, təsərrüfatlarda, tarla düşərgələrində oldu, hər yerdə səmimi qarşılandı, oxucuları ilə görüşlərdən çox razı qaldı.

 

lll

 

"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin,yalan yazmasın".

 

"Təyyarə kölgəsi" romanının qəhrəmanı Nadirənin gündəliyindəki bu sözlər, şübhəsiz ki, yazıçının öz sözləridir, onun ədəbi mövqeyini əks etdirir. Bu, Əlibala Hacızadənin yaradıcılığı üçün səciyyəvi olan keyfiyyətdir. O, həmişə həyata insanlara yaxın olub, görüb müşahidə etdiklərini ümumiləşdirərək qələmə alıb, yazdıqlarını özündən uydurmayıb, həyat həqiqətini, gerçəkliyi bədii boyalarla, olduqca təbii, təsirli lövhələrlə təsvir edib. ... bütün bunlar yazıçının gözləmədiyi halda, inanılmaz qalmaqala, nadanların, qərəzli adamların dedi-qodusuna, müəllifin haqsız hücumlara, böhtanlara, təqiblərə, təzyiqlərə məruz qalmasına səbəb olub.

 

Müsahibələrinin birində o bu barədə ürək ağrısı ilə danışıb:

 

- "Təyyarə kölgəsi"nin ardı olan "Vəfalım mənim" romanı kitab halında çıxmışdı. Yüksək tirajla çapdan çıxan kitab tez bir zamanda satılıb qurtardı. Roman haqqında qəzetlər yazdı, tənqidçilər xoş sözlər söylədilər. Lakin sevincim uzun sürmədi. Yersiz hücumlara, böhtanlara məruz qaldım. Guya romanda həmin adamların obrazlarını yaratmışam. Hətta o zaman respublikanın baş prokuroru  İlyas İsmayılova da şikayət ərizəsi ilə müraciət etdilər. Yaxşı ki, İlyas müəllim romanı oxuyubmuş. şikayətçilərə bildirib ki, romanda onlardan heç birinin adı yoxdur. Əgər özlərini orada görürlərsə, bu, müəllifin günahı deyil. Odur ki, müəllifə şər, böhtan atan şəxs kimi məsuliyyətə cəlb olunmalıdırlar.

 

Onlar qorxub prokurorluqdan əl çəksələr , yazıçıdan əl çəkmirlər. Onun baş elmi işçi vəzifəsindən çıxarılmasına nail olurlar. Əlibala müəllim çalışıb öz yerinə qayıtsa da, qeyri-rəsmi qadağalara, süni maneələrə, mənəvi təqiblərə, hədələrə məruz qalır, əsərlərini nəşr etdirə bilmir. Ona elə gəlir ki, əsəblərini tarıma çəkən, səhhətini korlayan, ailəsinin rahatlığını pozan bu anonim qurama olaylar bitib-tükənməyəcək. Amma ... sən saydığını say... Mütləq hakim Zaman sözünü deyir, Zəmanə-Dövran dəyişir çox şeyləri dəyişdirir. Uzun müddət əsərlərinin nəşrinə həsrət qalan yazıçının gözlərində elə bil ümid çırağı yanır ... tez sönür. Bəlli olur ki, indi kitab nəşr etdirmək üçün pul verməlisən, olmasa sponsor tapmalısan, yəni imkanlı adamlara ağız açıb, xahiş-minnət eləməlisən. Onun isə o qədər pulu yox idi, indiyədək heç kimə, heç zaman, ağız açıb minnət eləməmişdi, bundan sonra da eləməyəcəkdi, xasiyyəti belə idi. Odur ki, müsahibələrinin birində - "Mənim kitabımın kitabı bağlanıb", - dedi. Ancaq dünya xali deyil. Kitablarını sevə-sevə oxuyub, istedadına, şəxsiyyətinə ehtiram bəsləyən imkanlı, xeyirxah, ziyalı insanlar özləri  onu tapıb əsərlərini çap etdirmək istədiklərini bildirdilər, özü minnətsiz, təmənnasız.

 

"Əvvəlcə Saatlıdan xeyriyyəçi Gülhüseyn Əhmədov bir kitabımın çap xərcini öz üzərinə götürdü. Qardaş-qardaşa kömək eləmədiyi indiki zamanda o mənim 1-ci cildimi çap elətdirdi. Onun əli yüngül oldu. Daha sonra həmyerlimiz, Moskvada yaşayan adamı, xeyriyyəçi Gülağa Qənbərov əsərlərimin 10 cildliyinin nəşrinə başladı".

