Yaxın Şərqin canlı ensiklopediyası - professor Elman Araslı

 

 

Tanınmış diplomat, ömrünün 50 ilini Yaxın Şərq ölkələrində SSRİ, Rusiya və Azərbaycanın diplomatı kimi, o cümlədən, 20 ilə yaxın Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri, İslam Əməkdaşlıq Birliyindəki sabiq nümayəndəsi olaraq fəaliyyət göstərmiş filologiya elmləri doktoru, professor Elman Araslının vəfatından 1 il ötdü. O, ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan akademik Həmid Araslının oğlu, qədim mədəniyyət, elm, dövlətçilik mərkəzimiz olan Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir. Elman müəllim SSRİ Elmlər Akademiyasının ilk müxbir üzvü Əli Əmiraslanovun qızı - yazıçı-publisist, rəssam Elvira xanımın ömür-gün yoldaşı idi.

 

Şərq ölkələrinin, ərəb dilinin mahir bilicisi, araşdırmaçı alim, yazar kimi də ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınan Elman müəllimin 630 səhifəlik “Yarım əsr Yaxın Şərqdə” kitabı təkcə şərəflə yaşanmış bir diplomat ömrünün bioqrafiyası, salnaməsi deyil, həm də müstəqil dövlətimizin xarici siyasətinin mühüm bir sahəsi-Azərbaycanla ərəb dünyası arasında münasibətlər haqqında, bu gün hər zaman olduğundan daha çox dünya siyasətinin gündəmində olan geniş bir region barədə zəngin məlumat mənbəyi kimi dəyərini heç zaman itirməyəcəkdir.

 

Azərbaycanın görkəmli alim, yazıçı, şairləri Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Məmməd Arif Dadaşzadə və başqaları tez-tez Həmid Araslı ailəsinin qonağı olardı, Elmanın uşaqlığı da onların mehriban, qayğıkeş əhatəsində keçib, ədəbi söhbətlərinin balaca dinləyicisi olub, dünyagörüşü bu zəmində formalaşmağa başlayıb. Elmanı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə aparan yol da elə bu maraqdan irəli gəlib. Ancaq daxilən azad təbiətli gənc olması, müstəqil həyatda bütün uğurları öz zəhməti ilə qazanmaq istəyi, daha geniş bilik almaq həvəsi gənc Elmanı SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna gətirir, ərəb filologiyası üzrə aspiranturanı bitirir. Bu İnstitut Sovet İttifaqında şərqşünaslıq üzrə tədqiqatların aparıldığı ən böyük elmi mərkəz idi. Elman Araslı 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-84-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinə rəhbərlik edir.

 

1989-cu ildə SSRİ-nin dağılmasından sonra Moskvada Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin qurulmasında yaxından iştirak edir. Köhnə bakılı N.N Baybakov bu quruma sədr, Elman müəllimin  həyat yoldaşı Elvira Araslı müavin seçilir. Moskvada yaşayan tanınmış ziyalı, alim, iş adamlarının yaxından dəstəyi ilə yaradılan təşkilat iki suveren dövlət arasında son 70 ildə qurulmuş əlaqələrin davam və inkişaf etməsi üçün faydalı işlər görür.

 

Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin dəvəti ilə E.Araslı Bakıya gəlir və onunla görüşür. Elçibəy Həmid Araslıya alim, müəllim, insan kimi çox böyük hörməti olduğunu deyir, Elmanla ilk (və son) dəfə görüşsələr də, haqqında çox müsbət fikirlər eşitdiyini deyir, onu ərəb ölkələrindən birinə səfir göndərmək niyyətində olduğunu, bu məqsədlə dəvət etdiyini bildirir, nazir Tofiq Qasımova lazımi tapşırıq veriləcəyini deyir. Bir aylıq gözləmədən sonra nazirlə ilk (və son) dəfə görüşən E. Araslının ixtisasca fizik olan T.Qasımovla söhbəti tutmur, onun rəhbərliyi altında işləmək həvəsi tamam itir. Moskvada vəzifədə işləyən hər kəsi “KQB agenti” kimi görməsinə, inamsızlığına E. Araslı gərəkən cavabı verib çıxır. Düz bir ay nazirin qəbuluna çağırılacağı günü gözləyən E. Araslı boş dayanmır, ürəyinin hökmü, vicdanın səsi ilə müstəqil Azərbaycanın ərəb dünyası ilə münasibətlərinin əsas konturlarını, konsepsiyasını da hazırlayıb Nazirliyə təqdim edir. 1 oktyabr 1992-ci il tarixli həmin konsepsiya bu gün də XİN-nin Arxivində saxlanılır. Geniş həcmli bu yazı bütünlüklə kitabda da verilib, Azərbaycanın ərəb dünyası ilə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, maliyyə, humanitar-mədəniyyət sahəsində əlaqələr qurmaq üçün əsas istiqamət və müddəaların yer aldığı bu yazı nəzəri, praktik tutumu ilə, dərinliyi və genişliyi ilə səciyyələnir. Tərəddüd etmədən demək olar ki, 21 il əvvəl hazırlanmış konsepsiya dövlətimizin ərəb dünyasına yönəlik müasir dövrdəki siyasəti ilə üst-üstə düşür.

