Mühitdin Birgen və
Bakı mühiti
Çağdaş
ədəbiyyatşünaslıq elmimizin görkəmli
nümayəndəsi, tənqidçi, ədəbiyyat
tarixçisi, tanınmış elm xadimi, ədəbi-mədəni
əlaqələr sahəsində yorulmaz tədqiqatçı,
Cümhuriyyət dövrünün və istiqlal məfkurəsinin
fəal araşdırıcısı, elm, mədəniyyət
və ədəbiyyat sahəsində Respublika Dövlət
Mükafatı laureatı, Polşa qarşısındakı
xidmətlərinə görə ikinci dərəcəli
“Komandor” ordeninin kavaleri, fövqəladə və səlahiyyətli
səfir, diplomat, filologiya elmləri doktoru, professor Vilayət
Quliyev həm də poliqlot, peşəkar və məhsuldar
mütərcimdir. Onun türk, rus, polyak, ingilis dillərindən
çevirdiyi Rafael Mustafinin “Qəhrəman şairin izi ilə”
(1988), “İyirmi üç Nəsrəddin” (1992), Lev
Qumilyovun “Qədim türklər”
(1993), Əlimərdan bəy Topçubaşovun “Paris məktubları”
(1999), V.Panova və Y.Baxtinin “Məhəmməd Peyğəmbərin
həyatı” (2003), Əhməd Cəfəroğlunun
“Seçilmiş əsərləri” (2007), “Azərbaycan
Respublikası Paris sülh konfransında” (2008), “Behbud xan
Cavanşirin məhkəmə prosesi” (2008), Səməd
Ağaoğlunun “Hekayələr, memuarlar” (2009),
“Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən”
(2010), Corc Oruellin “ Seçilmiş əsərləri” (bura
müəllifin “1984”, “Kataloniyaya məhəbbətlə”
romanları və məşhur “Heyvanıstan” povesti daxildir,
kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə hazırlanan 100 cildlik Dünya Ədəbiyyatı
Kitabxanası seriyasında çap edilmişdir),
İsmayıl bəy Qaspralının “Firəngistan məktubları”
(2015) və b. tərcümələri sırasına bu
yaxınlarda “Qanun” nəşriyyatında işıq
üzü görən yeni bir kitab - tanınmış
türk ictimai-siyasi xadimi və publisisti Mühitdin Birgenin
(1885-1959) “İttihad və Tərəqqi”də 10 il. Azərbaycan 1922-1923-cü illərdə” adlı
memuarı da əlavə olundu.
Özünün əksəriyyəti mədəniyyət
tariximizin öyrənilməmiş səhifələrinə
işıq tutan araşdırmaları ilə geniş oxucu
auditoriyasının rəğbətini qazanmış Vilayət
Quliyevi orijinal tədqiqat əsərlərindən
ayırdığı vaxt və enerji hesabına bu kitabı
dilimizə çevirməyə vadar edən səbəblər
hansılardır? Tərcümə müəllifi kitaba yazdığı “Yol
ayrıcındakı illərin anıları” adlı geniş
müqəddimə Mühitdin Birgenin çağdaş
Türkiyənin ictimai-siyasi həyatında jurnalistlik və
ictimai-siyasi fəaliyyətinə işıq salmaqla bərabər
bu məsələyə də aydınlıq gətirir:
“Müxtəlif dövrlərdə onun fəal iştirakı
və baş redaktorluğu ilə “İttihad və tərəqqi”nin
əsas yayım orqanı sayılan “Tənin” (1913-1918) qəzeti,
habelə “Məslək” (1924-1925), “Xalq” (1925-1926), “Türk
kooperativçisi” (1930-1934), “Son posta” (1936-1939) kimi populyaq qəzetlər
nəşr olunmuşdu. 1914-cü ildə
Çorumdan Osmanlı Məclisi-Məbusanına, 1936-cı
ildə Mardindən Türkiyə Böyük Millət Məclisinə
üzv seçilmişdi. 1920-1921-ci illərdə
bir neçə ay Mətbuat və İstihbarat Ümum
Müdirliyinə başçılıq etmişdi.
