"Azərbaycan
multikulturalizmi" fənni
Erciyəz Universitetində
Məlum olduğu kimi, artıq ikinci ildir ki, Azərbaycanın,
eləcə də ayrı-ayrı xarici ölkələrin bir sıra məşhur universitetlərində "Azərbaycan
multikulturalizmi" fənni
tədris olunur.
Belə təhsil ocaqlarından biri də Türkiyənin
Kayseri şəhərindəki Erciyəz Universitetidir.
Bəri başdan qeyd edim ki, qardaş
Türkiyənin mərkəzində
yeləşən qədim
Kayseri şəhəri ilk anadilli
şairlərimizdən biri
olan, doğma ana dilində bağladığı mükəmməl
divanı tam şəkildə
günümüzə qədər
gəlib çatan Qazı Bürhanəddinin
vətənidir. Bu şəhərdəki
Erciyəz Universiteti ölkənin ən böyük və məşhur unversitetlərindən
biri sayılır.
Belə ki, 1978-ci ildən fəaliyyətə başlayan
universitetdə 70 min tələbə
təhsil alır ki, onlar sırasında
müxtəlif ölkə
vətəndaşları da
vardır.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin təşkilatçılığı
ilə 26-27 noyabr
2015-ci il tarixində Erciyəz Universitetində tədris olunan "Azərbaycan multikulturalizmi" fənni
ilə əyani tanışlıq əldə
etmək və burada mühazirə oxumaq üçün
Kayseri şəhərinə ezam olundum. İki
günlük bu səfərimdə öncə
bu fənnin tədrisi ilə məşğul olan tanınmış araşdırmaçı
və jurnalist, Erciyəz Universitetinin ədəbiyyat fakültəsindəki
erməni dili və ədəbiyyatı
bölümünün baş
müəllimi, tarix üzrə fəlsəfə
doktoru, dosent Qafar (Çaxmaqlı) Mehdiyevlə görüşüb
söhbət etdik. Söhbət zamanı məlum oldu ki, "Azərbaycan multikulturalizmi" fənni
artıq üçüncü
aydır ki, Universitetin ədəbiyyat
və sosial bölmlər fakültələrində
magistr pilləsində
təhsil alan
tələbələr üçün
tədris olunur və onlar tərəfindən
böyük maraqla qarşılanır. Ümumi sayı
11 nəfər olan həmin tələbələrlə
də görüşüb
söhbət etdim və onların sözügedən fənnə
münasibətləri ilə
maraqlandım. Tələbələr
öncə bu fənnin tədrisinin yüksək səviyyədə
təşkil olunduğunu
böyük məmnunluqla
bildirdilər və fənn haqqındakı fikirlərini belə əsaslandırdılar: "Türkiyə
və Azərbaycan qardaş ölkələrdir.
Buna görə də Azərbaycanda olduğu kimi, Türkiyədə də tolerantlıq ənənələri,
multikultural dəyərlər
xüsusi önəm daşıyır və özünə möhkəm
yer almışdır.
Axı bizim tariximizdə də, taleymizdə də dünyabaxış
və inanclarımzda da ortaq nöqtələr
kifayət qədərdir.
Biz eyni həyatı
yaşamış, eyni
problemlərlə üzləşmiş
xalqlarıq. Məhz bu
səbəbdən də
"Azərbaycan multikulturalizmi"
fənni bizim üçün çox önəmlidir. Biz bu fənnin tədrisindən özümüz
üçün çox
şeylər götürdük.
Fənnin materialları bizim
gələcək fəaliyyətimizdə
çox gərəkli
olacaqdır".
Və nəhayət, noyabrın
27-də Erciyəz Universitetində
ədəbiyyat və
sosial bilimlər fakültələrinin magistr
pilləsində təhsil
alan tələbələr
qarşısında "Klassik
Azərbaycan ədəbiyyatında
multikultural düşüncələr"
mövzusunda mühazirə
ilə çıxış
etdim. 50 nəfərlik
salonda tələbələrlə
yanaşı, Universitetdə
çalışan azərbaycanlı
müəllimlər də
iştirak etdilər.
İki saat davam edən
mühazirə canlı
diskussiya şəraitində,
daha çox sual-cavab formasında keçdi. Müəllimlərin və tələbələrin
özlərinin dediyinə
görə mühazirə
onların böyük
marağına səbəb
oldu və məmnunluqla qarşılandı.
Suallardan
aydın oldu ki, tələbələrin
bir çoxunun klassik Azərbaycan ədəbiyyatı haqqında
bilgiləri çox azdır, lakin buna böyük maraq və əlaqə
vardır.
Mühazirədən sonra tələbələrlə
ayrıca söhbət
etdik və onlar belə səfərlərin tez-tez
təşkilini və
bir qədər uzunmüddətli olmasını
arzu olaraq bildirdilər. Ümumiyyətlə, bu səfər
zamanı tələbələr
qarşısında çıxışımdan,
onlarla görüşümdən,
söhbətlərdən böyük
məmnunluq hissi keçirdim və Kayseridən yüksək təəssüratla qayıtdım.
Dərsdən sonra şəhərin
bəzi tarixi yerlərini ziyarət etmək imkanım da oldu.
Son olaraq onu da
qeyd edim ki, Qafar Mehdiyev
hazırda "Azərbaycan
multikulturalizmi" fənninin
Türkiyənin başqa
universitetlərində də
(konkret olaraq Ankaradakı universitetlərdən
birində və Kırşəhirdəki universitetdə)
tədris olunması ilə bağlı danışıqlar aparır.
Möhsün NAĞISOYLU
525-ci qəzet.- 2015.- 1 dekabr.- S.7.