“Lahıc misgərlik sənəti”nin beynəlxalq təntənəsi
“Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi
mədəni irs üzrə Reprezentativ siyahısına
daxil edilib. Mədəniyyət və
Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən APA-ya verilən xəbərə görə,
cari ilin 30 noyabr – 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 10-cu sessiyası
keçirilir: “Sessiya çərçivəsində ölkələr tərəfindən
Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim
olunan nominasiyalara dekabrın 1-də baxılmasına
başlanıb”.
Bildirilib ki, Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub: “Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunub ki, bu nominasiya faylı Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə edə bilərlər”.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək bildirib ki, Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitə üzvlərinə və UNESCO-nun Qiymətləndirmə Orqanının üzvlərinə təşəkkürünü bildirib. O qeyd edib ki, Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına tövhə verəcək.
Qeyd edək ki, “Lahıc misgərlik sənəti” faylının hazırlanması Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO-ya təqdim edilib.
Onu da qeyd edək ki, hazırda Lahıc misgərlik sənətindən başqa Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 3 dekabr.- S.7.