Türklərin milli azadlıq mübarizəsinin - Qurtuluş
Savaşının məqsəd və məramını həm
ölkə içərisində, həm də xaricdə
yaymaqda mühüm rolu olan qurumun rəhbərliyinə Mühitdin Birgendən sonra
Əhməd Ağaoğlu gətirilmişdir”.
Mütərcim
memuar müəllifinin Türkiyə siyasi elitasına, dövlətdə
və hökumətdə yüksək vəzifə tutan şəxslərə
yaxınlığını vurğulamaqla onun toxunduğu
mövzulara dərindən bələd olduğunu, barəsində
fikir söylədiyi tarixi şəxsiyyətləri, partiya
liderlərini, dövlət xadimlərini şəxsi
müşahidələri əsasında qiymətləndirdiyini,
tarixi hadisələr haqqında obyektiv mülahizələr
yürütdüyünü diqqətə
çatdırmış, fərqli siyasi sistemlərə
münasibətini, yeni və maraqlı yanaşma tərzini, dəyərləndirmə
imkanlarını müqəddimədə sərgiləmiş,
qeyd və şərhlərdə açıq münasibətini,
bəzən zəruri iradlarını bildirmiş, qeydlər və
düzəlişlər etmişdir. Mətnə yalnız tərcüməçi
kimi deyil, haqqında söhbət gedən dövrə və
problemlərə yaxından bələd olan bir tədqiqatçı
kimi yanaşan Vilayət Quliyev türkiyəli professor Zəki
Arıqanın izahları ilə kifayətlənməmiş, xüsusi
ilə əsərin Azərbaycanla bağlı hissələrində
bir sıra məsələlərə elmi fikrin son nəticələrinə
arxalanaraq aydınlıq gətirmişdir.
Tərcümə müəllifinin kitaba seçdiyi ad da
maraqlıdır. Mühitdin Birgənin xatirələrində
Azərbaycanla bağlı hissələr müvafiq şəkildə
“Məmləkət xaricində ittihadçılar” və “Azərbaycanda
son ittihadçı” adlanır. Vilayət
Quliyev isə ölkəmizin həmin dövrdəki siyasi,
milli və mənəvi inkişaf özünəməxsusluqlarını
göz önünə alaraq əsərə hər cəhətdən
səciyyəvi olan “Azərbaycan 1922-1923-cü illərdə”
başlığını verib.
Bu illər təkcə Mühitdin Birgenin Azərbaycanda
işlədiyi illər deyil, həm də xalqımızın
və ölkəmizin tarixində özünəməxsus yer
tutan, zaman baxımından qısalığına baxmayaraq hətta
ayrıca bir mərhələ təşkil edən
dövrdür.
Çünki həmin illərdə Azərbaycan
sosializm şəraitində yaşadığı digər mərhələlərlə
müqayisədə müstəqilliyin daha çox
atributlarına malik idi. Qardaş Türkiyə
ilə səfirliklər səviyyəsində əlaqə
saxlayırdı, bu ölkədən dəvət olunmuş
mütəxəssislər Bakıda
çalışırdılar, yeni nəslin türklük
duyğusu və düşüncəsi hələlik ideoloji
baxımdan tam nəzarətə götürülməmişdi.
Lakin yaxınlaşan təhlükənin izləri
artıq aydın şəkildə görünürdü və
Mühitdin də bunu xatirələrində konkret həyatdan
götürülən inandırıcı lövhələrlə
təsvir etmişdi.
