Maarifçilik amallı televiziya

 

İCTİMAİ TELEVİZİYANIN 10 YAŞINA

 

 

 

Artıq 60 ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan Televiziyası ictimai-sosial həyatımıza daxil olaraq ölkəmizin tarixi taleyini, günümüzün reallıqlarını yüksək peşəkarlıqla əks etdirir.

 

Mədəniyyətimizin yüksəlişini, xalqımızın həyatında baş verən yenilikləri, onun inkişaf mərhələlərini, dünya dövlətlərilə siyasi münasibətləri, əməkdaşlığı göstərməklə böyük bir yol qət edən ana televiziyamızın bu çalışmalarına heç şübhəsiz, sonradan yaranan bir sıra kanallar da özlərinin yaradıcı axtarışları ilə bu mənzərəyə rəngarənglik qatdılar. Sonuncu onillikdə isə onların sırasına qoşulan İctimai Televiziya da teleməkana yeni bir ictimai mühit, ab-hava gətirdi. Həyatımızın müxtəlif sahələrinin inkişafını əks etdirən maraqlı proqramları yarandı. Bunları görmək və duymaq üçün İctimai Televiziyanın son iki ildəki fəaliyyətinə nəzər salmaq, biri-birindən maraqlı və məzmunlu, ictimai əhəmiyyətli, ən ümdəsi maarifçilik ideyalarını yeni və fərqli aspektdə inkişaf etdirmək yolunda atdığı addımların, çalışmaların və böyük səylərin nəticəsinə göz yetirmək kifayətdir. İctimai maraqları ifadə edən uğurlu layihələr, rəngarəng proqramlar İTV-nin bu məkanda apardığı yaradıcılıq axtarışları ilə özünüifadəyə qadir olduğunu sübut etdi.

 

Qazanılan nailiyyətlər də iki başlıca amili - klassika ilə müasirliyi, keçmiş ənənələrə yeni dəyərlər qazandıran xüsusiyyətləri vəhdətdə inkişaf etdirmək məqsədindən yaranmışdı. Ənənəviliklə müasirliyin yeni axtarışlar fonunda yaratdığı mənzərə də göz qabağındadır. Onun qısa bir zamanda sahənin işində yenilik yaratması, proqramlara orijinal münasibəti, cəmiyyət həyatını “düzü düz, əyrini əyri” prinsipi ilə əks etdirməsi də xalqın etimadını qazanmasına yol açdı.

 

İctimai Televiziya buna necə nail oldu?

 

Təbii ki, hər bir işdə qazanılan faydaların, mənəvi-əxlaqi prinsiplərin yaşamasında bir mizan-tərəzinin olması vacibdir.  Bütün həyatımızı bu və ya digər tərəfdən qaydaya salan, nizamlayan bu mənəvi tarazlıq heç şübhəsiz, insanın öz əməlində, əxlaqında formalaşdırdığı məsuliyyət yüküdür. Bu yükü şərəflə daşımaq da hər kəsin vicdan işidir. Gələcəyimizi qurmaqda, həyat-yaşam tərzimizi tənzimləməkdə mizan-tərəzi dediyimiz bu ölçü vahidi ailədə olduğu kimi, ictimai fəaliyyətimizdə də əsas yer tutur. Və burda indicə qeyd etdiyimiz, hər işdə bir “mizan-tərəzi”nin olması fikri də elə bu televiziyanın proqramlarını izləyərkən meydana gəldi. Gördüm ki, çoxsaylı və çoxçeşidli verilişlər də onu ərsəyə gətirən kollektivin, proqramlara məsul olan şəxslərin daxilində həmin o mizan-tərəzinin tarazlığını qoruması məsuliyyətindən - gördükləri işə bağlılıq, birgə anlaşma, ümumi rəyə doğru mövqedən yanaşma nəticəsində başa gəlmişdir. Əsas da odur ki, görülən işlərin qayəsində maarifçilik ənənələrinə, azərbaycançılıq məfkurəsinə söykənən mənəvi-əxlaqi dəyərlər, milli ruha bağlılıq dayanır. İctimai Televiziya öz işini məhz bu prinsiplərlə qurduğundan xalqın etimadını qazana bilmişdir.

