Rəfiqə Məmmədovanın
yaradıcılıq dünyası ilə üzbəüz
Nəğməkar poeziyası, mahir rəssam lövhələrinə
bənzər lirik təsvirləri, kamil şeirləri, hekayələri,
mayası vətənpərvərlikdən yoğrulan povestləri,
körpə duyğularına şəkər qatan
nağılları, novellaları ilə imzasını təsdiqləyən
Rəfiqə xanımın nəhayət simasını
gördüm.
77 yaşının tamamı ərəfəsində
Bakının mərkəzində yerləşən köhnə
beşmərtəbəli binadakı mənzilinə baş
çəkdim. Yekunda məlum oldu ki, evində
söhbətləşdiyi ilk jurnalistəm. Arxivində toplanan qəzet və jurnallardakı
materiallar da yüzlərlə bədii yazı müəllifinin
özünü təbliğdən uzaqda
dayandığını təsdiqləyirdi.
Görüşümüzə
müsahibə üçün can atmamışdım. Telefonda hər dəfə nəvazişlə səslənən
“mənim balam” kəlmələri dünyanı erkən tərk
edən anamın səsini xatırladırdı. Nur yağan, dağ laləsinə bənzər
simasına nəzər salanda matım qurudu. Sanki əkiz bacısını görürdüm.
Savabın səbəbkarı böyük oğlu Azərin
ana başına pərvanə kimi dolanması, xidmətində
müntəzir dayanması yüksək intellekt sahibi olan bələdçimi
gözümdə xeyli ucaltdı. Amerikanın Dallas Universitetində
ali təhsil almış, Azərbaycanın Fransadakı səfirliyində
işləmiş, hazırda bank sektorunda ixtisasına
uyğun vəzifə tutan gəncin davranışı,
mühakimələri zəka və potensialı ilə vəhdət
təşkil etdiyindən bir çox həmyaşıdına
nümunə ola bilər.
Bu da təsadüfi deyil. Gözünü dünyaya iki dar
otaqlı mənzildə açsa da, evdə daim xoş əhval-ruhiyyə
görüb, qanqaralıq, giley-güzar eşitməyib. Rəfiqə xanım 40 ilə yaxın bir
yastığa baş qoyduğu həmin məkanda həyat
yoldaşı Əmirə bir dəfə də tənə
vurmayıb ki, nazir müavininə bərabər vəzifə
tutursan, amma şəraitinə bax. Bəli,
Qarabağda boya-başa çatan Ə.Məmmədov o vaxtlar
respublikaya vaqon-vaqon pul gətirən dövlət qurumunda -
Üzümçülük və Şərabçılıq
Komitəsində uzun illər sədr müavini işləsə
də, gözütox, könlütox nəcib insan kimi
yaddaşlarda qalıb. İstəsəydi,
onun da 5-10 yerdə ev-eşiyi, mülkü olardı. Təmiz adın qorunması nəfsə üstün
gəlib. Təbiidir ki, bu, Rəfiqə
xanımsız mümkün olmazdı. Gənc evdar
qadın tələbəlik illərində 7 il
onu sərasər izləyən, nəhayət məhəbbətinə
qovuşan həyat yoldaşının cəmiyyətdə
alnıaçıq, üzüağ olması
üçün var-dövlətə, zər-zibaya cahad elan
edib. Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsini
əla qiymətlərlə bitirən, 12 il
Bakı Yeyinti Sənayesi Texnikumunda dərs deyən gənc
qadın iki oğlunun qayğısız böyüməsi
üçün evdarlığa üstünlük verib. Əmir müəllim isə onun sədaqətini,
iradə və dözümünü inam nümayişi ilə
mükafatlandırıb. Yazmasını, dərc
olunmasını özü təlqin, təkid edib. Redaksiyalara,
ədəbi məclislərə, radio verilişlərinə dəvətlərə
qısqanc yanaşmayıb. Hər
uğurunu sevinclə alqışlayıb. Rəfiqə
xanım etiraf edir ki, həssaslıq onun yaradıcılıq
yolunun davamında mühüm rol oynayıb. İndi bu ocağın xəzinəsi eksponatlar, əl
yazmaları, klassik və müasir ədəbiyyat, 2000-ci ildən
bəri işıq üzü görən 15 kitabıdır.
Bunlar söhbətimizə cığır
açdıqlarından qələmimim işi
asanlaşıb.
Hamısına maraqla baxıram. Mənə
elə gəlir, nə isə çatışmır. Rəfiqə
xanım bunu duyubmuş kimi soruşur: “Yəqin atamın şəklini
axtarırsan. Dumanlı yadıma gəlir. Dörd yaşımda anam Ağca özü onu at
belində Cəbrayıldan Mahmudlu dəmir yolu stansiyasınadək
ötürüb. Sonda xalası oğlu
Qubadı və nişanlısı Əminəni cəbhəyə
yola salıblar. Nişanlılar
döyüşdə qəhrəmancasına həlak olublar.
