Əmi, sağaldım e!..
Xiyabanda gəzişirəm. Böyür-başımdan mən yaşda,
məndən də yaşlı adamlar keçir.
Onlara öyrəşmişəm,
bəzilərilə salam-kəlamımız
da var. Amma bir gün gözlərimə
inanmadım. On-on bir
yaşlı bir uşaq da bizə
qoşulur. O da yaşlı adamlar kimi gəzişməyə
başlayır. Kök deyil
ki, deyəsən özünü arıqlatmaq
istəyir. Xiyabanla üzbəüz
məhlədən bir
uşaq onu çağırır. Bilirəm ki,
adı Zaurdu.
Səhərisi günü yenə də onu görürəm. Maraq məni
götürür.
- Zaur, - soruşuram, - neçə yaşın var?
Adını eşidəndə təəccüblənib-eləmir,
elə bil şah balasıdı.
- On bir, - deyə təmkinlə cavab verir.
Mən də şahın lələsi
(vəziri) kimi ona sual verirəm.
- Bəs niyə məktəbə getmirsən?
- Mən?
"Yox bir mən..." - ürəyimdə
deyinirəm. Dalınca da:
- Niyə? - deyə
soruşuram.
- Getmirəm də...
Cavaba və təmkinə bax e!
Növbəti sualı gözləmir. İri,
ala gözlərini hərləyib
mənə baxır:
- Həkimlər icazə vermir.
Son sözləri əkəş
kişilər kimi deyir və əlini
dümbəyinin üstünə
qoyur.
Hazır şah balasıdı ki, durub.
- Niyə icazə vermirlər ki?
- Deyə bilmərəm...- Sonra əlavə edir. - Anam deyib
ki, heç kim bilməsin.
- Nəyi?
- Xəstəliyimi.
O qədər soyuqqanlıdı
ki...
- Onda demə!
- Demək istəyirəm axı.
- Onda de.
- Ürəyim xəstədi.
Bu sözləri də
şəstlə deyir,
sanki böyük bir imtahandan uğurla çıxıb,
ya hansısa yarışda qalib gəlib.
- Heç nə olmaz, -deyirəm, - keçib gedər.
İndi sorğu-sual növbəsi
ona keçir.
- Sizin də ürəyiniz
xəstədi? -soruşur.
Bir yerdə
gəzişirik axı.
- Hə, - yalannan cavab verirəm.
- Çoxdan?
- Çoxdan, uşaqlıqdan.
- Mənim kimi... -deyir, gözləri işıqlanır, sonra da başını qovzayıb boyuma baxır, sanki boyumu ölçür. Sonra daha bir
sual verir:
- Amma məktəbə gedirdiniz, hə?
- Hə, -deyirəm,- yenə də
uydururam. Öz-özlüyümdə
ona ürək-dirək
verirəm və indi sual növbəsi
yenidən mənə
keçir:
- Zaur, atan-anan var.
- Anam var.
- Bəs atan?
- Atam bizi qoyub
getdi. Anam deyir ki, mənə görə gedib. Əlimdən bezibmiş. Tez-tez ürəyim gedir axı.
Bu sözləri elə
deyir ki, sanki bir avtobus
buraxıb, indi yenisini gözləyir.
- Hmmm,- deyə mızıldanıram
və daha bir sual verirəm.
- Anan nəçidi?
- Həkim.
- Yəqin sən də böyüyəndə
həkim olassan, - deyə kəşfiyyat xarakterli daha bir sual verirəm.
- Yox, - qətiyyətlə deyir.
- Niyə?
- Anam evə gələndə
ondan dərman iyi gəlir.
- Bəs, böyüyəndə nə olassan?
- Kosmonavt.
Məhlədəki uşaq yenə də onu çağırır. Bilirəm ki, qarşı tərəfdəki binada yaşayır...
Aradan bir neçə gün keçir, Zaur görünmür. Heç kimdən də
səbəbini soruşa
bilmirəm.
Bir səhər
ordan keçəndə
Zaur yaşayan binanın qabağında çadır görürəm. Kiminsə yasıdır.
Ürəyimə pis şeylər
gəlir, qəhərlənirəm.
"Yəqin onundur" - ürəyimdə
fikirləşirəm. Ona yalan danışmağımın
peşmançılığını çəkirəm. Yəqin anasının
sözünə baxmayıb
məktəbə gedib.
Çadırın qabağından keçəndə
gözucu içəriyə
baxıram. Çadırın o başından ölən
adamın şəkli
asılıb. Qoca kişidir.
Sevinirəm...
- Birdən yuxarı mərtəbədən səs
eşidirəm:
- Əmiii! Sağaldım,
e! Sabah məktəbə gedəcəm!
Başımı qaldırıb baxıram. Zaur mənə
əl eləyir.
Ürəyim yerinə gəlir,
əlimin dalı
ilə yaşarmış
gözlərimi silib, gülə-gülə yoluma
davam edirəm...
Noyabr 2015
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2015.- 2 dekabr.- S.8.