 

İTV azərbaycançılıq ənənələrini, maarifçilik ideyalarını, milli-bəşəri əhəmiyyətli mövzuları yeni formalarla işıqlandırır, ictimai-sosial həyatımızı, mədəniyyətimizi dolğun, əhatəli şəkildə təqdim edir, məhz bu prinsiplər əsasında fəaliyyət göstərir. Bu kanal həqiqətən də son illər uğurlu yaradıcılıq axtarışları sayəsində yüksək intellekti, mədəniyyətilə özünün imicini formalaşdıra bilmişdir. Öz qiyafəsində və simasında olan İctimai Televiziya məhz özünəbənzərliyi ilə dəyərlidir. Bu televiziya plüralizmə, sərbəst düşüncəyə, mövzuya müxtəlif istiqamətdən yanaşmaqla bütün fəaliyyətində demokratiyaya meydan verməklə işini qurur. İctimai Televiziya ölkənin ictimai maraqlarından çıxış edənlərlə, bu sahədə istedadı, zəngin təcrübəsi olanlarla, vətənçilik əxlaqına, azərbaycançılıq ideyalarına söykənən, bu amalla xidmət etməyi bacaran peşəkarlarla əməkdaşlıq edir.  

 

Azərbaycançılıq ənənələrini, maarifçilik ideyalarını yeni dəyərlərlə inkişaf etdirməsi və bu istiqamətdə maraqlı layihələr həyata keçirməsi İctimai Televiziyanın bütünlükdə məram və məqsədini ifadə edir, desək yanılmarıq. Təbii ki, öz fəaliyyətini yenilikçi prinsiplərlə davam etdirən bu televiziyanın məramı sağlam rəqabətdən, öz vəzifələrinə məsuliyyətlə, həssaslıqla yanaşan peşəkarların tamaşaçıya böyük zövq, bilgi verməsi istəyindən qaynaqlanır. Çoxçeşidli proqramların ifadə etdiyi ictimai, mənəvi dəyərlərə rəvac vermək   haqqında bəhs etdiyimiz televiziyanın başlıca məqsədidir. Səsləndirdiyimiz fikirlərə söykək kimi, televiziyanın bütövlükdə fəaliyyətini ifadə edən proqramlara qısaca nəzər yetirəndə bu mənzərəni aydın görə bilirik.

 

İctimai-siyasi, iqtisadi proqramlar sırasında “Media və zaman”, “Aktual mövzu”, “Müzakirə vaxtı”, “Ortaq məxrəc”, “Regionların inkişafı”, “Diqqət mərkəzi”, “Açıq dərs”, “Həftənin verilişi”... adlarının ifadə etdiyi məna və məzmunu ifadə etməklə, həm də reytinqi yüksək olmasıyla ətrafına geniş auditoriya toplaya bilmişdir. “Yeni gün”, “Tele-mizan”, “El sənəti”, “Yadigarlar”, “Biri varmış, biri yoxmuş...”, “Addım-addım”, “Ozan məclisi”, “Muğam sədası”, “Yurd inciləri”, “Zirvədəkilər”, “Antrakt”, “Yurdu yaşatmaq üçün”... də siyasi-ictimai, iqtisadi verilişlər kimi aparıcı proqramlar olmaqla yanaşı, tamaşaçıya zövq verən, ruha dinclik gətirən, mənəvi zənginlik yaradan ədəbi verilişlər sırasındadır. Bir tamaşaçı olaraq ədəbi-bədii verilişlərə, xalq yaradıcılığına, uşaq aləminə maraqlı olduğumdan İctimai Televiziyanın bu verilişləri hər zaman izlədiyim proqramlardandır. Bunlar İctimai Televiziyanın ədəbi-mədəni, ictimai simasını, vətənpərvərlik duyğularını, mübarizlik əzmini təcəssüm etdirir.

 

Adlarını xatırlatdığımız bu verilişlərin hər biri öz çəkisi, sanbalı, ələlxüsus da cəmiyyətə aşıladığı milli-mənəvi dəyərləri ilə əhəmiyyətlidir. İstər oturuşmuş verilişlər olsun, istərsə yeni yarananlar, onları vaxtaşırı izləyən tamaşaçılar hər dəfə proqramlardakı yaradıcılıq axtarışlarını duymamış deyillər.

 

İdeya müəllifi Şaiq Məmmədov olan, Əməkdar jurnalist Xalid Niyazovun aparıcılığı ilə efirə çıxan “Media və zaman” (redaktor A.Cabbarlı, rejissor V.Əlioğlu), günümüzün reallıqlarına yanaşması, sahənin problemlərini analitik çözümü ilə xarakterizə etməsilə sevilən, yaddaqalan proqramlardan biridir. Mövzuya demokratik prinsiplərlə, aktuallıq prizmasından nəzər salınması da verilişin dolğun, həm də yüksək səviyyədə hazırlığından xəbər verir.  

