Elmi düşüncənin Tofiq Hacıyev
mərtəbəsi
Alim itkisi ağır olur. Həm də o halda ki, o alim
bütöv bir millətin, bütöv bir xalqın sidq-ürəkdən
qəbul etdiyi, adı gələndə yalnız sevgi və
hörmətlə qarşılaşdığı bir insan
olsun...
Tofiq müəllimin ölüm xəbərini mənə
ilk dəfə səhər xəbərlərini radioda efirə
oxumaq üçün hazırlaşan qızım
çatdırdı. Mən onun telefonda ilk sözündən necə titrədiyini
hiss etdim və bu an içimdə nəyinsə
qırıldığını anladım. Mənim
qızımın Azərbaycanda və türk dünyasında
ünlü ada sahib bu alimin ölümündən doğan bu
hönkürtüyə hazır anını o gün hər kəs
yaşadı. Təkcə dilçilər
deyil, təkcə universitet tələbələri və
universitet müəllimləri deyil, onun sözünə,
fikrinə, ləyaqətinə az-çox bələd olan hər
kəs yaşadı. Universitetin Filologiya fakültəsinin professoru
İfrat xanım Əliyevanın gizli bir
hıçqırıqla dediyi "ölüm Tofiq müəllimə
heç yaraşmadı" sözləri o səhər
ictimai məkandan eşitdiyim ilk fikir oldu. Sonra
adamların bir-birinə zəngləri, bir-birinə
başsağlıqları, Bakı Dövlət Universitetinin,
Elmlər Akademiyasının otaqlarında, foyelərində kədər,
təəssüf hissləri. Və sonra Azərbaycan
mediasında bu faciəli itkinin ağır xəbərləri
ölkəyə yayıldı və indi hər kəs bu
böyük alimin, böyük bir müəllimin,
böyük bir insanın ölüm xəbərini öz kədəri,
ağrısı kimi qarşıladı.
Tofiq Hacıyev niyə hər kəsə doğma, belə
əziz oldu? Hər şeydən əvvəl ona görə ki,
Tofiq müəllim möhtəşəm elmi düşüncəsi
ilə insanlığı paralel yaşayan bir şəxsiyyət
oldu. Bu iki uca keyfiyyətin onda birləşməsi
isə Tofiq Hacıyevin müəllimlik keyfiyyətini ortaya
qoydu. Tofiq müəllim şəxsən mənə
auditoriyada, rəsmi statusda dərs deməyib. Ancaq mənim çox əziz
dostlarımın- 60-cılar nəslindən olan Ramiz
Rövşən, Cəlil Nağıyev, bir az sonrakı Kamil
Vəli Nərimanoğlu, Nizami Cəfərov kimi adamların
birbaşa müəllimi olub və onlar həmişə bu
böyük müəllimin böyüklüyündən
qüvvət alıblar.
Tofiq
Hacıyevi mən o zamankı M.F.Axundov adına
Azərbaycan Pedaqoji İnstitutunda müəllimliyinin ilk illərindən
tanımışam. Taleyimin ən bəxtəvər məqamlarından
biri olub ki, mən Azərbaycan Dövlət Universitetinin lap
birinci kursunda bu universitetin səliqə-sahmansız
yataqxanasında sonralar insanlığına,
qayğılarına, savadına hamımızın heyran
olduğumuz İsmayıl Məmmədovla- Tofiq müəllimin
o cavan, bir az çılğın
qaynı ilə bir otaqda qaldım. İsmayıl Məmmədovla
yataqxanada qaldığımız o iki il
(İsmayıl məndən iki kurs yuxarı idi) mənə
çox şey verdi. Bəlkə o iki il mənim
elmi istiqamətə yönəlməyimə, sonrakı
az-çox bütün normal həyatıma qəti istiqamət
verdi. İsmayılın- (dostlarımızın "Qara
İsmayıl" dedikləri) bu adamın mənim taleyimdə
çox zaman heç qiymətləndirə bilmədiyim
neçə-neçə xeyirxahlığı var. Amma
bunların içərisində ən önəmlisi məni
o cavan Tofiq müəllimlə elə o tələbəlik illərində
tanış etməyi olub. Bir az keçdi,
İsmayıl Məmmədov müəllimliyə təyinat
aldığı rayondan Bakıya- bitirdiyi universitetə
qayıtdı. "Xutor" adlanan bir məhəllədə
"naxalstroy" deyilən bir mənzil düzəltdi
özünə və universiteti bitirən kimi mənə də
öz evinin yanında taleyimin ən xoşbəxt günlərini
yaşadığım eləcə bir ev
düzəltdi. İsmayıl Məmmədovun mənim
divarımın o üzündəki mənzili
60-cıların, 70-cilərin ziyalı ocağına
çevrildi. Bu ocağın ən gur şöləsi həmişə
Tofiq müəllimin gəlişindən ucalırdı və
biz onun hər söhbətindən elm, ürfan dərsləri
alırdıq...
