“Baku Guide”
bələdçi kataloqunun dekabr sayı çapdan
çıxıb
“Azərbaycanın inkişaf
səviyyəsi müsəlman
dünyası üçün
nümunədir. Azərbaycan mədəniyyətlərarası
dialoqa mühüm töhfə verir”.
Bu sözlər Bakıda
İSESCO-nun İcraiyyə Şurası və Baş Konfransının toplantılarında çıxış
edən təşkilatın
baş direktoru Əbdüləziz Osman əl-Tüveycriyə məxsusdur.
23-27 noyabr tarixlərində
gerçəkləşən və paytaxtımızda
İSESCO həftəsi kimi
yadda qalan, müsəlman ölkələrindən
olan qonaqların Azərbaycan haqqında təəssüratını zənginləşdirən
tədbirlər “Baku Guide" bələdçi kataloqunun
dekabr buraxılışında
əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət"
qəzetinin əlavəsi
olaraq Azərbaycan, ingilis və rus dillərində nəşr olunan bələdçi kataloqunun
yeni sayı da informativ materiallar,
şəhərimizin qonaqları
və paytaxt sakinlərinin diqqətini çəkəcək yazılarla
zəngindir. Nəfis tərtibatlı nəşrdə
materiallar rəngarəng
foto-illüstrasiyalarla müşayiət
olunur.
Noyabrın əvvəlində yekunlaşan
Bakı Beynəlxalq Caz Festivalının ən məşhur qonaqlarından biri, niderlandlı Ntjam Rosie yaradıcılığı barədə
fikirlərini və şəhərimizlə bağlı
təəssüratını “Baku
Guide" kataloquna müsahibəsində
bölüşüb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
"Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesinin yekunları ilə bağlı məqalə isə incəsənətin bu növü ilə maraqlanan oxucuların ürəyincə olacaq.
Kataloqda həmçinin dekabr ayı üzrə paytaxtın teatr, konsert və kino nümayişi müəssisələrinin geniş repertuarı, sərgi salonları və muzeylərdə keçiriləcək tədbirlər haqqında ətraflı məlumatlar, afişalar yer alıb.
Dekabr həmçinin qışın ilk ayıdır. Qış turizm mövsümünə xüsusi hazırlaşan və bəyaz dağlar qoynunda istirahət etmək istəyənlər kataloqda “Şahdağ” Turizm Mərkəzi haqqında yazı ilə tanış ola bilərlər.
Nəşrin bu sayında paytaxtın tarixi məkanları haqqında yazılar sırasına Fəxri xiyaban barədə material da əlavə olunub. Burada tariximizin bir çox səhifələri əbədiləşib. Paytaxt yaxınlığındakı ecazkar məkan olan Mərdəkan dendrarisi, Azərbaycanda ov turizmi ilə bağlı təqdimat yazıları da oxucuların diqqətini çəkəcək.
"Milli mətbəx" rubrikasında bu dəfə şəhərimizin qonaqlarına mövsümə uyğun olaraq yarpaq xingalı, onun hazırlanma qaydası haqqında məlumat verilir.
Həmişəki kimi gənclər də diqqətdən kənarda qalmayıb. Aktiv, adrenalin dolu istirahətə üstünlük verənlər paytaxtdakı əyləncə axşamları, konsert və partilər barədə məlumat əldə edə biləcəklər.
Turistlər üçün
informasiya bölməsində isə
onları maraqlandıra biləcək suallar
cavablandırılır. "Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə", turizm agentləri, aviakassalar,
hava yolları və s.
haqqında bölmələr də paytaxtımızın
qonaqları üçün mühüm informasiya mənbəyidir.
Kataloqda həmçinin hotel,
restoran, ticarət və əyləncə
məkanları haqqında məlumatlar, avtomobil
kirayəsi, çağrı mərkəzlərinin əlaqə
nömrələri və s. əksini
tapıb.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 3 dekabr.- S.7.