Vilayət
Quliyevin araşdırmalarından da məlum olduğu kimi, M.Birgenin xatirələri 1936-cı
ildən başlayaraq iki il müddətində, “İttihad və
Tərəqqi”də on sənə” adı ilə baş
redaktoru olduğu Türkiyənin populyar “Son posta” qəzetinin
500 yüzə yaxın sayında çap olunmuşdur. Egey Universitetinin Ədəbiyyat fakültəsində
çalışan professor, doktor Zəki Arıkan memuarı qəzet
səhifələrindən toplayıb çapa hazırlayaraq
ilk dəfə 2006-cı ildə (təkrarını isə
2009-da) nəşr etdirmişdir. İkicildlik
memuarların 1922-1923-cü illəri əhatə edən
mühüm bir hissəsi Azərbaycana, daha dəqiq desək,
hələlik mədəniyyət və mənəviyyatla
bağlı bir sıra məsələlərdə
özünü bolşevik işğalına
uğramış Azərbaycan Cümhuriyyətinin varisi kimi
aparmağa səy göstərən Şura Azərbaycanına
həsr olunmuşdur. Məhz bu baxımdan əsər
hələ təfriqələr halında çap olunduğu
1930-cu illərin sonunda Azərbaycan siyasi mühacirlərinin
diqqətini çəkmiş, onun barəsində
Polşadakı mühacir nəşrlərində bir sıra
məlumat və resenziyalar çıxmışdı.
Müəllifin xatirələrində böyük sevgi və
səmimiyyət ilə Azərbaycan türklərinə
geniş yer ayırması təsadüfi deyildi. Mühitdin Birgen Bakıya gəlməmişdən
öncə, hələ 1910-cu ildən İstanbulda Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu,
Cümhuriyyət dövründə Azərbaycanın sonuncu
maarif və dini etiqad naziri olmuş Rəşid xan Qaplanovla
1913-cü ildən tanış idi. Türkiyədə
“İttihad və Tərəqqi” Firqəsinin iflasından,
tanınmış nümayəndələrinin həbs və
təqiblərə məruz qalmasından sonra Mühiddin Birgen
ailə üzvləri ilə 1921-ci ilin mayında yenicə
sovetləşən Gürcüstanda sığınacaq
tapmışdı. Həmin ilin avqust ayında isə
Moskvaya getmək niyyətilə Bakıda olur, Türkiyənin
Azərbaycandakı diplomatik nümayəndəsi Memduh
Şövkət Esendalla görüşür, iki aya yaxın
Moskvada qaldıqdan sonra, 1921-ci ilin oktyabr ayında yenidən
Bakıya qayıdır. Maraqlıdır ki, bu
zaman Ənvər Paşa Türküstana gizli getmək
üçün Bakıda idi və Mühiddin Birgen onunla
görüşmək fürsətini əldən
qaçırmır. Bakıdakı bu
qısa müddətli təmas türk siyasi və dövlətçilik
tarixində xidmətləri olan iki eyni məfkurə
daşıyıcısının, iki İttihad və Tərəqqi
xadiminin vətəndən uzaqlarda son görüşü idi.
Mühitdin Birgenin xatirələri
Azərbaycan türklərinə, onlar müsəlman
dünyasındakı yerinə, böyük mədəni irslərinə,
yüksək insani və əxlaqi keyfiyyətlərinə məhəbbət
hissi ilə qələmə alınıb. Bir sıra digər
məsələlər kimi müəllifin Azəri türklərinin
qonaqpərvərliyi haqqında səmimi müşahidələri
və dəqiq, obrazlı düşüncələri məmnunluq doğurur.
Kitabının “Bakı, neft və Azərbaycan” sərlövhəsi
altındakı hissəsində müəllif yazır: “Azəri
türkü də hələ mədəniyyətin pozucu təsirləri
ilə ilkinliyini itirmədən saf və təmiz
qalmağı bacaran türklər kimi şükürlü
insanlardır. Sabah süfrəsinə qoymağa
bir loğma çörəyi olmayan Azəri bugünkü yeməyini
qonaqla yarı bölməyi özünə insanlıq borcu
sayır. Hələ həmin qonaq Türkiyə
türkü, bir böyük qardaş isə ortalıqda
başqa söhbət ola bilməz!”
Azərbaycana
təxminən on gün çəkən ilk səfəri zamanı Bakıda
gördüyü dostanə münasibət, ünsiyyətdə
olduğu insanların türk sevgisi Mühitdində unudulmaz təəssüratlar
yaratmış və ilk imkan düşən kimi onun daha uzun
müddətli və xeyirxah missiya ilə ölkəmizə
qayıtmasına zəmin hazırlamışdı. Tiflisə əvvəlki
işini davam etdirmək üçün qayıtdıqdan
sonra Azərbaycanın o vaxtkı Maarif Komissarı, publisist, tənqidçi
Mustafa Quliyevdən milli təhsilin islahı sahəsində fəaliyyət
göstərmək üçün dəvət məktubu
alır. Mühitdin bəy siyasi
keçmişini, kommunist rejiminin “koru göz həkimi etməyi
bacardığı” mühitdə onun da xoş
qarşılamayacağını düşünərək
komissarın təkidli dəvətindən imtina edir.