Bu tanışlıq mənə bacardığım və
bacarmadığım çox şey öyrətdi. Mənə-
jurnalistikada fəaliyyətə girişən bir adama
"Molla Nəsrəddin"in satira dilinin heyrətamiz cəhətlərini
öyrətdi. Biz Tofiq müəllimdən-
onun kitablarından, bəlkə dilçi alimlər
sırasında ən aydın üsluba malik əsərlərindən
klassikaya, bədii sözə, dilimizin şirinliyinə məhəbbət
öyrəndik. Tofiq Hacıyev Dədə
Qorqudu dilimiz və düşüncəmiz səviyyəsində
tədqiq etməyi öyrətdi. Azərbaycan
elmi-ədəbi mühitində fenomen fakt kimi qiymətləndirilən
mərhum Aydın Məmmədov bu məktəbin yetirməsi
oldu. İstedadı və milli təfəkkürə
sevgisi ilə seçilən Kamil Vəli Nərimanoğlunun
"Kitabi- Dədə Qorqudun poetikası" bu məktəbdən
qaynaqlandı.
Sovet ideologiyasının "türk" sözü
üzərinə qoyduğu təhlükəli senzura
qadağaları zamanında yazdığı ədəbi dil
tarixləri ümumtürk dili kontekstində qələmə
alındı.
"Şeirimiz, nəsrimiz, ədəbi
dilimiz" kitabı ilə dilimizin həm nəzəri, həm
də praktik tərəflərini təhlilə çəkdi.
Azərbaycan nəsrinin çox görkəmli ustadlarından
biri olan Elçin hələ təxminən 25 il
əvvəl o kitabın işıq üzü görməsini
Yazıçılar Birliyindəki məruzəsində hadisə
kimi qiymətləndirmişdi.
Tofiq Hacıyevi Bəxtiyar Vahabzadə, Məmməd Araz,
Yaşar Qarayev, Bəkir Nəbiyev... kimi milli dəyərlərimiz
əziz tuturdular. Tofiq Hacıyevi müasirlərimiz - Anar,
Elçin, Fikrət Qoca, Abbas Abdulla... kimi bədii söz
ustaları yüksək qiymətləndiriblər.
Birbaşa dilçilik elmində olmayan Xudu Məmmədovun,
Nurəddin Rzayevin mükalimələrində - Xudu müəllimin
Ağdamın indiki qərib Mərzili kəndindəki
dialoqlarında Tofiq müəllimin elmi cəsarətinin qiymətini
mən özüm çox eşitmişəm. Ədəbi
zümrə Füzulidən danışanda onun bu nəhəng
söz ustadının dil sənətkarlığına həsr
etdiyi fundamental əsərini xatırladırlar. Ən təəccüblüsü də o idi ki,
ömründən faciələrin- şəxsi və milli
faciələrin əskik olmadığı Tofiq Hacıyev
heç vaxt bu faciələrin ağrılarına boyun əymədi.
Leninqrad universitetinin Şərqşünaslıq fakültəsində
təhsil alan və elə bu anlarda gələcəyin alimi
olmağı öz istedadı ilə vəd edən 18
yaşlı oğlu yay tətilində bağ evinin xırda təmirindən
sonra əl-ayağının əhəngini yumağa əyildiyi
Xəzərin küləkli dalğalarının qurbanı
oldu...
Sonra
çox sevdiyi və vaxt tapdığı hər anda üz
tutduğu Cəbrayılın işğalı baş verdi. Tofiq müəllim
üçün bu milli faciə onun şəxsi faciəsindən
də ağır oldu. Amma sınmadı
Tofiq müəllim. Elə o ağır faciəli illərdə
ədəbi mühitimizə ünvanladığı möhtəşəm
əsərlərini yazdı...
Alimliyi, müəllimliyi, insanlığı
özündə birləşdirən Tofiq müəllimə ən
böyük sevgini universitetdə - ömrünün 46 ilini həsr
etdiyi Bakı Dövlət Universitetində görmüşəm. Adi tələbədən
tutmuş rektora qədər hər kəsin ürəyində
bir Tofiq Hacıyev məhəbbəti var. Rektor, akademik Abel Məhərrəmov
Elmi Şuranın kürsüsündəki hər
çıxışında, vacib pedaqoji qərarların
müzakirəsində mütləq "necə
baxırsınız bu məsələyə, Tofiq müəllim?"
deyə adətən iclas salonunun birinci sırasında oturan
bu adamdan soruşardı.
