Sərbəst şeirin
imkanları
Onu çoxdan
tanıyıram. Əlimə qələm alıb tənqidçi kimi ilk məqalələrimi
yazdığım XX əsrin
70-ci illərinin sonundan
ara-sıra şeirlərini
də oxumuşdum.
Sevimli yazıçımız İlyas
Əfəndiyevin ölümünə
yazdığı "Məhəmməd
oğlu İlyas" şeiri əldən-ələ
gəzirdi. Bu elegiyanı
oxuyub şairin dəyərli ədəbiyyat
adamlarının ölümünə
necə səmimi, nəcib kədərlə yanaşdığına
heyran qaldım. Bu şeirdə böyük
ürək çırpınırdı.
Son iki ildə Ramiz müəllimlə isti münasibətlərimiz
yaranıb. O, ədəbiyyatımızın
təəssübünü çəkən, haqsızlığa
dözməyən, ictimai
ədalətsizliyə nifrət
edən bir ziyalıdır.
O bəzən yerinə düşməyən bir sözün üstündə
mübahisə edir. Mənim kitablarımı oxuyub yerindəcə qeydlərini
üzümə deyir.
Ümumiyyətlə, dilə
çox həssas adamdır, yaxşı da dil fəhmi
var. Tez-tez zəng vurub deyir: - Filan söz nə deməkdir? Mən də cavab verirəm.
Onda soruşur: - Bəs bu adam niyə belə yazır? Çox oxuyur və fikirlərini də bölüşür, bu, ziyalı, ədəbiyyat adamı kimi onun ən gözəl
məziyyətidir. Bir
neçə ayın söhbətidi: maşında
rayona gedirdik, cibindən çıxarıb
bir qəzet verdi,
yana-yana təəssüflə dedi,
al oxu, bu adamlar Bəxtiyar Vahabzadənin şair olub-olmamasını müzakirəyə
qoyublar, onu bəyənmirlər.
Dedim, təəccüblü deyil,
belə şeylər həmişə olub, belələri istedadsızlar
gündəmdə qalmaq
üçün bu üsuldan istifadə edərlər. 20-ci illərdə
komsomol şairlər Füzulini bəyənməyəndə,
ona föhşlər yağdıranda Müşfiq
yazmışdı:
Yazalım
Özümüzü öyməyəlim
Füzuliyə dəyməyəlim
Utanmazmı
Füzulini söyən
Özü bir heç ikən...
Özünü şair, yazıçı,
tənqidçi sayan adam ana
dilində hədyan yazmaz, şair dil yaradar, dil
korlamaz. Əslində şeir dilə
hörmətdən, dilə
həssaslıqdan başlanır.
Yalnız özünə
qiymət qoyan adam başqasını
qiymətləndirə bilər.
Ramiz Məmmədzadənin bu yaxınlarda "Ədəbiyyat
qəzeti"ndə dərc
olunmuş, gözəl
şairimiz Məmməd
Aslana həsr edilən məqaləsi şairə, dosta, müasirinə ehtiramın
nəcib nümunəsidir.
Ramiz Məmmədzadənin
özünün kim olmasını bilmək üçün
o məqaləni oxumaq
kifayətdir.
R.Məmmədzadə sərbəst vəzndə yazır: Maykovski kim, Rəsul Rza kimi, Nazim Hikmət
kimi... və Özü kimi.! Bu
vəznin kökü
"Kitabi-Dədə Qorqud"
eposunun səcli nəsrindədir. Sərbəst şeir coşqu ilə yazılan şeirdir. Orada qafiyəli ahəng
deyil, sərbəst fikirlər ahəngi əsasdır, başqa sözlə, sərbəst
şeirdə fikirlər
qafiyələnir. Sərbəst şeirdə fikir istədiyi vaxt bir-birini tamamlayır.
Ona görə də sərbəst vəzndə
yazmaq çox çətindir, çünki
onun konkret ölçüsü, heca
və əruz kimi konkret qəlibi
yoxdur, onun semantik strukturu var. Sərbəst şeirdə
fikrin dinamikasına uyğun söz sistemi yaratmaq lazım gəlir.
R.Məmmədzadənin yenicə çap olunmuş şeirləri ("525-ci qəzet",
24.X.2015) onun şair məramını, poetik mövqeyini, dünya ilə həsb-halını
aydın ifadə edir: "Yaxşı ki" şeirində deyir:
Uzaq-uzaq
üfüqlərdən
üfüqlərə
Hara uçur bu quşlar?
Bu sonsuzluqa
üz tutmuşlar
Bəlkə anlayan tapılmadı
Onları
bu yer üzündə
Ya bir məna görmədilər
Yer üzünün gecəsində,
gündüzündə
Yaxşı ki, göylərə
əl çatmır
Yoxsa göy üzünə çılpaq çıxan
Ulduzlara
əl atıb,
sataşardılar.
Bu quşlar hardasa
bəxtiyardılar
Mən də bu quşlara
qoşulub
uçasıyam bir gün
Sirrimi buludların o üzündə
açasıyam bir gün...
Bu şeiri M.Müşfiqin
ən yaxşı şeirlərindən olan
"Küləklər" şeiri ilə müqayisə etmək olar. Şairin lirik "mən"ini
aydın bir şəkildə ifadə
edən bu şeiridə onun xəyali quşların ardınca üfüqlərdən-üfüqlərə
qanadlanır, sonsuzluğa
üz tutmuşların
taleyi ilə maraqlanır. Onu narahat
edən "bəlkə
anlayan tapılmır yer üzündə?",
"bəlkə bir məna görmür yer üzünün gecəsində, gündüzündə?"
kimi cavabı özündə olan poetik suallarla ilkilənir.