 

Əməkdar jurnalist Flora Xəlilzadənin Bəhruz Niftəliyevlə birgə apardığı “Yadigarlar” verilişi ədəbi yaddaşımızı göyərdən, bizə nostalji hisslər yaşadan görkəmli ədəbiyyat-mədəniyyət adamlarının maraqlı həyatlarını təqdim edir. Biz bu şəxsiyyətlərin yaşadığı xoşbəxtliyi, ağrı-acını duyduqca bənzərsiz bir ovqat yaşayırıq. Verilişin rejissoru Ruslan Hüseynovun mövzuya uyğun süjetləri arayıb-axtarması, bəzən də ilk dəfə görüntülənən kadrların verilişin ruhu, ideyası ilə həmahəngliyini yaratmasında zəhməti diqqətçəkəndir. Onun işinə yaradıcı zövqlə yanaşması həmin proqramın uğuruna hesablanır. Burda bizə maraqlı və yeni görünən də xalqın mənəvi sərvəti olan ədəbi şəxsiyyətləri gənc nəslə tanıtmaq, sevdirməkdir. Onların ibrətli ömürlərdən əxz etdiyimiz mənəvi dəyərləri, bu ədəbi varidatlara sahib olmaq haqqını düşüncəmizə ötürmək forması, məzmunu və ideyasıdır. Aparıcı və rejissor zövqünün, fikirinin bir-birini tamamlaması da görülən işin, çəkilən zəhmətin bəhrəsini təmin edir.

 

Bundan başqa, İctimai Televiziyanın balacalar üçün “Biri varmış, biri yoxmuş”, “Addım-addım” verilişləri də (Aparıcı, ssenari müəllifi Aytəkin Nəsirovadır) təkcə uşaqların deyil, elə böyüklərin də marağını çəkir. Yüksək əxlaq, tərbiyə, uşaqlara sevgi hissi Aytəkin xanımın təkcə sözündə-söhbətində deyil, səlis, aydın danışığında, sərbəstliyində, səsinin ahəngində, yaratdığına bağlılığında duyulur. “Addım-addım” verilişinin xarakteri daha maraqlı və çoxşaxəlidir. Uşaqların problemləri, qayğıları, davranışları, müəllim-şagird, valideyn-övlad münasibətləri, kitaba maraq, sevgi bütünlükdə gələcəyimiz dediyimiz balalarımızın tərbiyəsinə köklənir. Maarifçilik ənənələrinə tamamən bağlı olan hər iki proqramı tamaşaçıya sevdirən də təbbi ki, aparıcının sənətinə və mövzusuna bağlılığı, hazırlığı, dünyagörüşü, bu sahədə qazandığı peşəkarlıq təcrübəsidir.

 

Dini, milli tolerantlığa gözəl nümunə olan, etnik xalqların həyatından bəhs edən verilişlər rəğbətlə qarşılandığından onun nümayişində bir mütəmadilik yaranmışdır. Burda malakanlar, dağ yəhudiləri, ləzgilər, tatlar, udilərin azərbaycanlılarla qaynayıb-qarışması, işgüzar əlaqələri, əməkdaşlıqları onların özlərinin təqdimatında, xatirələrində, ənənəvi həyat tərzində maraqlı faktlarla açıqlanır. Göründüyü kimi, bu televiziya plüralizmə, sərbəst düşüncəyə, mövzuya müxtəlif istiqamətdən yanaşaraq bütün fəaliyyətində demokratiyaya meydan verməklə işini qurur.

 

İctimai Televiziyada maraqla izlədiyim proqramlardan biri də “Ozan”dır. Verilişin aparıcısı Qorxmaz Tofiqoğlunun el sənətinə, folklorumuza dərindən bələdliliyi, tədqiqat xarakterli çıxışları, hər mövzunu dərindən təhlil etməsi, onun mahiyyətini, xarakterini açması, aşıq sənətinə sevgisi, bu sahədə fəaliyyət göstərən bütün sənətkarların yaradıcılığına ustadcasına bələd olması, düzü, məni həmişə heyrətləndirir. İnsanın peşəsinə necə böyük sevgisi olmalıdır ki, belə bir geniş diapazona malik olan mövzunu bütün ruhuyla mənimsəyə, xalqına çatdıra bilsin. Və bir məqalənin haqqında geniş bəhs açmağa imkan vermədiyi digər verilişlərə də belə bir məmnunluq ifadə edən fikirlərimiz qədərincədir...