Anamın gözləri ömrünün sonuna
kimi yollarda qaldı, həyat yoldaşı Allahverəni
gözlədi”.
Soraq borcu gənc Rəfiqənin öhdəsinə
düşdü. Moskvayadək gedib çıxdı.
Axtarışları, duyğuları “Mənim
şahinim” povestində ifadəsini tapdı. Əsəri diqqətlə, həyəcan hissi ilə
oxumuşam. Daxilimdə müəllifinə
bir daha minnətdarlıq hissi baş qaldırıb. Povesti nəyə görə özünün
yaradıcılıq zirvəsi saymasını məntiqi qəbul
etmişəm.
Əsər atası Allahverənin, doğmaları
Qubadın və Əminənin xatirəsinə həsr olunub. Avtobioqrafik motivlərə geniş yer
verilsə də, bəşərilikdən xali deyil. Onun 8 sentyabr 1985-ci ildə “Kommunist” (“Xalq qəzeti”)
qəzetində dərc olunmuş “Əsgər andı” hekayəsi
bu baxımdan xüsusilə ibrətamizdir. Hekayə alman
faşizmi üzərində qələbəmizin 40 illiyinə həsr
olunub. “Gələnlər gəldi, qayıtmayanlar sinələrə
köz basdılar, ürəklərə kədər yüklədilər,
gözlər yollarda qaldı” - yazan müəllif “Naməlum əsgər”
abidəsi önündə qənaətə gəlir ki,
bu əbədi məşəl
igid atasının şəninə yanır. Hərbi xidmətə
çağırış vərəqəsini orada göstərən
oğluna “Geyin gedək babanın məzarını ziyarət
edək”,- deyir. Təsirli, təlqinedici lövhədir.
Zənnimcə bizim də cəbhədən
qayıtmayanlarımızın yad olunması üçün
belə ziyarətgaha mənəvi ehtiyacımız var. Müəllifin
prototipi olan Rəna qəhrəmanların sorağı ilə
“Sovetskiy patriot” qəzetinə müraciət edir, generallarla
görüşür. Döyüş, sədaqət,
rəşadət motivləri, sabaha, gənc nəslə inam
yazıçı məharəti ilə təsvir edilir. 1984-2004-cü illərdə qələmə
alınmış povestin sonluğu
düşündürücü lövhə ilə
yekunlaşır. Gənc tankçının
əlində tutduğu mərmi neçə-neçə
döyüş maşınını və faşisti məhv
etdiyinə işarədir. İndi isə
narahatdır, silahlar əksinə tətbiq olunur.
Doğma kəndi Qacar erməni işğalı
altındadır - rus ordusunun köməyi ilə!
Rəfiqə xanımın yaradıcılığı
böyük zövqlə bəhs etməli mövzular
qalereyasıdır. Müharibə motivlərini
qabartmağımız isə təsadüfi
sayılmamalıdır. Çünki faşizmin 70 il əvvəl məzara gömülməsindən
arxayınlaşanlar mənfur qonşuların simasında onun
daha dəhşətli təzahürünün altını
çəkməkdədirlər. Müharibə
mövzusundakı əsərlərinə qəzəb,
çağırış, zəfərə inamın xas
olması təbiidir. Çünki insan da
quş kimi öz yuvası ilə öyünər, qürrələnər,
Vətən nəğməsi bütün dərd-sərinə
məlhəm olar. Müharibə isə
bitməyən iztirablar, dağıntı, viranə
qalmış yurd-yuvalar, didərginlik, ölüm -itim
taleyidir. R. Məmmədova 22 il əvvəl
rekviyemə bənzər “Üsyankar elin qüdrəti”
şeiri ilə üzüntülü tale ilə
barışmazlığa çağırırdı. “Odlar
yurdunun Od oğlu bilsin ki, ya
yanasıdı, ya da yandırası” (“Torpaq dərd
meydanıdı” şeiri) misraları ilə şücaətlərə
səsləyirdi.
Şair
Silahlı Qüvvələrimizin artan qüdrətinə, Vətən
oğullarının qələbə əzminə arxalanaraq
yazır:
Üfüqdən
boylanan qızıl günəştək,
Sülhün bayrağına keşikçisən sən.
Bu bayraq
dünyaya məhəbbət, kömək,
Müjdədir ən böyük qələbələrdən.
(“Əsgər
oğluma” şeiri)
Rəfiqə ana didərgin həyatını taleyin
insanlar üçün sınağı kimi dəyərləndirir. Şeirlərində
tənə edənlərin layiqli cavabını verir. “Ya
azğın düşmən özü
Qarabağımızdan rədd olub gedəcək, ya da igid
oğullarımız namərdləri oradan silib-süpürəcək”
- deyir. Didərgin həyatını məhək daşı
adlandıran sənətkar əsərlərində kimsəsizlərə,
valideynini itirənlərə həyan olan, onları
övladları kimi boya-başa çatdıran, təhsil, ev
sahibi edən babaların, nənələrin,
doğmaların, yadların xeyirxah obrazlarını
yaradır. Bu baxımdan “Yasəmən” povesti (1983-cü il) xüsusi ilə təqdirəlayiqdir. Yazıçı valideynləri qəzada həlak
olan qızcığazın himayəsində dayanan nənə-babasının
xəstəliyə, ehtiyaca neçə güc gəlmələrini
təsvir edir. Bu elə Rəfiqə
xanımın uşaqlıq dünyasıdır. Dəyişən personajlardır.