Sonra isə müəllif fikrinin dəyişməsini,
yumşalmasını belə əsaslandırır:
“Bakıdan ikinci məktubu aldım. Təkid və
israr edirdilər. Etirazlarımı yenidən
təkrarladım. Bu dəfə milli
düşüncə sahibi kimi tanıdığım müxtəlif
Azəri ziyalıları məktub yazdılar, məni məqsədi
millətə xidmət olan vəzifəni qəbul etməyə
həvəsləndirməyə başladılar. Eyni
zamanda Bakı Dövlət Universitetində təhsil alan bir neçə Azəri gəncin Maarif
Komissarlığının tövsiyəsi üzrə məni
dəvət təklifini qəbul etməyə inandırmaq məqsədilə
Tiflisə gəlmək niyyətində olduqlarını
öyrəndim... Nəhayət, biri Tiflisdə, o biri isə
Bakıda yaşayan, xətirlərinə dəyməyi, təkliflərindən
boyun qaçırmağı ağlıma gətirmədiyim
daha iki dostun təkidləri nəticəsində çətin
vəzifəni az müddətə də olsa icra etmək təklifinə
razılıq verdim”.
Beləliklə,
Mühitdin Birgen 1922-ci ilin oktyabr ayında daha uzun müddət
yaşamaq, ən başlıcası isə maarif və mədəniyyət
sahəsində azərbaycanlı həmkarları ilə
birlikdə çalışmaq
niyyəti ilə ailə üzvləri - qaynanası
Xoşnaz xanım, həyat yoldaşı Məlahət-Sürəyya
xanım, qızı Asudə, baldızı, sonralar şair
Nazim Hikmətlə ailə qurmuş Nüzhet xanımla birgə
Bakıya qayıdır. Burada sıcaq qarşılanan müəllif
onun üçün yaradılan məişət şəraitindən
qədirşünaslıq, minnətdarlıq hissi ilə
söz açır: “Bakıda mənə çox
yaxşı iqamətgah ayırmışdılar. Verilən ərzaq ehtiyaclarımızı
artıqlaması ilə təmin edirdi. Qaldığımız
evin bütün xərclərini ödəməklə
zamanına görə mükəmməl sayılan
avadanlıq və müxəlləfat vermişdilər”.
Mühitdin
bəyin təqdirəlayiq düşüncələri ilə
tanış olduqca təəssüf
doğuran və yenə də min təəssüflər olsun
ki, zərbəsi əksər hallarda özümüzə
yönələn bir ağrılı məqamı
xatırlatmaya bilmirsən. Birgendən bir il öncə eyni təkid
və xahişlə Təbrizdən dəvət olunan
böyük yazıçı Cəlil Məmmədquluzadəyə
və Həmidə xanıma adekvat münasibət, diqqət və
qayğı göstərilməmiş, mənzil və işlə
təmin olunmasında ədib uzun müddət bürokratik əngəllərlə
üzləşmişdi. Bütünlükdə
isə həmin yad münasibət həyatının sonuna qədər
davam etmişdi.
