Azərbaycanlı rəqqaslar "Millətlər
lirası" simpoziumunda
"Kreml v İzmaylovo"
Rus Mədəniyyət
Mərkəzində "Art-Kreml" qalereyasının
yaradılmasının birinci
ildönümünə həsr
edilmiş "Millətlər
lirası" adlı
simpozium keçirilib.
Qalereyanın direktoru Natalya Medvedeva tədbirin qonaqlarına bu qurumun işinin
ilk ilinin yekunları barədə məlumat verib. Qalereya üçün qısa sayıla biləcək bu müddətdə "Art-Kreml"
ərazisində yaşlılara
və uşaqlara incəsənətin və
müxtəlif peşələrin
öyrədilməsi üçün
emalatxanalar açılıb,
burada mütəmadi olaraq müxtəlif maraqlı sərgilər keçirilir. Belə sərgilərdən
biri - "Aleksandr Maskayevin nağıl dünyası" sərgisi
sonradan Kazan Ermitajına
dəvət edilib.
Direktorun
sözlərinə görə,
bu qısa müddətdə qalereya mədəni-əyləncə mərkəzindən
rus mədəniyyət
mərkəzinə çevrilib.
Natalya Medvedeva deyib: "Bu gün sizin hamınızı "Millətlər
lirası" millətlərarası
yaradıcılıq simpoziumuna
dəvət etmişik
ki, bizim qalereyanın və İzmaylovo Kremlinin bizə yaxın milli mədəniyyətlərin
dəstəklənməsi, milli incəsənət və peşə növlərinin inkişafı
məcrasında inkişaf
imkanlarını birlikdə
müzakirə edək".
2016-cı il Rusiyada Yunanıstan ili elan edilib. Bununla əlaqədar, bayram tədbirinin bədii hissəsi böyük zalda yunan müğənnisi Ariadna Prokopidunun çıxışı ilə başlanıb. Konsert proqramı Yuan Tsuan və Svetlana Platonovanın ifaları ilə davam edib. Sonra Rusiya-Azərbaycan Dostluq Mərkəzinin xüsusi dəvəti ilə Azərbaycan rəqs kollektivinin ifa etdiyi xalq rəqsi tamaşaçılara çox güclü təsir bağışlayıb. Bütün tamaşaçılar bu artistlərin çıxışını yüksək peşəkar səviyyəli ifa kimi qiymətləndiriblər. Gənc rəqqaslar ifa etdikləri qədim rəqs barədə tamaşaçılara ətraflı məlumat veriblər. Azərbaycandan olan gənc rəqqasların çıxışı Bakıda doğulmuş Ariadna Prokopidunu da çox mütəəssir edib. Müğənni hamıya müraciətlə deyib: "Uzun illər boyu Yunanıstanda yaşadığıma baxmayaraq, mən özümü həmişəlik bakılı hesab edirəm. Öz soy-köklərinizi unutmayın".
Rusiya Vəkillər Gildiyası prezidentinin müşaviri Cəmil Sadıqbəyov da bu bayramda öz xalqının musiqisini dinləməyə çox şad olub. Bakı haqqında deyilən sözlər isə Cəmil Rafiq oğlu üçün, onun öz təbirincə desək, "məlhəm" olub. Qonaq əsasən etnik mətbuat məsələləri ilə məşğul olan "Kultura mira" Ümumrusiya Etnik Jurnalistlər Konqresinin işi barədə söhbət açıb. Cəmil Sadıqbəyov deyib: "Biz göstərməliyik ki, bütün müharibələr sülhlə başa çatır. Bunun üçün bizim mədəniyyətimiz, ənənələrimiz, adətlərimiz ilə tanış olmağa gələn insanlardan ötrü mümkün qədər çoxlu tədbirlər keçirməyə çalışırıq. Ən başlıcası - jurnalistlər bu barədə düzgün, vicdanla və adekvat şəkildə yazmağa çalışmalıdırlar". C.Sadıqbəyov çıxışının sonunda bayramın bütün qonaqlarını sevimli Bakıya dəvət edib.
"Çoxmillətli vahid Rusiya mədəniyyəti məkanında estetik obrazların müxtəlifliyi" mövzusunda dəyirmi masa iclasında Rusiya-Azərbaycan Dostluq Mərkəzinin ekspertləri Vladislav Kalxidov və Aleksandr Əlixanov da çıxış ediblər. Vladislav Kalxidov deyib: "Mərkəzin vəzifəsi ilk növbədə hər iki ölkənin xalqlarını qonşuların mədəniyyəti və ənənələri ilə tanış etməkdir. Biz həm Moskvada, həm də Bakıda sərgilər təşkil edirik, müxtəlif layihələr üzərində düşünürük, Rusiyada və beynəlxalq məkanlarda keçirilən forumlarda iştirak edirik. Azərbaycanda adamların çoxunun rus dilini bilməsi bizim işimizi xeyli asanlaşdırır".
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi ilə məşğul olan birliklər yaradılmasını yüksək qiymətləndirib. D.Savelyev əmindir: "Rusiya və Azərbaycan əsrlər boyu mehriban qonşular olub. Xoşagələn haldır ki, bu dostluq münasibətləri nəinki itirilməyib, həm də fəal inkişaf edir. Xalq haqqında ən yaxşı məlumatı onun mədəniyyəti, onun ənənələri verə bilər. Əməkdaşlığı davam etdirmək niyyətində olan hər kəs ilk növbədə bunlarla tanış olmalıdır".
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 2 dekabr.- S.7