 

Xeyriyyəçi Gülağa Qənbərov söz verdiyi kimi yazıçının 70 illiyi ərəfəsində əsərlərinin 10 cildliyinin nəşrini başa çatdırdı kitabların təqdimatını yüksək səviyyədə təşkil etdi.

 

lll

 

Əlibala Hacızadə ömrü boyu gözütox yaşayıb, "çox təvazökar insan olub, özünü həmişə sakit, təmkinli, ləyaqətlə aparıb" (Anar), "öz xalqını platonik məhəbbətlə sevib, xalqının Məcnunu olub" (Bəxtiyar Vahabzadə), "ədəbiyyat xəzinəsinin sahibi olub" (akademik Akif Əlizadə), "zahirən sakit, səssiz-səmirsiz, daxilən təlatümlü bir həyat yaşayıb" (Ayaz Vəfalı), "yaradıcılığı Azərbaycan torpağına bənzəyib: yazda əkib, payızda əkib, ildə neçə dəfə çevirib". (Sabir Rüstəmxanlı), "ən çox oxunan yazıçı olmaq xoşbəxtliyi ona nəsib olub" (Fikrət Sadıq), "yazıçı kimi onun dəyərini xalq verib" (Qabil).

 

Əlibala Hacızadə "Əsərləri"nin 1-ci cildinə ön sözündə yazıb: "Dünya malı, sərvəti, fəxri adlar, mükafatlar həsrəti ilə yaşamamışam. Mənim üçün ən böyük fəxri ad - yazıçı, ən böyük mükafat - oxucularımın mənə bəslədiyi məhəbbətdir bununla həmişə fəxr etmişəm. Ayağımın altında kəsilən qurbanlar, "Qoy o kitabları yazan əlindən öpüm!" - deyən insanlar görmüşəm. Azərbaycanımızın demək olar ki, hər yerində, elində, obasında onlarla, yüzlərlə Əfsanə Elməddin - bunlar mənim qəhrəmanlarımdır - adını daşıyan qızlarımız, oğlanlarımız var. mən özümü onların mənəvi atası sayıram. Hətta bir neçəsinin nişanında, elçiliyində, toyunda bir ağsaqqal kimi iştirak etmişəm. Bu, məhəbbət deyil, mükafat deyil, bəs nədir?"

 

Axır vaxtlar Prezident təqaüdü alanda o, yaxın dostu Nahid Hacızadəyə demişdi: "Yaxşı oldu, lap yerinə düşdü, müalicəyə, dava-dərmana çatdıra bilmirdim".

 

Müalicəsi uzun sürdü... Gündəliyində yazmışdı: "İnsanların bir yolu var: bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır...

 

Bir qara tabutda gətirəcəklər,

Üstümə dünyanın gülü gələcək".

 

O, bu günü görmüşdü. Gül-çiçəyə bürüdülər məzarını. Kimlər? Gözləri nəmli oxucuları, etibarlı yazıçı dostları, həmkarları, yaxınları, sadə insanlar.

 

 "Mən bu dünyaya sakit, səssiz-səmirsiz gəlmişəm, beləcə səssiz-səmirsiz gedəcəyəm," - demişdi. Elə oldu. Ancaq dünyaya gələndə ailəsi, yaxın qohumları sevinmişdilər. Son mənzilə yola salanda isə Azərbaycanın bütün guşələrində yaşayan qəhrəmanları - Əfsanələr, Elməddinlər, Nadirələr, təkrar-təkrar kitablarının çapını istəyən oxucular, sənətsevərlər yasa batdılar.

 

Gül-çiçəyə bürünən məzarını dövrəyə alanlar sözlərini xatırlayıb, elə bil səsini eşitdilər: "Ayrı bir ölməzlik olur -öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam".

 

...Günlər aylara, aylar illərə sığındıqca Zaman-Dövran dəyişdi. vaxtilə söylədikləri, yazdıqları çin oldu.

 

Əlibala Hacızadə sənətsevər insanların qəlbində yaşayır. İndi baba-nəvə olmuş Əfsanələrin, Nadirələrin, Elməddinlərin  boya-başa çatmış övladları, əsərlərinin qəhrəmanları 80-nində "Üstünə dünyanın gülü"nü, təzə-tər çiçəklərini gətirirlər, unudulmaz, işıqlı xatirəsini əziz tutan qələm dostları, həmkarları, yaxınları, çoxsaylı oxucuları ziyarətinə gəlirlər, ürəklərinə təsəlli olan sözlərini xatırlayır, sanki həlim, həzin, həm inam dolu səsini eşidirlər: "Ayrı bir ölməzlik olur - öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam".

 

Əlövsət BƏŞİRLİ

525-ci qəzet.- 2015.- 28 avqust.- S.4.