Xatirə
müəllifinin xalqımıza bəslədiyi böyük
sayğı və duyğu ilə verdiyi bilgilərə əsasən
o az bir vaxtda Respublika Maarif
Komissarlığının kollegiya üzvü seçilir,
Ali Pedaqoji İnstitutda humanitar ixtisaslar üzrə beş fəndən,
Bakı Dövlət Universitetində isə “Osmanlı ədəbiyyatı
tarixi”ndən (Cümhuriyyət dövründə bu fənni
M.Ə.Rəsulzadə tədris edirdi) dərs deməyə
başlayır. Az sonra isə
bugünkü “Azərbaycan” jurnalının sələfi
sayılan “Maarif və mədəniyyət” məcmuəsinin fəal
mühərririnə və yazarına çevrilir. İş qrafikinin sıxlığı onu zərrə
qədər də yormur. Əksinə, tələbələrlə
təmasdan ruhlanan Mühitdin əfəndi Azərbaycan gəncliyinin
elmə sevgisini, onların doğma dildə təhsil alması
üçün göstərdikləri fədakarlıqları
yüksək dəyərləndirərək yazırdı:
“Müəllimlik fəaliyyətinə döndüyüm zaman
qarşımda gördüyüm Azərbaycan gəncliyinin
isti münasibəti, ürəklərindəki oxuyub-öyrənmək
ehtirası məndə əski peşəmə maraq və
şövqü yenidən canlandırırdı. Həyatımdakı ən dərin mənəvi həzləri
yalnız Azərbaycan gəncliyi arasında keçirdiyim o
günlərdə aldığımı indinin özündə
də böyük məmnunluq hissi ilə xatırlayıram”.
Mühitdin əfəndinin dərs dediyi istedadlı tələbələri
arasında tənqidçi-ədəbiyyatşünas Atababa
Musaxanlı, ictimai-siyasi xadim və publisist Əbdül Vahab Məmmədzadə
(Yurdsevər) də var idi. O, xüsusilə Ali Pedaqoji
İnstitutda tarix, ədəbiyyat tarixi, fəlsəfə, ictimaiyyət
və pedaqogika fənlərini tədris edir, proqram və dərs
vəsaitləri hazırlayırdı. M.Birgen
Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsi
arasındakı fərqlərdən, ayrı-ayrı sözlərin
qarşılığında əcnəbi kəlmələrinin
işlənmə və ya təhrif olunma səbəblərindən
danışarkən bugünkü oxucular üçün də
maraq kəsb edən məqamlara da toxunmuşdur. Müəllif
yazır ki, “Ey könül” mənasını verən “diley”
kəlməsi Azərilər arasında təhrifə
uğrayaraq “dalay” şəklinə
düşmüşdür. Şəhərdə
də, kənddə də insanlar qəzəl oxuyarkən
“dalay-dalay” deyirlər. Və yaxud say sayarkən “səksən”
əvəzinə
farsın “həşdat” sözündən istifadə
edirlər. Çünki “sək” - fars
dilində “köpək” mənasını bildirir. “Sək-sən” isə “Sən itsən” anlamında
başa düşülür. Müəllifin
Azərbaycan və Anadolu türkcələrində fərqli anlamları
bildirən, bir sıra hallarda gülüş, bəzən isə
qanqaraçılıq və pərtlik doğuran söz və
ifadələr haqqındakı müşahidələri də
maraqlıdır. Ötən əsrin
90-cı illərində ölkələrimiz arasında sərhədlər
açılarkən, insanlarımız yenidən canlı
ünsiyyət saxlamaq imkanı əldə edərkən həmin
ifadələrin yaratdığı anlaşılmazlıqlar,
gülüş doğuran situasiyalar yenidən gündəmə
gəlmişdi.
“Bakıda
qaldığım on dörd ay ərzində həyatımın
ən maraqlı, iş baxımından isə ən zəngin
bir dövrünü yaşadım” - deyən Mühitdin Birgen
dil, ədəbiyyat mövzusunda konfranslar keçirir,
“Türkcənin bugünkü vəziyyəti” adlı silsilə
mühazirələr oxuyur, on bir sayını redaktə etdiyi
“Maarif və mədəniyyət” dərgisinin hər nömrəsinə
dövrün aktual problemlərinə həsr olunan elmi məqalələr
dərc etdirirdi.
