Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin qalibi seçilib

 

Budapeştdə dünyaca məşhur macar-amerikan bəstəkarı və dirijoru Antal Dorati adına Beynəlxalq dirijorluq müsabiqəsi keçirilib. Ferens List Musiqi Akademiyasının professoru, məşhur pianoçudirijor Tamaş Başarinin rəhbərlik etdiyi, tərkibində İtaliya, Fransa, Polşa musiqiçilərinin də yer aldığı münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 ifaçının musiqi duyumunudirijorluq məharətini qiymətləndiriblər.

Budapeştdəki italyan Mədəniyyət Mərkəzinin Cüzeppe Verdi zalında keçirilən yekun konsert qalibləri müəyyən etməyə imkan yaradıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub. Üçüncü mükafat verilməyib. Müsabiqə iştirakçıları MAV Budapeşt simfonik orkestrinin müşayiəti ilə Pyotr Çaykovskinin, Klod Debüssinin, Bela Bartokun, Andrea Potreranın və İohann Bramsın əsərlərini səsləndiriblər. Gənc azərbaycanlı dirijor temperamentli ifa tərzi və yüksək artistizmi ilə də tamaşaçıların böyük rəğbətini qazanıb.

Müsabiqənin qalibinə diplompul mükafatı təqdim edilib.

Nüfuzlu beynəlxalq müsabiqənin qalibi adına layiq görülən həmvətənimiz Orxan Haşımov 1995-ci ildə Bakıda anadan olub. Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alır. Tez-tez Rusiya paytaxtında klassik musiqi konsertlərinin dirijoru kimi çıxış edir.

Orxan Haşımov, həmçinin 2016-2017-ci ildə Budapeşt simfonik orkestri ilə Macarıstan paytaxtında və məşhur Esterhazi qəsrində, "İtalyan virtouzları" silsiləsindən Verona simfonik orkestri ilə İtaliyada (Verona), Fridrix Şopen adına Polşa-Baltika filarmoniya ansamblı ilə Polşada (Qdansk) konsert proqramları ilə çıxış etmək üçün dəvət alıb. Qalib statusu eyni zamanda gənc musiqiçinin qarşısında İncəsənət xadimlərinin Beynəlxalq agentliyi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb.

 

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 2 dekabr.- S.7.