Əməlisaleh insan, böyük ürək sahibi
Bismillahir-rəhmanir-rəhim!
Allah tərəfindən insana bəxş edilən hər bir ömrün öz mənası, öz qayəsi olur. Bir imtahan, sınaq
olan insan ömrünün ən böyük mənası,
amalı həyatda öz layiqli yerini tutmaqdır. Həyat adlanan zaman kəsiyində
hər bir bəşər övladı
öz istedadı, bacarıq və zəhməti sayəsində
həyatda müəyyən
məqama, layiq olduğu yüksəkliklərə
ucala bilir, ad qazanır.
Xalqın ehtiramını, el məhəbbətini
qazanmaq da hər kəsə qismət olmur. Xalqın sevgisi,
elin hörməti, ehtiramı olduqca önəmli, qiymətlidir
və yalnız gözəl insani keyfiyyətlərə, yüksək
dəyərlərə malik
seçilmiş şəxslər
belə bir xoşbəxtliyə nail olurlar.
Ömür payına məhz
belə bir səadət düşmüş
xoşbəxt insanlardan
biri də mərhum Ağəddin Mansurzadə idi.
Mən Hacı Ağəddin kimi dəyərli insanla yaxından tanış olmaq fürsətinə və onunla uzun illər boyu sıx ünsiyyət
imkanına malik olmuşam. Zəka və mənəviyyatı
bir-birini yüksək
səviyyədə tamamlayan,
məslək və məramına xidmətdən
zövq alan
Hacı Ağəddinlə
ünsiyyət insana xoş əhval bəxş edirdi. Bu illər ərzində
mən onun nə qədər böyük ürək, incə və həssas qəlbə malik olduğunun dəfələrlə şahidi
olmuşam. Hacı Ağəddinin
nümayiş etdirdiyi
əsl vətəndaşlıq
mövqeyi, mənəvi
köməyə ehtiyac
duyanlara münasibətdə
göstərdiyi həssaslıq
isə heç zaman xatirimdən silinməz. Vətəni, həmvətəni, soydaşı ilə bağlı məsələlərdə
Hacı Ağəddin
heç zaman özünü kənara çəkməz, şəxsi
mənafeyi qayğısına
qalmazdı. Dostluğu, yoldaşlığı
bacaran, onun qədrini bilən insan idi Hacı
Ağəddin. Ədalətin, haqqın müdafiəsində
duran, ədalətsizliyə,
haqsızlığa göz
yummayan insan idi Hacı Ağəddin.
Əlindən gələni, bacardığını
əsirgəməyən, insan
idi Hacı Ağəddin. Əməlisaleh,
Allaha xoş gedən əməllər
sahibi idi Hacı Ağəddin!
Rəhmətlik Hacı Ağəddinin simasında yüksək vətəndaşlıq mövqeyinə
malik ictimai xadim, millətini, xalqını hədsiz sevən vətənpərvər,
çalışdığı sahənin mahir mütəxəssisi, möhkəm
iradə sahibi, öz sözünün arxasında durmağı,
mövqeyini qorumağı
bacaran cəsarətli
və qətiyyətli
insana məxsus cizgilər aydın sezilirdi. Naşir olaraq ərsəyə gətirdiyi
çoxsaylı kitablar,
saysız-hesabsız məqalə,
hekayə və oçerklər Hacı Ağəddinin zəngin iç dünyasını
sərgiləyərək, onun
nə qədər böyük ürək sahibi olduğunu, mənəvi dərinliyini
bu gün də oxucusuna bariz şəkildə nümayiş etdirir.
Hacı Ağəddin olduqca məhsuldar yazar olmuşdur. Onun çox böyük
həvəs və qüvvə ilə ərsəyə gətirdiyi
bir-birindən maraqlı,
dolğun və dəyərli kitablar bu gün bir
çox ziyalılarımızın
masaüstü mütaliə
mənbəyidir. Onun tanınmış
insanların, dəyərli
ziyalılarımızın həyat və fəaliyyətini böyük
peşəkarlıqla əks
etdirən əsərləri
özünəməxsus stili
və şirin dili ilə oxucunun
rəğbətini qazanmışdır.
Qafqaz Müsəlmanları İdarəsi
ilə yaxın əməkdaşlıq edən
Ağəddin Mansurzadə
qurumumuzun fəaliyyətini
geniş işıqlandıran,
onun sədrinin - Şeyxülislamın həyat
və fəaliyyətindən
bəhs edən çox sayda maraqlı nəşrlərin
müəllifi kimi Azərbaycan jurnalistikasında
iz qoymuşdur.
Peşəkar jurnalist olan Ağəddin Mansurzadə
“Bakı” qəzetində
çalışdığı illərdən başlayaraq
öz oxucusu tapmış dəyərli
qələm sahiblərindən
olmuşdu. O, əlindəki
qələmin müqəddəsliyinə
böyük ehtiramla yanaşan bir ziyalı insan idi. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində
yaranmış Elmi-Dini
Şuranın ən fəal üzvlərindən
biri kimi Ağəddin Mansurzadə
dini-mənəvi dəyərlərin
elmi şəkildə
təbliğ və təşviqi üçün
əlindən gələni
əsirgəməmişdi.
Müdriklər deyiblər ki, insan nə qədər ziyalıdırsa, Vətənə bir o qədər xeyri dəyər. Böyük daxili enerjiyə, yaradıcılıq əzminə və fəhmə malik Hacı Ağəddinin ürəyi daima dostlarının, yaxın və tanışlarının problem və qayğıları, istək və arzuları ilə döyünürdü. Əminəm ki, yaradıcı gənclərə özəl diqqət və atalıq qayğısı ilə yanaşan Hacı Ağəddin gəncliyin hamisi kimi yaddaqalan işləri ilə daim rəğbətlə xatırlanacaqdır.
Ağəddin Mansurzadə həlim xasiyyətli, humanist təbiətli bir insan olduğu kimi, eyni zamanda, nümunəvi ailə başçısı, gözəl ata olmuşdur. Onun layiqli övladları ata evinin ocağını daha gur yandıraraq, Hacının ruhunu şad edirlər.
Hacı Ağəddin Allah qarşısında borcunu yerinə yetirərək dinimizin vacibatı olan Həcc səfərində olmuş, müqəddəs Məkkeyi-Mükərrəməni və Mədineyi-Münəvvərəni ziyarət etmişdi. Allah sevgisini uca tutan, imanı kamil bir şəxs kimi Hacı Ağəddin bu ziyarət məqamının ucalığını çox gözəl anlayırdı. Hacı Ağəddin, Yaradanımızın ona bəxş etdiyi fəzilət nuru sayəsində xalq arasında yüksək nüfuz qazanmağa nail olmuşdu. Bu nemət Allah-Təalanın kəramət payı idi və Hacı Ağəddin bu neməti uzun illər boyu şərəflə daşıdı. Həqiqətən, “Allah ...istədiyini doğru yola salır!” (Yunus, 25) və həyatda doğru yolu tapanların nəsibi əbədi fəxarət olur.
Hacı Ağəddinin mənalı ömür yolu, müdrik insan, gözəl dost, maraqlı həmsöhbət olmağı onu xalqımıza, yaxınlarına, dostlarına sevdirmişdi və bu gün də insanların xoş xatirələrində yaşadır. Qoy Yaradan Hacı Ağəddinin ruhuna rəhmət eləsin, qəbri nurla dolsun! Amin!
Şeyxülislam Hacı Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
525-ci qəzet.-
2015.- 29 avqust.- S.23.