XX yüzilliyin əvvəllərində bir çox
müəlliflər Osmanlı türklərinin, xüsusilə
də Osmanlı türkcəsinin Azərbaycana mədəniləşdirici
təsiri iddiasında olmuşdular. Hətta “ortaq türkcə”
adı ilə sadə Anadolu türklərinin özlərinin də
çox çətinliklə anladıqları yazılı dil
ənənələrinin Azərbaycanda tətbiqi ilə
bağlı cəhdlər göstərilib. Mühitdin
Birgən isə belə müəlliflərdən fərqli
olaraq hələ yüz il əvvəl
xalqımızın mədəni inkişaf və intellektual
düşüncə baxımından türk dünyasında
öncül yer tutduğunu etiraf edib. Həm də
sadə etirafla kifayətlənməyib, bunu öz əsərində
uca səslə bildirib. Məsələn, Azərbaycan gəncliyi
haqqında dediyi aşağıdakı sözlərdə
olduğu kimi: “Səkkiz illik fasilədən sonra müəllimlik
fəaliyyətinə döndüyümdə qarşımda
gördüyüm Azəri gəncliyinin hərarətli tələbəliyi,
ürəyində yaşatdığı elm sevgisi müəllimlik
şövqümü yenidən canlandırdı. Məni daha çox çalışmağa
şövq edən Azəri gəncliyində
gördüyüm elm sevgisi və ana dilində təhsil almaq
üçün göstərilən istək idi. Həyatımın ən böyük ruhi həzzini
Azəri gəncliyi arasında keçirdiyim dövrdə
aldığımı indi də sevgi və həsrətlə
xatırlayıram”.
Xatirə müəllifi sanki Azərbaycana təhsil və mədəniyyəti bolşeviklərin gətirməsi ilə bağlı Sovet təbliğatının sərsəm iddiaları ilə qiyabi polemikaya girərək 1930-cu illərdə Türkiyə mətbuatı səhifələrində yazdığı aşağıdakı sətirlər də bu gün bizim üçün hər cəhətdən qiymətli və qürurvericidir: “O tarixdəki (1922-1923-cü illər nəzərdə tutulur - A.R.) Azərbaycanı kültürsüz zənn etməyin. Əksinə, Azərbaycanda çağdaş kültürü mənimsəmiş böyük bir ziyalılar dəstəsi vardı. Yalnız onların yuxarı təbəqəsinin kültür dili rusca idi. Moskvanın və Bakının rus universitetlərində gözəl təhsil görmüş qüvvətli ziyalı dəstəsi ölkədə çağdaş kültürün yaradılmasını təmin etmişdi. Azərilər arasında elmi səviyyə baxımından indi bənzərlərini Türkiyədə görməyi çox arzu etdiyim bir sıra seçkin insanlar var idi”.
Professor, doktor Zəki Arıkanın toplayıb tərtibləyərək 2006 və 2009-cu illərdə nəşr etdirdiyi M.Birgenin “İttihad və Tərəqqi”də on sənə” kitabından fərqli olaraq professor, doktor Vilayət Quliyev ilk dəfə Mühitdin əfəndinin “Maarif və mədəniyyət” jurnalında çıxan məqalələrini transfoneliterasiya edib, qeyd və şərh yazaraq “Azərbaycan mətbuatında çap olunmuş məqalələri” adı ilə kitaba salmışdır. “Türkcəyi düzəltməkdə üsul”, “Türkcənin təkamül tarixi”, “Osmanlı ədəbiyyatı tarixi haqqında”, “Ədəbiyyati-cədidə”, “Xəlq dilləri” və “Əlifba məsələsi” məqalələri nəinki Türkiyə oxucuları, eyni zamanda Azərbaycan filoloqları üçün də tamamilə yeni materiallardır. Bu materiallar həm də kitaba xüsusi dəyər vermişdir. Bu hissə tamamilə orijinal xarakter daşıyır və əsərin Azərbaycanla bağlılığını daha qabarıq şəkildə üzə çıxarır. Əgər xatirələr hissəsində Vilayət Quliyev yalnız türkiyəli həmkarı Zəki Arıkanın hazırladığı mətni Azərbaycan türkcəsinə uyğunlaşdırmaq və zəruri bildiyi məqamlarda müvafiq izah və şərhlər yazmaq işini öz üzərinə götürmüşdüsə, burada onun Azərbaycanda çap olunan və indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalan ədəbi-tənqidi irsinin müasir elmi dövriyyəyə daxil edilməsindən söhbət gedir.
