Yetmiş ilə sığmayan yazıçı ömrü

 

 

O yazıçıdır... Acı taleləri, haqsızlığı, çarəsizliyi, insan başına gələn müsibətləri ürəyindən keçirib özünə silah seçdiyi qələmi ilə təsvir edən yazıçı... Yazdıqları ilə düzgün yol göstərən, mərdlik nümunəsini yalnız insanın özündə axtarmağın vacibliyini söyləyən yazıçı... Nəyin bahasına olursa-olsun, yazmaq istədiyini yazan və oxucuya çatdırmaq arzusunu gerçəkləşdirən yazıçı... Keçmişi gələcəkdə, gələcəyi keçmişdə axtaran, onların möhkəm iplərlə bağlı olduğunu həyati misallarla təsdiqləyən yazıçı... Qələmindən çıxmış hər bir yaradıcılıq nümunəsi onun ürəyindəkilərinin özünəməxsus tərzdə təzahürüdür. Amma hər şeyi ürəkdə olduğu kimi kağıza köçürmək mümkün deyil. Ürəkdə həmişə mütləq nəsə qalır və onun mənəvi rahatlığına qovuşmasına mane olur.  O, təkcə özünü ifadə etməməli, mənim, sənin, bizim - minlərlə oxucunun qəlbindən keçənləri yazıçı dili ilə oxucuya çatdırmalıdır.

 

Söhbət müasir ədəbiyyatımızda özünəməxsus yer tutan, bu günlərdə 70 yaşı tamam olan istedadlı yazıçı, jurnalist, tərcüməçi, ərəbşünas Fazil Abbasovdan (Güney) gedir. Fazil Güney yaradıcılığı da özü kimi olduqca genişsahəli, çoxmövzulu və əhatəlidir. Azərbaycan klassik ədəbiyyatının qabaqcıl ənənələrinin davamçılarından biri olan yazıçı onun məzmununu xeyli zənginləşdirmiş, haqsızlığı, ictimai bərabərsizliyi, yadelli işğalçıların özbaşınalığını ifşa edərək, bizləri yaxın keçmişə qaytarmağa sövq edən qiymətli əsərlər yaratmışdır. Onun Vətən sevgisini izhar edən, zamanın ictimai-siyasi hadisələrindən söz açan, haqsızlıqdan, ədalətsizlikdən gileylənən, ata qayğısını, ana məhəbbətini ifadə edən, cavanlıqdan, yaşlı nəsil siyahısına düşən ömrün bütün fəsillərindən bəhs edən əsərlərini müasir ədəbiyyatımızın dəyərli nümunələrindəndir desəm, yəqin ki, səhv etmiş olmaram.Uğurlu mövzu seçimi ilə yanaşı, Fazil Güneyin əsərlərini oxunaqlı edən başqa bir məqam yazıçının maraqlı üslubu, dəqiq müşahidələri və gördüklərini oxucuya təsirli şəkildə çatdırmaq bacarığıdır. Məhz bu məziyyətlər insanı həyata baxış bucağını dəyişdirməyə, kapitalın təsirindən çıxıb əcdadlarımızın hər zaman böyük önəm verdiyi, bizə miras qoyduğu bulaq suyu kimi şəffaf mənəvi-əxlaqi dəyərlər, onların münasibətlərdə vacibliyi barədə düşünməyə vadar edir. Əlli ildən çox tanıdığım, dostluq etdiyim, bu günlərdə ömrünün 70 ilini arxada qoymuş Fazil qardaşımın həyat və yaradıcılığı o qədər rəngarəng, zəngin və çoxşaxəlidir ki, bilmirəm nədən və haradan başlayım. Fikirləşdim ki, lap əvvəldən başlasam, daha yaxşı və anlaşılan olar. Həm də onu çatdığı məqama, yüksəldiyi zirvəyə gətirib çıxaran enişli-yoxuşlu, daşlı-qayalı yolları qısa da olsa, göstərmək, ona yol yoldaşlığı etmək mümkün olar.

