"Arşın mal alan"ın yeni Gülçöhrəsi

 

 

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera Balet teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası yeni quruluşda tamaşaçılara təqdim olundu.

 

Qeyd edək ki, milli operamızın banisi, böyük bəstəkar Ü.Hacıbəyli "Arşın mal alan"ı 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil aldığı dönəmdə qələmə alıb. "Arşın mal alan" musiqili komediyası dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında yer tutan şah əsərlərindən biridir.

 

O, bu əsəri operetta səviyyəsində işləyib. Bu operetta Azərbaycan musiqisində yeni mərhələ idi. "Arşın mal alan" musiqili komediyasında XX əsrin əvvəllərindəki Azərbaycan məişəti, milli kökümüzə mənsub olan adət-ənənələr öz əksini tapıb. Süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınan operettanın ilk tamaşası cəmiyyətdə böyük marağa səbəb olub indiyə qədər rəğbətlə qarşılanır. 70-dən çox dilə tərcümə edilən  "Arşın mal alan" bütün dövrlərdə maraqla qarşılanıb, sevilib, dünya səhnələrində böyük müvəffəqiyyətlə oynanılıb.

 

Dahi bəstəkar operetta yaratmaq zərurəti barədə belə yazırdı: "Musiqinin gücünə inanaraq musiqi vasitəsilə ictimai-məişət qüsurlarını qamçılamaq, Azərbaycan ziyalılarının qabaqcıl hissəsinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini musiqidə əks etdirmək arzusunda olmaq məni komik musiqi janrı-operetta yaratmaq fikrinə sövq etdi". Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun Baş konfransının 36-cı sessiyasında "Arşın Mal Alan" operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilməsi bu əsərin böyük təsir gücünün göstəricisidir.

 

Bu dəfə "Arşın mal alan" operettasında Gülçöhrə obrazını Xalq artisti, OperaBalet teatrının solisti Fidan Hacıyeva ifa edib. O, yüksək peşəkarlığı, dərin bacarığı ilə bu obraza yeni nəfəs gətirib. Gülçöhrə olduqca duyğusal, öz arzularına nail olmağa çalışan qətiyyətli bir gənc qızdır. Fidan Hacıyeva bu operettada əvvəllər Asya obrazını canlandırıb. Üzeyir Hacıbəyli Gülçöhrə obrazını soprano üçün nəzərdə tutub. Fidan xanımın səsi mezzo-soprano olmasına baxmayaraq, o, bütün ariyaların öhdəsindən uğurla gəlməyi bacarıb və dinləyicilərə böyük zövq bəxş edib. Fidan Hacıyeva hər zaman  milliklassik opera tamaşalarında aparıcı partiyaları yüksək peşəkarlıqla ifa edir. Gülüş ("Sevil"), Asya ("Arşın mal alan"), Xanəndə qız ("Koroğlu'), Karmen ("Karmen"), Rozina ("Sevilya bərbəri"), Amneris ("Aida'), Azuçena ("Trubadur") və digərləri.

 

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş bu tamaşa artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır. "Arşın mal alan" tamaşasının digər rollarında Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Fərid Əliyev, Yadigar Muradov və başqaları çıxış edirlər.

 

Bir gənc musiqişünas kimi bu uğurlu tamaşaya görə Fidan Hacıyevanı, həmçinin mədəniyyətimizə daim xidmət göstərən, ruhu sənət ilə qidalanan digər sənətkarlarımızı alqışlayıram, onlara öz dərin ehtiramımı bildirirəm.

 

Aysel KƏRİM

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi

525-ci qəzet.- 2015.- 3 dekabr.- S.7.