 

E. Araslı Moskvaya qayıdır, yenə də elmi, mədəni, ictimai işlərdə fəaliyyətini davam etdirir. Elçibəy bir neçə ay sonra Nəcəf Nəcəfov vasitəsi ilə Elmanı bir vaxtlar atasının rəhbərlik etdiyi Akademiyanın Şərqşünaslıq İnstitutuna direktor işləməyə razı salmağı tapşırır, Elmanın cavabı isə konkret olur: “Atam tanınan, qəbul edilən alim, akademik olub, bu gün o institutda direktorluğa layiq xeyli alim var...”

 

“- Prezidentin fikri sizi buradan XİN-ə rəhbər işə keçirməkdir”, -  sözlərinə isə: “- O zaman Azərbaycan diplomatiyasının “inkubatoru” olan Fizika İnstitutuna direktor təyin etsin...” N.Nəcəfov yumorlu eyhamı başa düşür, bununla da məsələyə nöqtə qoyulur.

 

Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən Azərbaycan Milli Assambleyası Rəyasət Heyətində E.Araslının yeni yaranan bu təşkilata rəhbərlik etməsi təklif olunur. E. Araslı çıxışında Azərbaycandakı xaos, siyasi idarəçilikdə baş verən anormal vəziyyətdən nigaran olduğunu bildirir və Assambleya adından təcrübəli dövlət adamı Heydər Əliyevin respublikaya rəhbərlik etmək üçün çoxsaylı təkid, dəvətlərə müsbət cavab verməsi barədə onun ünvanına müraciət göndərməyi təklif edir, ziyalılar tərəfindən razılıqla qarşılanan bu təşəbbüs və bəyanatın mətni bəyənilib müdafiə edilsə də, moskvalı cəbhəçilərin səyi ilə qəbul edilmir.

 

E.Araslı hələ SSRİ-nin İraq, Yəmən səfirliklərində çalışarkən, Moskvada Sovet Dostluq Cəmiyyətində Yaxın və Orta Şərq ölkələri üzrə kurator olarkən gözləri, nəzər-diqqəti daim Azərbaycanın üstündə olmuş, dəfələrlə mədəniyyət xadimlərimizin səfərlərini təşkil etmiş, sərgilərini açmış, incəsənət ustalarımızın bu ölkələrdə uzun müddətə gəlib çalışmalarına imkan yaratmış, vətənimizə dair kitablar nəşr etdirmiş, sənədli telefilmlər, radioverilişləri hazırlamışdır.

 

AXC hakimiyyətinin iflasa uğraması E.Araslının vətənə qayıdışına da yol açır, Prezident Heydər Əliyev onu Azərbaycanın Səudiyyə Ərəbistanında Fövqəladə və Səlahiyyətli səfiri, ardınca həm də İslam Konfransı Təşkilatında Daimi Nümayəndəsi təyin edir, tövsiyələrini verir: “Mən Sizi çox mühüm bir ölkəyə göndərirəm. Mən Səudiyyə Ərəbistan ilə əlaqələrin qurulmasına böyük əhəmiyyət verirəm. Əzmkar, təşəbbüskar olun, yalnız irəli baxın, mən sizə hər cür səlahiyyət verirəm, cəsarətli olun”. Heydər Əliyev onu qəbul edərkən dediyi sözlər hər zaman yaddaşında qalır. İslam dünyasının ən nüfuzlu ölkəsində fəaliyyətə başlamasının 3-cü ayında 11 iyul 1994-cü ildə dövlət başçısı Heydər Əliyevin Səudiyyə Ərəbistanına yüksək səviyyəli rəsmi səfərini təşkil edir, Kral Azərbaycan rəhbərini ən yüksək səviyyədə qarşılayır, Məkkədə Kəbə evini də ziyarət edən ümummilli liderin Məkkə ziyarəti dünyada geniş əks-səda görür. Sənədlərin imzalanmasından sonra mətbuat konfransında ulu öndər E.Araslıya üzünü tutub deyir: “ - Azərbaycanın səfiri Elman Araslı 3-cü aydır ki, burdadır, xahiş edirəm ayağa qalxın ki, sizi görsünlər...Mən fəxr edirəm ki, keçmiş SSRİ-nin müsəlman respublikalarından birinci biz Səudiyyə Ərəbistanında səfirlik açıb rəsmi səfərə gəlib mühüm sənədlər imzalamışıq...” Bu ölkə ilə yanaşı, həm də Azərbaycanın Qətər, Bəhreyn, Omandakı səfiri, İslam Konfransı Təşkilatında səlahiyyətli nümayəndə kimi E.Araslının on iki illik geniş miqyaslı fəaliyyəti, çoxsaylı tədbirlərdə iştirakı, məntiqli çıxışları, peşəkarlığı, ərəb dilinin incəliklərini kamil bilməsi yenicə müstəqilliyini əldə etmiş dövlətimizə də hörmət gətirmiş, xeyirli, uğurlu olmuşdur.