 

1963-cü ildə daxil olduğumuz o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb dili tərcüməçiləri şöbəsində oxuyarkən Fazil Abbasovu Universitetin çoxtirajlı “Lenin tərbiyəsi uğrunda” qəzetinə dəvət etdilər. Səbəbi isə o idi ki, Fazil Abbasov hələ tələbəlik illərindən əvvəl doğulduğu Cəbrayıl rayonunda rayonlararası qəzetdə iki ilə yaxın çalışmış, təcrübəli juralistlərin rəğbətini qazanmışdır. O zamanlar gənc Fazilin oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunur, radioda səsləndirilirdi. “Gənc qələmlər” ədəbi almanaxında onun da hekayəsinə yer ayrılmışdır. Orta məktəbi təzə bitirmiş bir gənc üçün bu, böyük uğur idi. Aydındır ki, dünyada ən çətin öyrənilən və zəngin dillərdən biri sayılan ərəb dilini tam mənimsəmək insandan böyük zəhmətlə yanaşı, həm də çox vaxt tələb edir. Onu yetərincə öyrənmək arzusunda olanlar üçün həmişə vaxt qıtlığı hiss olunurdu. Buna görə də yəqin ki, Fazil bədii yaradıcılığını azaldaraq bütün diqqətini, vaxtını ərəb dilini öyrənməyə yönəltdi. Dili öyrənməkdə fərqləndiyi üçün hələ sovetlərin vaxtında xaricdə dil təcrübəsinin çətin və məsuliyyətli olduğu bir vaxtda dördüncü kursu Şimali Afrikada ən nüfuzlu təhsil ocağı sayılan Əlcəzair Universitetində oxumağa layiq görüldü. Universitet məzunu Fazil Abbasov altı il doğma yerlərdən uzaqlarda çalışdı: hərbi tərcüməçi kimi iki il Almatı və Bişkekdə xarici hərbi mütəxəssislərin hazırlanması mərkəzində, üç ildən çox Suriyada işlədi. Burada onun qarşısında perspektivlər açıldı. Amma vətən, yurd sevgisi üstün gəldi. Onu doğma torpağa çağıran hisslər qalib gəldi.

 

Bakıya dönəndən sonra o, mətbuat sahəsində çalışmağa qərar verdi. Uşaqlıq, yeniyetməlik arzularını reallaşdırmağa başladı. Onun az da olsa, qələmindən çıxan oçerk, yumoristik məqalələri ilə tanış olan məşhur yazıçı Salam Qədirzadə Fazili baş redaktoru olduğu “Kirpi” jurnalına dəvət etdi. Yeni üslubda kəskin yumor, satira və sarkazmla yazdığı felyeton və pamfletlər sayəsində qısa müddət ərzində onu respublikamızın ədəbiyyat aləmi  tanıdı. Fazil Güney 1976-cı ildən 1990-cı ilə kimi bu jurnalda işlədi. Onu məzmunca, yeni üslubla zənginləşdirməyə nail oldu.

 

XX əsrin sonlarında baş verən mürəkkəb xarakterli playlar, sistem dəyişikliyi, müstəqillik abu-havası onun ədəbi istiqamətini daha çox jurnalistikaya yönəltdi. Qarabağ gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində yaradılan “ASSA-İrada” beynəlxalq xəbər agentliyinin həmtəsisçisi, indiyə qədər onun baş direktoru olan Fazil Abbasovun bu sahədə əməyi böyükdür. O, öz vətənpərvərlik borcunu, jurnalist işini yerinə yetirərkən bir neçə dəfə ermənilərə əsir düşmək təhlükəsi ilə üzləşib. Lakin öz çevikliyi və əsgərlərimizin mərdliyi nəticəsində özünü də, qələm yoldaşlarını da bu təhlükədən qurtarmağa cəsarəti çatıb.

 

Fazil Güney 1997-ci ildə Azərbaycan mətbuatında ilk ingilisdilli “Azernews” qəzetini təsis etmiş, 15 il onun baş redaktoru olmuşdur. Həmçinin hazırda KİV sahəsində nüfuz sahibi olan ingiliscə “Azeri Observer” jurnalının təsisçisi və baş direktorudur. Dövlətimiz qarşısında əməyi və jurnalistikanın inkişafındakı rolu nəzərə alınaraq 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunmuşdur.