Qeyd etmək lazımdır ki, ilk dəfə “Maarif və mədəniyyət” jurnalından götürülərək kitaba əlavə edilən bu materiallar onu bir tərəfdən professor Zəki Arıqan və Azərbaycan alimi Vilayət Quliyevin birgə layihəsinə çevirmiş, o biri tərəfdən isə əsərin adı ilə mündəricatı arasında bir uyğunluq, harmoniya yaratmışdır. Çünki bu ədəbi-tənqidi məqalələr sayəsində “1922-1923-cü illər Azərbaycanı” yalnız ictimai-siyasi proseslər baxımından deyil, həm də ədəbi-bədii fikir baxımından da dolğun şəkildə əks olunmuşdur.
Mühitdin Birgenin Azərbaycanda olduğu dövrdə böyük həvəs və coşğu ilə türk elminin, ədəbiyyatının tərəqqisi yolunda çalışmasına baxmayaraq o, sovetlərin xüsusi xidmət orqanlarının - 1920-ci ilin aprelindən başlayaraq hörümçək toru kimi bütün Azərbaycanı bürüyən Azçekanın - Azərbaycan Fövqəladə Komissiyasının nəzarətindən kənarda qalmır, günlərin birində evində yoxlama aparılmaq üçün hamının canına qorxu salan bu sirli idarəyə dəvət edilir.
Mühitdin bəyi məxfi idarənin dördüncü şöbəsinin rəisi, erməni əsilli çekist sorğu-suala tutur: “ - Deyirlər, siz burada Ankara hökumətinin xeyrinə casusluqla məşğul olursunuz”. Böhtan xarakterli sualın təsirindən sarsılan Birgen Az.ÇK-nın şöbə rəisinə tutarlı məntiqlə və cəsarətlə cavab verir: “Casusluğun ürəkaçan sənət olmadığını yəqin siz məndən də yaxşı bilirsiniz. Bu, yer üzündə məşğuliyyətlərin ən pisi, insan əxlaqına ən müğayir saydığım işdir... Haqqımda belə sözləri sizə yalnız özləri casusluq edənlər deyə bilərlər. Amma bu cür adamlar əxlaqdan çox uzaq olduqlarından dediklərinə inanmağa lüzum yoxdur”.
Cavabın konkretliyi və sərtliyi erməni çekistin təmsil etdiyi idarənin qərarını bildirməkdən başqa ona şans qoymamışdı. Şöbə rəisi Mühitdin əfəndinin bir həftəyə Azərbaycanı tərk etməsi qərarını oxuyur. Səbəbsiz yerə “izzəti-nəfsinə toxunulan” Birgen özünümüdafiə taktikası seçir, casusluqda suçlanmasının əsassızlığını sübut edir. M.Qorkinin “Ana” romanını fransız dilindən çevirdiyini bildirir. Nəhayət, ona iki həftəyə ölkədən çıxmaq göstərişi verirlər. Az.ÇK-nın qərarının ləğvi üçün Maarif Komissarı Mustafa Quliyev və “Kommunist” qəzetinin baş redaktoru Ruhulla Axundov ciddi çalışır, sözün əsl mənasında Moskva və Tiflis ilə savaş apararaq istədiklərinə nail olurlar. Az.ÇK-nın sədr müavini, milliyyətcə yəhudi olan Qaber-Korn M.Birgeni kabinetinə dəvət edir, qərarın “yaramaz ünsürlərin verdiyi yanlış məlumat əsasında” qəbul olunduğundan təəssüfləndiyini bildirir və baş vermiş hadisəyə görə üzr istəyir.
Lakin Mühitdin Birgen ictimai-siyasi vəziyyəti təhlil edərək milli ruhlu bolşevik rəhbərlərinin bu qələbəsinin müvəqqəti xarakter daşıdığını, tezliklə onların nəinki Türkiyədən dəvət olunmuş müsafir alimi, heç özlərini də xilas etməyə imkanları qalmayacağını başa düşərək Azərbaycandan “üzüsulu” getməyin, “işi ən dadlı yerində kəsməyin” doğru yol olduğu qənaətinə gəlir. Fəaliyyətini davam etdirməsi üçün təkidli xahişlərə baxmayaraq, təxminən 1923-cü ilin dekabrında vətənə qayıtmaq ideyasına üstünlük verir. Ən başlıcası isə Türkiyəyə qayıtdıqdan sonra da Azərbaycanın, Azərbaycan türklərinin səmimi dostu və təəssübkeşi kimi qalmağı bacarır, ən çətin vaxtlarda da ölkəmiz və xalqımız barəsində həqiqətləri deməkdən, müdafiə etməkdən çəkinmir.