Müasir günümüzlə səsləşən əsər
fikir dərinliyinə, dilinin şirinliyinə, üslub gözəlliyinə
görə diqqəti çəkir. Həmkarlarım inciməsinlər,
R. Məmmədova kimi sənətkarların əsərləri
ona görə oxunmalıdır ki, dilimizin necə zənginliyə
malik olduğu yada salınsın. O, ötən əsrin
60-cı illərində
də rəvan yazırdı, iyirmi birinci əsrin ikinci
onilliyində də.
R.Məmmədova gələcəyimiz olan uşaqlar
üçün Vətəni, onun gözəlliklərini
sevdirən, mehriban yoldaşlığa, dostluğa səsləyən
kifayət qədər şeir, novella yazıb. Əsərlərindən rənglər
palitrasına bürünən misilsiz gözəlliklər
boylanır. Etiraf edir ki, gözdoymaz mənzərələr
uşaqlığının keçdiyi Cəbrayıl və Füzulidəki
gördüyü lövhələrdir. Məgər o ecazkarlığı unutmaq, əldən
vermək olarmı?!
Rəfiqə xanım istər nəsr, istərsə də
nəzm əsərlərində hər sözün, ifadənin,
təsvirin yerli-yerində işlənməsinə məsuliyyətlə
yanaşır.
Bəlkə də bu, sənət aləminə
gəlişinin xeyir-duasını Bəxtiyar Vahabzadə kimi
poeziya dühasından aldığındandır.
Yaşasaydı hələ tələbəlik illərində:
“Çox istedadlısan. Səndən yaxşı
yazıçı olacaq” proqnozunun özünü
doğrultmasına biganə qalmazdı. Uşaq şeirimizdə
xüsusi yeri olan, onu körpələr üçün də
yazmağa sövq edən Teymur Elçin, əsərləri
ilə tanışlıqdan sonra gənc müəllifə fəlsəfi
kitablarını göndərən görkəmli alim Xudu Məmmədov,
tarixi romanlar müəllifi Əzizə Cəfərzadə və
bir çox başqalarının Rəfiqə xanıma dəyər
verməsinin kökündə dayanan sadəliyi, təvazökarlığı,
istedadı idi. Bu otaqda onun tanınmış
şəxsiyyətlərlə bağlılığından
söhbət açan nümunələrin hərəsi bir
yazı mövzusudur.
Heyf ki, bütün bunların mahiyyətinə varmağa, möhtərəm oxucular üçün xırdalamağa vaxt azdır. Bilirəm ki, 77-nin tamamı günü ilk təbrik imkanını oğulları Azər və Şakir heç kimə güzəşt etməyəcəklər. Sübh tezdən tər çiçək dəstəsi ilə üzündən öpüb işə tələsəcəklər. Sonra Belçikada oxuyan nəvələri Selin və Ayan telefonda bir-birinə aman verməyəcəklər. “Can nənə, bizim üçün təzə nə yazmısan” - sualını ünvanlayacaqlar. Onlara vaxtı ilə yazdığı şeirlərindən özünə pay kimi qaytaracaqlar:
Gül-çiçək tək təmizsən,
Hamımıza əzizsən.
Fərəhin sevincisən,
Qismətinə düşmüsən.
Heç şübhəsiz kitablarının redaktoru, “Şirvannəşr”in direktoru şair Qəşəm İsabəyli yeni yaradıcılıq nümunələri ilə maraqlanacaq. Dəst-xəttini xüsusilə bəyəndiyi Sevinc Nuruqızı hal-əhval tutacaq. Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, bu günlərdə Sərhəd Qoşunlarının hərbi vətənpərvərlik müsabiqəsində qalib kimi mükafatlandırdığımız Q.Nəcəfzadə də həmin sırada olacaq. Söhbət o Qəşəm müəllimdən gedir ki, uşaq ədəbiyyatımızı təhlil etdiyi 14 səhifəlik icmalında R.Məmmədovanın “Dostluq”, “Ardımca gəl”, “Güllü kəpənəkli bağ”, “Nəciblik dünyası” kitablarını kamil yaradıcılıq nümunələri kimi dəyərləndirib. Almaniyadan doğma yurduna qonaq gələn, yaşı səksəni haqlamış uşaq şairi Simax Şeydanın yeni çapdan çıxmış kitabını və ürək sözlərini isə əvvəlcədən təbrik əvəzi gətirmişəm: “Biz hələ çox yazıb yaratmalıyıq. Yolumuz yüzə doğrudur!”
Rəhim HÜSEYNZADƏ
Əməkdar jurnalist
525-ci qəzet.-
2015.- 29 avqust.- S.22