 

Bu müşahidəmsə ötən ildən gəlir: Yaradıcı kollektivin fəaliyyət tempindən danışarkən xüsusi qeyd etmək istərdim ki, televiziyalar yay aylarında istirahətə böyük vaxt ayırdığından əziyyətli işlərə, böyük layihələrə sadəcə baş qoşmurlar. İctimai Televiziyanın proqramlarını izləyən tamaşaçı  isə görür ki, onlar elə yayın cırhacırında da iş ahəngini pozmadan, dəyişmədən böyük zəhmət və əziyyətlə başa gələn, xüsusi peşəkarlıq tələb edən proqramların ərsəyə gətirilməsində vicdanla çalışır, tamaşaçıya maraq, sevgi dolu verilişlər ərməğan edirlər.

 

Son vaxtlar İctimai Televiziya ölkəmizdə baş verən əlamətdar hadisələrin ictimai əhəmiyyətini çox həssaslıqla, həm də maarifləndirici mövqedən, ictimai fikri inkişaf etdirməklə təqdim etməyə çalışır. Əslində mədəni, ictimai-sosial əhəmiyyətli sahələrin inkişafının Azərbaycandan kənarda, sivil dövlətlərdə rəğbətlə qarşılanmasına rəvac verən hadisələrin, tədbirlərin təbliğində hər bir televiziya özünün təcrübəsindən, peşəkarlığından istifadə edərək çıxış edir. Bu mənada İTV-də öz imkanlarından düzgün və məqsədyönlü istifadəyə yer verir. Buna misal olaraq iki ay öncə Azərbaycanda keçirilən I Avropa Oyunlarından qısaca bəhs etmək də fikirlərimizə bir əlvanlıq qatır. Məlumdur ki, həmin oyunlar bütün kanalların baş mövzusuna çevrildi. İctimai Televiziya da öz dəst-xəttinə sadiqliyilə maraqlı bir yanaşma nümayiş etdirdi. Onlar 17 gün ərzində canlı yayımlar, əməkdaşların hazırladığı maraqlı süjetlər, idmançılardan, şəhərimizə gələn qonaqlardan, eləcə də könüllülərdən aldıqları müsahibələrlə tamaşaçılara xoş ovqat yaşatdılar. Bu oyunların ölkəmiz üçün mənəvi, iqtisadi, mədəni əhəmiyyətini aça bildilər. Və bunlar bütövlükdə yeni mövzuda maarifçilik ənənələrinin, geniş dünyagörüşün ən yüksək və nəcib formada təqdimatı idi. İTV bu proqramları ilə Avropada və digər ölkələrdə ölkəmiz haqqında solğun təsəvvürləri dəyişə, dolğunlaşdıra bildi. Axı, idman xalqların müəyyən mənada yaxınlaşmasına, mədəni əlaqələrin yaranmasına, estetik səviyyəsinin yüksəlişinə bir açardır. Bunlar əslində cəmiyyətin simasında xalqın siyasi düşüncəsini yeniləşdirir. İctimai Televiziya da öz növbəsində 17 gündə gözəl, müasir idman arenalarında əsl bayram əhval-ruhiyyəsi yarada bildi. Beləliklə də, bu möhtəşəm tarixi hadisənin xalqımıza bəxş etdiyi dəyərlərin hələ uzun müddət xatırlanmasında İctimai Televiziyanın da öz rolu oldu. 

 

Belə ürəkaçan mənzərə ilə qarşılaşanda düşünürsən ki, hər bir işin başında gərək ictimai maraqları fəaliyyəti boyu önə çəkməklə vəzifəsini icra edən şəxs dayansın ki, təəssüratlar da xoş olsun. Haqqında söhbət açdığımız sahənin işindəki uğurlar da heç şübhəsiz, İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyevin yüksək səriştə və bacarığı ilə quruma peşəkarcasına rəhbərliyi, hər bir proqrama diqqətlə və həssaslıqla yanaşması, ictimai rəyə, plüralizmə, demokratik inkişafa yaratdığı imkanlar sayəsində qazanılmışdır. Hazırda bu televiziya milli-mənəvi ənənələrə söykənməklə yanaşı, özünün peşəkarlığını cilalayır, yaradıcı axtarışlarını genişləndirir, maarifçilik ideyalarını yeni düşüncələr üstə kökləməyə və qurmağa çalışır.

 

Bu günlərdə İctimai Televiziyanın 10 yaşı tamam olur. Bu münasibətlə televiziyanın bütün kollektivini, zəhmətsevər əməkdaşlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq. Yaşınızın üstünə qədəmləri sayalı olan onilliklər gəlsin, əziz dostlar. Bayramınız mübarək!

 

 

 

Şəfəq Nasir

525-ci qəzet.- 2015.- 29 avqust.- S.9.