Nağıllar -
gerçəklər
Vahid Məhərrəmli bu günün üzdə olan,
publisistik yazıları və bədii nəsri ilə
geniş oxucu kütlələrinin diqqətini cəlb edən
bir müəllifdir və mən iyirmi ildən artıqdır
ki, onun yazılarını izləyirəm (istər mətbuat
səhifələrində, istərsə də çapdan
çıxan kitablarında).
Son illərdə o, daha məhsuldar işləyir və
açıqca görürəm ki, Vahidin deməyə
sözü çoxdur.
Vahid əslən qarabağlıdır, doğulduğu,
dünyaya göz açdığı torpağı çox
sevir və Qarabağ müharibəsi başlanandan Azərbaycan
Ordusunda hərbi jurnalist kimi fəaliyyət göstərir. Həm müharibənin ən
qızğın və şiddətli anlarında, həm də
müharibədən sonrakı illərdə Vahidin qələmi
həmişə işləyib - Səməd Vurğun
demişkən: "Bu gün bir süngüdür əlimdə
qələm!"
Qarabağ müharibəsi ilə bağlı istər bədii
nəsrimizdə, istərsə də poeziyamızda çoxlu əsərlər
yazılıb.
Həmçinin ən operativ janr olan publisistikamızda da... Hərçənd ki, bu əsərlərin heç
də hamısı uğurlu deyil, yəni niyyət, arzu
xoş olsa da, o əsərlərin bədii səviyyəsi
ürək açmır. Mən bu fikri
söyləyərkən həmin mövzuda yazılan, amma
uğursuz hesab etdiyim əsərlərin adlarını çəkmək
istəmirəm. Amma arzum budur ki, Qarabağ müharibəsindən,
o müharibədə igidlik göstərən
oğullarımızın hünərindən və
yaşanan ağrı-acılardan poema, povest, şeirlər
silsiləsi, roman, publisistik əsər yazmaq istəyən
müəlliflər heç olmasa Sabir Əhmədlinin
"Axirət sevdası", Aqil Abbasın "Dolu",
Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə",
Elçin Hüseynbəylinin "Əsirlər", Yusif Kərimovun
"Qarabağ şikəstəsi", Eyvaz Zeynalovun
"Qarabağ hekayələri"ni (bunlar nəsr əsərləridir),
İsa İsmayılzadənin "Haran ağrıyır, Vətən?"
poemasını, Zəlimxan Yaqubun, Adil Şirinin, Mətləb
Misirin, Əbülfət Mədətoğlunun, Əli Mahmudun,
Elçin İsgəndərzadənin, Rəfail Tağızadənin,
Mahirə Abdullanın Qarabağa həsr olunan şeirlərini
oxusunlar. Yəni bu əsərlərdə
Qarabağla, müharibə ilə bağlı həqiqətlər
bədii şəkildə ifadə olunmuşdur.
Vahid Məhərrəmlinin yenicə çapdan
çıxan "Kəsilməyən atəş səsləri"
("Qanun" nəşriyyatı) kitabında müharibə
ilə bağlı çox təsirli yazılarla
qarşılaşdım. Ona görə "təsirli"
deyirəm ki, bu yazıları oxuyanda xeyli həyəcanlandım,
özümü Vahidin təsvir etdiyi döyüş bölgələrində
hiss etdim, bu döyüşlərdə iştirak edən
eloğlularımızın vətənpərvərlik ruhunu,
qısasa, intiqama çağırışlarını
eşitdim, onları gözləyən anaların,
nişanlı qızların intizarına şərik oldum, yəni
müəllif hər yazısında bizi müharibəyə-döyüş
səngərlərinə aparıb çıxarır, biz
müharibəni canlı-canlı seyr edirik. Çünki
Vahid Məhərrəmli o müharibənin hər bir
anının şahidi olub, döyüşçülərlə,
komandirlərlə görüşüb, onların igidlikləri
ilə, Vətən sevgisi ilə fəxr edib, qələbələrə
sevinib, itkilərə məyus olub.
Müharibə və döyüş haqqında yazmaq həm
də professionallıq tələb edir. Vahid
döyüş bölgələrində, əsgərlər
arasında olanda müharibənin hərbi-texniki mahiyyətini
də yaxşı mənimsəyib. Ona
görə də onun hekayələri, publisistik
yazıları döyüş, savaş haqqında mükəmməl
bilgi ilə də diqqəti cəlb edir.
Vahid Məhərrəmlinin
"Müharibə hekayələri"ni
bir də ona görə təqdir edirəm ki, bugünkü gənclik
bu yazılardan çox şey öyrənə bilər. Axı, müasir gənclik müharibənin
başlandığı və şiddət aldığı
illərdə dünyaya gəlib, onların təsəvvürü
o qədər də güclü deyil. Yəni
bu mənada Vahidin hekayələri "açıq dərs"
xarakteri daşıyır.
Bu
günün cavanı "Əsgər kəməri" hekayəsini
oxusun, kəmərində "Davud" yazılan əsgərin
şəhidliyinə acısın, amma baxıb görsün
ki, Davudun bacısı Gülnar, qardaşının
intiqamını almaq üçün necə böyük
qisas hissilə döyüşə yollanır. Həmişə
də qardaşının kəmərini belində gəzdirir.