Tofiq
Hacıyevə universiet sevgisinin daha bir konkret ünvanı var:
Filologiya fakültəsi. Bu fakültənin Əlövsət
Abdullayev, Ağamusa Axundov, Firudin Hüseynov, Fərhad Zeynalov,
Muxtar Hüseynzadə, Səlim Cəfərov... kimi elm və
insanlıq nümunələri Tofiq müəllimə dərin
hörmət göstərirdilər. Bu gün bizim müasirlərimiz
olan filfak müəllimlərinin, fakültənin texniki
işçilərindən tutmuş məşhur
professorlarının hər birinin gözündə Tofiq
Hacıyev itkisinin süzülən yaşını
gördüm...
Tofiq Hacıyev türk sözü olan yerdə öz
sevgisini həmişə göstərib. Və sonralar
tale elə gətirdi ki, o universitetin Türkologiya
kafedrasında müdir oldu. Ancaq hələ buna qədər
Tofiq müəllim B.A.Serebrennikov və N.Z.Hacıyevanın
"Türk dillərinin müqayisəli tarixi
qrammatikası", M.Acının "Türklər və
türk dünyası: gizli tarix" və yenə də həmin
müəllifin "Qıpçaq çölünün
yovşanı" kimi kitabları tərcümə edib.
Mən Tofiq Hacıyevin ölümündən dərhal sonra çeşidli mətbuatda və saytlarda onun haqqında ürək ağrısı ilə yazılanları oxudum. Bilmirəm, tələskənlikdənmi, ya nədənsə, bizə yadigar kimi qoyub getdiyi son əsərinə rast gəlmədim. "Türklər üçün ortaq ünsiyyət dili" adlanan bu kitabı müəllif 2013-cü ildə - əsərin çapdan çıxdığı vaxt mənə də hədiyyə edib. Bu kitab hələ XIX əsrin axırlarından ortaya qoyulmuş ümumtürk dili məsələsini yenidən gündəmə gətirir. Dilçi alim bu kitabda Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralı, filosof-publisist Əli bəy Hüseynzadənin və Türkiyədən Ziya Göyalpın o zaman irəli sürdükləri və xüsusilə Əli bəy Hüseynzadənin modelləşdirdiyi "işdə, fikirdə, dildə bir" ideyasının yeni müstəqillik dövründə elmi-publisistik həllini irəli sürür. Tofiq müəllimin bu kitabındakı bölmələrin biri belə adlanır: "İşdə, fikirdə, dildə bir" ideyasının Əli bəy Hüseynzadə mərtəbəsi". Diqqətli oxucu yəqin hiss etdi ki, mən Tofiq Hacıyevə bağlı bu essenin sərlövhəsini azacıq improvizə ilə həmin bölmədən almışam. Çünki elmi düşüncənin də Tofiq Hacıyev mərtəbəsi mövcuddur.
Tofiq Hacıyevin Azərbaycan elmi mühitinə bu sonuncu yadigarı həm elmi təhlilləri ilə, həm də bu təhlillərin publisistik xarakteri ilə maraq doğurur. Ümumiyyətlə Tofiq müəllimin elmi üslubunda publisistik mahiyyət çox güclüdür. Yəqin ona görə ki, bu böyük alim sözünü təkcə elmi ictimaiyyətə deyil, həm də bütün cəmiyyətə çatdırmağı vacib saymışdır.
Tofiq müəllimin bizə çox yadigarı var. Bu yadigarlar içində böyüdüb boya-başa çatdırmağa macal tapdığı bir Azəri də var - öz nəslinə, qohum-övlada, dostlarına və elmi mühitə yadigar etdiyi Azər. Bütün mücəssəməsi və insanlıq xarakteri ilə atasına, atasının sevdiyi vətənə oğul olan Azər...
... Tofiq müəllim Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif olunub. "Ləyaqət nişanı" söz birləşməsi Tofiq Hacıyevin bütün yaşam tərzinə ən yaxşı yaraşan bir ifadədir. Tofiq Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, BDU Türkologiya kafedrasının müdiri idi. O, 450-yə yaxın elmi məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifidir, bir çox fəlsəfə və elmlər doktorunun yetişməsində birbaşa əməyi keçmişdir. Lakin bütün bu elmi adların, vəzifələrin əvvəlində onun xidmətlərini ümumiləşdirən bir söz birləşməsi də var: Vətən sevgisi. Tofiq Hacıyev bütün əməlləri ilə sevdiyi bu Vətənin əziz torpağına qovuşdu.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 1 dekabr.- S.5.