Düşüncələr mozaikası
Dözümlü olmaq..."
...O gündən özünə
gələ bilmirdi. Çoxdan uzaqlaşdığı, sevmədiyi
bir topludan tək bircə nəfərlə salam-kəlamı
qalmışdı. Kaş
heç qalmayaydı,
düşünürdü...
Çoxdandı görüşmürdülər. Doğma bir
insan kimi onun xətrini çox istəyirdi.
Amma bu axırıncı görüşdən sonra
aralarında körpünün
nə qədər sınıq olduğunu anladı. Bir daha anladı ki, təkcə yaxşı adam
olmaq kifayət deyilmiş...
O yaxşı adamın
üstünə kölgə
salan dostları vardı. Hiss etdi ki, o dostların təsiri ilə ona ağıl öyrətməyə çalışır.
Gərək onların
tayı olaydı - ikiüzlü, xəbis, kinli... Demə, dözümlü olmaq lazımmış.
Yoxsa onu lazımi yerlərdə tanımayacaqlar.
Yalmanıb-yaltaqlanmasa, özünə
bir gün ağlaya bilməzmiş...
Dözümlü olmaq
lazımdı- yadından
çıxara bilmirdi
bu üç kəlməni. Artıq çoxdan unutduğu
o topludan qalan bu qalıqla - o bircə nəfərlə
də sağollaşdı
qəlbində. Get, yaxşı
adam, get, - dedi. Yaxşı adam
da qoltuq altda sıxılmış,
yazıq, biçarə
kimi sakitcə çıxıb getdi qəlbindən...
Ürəyi rahatlandı, səhərdən
qəlbini sıxan qaranlığın - üzüntünün
yerini işıq aldı. Üz çevirib getdiyi
yerə bir daha qayıtmazdı.
O, qəlbi qara adamların arasında işıq dolu birinin yeri olmadığını
çoxdan anlamışdı...
Adamşünas
Əli işdə olsa da, hey düşünür,
düşünür... Adamlar
niyə belədirlər
axı, niyə onu anlamırlar?... Bir də
hiss edir ki, boğulur. Tez özünü ələ
alır. Ölüm
çıxış yolu
deyil ki... Başlayır özünə təlqin
etməyə. Hər
şey yaxşı olacaq, həm də çox yaxşı, - düşünür.
Yox, bu adamlar onu
öldürə bilməyəcəklər.
Deyirlər, dünyanı necə
tutursan, elə gedir. Sən də sabaha,
gələcəyə ümidlə
bax. Bu adamlara baxıb sürünməyəcəksən
ki...
Dünən o sırtıq qadın
nə deyirdi elə: Mən adam tanıyanam.
O dəqiqə tanıyıram... Lap adamşünas
imiş. Unutdum soruşam
ki, bəs özünü necə, tanıyırsanmı? Elə
hamını tanıyırsan,
ittiham edirsən, məsləhət verirsən,
lap bəzi telekanallardakı
tanınmış ekspertlər
kimi. Heç olmasa qırx
ildən sonra özünə sual verirsənmi, necə adamsan? Yemək, yumaq, bəzənmək,
bir də qeybət, dava-dalaşdan başqa əlimdən nə gəlir? Bir kitabın üzünü açırammı,
oğluma-qızıma hansı
məsləhəti verməliyəm?...
Sən başqalarını - nə
onu, nə məni tanıya bilməzsən, qadın! Özünü tanımadan
kimsəni tanımaq olarmı?...
Mina RƏŞİD
525-ci qəzet.-
2015.- 29 avqust.- S.21.