 

Yüzlərlə publisistik, elmi məqalələrin, felyeton və pamfletlərin müəllifidir. Hələ Sovet dönəmində məhdudiyyət qoyulmuş mövzularda - Azərbaycanın ekologiyasına vurulan ziyandan, pambıq əkini sahələrinə pestisidlərin, istifadəsi qadağan olunmuş kimyəvi maddələrin verilməsindən, tarixi abidələrimizin bilərəkdən məhv edilməsindən dəfələrlə yazmışdır. Onun “Hər daşın altında bir tarix ... batır” adlı felyetonu indi də yadımdadır. Həqiqətən vətən torpağının hər qarışında, hər daşında tariximizin izlərinin olmasını fikirləşib bunu dilə gətirən Fazil Güney heç də yanılmırdı. Bizim hər birimizin ürəyindən keçənləri o, qələmə alır və geniş oxucu kütləsinə çatdırmağı bacarırdı. Fazil Güney həm də bir alim kimi formalaşırdı. Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dosenti kimi elmi iş götürmüşdür. Suriyanın qadın yazıçıları haqda dissertasiya yazmış, mövzu ilə bağlı kitab nəşr etdirmişdir. Onun elmi rəhbəri dünya şöhrətli, dövrünün tanınmış ərəbşünası olmuş Aidə xanım İmanquliyevanın elmi rəhbərliyi altında “Müasir Suriya romanının yaranması və inkişafı” mövzusunda dissertasiyasını yazıb müdafiə etmişdir. Onun “Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası nəşr edilmiş, mütəxəssislər tərəfindən bəyənilmiş və bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilmişdir.

 

Fazil Güneyin ötən il çapdan çıxmış hekayə, povest və esseleri toplanmış, dövrümüzün gerçəkliklərini, müasir dünyada yalanın, fitnə-fəsadın baş alıb yürüdüyü bir dövrü əks etdirən “Yalanın gerçəkliyi” kitabı ingilis dilinə tərcümə olunaraq “Reality in lie” adı ilə ABŞ-da nəşr edilmiş və satışa buraxılmışdır. Sarkazm və melodramla yazılmış bu kitab oxucular tərəfindən böyük maraqla qarşılanmış, kitab haqqında müsbət fikirlər internet səhifələrində yer almışdır. Xarici oxucu üçün maraqlı olan kitab xeyli miqdarda satılmış, orada yazıçının fikirləri yayılmışdır. Əlbəttə, bu, böyük uğurdur.

 

Yaradıcılığı nə qədər zəngin olursa olsun, hər bir yazıçının ölümsüzlük zirvəsini fəth etməkdə əsas rol oynayan şah əsəri olmalıdır. Belə əsərlər yazıçının yaradıcılığının dərinliyini, enini, yüksəkliyini göstərən rəmzdir. Fazil Güneyin “Qara qan” tarixi romanı məhz belə əsərlərdəndir. “Qara qan” 150 ildən çoxdur Azərbaycan xalqına qarşı böyük güclərə arxalanan ermənilərin aşkar, gizli apardığı vəhşi, hiylə və alçaqlıqlarla dolu müharibə haqqında yeganə samballı bədii əsərdir. Ölkəmizin artıq 18 ildir müstəqil olmasına baxmayaraq, bizim məşhur yazıçılarımız, xırda-para hekayələrini nəzərə almasaq, bu taleyüklü mövzuya girişməmişlər.

 

Qarabağ müharibəsi haqqında xeyli kitab çıxmışdır. Bunların əksəriyyəti publisistik yazılar, işğal altındakı rayonların şəhidləri, birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçüləri haqqında yazılmış oçerklərdir. Ancaq onların arasında roman janrının tələblərinə cavab verən əsərlər yoxdur. “Qara qan”ın uğurlu alınmasının əsas səbəbləri  müəllifin 1989-1993-cü illərdə jurnalist kimi cəbhə bölgələrində olması, bu faciəni yaşaması, tarixi yaxşı bilməsi, 1970-1973-cü illərdə İsrailərəb müharibəsində tərcüməçi kimi iştirak etdiyi üçün zabit kimi hərbi işi bilməsi və vətənpərvər olmasıdır.