Bakıdan çıxmağa iki gün qalmış Maarif Komissarlığı Mühitdin əfəndinin şərəfinə ziyafət təşkil edir. Mustafa Quliyev çıxışında Birgenin Bakı dövrü elmi, pedaqoji və publisistik fəaliyyətini yüksək dəyərləndirir. Tələbələrinin odlu-alovlu hayqırtısından təsirlənən Mühitdin əfəndi duyğulu anlarını yada salaraq yazırdı: “Həmin anlarda sevimli tələbələrimin ölçü və rəsmiyyət hissinin tələblərini gözləyərək dedikləri məhəbbət dolu sözlər qarşısında yay kimi gərilmiş əsəblərim tab gətirmədi. Hisslərimə məğlub oldum. Bir neçə damcı göz yaşı axıtmaqdan özümü saxlaya bilmədim”.
Bu göz yaşları zəhmətini yetərincə qiymətləndirən Azərbaycan Maarif Komissarlığına, ziyalılara və qədirşünas tələbələrinə son kərə minnətdarlıq nişanəsi idi. Müəllif eyni zamanda xatirələrini qələmə aldığı 1930-cu illərin sonunda bolşevik terror maşınının ürəyində türk ruhu və sevgisi yaşadan Azərbaycan gəncliyinə, milli ziyalılara divan tutmasından da xəbərsiz deyildi. Keçmiş tələbələrinin faciəli taleyini nəzərdə tutaraq Sovet tarixinin, Stalin diktaturasının bu qanlı cinayətinə aşağıdakı sətirlərlə münasibət bildirmişdi: “Mənə yenidən müəllimlik eşqi verən bu insanların çoxu içində yaşadıqları rejimə uyğunlaşmaq istəmədikləri üçün indi birər xatirəyə çevrilmişlər. Onların qarşısında təzim etməyi özümə borc bilirəm”.
Təqdim etdiyim bu kitabda yalnız tərcüməçi kimi deyil, həm də tədqiqatçı-alim kimi özünün yüksək elmi səriştəsini və vətəndaşlıq mövqeyini ortaya qoyan Vilayət Quliyevin təqdimatında - ön söz və çevirməsində görkəmli türk ictimai-siyasi xadimi, pedaqoq, publisist Mühitdin Birgenin “İttihad və Tərəqqi”də 10 il. Azərbaycan 1922-1923-cü illərdə” adlı memuarı Xalq Cümhuriyyətinin süqutundan sonra, sovetləşmənin ilk illərində ədəbi-mədəni, ictimai-siyasi mühiti, milli təhsil quruculuğunda gedən prosesləri, dərslik, kadr məsələlərini, Fövqəladə Komissiyanın xalqa zidd fəaliyyətini incələyənlər, araşdıranlar üçün dəyərli qaynaq, əvəzsiz məxəz missiyasını daşıyır.
Kitab həm Azərbaycanın
1920-ci illər tarixinin, həm də o dövrün Azərbaycan-Türkiyə
münasibətlərinin bir sıra mühüm fakt və
hadisələrinin üzərinə işıq salır və
bu baxımdan yeni tədqiqatların aparılmasını da zərurətə
çevirir. Bu tipli tədqiq və
araşdırmaların mühüm bir qisminin yaxın gələcəkdə
yorulmaz alim, vətənpərvər ziyalı Vilayət
Quliyevin öz qələmindən çıxacağına ümidlər
bəsləyir, ona səmərəli fəaliyyətində və
ədəbi yaradıcılığında uğurlar
diləyirik.
Asif
Rüstəmli
525-ci qəzet.-
2015.- 29 avqust.- S.14-15