Puşkindən iki poeziya incisi

 

 

ABİDƏ

 

Özümə sözümlə abidə yapdım,

Ot-alaq basammaz tapdaq yolunu.

Göylərə ucaldı o, addım-addım,

Aleksandr rüknü haqlamaz onu.

 

Sorağım Rusiya boyunca gəzər,

Adımı anacaq hər eli, ulusu.

Slavyan övladı tinlə bərabər,

Tunquz da, kalmık da - çöllər yavrusu.

 

Amansız dövrandan mərhəmət uman,

Nəcib duyğuları oyadan mənəm.

Azadlıq yoluna çağıran qələm,

Anılar hər zaman, yaşar hər zaman.

 

Tanrının hökmünə, dinlə, qarışma,

Mükafat, şan-şöhrət umma bilmərə.

Nadanla höcətə, bəhsə girişmə.

Laqeyd qal tərifə, tənə-təkfirə.

 

PEYĞƏMBƏR

 

Ruhani təşnəlik içimi üzdü,

Qaranlıq səhrada nur soraqladım.

Göydən enən mələk yolumu kəsdi,

Gördüm qırımını ayaq saxladım.

Astaca toxundu bəbəklərimə,

Gözlərim açıldı əngin aləmə,

Ovunu izləyən qartalsayağı.

Ayırdım qaranı, ayırdım ağı.

Qulaqlarıma o əl vuran kimi

Canlandı rəngarəng səslər aləmi,-

Səmanın lərzəsi, mələk halayı.

Cücərən pöhrənin kövrək harayı.

Dəniz məxluqunun əcəb qədəmi...

Qopardı günaha batan dilimi,

Yalanı yalana qatan dilimi,

Yerinə təpitdi neştər xarını.

Qartımış ətinin zəhrimarını.

Bağrımı qılıncla əlüstü yardı.

Qəlbimi yerindən zorla qopardı.

Yarığa alışan od qoydu mələk.

Səhrada uzanıb qaldım ölütək.

Dünyadan bixəbər, elə bu zaman

Ucadan gurladı ulu asiman:

Dur, qalx, ya peyğəmbər! Gəz, dolan yeri,

Hökmündən agah et bütün elləri,

Ayılt bəndələri, haqq kəlamınla,

Şimşək ol, qəlblərdə çax kəlamınla!”

 

Səyavuş Məmmədzadənin tərcüməsində

 

525-ci qəzet.- 2015.- 29 avqust.- S.21.