"Kəmər sanki bacı və
qardaşı qırılmaz tellərlə bir-birinə
bağlayırdı". Hekayəni nəql
edən döyüşçü bu qızla evlənir və
onun oğlunun adı da Davuddur. Ümumiyyətlə,
Vahidin yazılarında Azərbaycan qadınlarının bir
sıra maraqlı obrazları yaradılıb və bu
qadınlar kişilərlə bir sırada döyüşə
yollanır, onlardan geri qalmırlar. Vahid ana
obrazlarını da məharətlə yaradır, onların
keçirdiyi iztirablarını, intizar anlarını sənətkarlıqla
əks etdirir.
Bu günün cavan oxucusu qoy "Yaralanmış
ömür" hekayəsini oxusun. Qarabağ müharibəsi
veteranı Murtuz dayının keçdiyi döyüş
yolunu izləsin. Qarabağ müharibəsində
ən çox zillət çəkən bizim qocalar deyildimi?
Onlar qisas hissilə yaşayırdılar. Amma yaşlarına görə döyüşlərə
qatıla bilmirdilər. Murtuz dayı isə
bu qadağalara əhəmiyyət vermir.
Bu
günün cavanı qoy "Kəsilməyən atəş
səsləri" hekayəsini oxusun, canlı döyüş
səhnələri ilə tanış
olsun. Baxıb görsün ki, müharibənin
də öz qayda-qanunları var.
Bu hekayələrin hər birində biz
döyüşçü obrazları ilə
qarşılaşırıq, onların vətənpərvərlik
duyğuları bizə də təsir edir. Vətənpərvərlik
isə adi söz deyil. Onu nümayiş
etdirmək üçün əmələ çevirməlisən,
qan tökməlisən, ya da qanın tökülməlidir.
Müharibədə güzəşt olmamalıdır!
Vahid Məhərrəmlinin müharibə ilə
bağlı qələmə aldığı "Publisistik
düşüncələr"də də eyni əhval-ruhiyyənin
şahidi oluruq. Elə bil, bu "düşüncələr"
hekayələrin davamıdır. Sadəcə
olaraq bu "düşüncələr"də faktlar daha
çox önəm daşıyır. Faktlara
istinad etmək isə bədii publisistikanın ən bariz
xüsusiyyətidir. "Nifrət ... nifrət ... nifrət...",
"Şir ürəkli qadın", "Vətən
ağrısı, Sərsəng yanğısı",
"Əsgərin Leylası" - bu yazılarda Vahid Məhərrəmlinin
canlı müşahidələri, gözüylə
gördükləri qələmə alınıb. Bu
günün cavan oxucusu qoy bu həqiqəti dərk eləsin
ki: "Ermənilər şəhid olub döyüş
meydanında qalmış əsgərlərimizin meyitlərini
təhqir edib, üzlərini kəsib tanınmaz hala salıb,
meyitlərin çoxunun qulağını, burnunu kəsib,
gözlərini ovublar". Və: "1993-cü ilin soyuq
fevral günlərində şahidi olduğum bu dəhşətli
hadisəni hələ də unuda bilmirəm. Ürək
dağlayan bu qəmli, kədərli səhnə gözlərim
önündən getmir. Elə bil
bütün bunlar heç əvvəl yox, lap elə dünən,
srağagün olub. Şahidi olduğum bu qəmli hadisəni
ağ vərəqlər üzərinə
köçürdükcə sonra qələmim erməni
işğalçılarının bu vəhşiliyinə
cavab olaraq bir neçə söz yazmaq istəyir: Nifrət ...
nifrət ... nifrət... qisas ... qisas ... qisas..."
"Yazılmamış gündəlik", "Nələr
qaldı illərin o üzündə" bölgülərində
də əsas mövzu yenə Qarabağdır. Biz bu
bölgülərdə müharibənin özünü arxa
planda görürük. Əsasən
Qarabağda yaşayan insanların keçirdiyi hissləri,
duyğuları izləyirik. Bu yazılarda
xatirələr, keçmiş günlərin nostalgiyası əsas
yer tutur. "Sədi bulağı",
"Söndürülmüş çıraq",
“Əsirlikdə xilas etdiyim kitablar", "Doriya, dorin
bala", "Şanapipik" yazıları bizi
keçmiş günlərə qaytarır.
Vahid Məhərrəmlinin nəsr əsərləri ilə
publisistik yazıları arasında üslubi bir yaxınlıq
duyulur. Bəzən hətta bir publisistik yazısını
oxuyandan sonda bir hekayə təəssüratı ilə
ayrılırsan. Bu cəhəti müəllif
üçün heç də nöqsan saymaq olmaz. Onun nəsri publisistik elementlərlə zəngin
olduğu kimi, publisistik yazıları da nəsrə məxsus
bədii çalarlarla müşayiət olunur.