Öz nəfsləri ilə yer üzünü murdarlayan adamların göy üzünə yaxşı ki, əli çatmır, yoxsa onlar çılpaq
ulduzlara da tamah salardılar: avara köpəklər kimi ulduza hürərdilər.
Şair quşlara qoşulub səmaya uçmaq arzusu ilə yaşayır, yer üzündə yaşamaqda
məna görmür,
o öz sirrini - insan sirrini orada
açmaq fikrindədir.
Bu şeirin
özündə romantik
bir uçuş var, nəcib bir kədər var, yenilməz bir qürur var. "Əyilib üzündən
öpdüm" şeirində
bu qürur və kədər konkret bir adam
- dost üzərində birləşir.
Üzünə baxdım,
Gözləri payız kimiydi...
İşığı uçub getmişdi...
Təbəssümü qaralmışdı
Yastığa söykənib
dikəlməyə çalışdı
"Qapıda qalmışdı
gözlərim,
Yaxşı ki, gəldin"
- dedi
...Əlini uzatdı
Barmaqlarımı sıxdı
Əyilib
üzündən öpdüm
Otaqdan çıxdım...
O, səhərə çıxmadı
Həmin
gündən elə bil
Sağ əlim mənim deyil...
İnsan
taleyi haqqında deklarativ bəyanatdan uzaq, sakit, poetik-simvolik
poeziyadı bu... Bu kədərli poetik
lövhədə yaşanılmamış
bir ömrün təəssüfü obrazlaşır
və bu obraz poeziyanın işığına bələnib.
Qadın olmaq çox çətindi. Onun həyatında ən
mühüm mərhələ,
tale məqamı ailə
qurduğu, ərə
getdiyi dövrdür.
Bu zaman o özünü
bütünlüklə seçdiyi
adama bəxş edir. Bu çox
böyük risk, ən
böyük fədakarlıqdır.
Lakin heç
də həmişə
bu qismət özünü doğrultmur. "Mən"i olan, qüvvətli qadın bu zaman seçim
qarşısında qalır.
Adətən kişi qadını boşayır. Ramiz Məmmədzadənin "Boşanmış
qadının hekayəti"
şeirinin qəhrəmanı
kişini boşayan, özünə hörmət
qoyan qadındır:
O, başqa bir planetdən gəlib
Heç
yer üzünün adamına bənzəri yox
Elə bil Yer üzündən
xəbəri yox
Onu nə toyda şadlanan
gördüm
Nə də yasda kədərlənən
Çayını, çörəyini ver
Getsin, gəlsin
yesin, içsin
Aylarla axtarmaz
ata-anasını
... Qollarını göylərə
qaldırıb
Tanrıya yalvardım
Hər gün onu görmək
Əzabından qurtardım.
Ramiz Məmmədzadə
Qarabağ ağrısı
ilə, Vətən təəssübü ilə
yaşayan qeyrətli bir vətəndaşdır. Elə bir
söhbəti olmaz ki, doğulduğu Ağdam, oradakı evlərindən, uşaqlıq
çağlarından - külli
Qarabağdan kövrələ-kövrələ
danışmasını. Şeirlərində də
Qarabağ dərdi gizlənmiş bir ağrı yaddaşı
var. Bu dəfə onun
şeirlərinə bu
mövzu əfsanəvi
Qarabağ atlarının
timsalında yol tapır:
Qığılcım qoparar
Daşlardan nalları
Dağlardan-dağlara
Uzanar yolları
Qəzəbdən çeynəyər çayları,
otları
Qarabağ atları
Didərgin düşəli
Hayqırar, kişəyər
Yolunu kəsənə
"yolumdan keç" - deyər
O ülgüc dırnağı, xışlayar yadları
Qarabağ atları.
Şeirin leytmotivini "üzəngi həm səni, həm məni gözləyir" çağırışı təşkil edir. Bu şeirdə cəngi ritmi, Qarabağ atlarının qəzəbli kişnərtisi var, bu kişnərti yatmış cəsarəti oyadır.
Ramiz Məmmədzadə hər kefi gələndə şeir yazan deyil, o, səbrlə ilhamın yolunu gözləyir, onun nazına, şeirin əzabına dözməyi bacarır.
Ramiz Məmmədzadənin böyük həyat təcrübəsi var. O həm də dövlət məmuru kimi, bir çox şairlərin görə bilmədiyi pərdəarxası olaylarla tanışdır. Lazım gəldikdə bütün bunlar poeziyanın materialına çevrilir. Fəqət, bir insan kimi o, maraqlı adamdır, insanlar üçün yaşamağı, xeyirxahlığı bacarır. Onun poeziyası elə duyğulardan yaranır ki, onlar ancaq onun özünə məxsusdur, onun fərdi yaşantılarıdır. O, hadisələrin içərisindən çıxmağı, onların fövqündə dayanmağı, uzaqdan qiymət verməyi bacarır. Ramiz müəllim çətin günün adamıdır, dosta "yox" deməyi bacarmır. Əsas isə budur ki, şeir yazmağa çox ciddi bir iş kimi baxır, təkcə şairliyi yox, həm də Azərbaycan ziyalısı adını uca tutur, onun bütün mənəvi etiketlərini otruşunda-duruşunda, danışığında, süfrə arxasında, rəsmi məclislərdə ləyaqətlə qoruyur. Millətə sevgi, dövlətə ehtiram onun poeziyasında da başlıca yer tutur.
Ramiz Məmmədzadə bir an olsun belə unutmur ki, "Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi şöhrət var" (V.Belinski) və o, şair sözünün ucalığını, müqəddəsliyini əzmlə qoruyur.
Nizaməddin Şəmsizadə
525-ci qəzet.- 2015.- 2 dekabr.- S.7