 

Mən romanın birinci cildini altı il öncə oxumuşdum, həm də birnəfəsə yox, asta-asta, yazılanları “həzm” edərək oxumuşdum. Ona görə yox ki, əsərin dili ağır idi. Əksinə, bədii dili yüngül, başadüşülən olsa da, tarixi dönəmləri təsvir edərkən publisistik dilə yaxın olan əsər böyük diqqət, hadisələri izləməyi tələb edir. Çoxları kimi mən də bədii qiraətə gecələr vaxt ayırıram. Lakin bir-iki gecədən sonra çox təsirləndiyimdən yuxum ərşə çəkilirdi. Odur ki, əsəri daha soyuq başla gündüzlər boş vaxtlarda oxuyub bitirdim.

 

Əsərdə artıq, lazımsız səhnələr, yorucu surətlər yoxdur. Lakin məni ən çox təsirləndirən məqamlar əsərin əsas qəhrəmanı - alim ailəsində böyümüş, yaxşı təhsil və tərbiyə almış jurnalist qız Aysu, onun atası Elbəyi və bayrağımızı, torpağımızı öz həyatlarından üstün tutan, ölümün gözünə cəsarət və şərəflə baxan, çoxu şəhidlik zirvəsinə yüksəlmiş vətən oğullarıdır. Müəllif zahirən də, daxilən də gözəl olan bu incə qızın iradəsinin polad təki möhkəm olmasını təsvir etməklə tipik Azərbaycan türk qadınının qəhrəman obrazını yaratmışdır. Aysunun ulu nənəsi Durna ona kiçik bir xəncər bağışlamışdır. Qadınlar üçün düzəldilən belə xəncərləri qədimdə əsli-nəcabətli qız-gəlinlər öz izzət-namuslarını qorumaq üçün gəzdirərlərmiş. Özünü haram əldən müdafiə etməyə gücü çatmayan qız-gəlin son anda həmin xəncərləri özlərinin sinələrinə saplayarlarmış. İki-üç yüz il yaşı olan, kim bilir neçə-neçə qız-gəlinin namusunu qorumuş bu qocaman xəncər Aysuya da kömək edir, ona təcavüzə cəhd edilərkən xəncəri çıxarıb sinəsinə dayayır... Aysu, ermənilərin qətlə yetirdiyi Durna nənə surətləri istər-istəməz oxucuya XII əsrin Möminə xatununu, XV əsrin Sara xatununu xatırladır.

 

Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən üç cildlik “Qara qan” tarixi romanı, məncə, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmaq üçün ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üç cildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Romanın iki cildi çap edilmiş, üçüncü cildi isə nəşrini gözləyir.

 

Ümumiyyətlə, yazmaq, yaratmaq, ağ vərəqələri mənalı, könül oxşayan, üzdə təbəssüm və qəlbdə rahatlıq yaradan sətirlərlə bəzəmək əsl istedaddır. Sevinc də , kədər də, qüssə də, qəm də hamısı insan üçündür. Kimisi bu hissləri içində saxlayır, kimisi də bunları başqaları ilə bölüşür. Bu, ilahidən gələn bir vəhdir. Hər kəsin istəsə də sahib ola bilməyəcəyi bir istedaddır. Fazil Güney ixtisasca şərqşünasdır. Amma ədəbiyyat aləmində o, əsl yazıçıdır. Özü də bu peşəni özü seçməyib, ədəbiyyat özü onu seçib. Bu yolda ona uğurlar arzulayıram! Yetmiş yaşın mübarək, qardaş! Qələmin hər zaman iti, sözün kəsərli, canın sağ olsun!

 

 

 

Rafiq Əliyev

525-ci qəzet.- 2015.- 29 avqust.- S.18