 

Kral E.Araslını ölkəsinin ən ali mükafatı - “Kral Əbdül Əziz” ordeninin 1-ci dərəcəsi ilə təltif edir. Bu ordenin xarici vətəndaşlara, o cümlədən, səfirlərə verilməsi çox nadir hadisələrdəndir. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Elman Araslı İordaniyaya səfir təyinatı alandan sonra bu dövlət Azərbaycana ən yaxın dost və tərəfdaş ölkələrdən birinə çevrilir, dəfələrlə yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər təşkil edilir, beynəlxalq qurumlarda haqq işimizi müdafiə edirlər, dövlət rəhbərləri arasında mehriban münasibətlər yaranır. Eləcə də İraqda akkreditə olan səfir kimi bu ölkə ilə də münasibətlərin, əlaqələrin genişlənməsinə çalışır. 13 iyul 2012-ci il təqaüdə çıxana qədər bu ölkələrdə Azərbaycanı təmsil edir, İordaniyada da xoş iz qoyaraq doğma vətənimizə haqq etdiyi qanuni istirahətinə dönür. Onunla birlikdə Rusiya və Yaxın Şərqdə yazıçı, publisist, rəssam kimi yaxşı tanınan Elvira xanım 50 ildən çox ərəb ölkələrində Azərbaycan mədəniyyətinin təbliğində yorulmaz əmək sərf edib.

 

3 dövlətin - SSRİ-nin, Rusiyanın və Azərbaycanın Yaxın və Orta Şərq ölkələrində diplomatı olmuş E.Araslının “Yarım əsr Yaxın Şərqdə” kitabında ömrün Suriya, Livan, Misir, İraq, İordaniya, Yəmən, Qətər, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı və digər ölkələrdə keçən anları səmimi duyğularla, təvazökarlıqla qələmə alınıb, çətinliklər, problemlər, onların həlli üçün sərf olunan enerji, bilik və bacarıqlar konkret hadisələrdə görünür. Təqaüdçü diplomatın kitabının Omandakı təqdimatında demək olar ki, bütün diplomatik korpus iştirak etmişdi.

 

Elman müəllimin İslam Konfransı Təşkilatındakı (sonra isə İslam Əməkdaşlıq Təşkilatı-İƏT) fəaliyyətinin ölkəmiz üçün nə qədər uğurlu olduğu ölkə ictimaiyyətinə yaxşı məlumdur. Bu mötəbər təşkilatın Ermənistanın Azərbaycana təcavüzünü ilk dəfə bütün aydınlığı ilə dünyaya bəyan edən 24 bəndlik qərarının müəllifi də Elman müəllim olub.

 

Elman müəllim Respublika Ağsaqqallar Şurasının sədr müavini seçilmişdi. Prezident təqaüdçüsü idi. Sanballı analitik yazılarla mətbuatda çıxış edirdi.