Vahid Məhərrəmli müasir həyat hadisələrindən
də yazır. Onun qələmi "Eldən-obadan"
silsiləsindən olan yazılarda maraqlı etnoqrafik cizgilər
təqdim edir. Müəllif xalq məişətinə,
adət-ənənələrinə, nənələrimizin,
babalarımızın nağıl dünyasına,
müdriklik aləminə yaxından bələddir.
"Alleqorik hekayələr"də rəmzlər və
simvollarda işləmək məharəti özünü
göstərir.
Yumor hissi də müəllifə yad deyil. Bu tipli hekayələrdə
təkcə gülməyə yox, düşünməyə
də vaxt tapırsan. Məsələn,
"Pir Əli" hekayəsi obrazın düşdüyü
komik situasiyaları bizə təqdim edir, biz onun hərəkətlərinə
gülür, amma eyni zamanda, belə gülünc vəziyyətə
düşdüyünə görə ona acıyırıq.
Vahidin sevgi hekayələri də maraqla oxunur. O, insana xas olan ən
ülvi duyğulardan söz açır. Onun
fikrincə (və elə bizim fikrimizcə də, sevgi insan həyatının
mənasıdır. "Quş uçmaq
üçün, insan sevmək üçün
yaranmışdır". İnsanı digər
canlılardan fərqləndirən də məhz onun sevgi
hissidir. Alman filosofu L.Feyerbax yazırdı
ki, insan digər canlılardan təkcə təfəkkürü
ilə deyil, habelə bütün varlığı ilə fərqlənir,
həm də sevgisi ilə.
"Cəza", səhv etmirəmsə, Vahid Məhərrəmlinin
ilk povestidir. Povestin qəhrəmanı
Sərraf müəllim ömrünün ahıl
çağlarında eşqə tutulur. O, elə bir
sevgi arzulayırdı ki, vaxtilə ürəkdən
bağlandığı Zərifənin vaxtsız
ölümünü ona unutdursun. O, ziyalıdır, elm
adamıdır, təmiz və saf adamdır, həm də hiylədən-riyadan
uzaq bir insandır. Nəyə rəğbət
bəsləyirsə, kimi sevirsə, ürəkdən sevir.
Amma Sərraf ailəlidir, lakin həyat
yoldaşı öz yersiz qısqanclığı və mənasız
hərəkətləri ilə .onu bezdirir, gününü
göy əskiyə bükür. Əgər
ailədə qarşılıqlı rəğbət və
bir-birini başa düşmək anlamı yaransaydı, Sərraf
bəlkə də kitabxanaçı Əsurəyə
vurulmazdı.
Sərraf doğrudan əsl sevgi hissləri ilə
yaşayan bir insandır. Müəllif onun Əsurə ilə bağlı
keçirdiyi hiss və həyəcanları, hər
görüşü az qala bütün təfərrüatı
ilə təsvir edir. Bu povestin romantik
çalarlarını gücləndirir. Lakin
Əsurə ona xəyanət edir. Bu isə
Sərrafı sarsıdır. O, lap klassik aşiqlər
kimi sevdiyi qadının əsirinə çevrilir, hər an
ondan cavab gözləyir. Amma məlum olur ki,
Əsurə hansı bir məişət planını həyata
keçirmək naminə bir başqasına uymuşdur, odur
ki, Sərrafa qarşı soyuqlaşır, hətta onu təhqir
edir. Amma başı daşa dəyəndən
sonra yenidən Sərrafa qayıtmaq istəyir. Amma Sərraf artıq ayılıb, bir zahiri
parıltıya aldanan qadınla sevgi münasibətlərini təzələmək
istəmir. Bu, həyati bir hadisədir.
O, Əsurənin xəyanətini bağışlamır, amma
təmiz və saf insan olduğu üçün Əsurəni
unutmur. Çünki onu ürəkdən sevib.
"Sərraf Əsurəyə olan sevgisini qəlbində
əbədi yaşadacaqdı. Əsurənin
özünə isə həyatında yer yox idi".
Vahid Məhərrəmlini biz nasir və publisist kimi təqdim
etdik. Amma bu kitabına o, nədənsə şeirlərini
daxil etməyib. İnsafən, bu şeirlər heç də
pis deyil, hiss olunur ki, Vahid Məhərrəmli ürəyindən
keçənləri poeziya dili ilə ifadə etmək istəyir.
Bu qeydlərimi də mən Vahid Məhərrəmlinin
üç bəndlik bir şeiri ilə tamamlamaq istəyirəm. Şeirdə
Vahidin kənd həsrəti, Qarabağ yanğısı ifadə
olunub.
Dilim də
gəlməyir heç soruşmağa,
De, haran ağrıyır, a doğma kəndim?
Qollarım
da çatmır qucaqlamağa,
De, haran ağrıyır, a doğma kəndim?
İllərdir
düşmüşəm səndən aralı,
Sağalmır
ürəyim, qalıb yaralı,
Arzular,
ümidlər solub-saralır,
De, haran ağrıyır, a doğma kəndim?
Yolumuz
bağlıdır, gələ bilmirik,
Bir dəfə
ürəkdən gülə bilmirik,
Nə
vaxt dönəcəyik, hələ bilmirik,
De, haran ağrıyır, a doğma kəndim?
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2015.- 1 dekabr.- S.8.