 

Vəfatından keçən bir ildə o da bəlli oldu ki, Elman müəllim həyatda özünə özü kimi gözəl, nəcib dostlar da qazanıb. Uşaqlıq, gənclik, nəhayət ömrün müdriklik çağlarının sadiq, vəfalı dostlarının başında isə akademik Arif Paşayev gəlir. Elman müəllim mənə danışırdı ki, İordaniyadan təqaüdə çıxıb gələndə arxayın idim ki, Bakıda Arif var, məni gözləyir. Bir neçə epizod da danışmışdı Arif müəllimlə bağlı və bu epizodlar Arif müəllimin müdrikliyi, alicənablığını yaddaşıma həkk etmişdi. Onların dostluğu qibtəyə layiqdir, həqiqətən. İmtina etmək istəsə də, 80 illik yubileyini keçirdi, “ürəyin istəyən bütün dost, qohumlarını başına yığ” - dedi, özləri də - iki qardaş - əvvəldən sonadək məclisdə oturdular, xoş ovqat yaratdılar. Sənədli film çəkilmişdi haqqında, elə o məclisdə televiziya ekranında ilk dəfə tamaşa etdik, Hafiz Paşayev Elman müəllim haqqında, onun Arif Paşayevlə dostluğu barədə filmdə səmimi söz açır. Elman müəllim 2 saatlıq o məclis boyu bütün masalarda oturdu, hər kəsə eyni dərəcədə diqqət göstərdi, təvazökarlıqla az qala hər kəsi yuxarı başa öz yanına aparmaq istədi. Hafiz müəllim E. Araslının kitabının ADA-dakı təqdimatına çoxsaylı elmi, ədəbi, ictimai elitanı, diplomatları toplamışdı. Bir neçə gün sonra Elman müəllimin xahişi ilə, o filmin ərsəyə gəlməsində əməyi keçən bütün texniki işçiləri yığıb başına topladıq, qonaqlıq verdi, halallıqlarını aldı. Arif və Hafiz Paşayev qardaşlarının və onların ailələrinin Elvira xanıma göstərdiyi ürəkdən gələn mehribançılıq bir ildir ki, Elmansızlığın ağrısını ovundurur. Elman müəllimin oğlu, beynəlxalq məsələlər üzrə dəyərli ekspert Cahangir Araslı (onun müəllifi olduğu “Erməni-Azərbaycan münaqişəsi. Hərbi aspekt” kitabı maraqla qarşılanıb) indi Aviasiya Akademiyasının rektoru Arif Paşayevin müşaviridir.

 

Daha bir böyüklük. Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun Elman müəllimin dəfnində söylədiyi mənalı, ürəkdən gələn səmimi çıxışı da, ailəsinə göstərdiyi daimi ehtiram da böyüklük nümunəsidir. Elman müəllimin vəfatının 1-ci ildönümündə Təzəpir məscidində təşkil olunmuş mərasimdə respublikanın bu layiqli ağsaqqalları yenə birlikdəydi.

 

Dostluq, insanlıq, yaxşılar və yaxşılıqlar unudulmur. Böyük şəxsiyyətlərin bir-birinə qarşı təmənnasız, qədirbilən münasibətləri həm də örnəkdir, nümunədir.

 

Onunla dəfələrlə həmsöhbət olmuş, müxtəlif məclislərdə iştirak etmişik, yaş fərqinə baxmayaraq, hər dəfə də yaratdığı içdən gələn səmimiyyət, təvazökarlığı məndə xoş duyğular yaradıb. Yaxın Şərqdə, xüsusilə də Suriya və İraqda baş verən hadisələrlə bağlı onun 3-4 il əvvəl verdiyi proqnozların nə qədər düzgün olduğu get-gedə daha aydın görünür. Ərəbcə, rusca, 50 il xaricdə olsa da, unutmadığı ana dilimizdə şirin, səlis danışmağı adama son dərəcə xoş təsir bağışlayırdı.

 

...Son görüşlərimizin birində vəfalı ömür-gün yoldaşı Elvira xanımla çəkdirdiyi fotonu  mənə verdi, saxla özündə, lazım olar... “Xalq qəzeti”ndə “Elman Araslı-80: Diplomat ömrü” adlı geniş yazı vermişdim, Elvira xanımın Azərbaycan dilində nəşr edilən “İnsan və onun zamanı” adlı çox dəyərli kitabının redaktoru olmuşdum, hər ikisinin yazılarının redaktə və korrektəsini eləmişdim, ürəkləri istəyən qəzetə aparıb dərcinə yardımçı olmuşdum, vəfatında da yazmışdım, indi haqq dünyasına qovuşduğu ilk ilin tamamında da  yazmağı özümə borc bildim. Çünki Elman müəllim bu haqqı qazanıb. Elman müəllim onu tanıyanların qəlbində sadə, mehriban insan, dərin savada, geniş biliyə malik alim, diplomat, nəcib ailə başçısı, dəyərli ağsaqqal kimi əbədi qalacaq.

 

Ruhun şad olsun, dəyərli, unudulmaz insan!

 

Hacı NƏRİMANOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, “Zəngəzur” İctimai Birliyinin sədri

 

525-ci qəzet.- 2015.- 29 avqust.- S.16