Ekstremal jurnalistika üçün ilk layihə

 

 

Məndən, səndən ötən zərbənin Vətənə dəydiyini hamımız bilirik. Vətənə atılan daşları sinəsiylə əsgərlər zərərsizləşdirir, söz daşını jurnalistlər.

 

Bu anlamda sözə yük olmayan, sözün yükünü çəkən jurnalistlər əsgərdi. Həm müharibə başa çatmadığı bir vaxtda (müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq!). Onda sözün "müsəlləh əsgər"(S.Vurğun) olduğunu xatırlatmağa ehtiyac yoxdu...

 

Vəzifə borcu vətəndaşlıq borcundan qaynaqlanır. Peşə hazırlığı vəzifə borcunun, vəzifə borcu vətəndaşlıq borcunun yerinə yetirilməsi üçün şərtdir.  

 

Jurnalist olaraq hərbi mövzuda yazmağın şərəfini məsuliyyəti ilə tən yaşayan jurnalistlərə , bu sıradan "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji təcrübi öyrədilməsi" layihəsinin təşkilatçısı jurnalist Əlisəfa Mehdiyevə , bir ay davam edən tədbirdə iştirak edən jurnalistlərə SÖZün cəfakeşi deməyi özümə mənəvi borc bilirəm...

 

Jurnalistika cəmiyyətə ancaq informasiya çatdırmaqla kifayətlənərsə,  vəzifə borcunu mükəmməl yerinə yetirə bilməyəcək. Ekstremal şərait məfhumu diqtə edir ki, jurnalistika publisistikanın imkanlarından istifadə etməklə fəaliyyətini başlıca olaraq istər Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi hazırlığının, istərsə müharibə şəraitində əhalinin milli-xəlqi ruhunun yüksəldilməsinə yönəltməlidir. Ekstremal şərait amilinə istinadən düşünürəm ki, tədbir həm bu məqsədə hesablanıb; müharibə başa çatmayıbsa, estremal şərait davam edəcək. vaxtsa bu tədbirdə iştirak edən jurnalistlərdən müharibə gedən ölkələrə (Suriya, Əfqanıstan b.) ezam edilən olacaq. Belə məqamları da əhatələyən layihə, təbii ki, jurnalistikamızın dünyəvi təcrübələrlə uzlaşdırılması baxımından dəyərli hesab edilməlidir.

 

Tədbirin mahiyyəti hərbi mövzuda yazan jurnalistlərin peşə hazırlığına can yandırmaqdı, şübhəsiz. Şübhəsiz ki, bu canyandırma SÖZ müstəvisində vətəndaşlıq mövqeyidi. Vəzifə borcu mənəvi borcu üstələyə bilməz; bu tədbir vətəndaşlıq (mənəvi) borcu formatında vəzifə (jurnalistlik) borcunun dövlətçilik baxımından daha optimal yerinə yetirilməsini təmin etmək istəyidi. "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji təcrübi öyrədilməsi" layihəsi dövlətçiliyin möhkəmləndirilməsinə sayğı kimi dəyərləndirilməlidir. Cəmiyyət  həm ordu ilə ilgili müfəssəl məlumatları (informasiyaları) mediadan alır. Media cəmiyyətə dürüst, əhatəli informasiyalar verməklə (bu informasiyaların ordunun nüfuzuna, orduya inama zərəri yoxdursa), ordu ilə cəmiyyət (vətəndaşla dövlətçilik) münasibətlərinin qürur əlaqələndiricisi olursa, hərbi mövzuda yazan jurnalistlərin hazırlığının yüksəldilməsində vəsilə (vasitə) olan "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji təcrübi öyrədilməsi" layihəsini qeyri-rəsmi məktəb hesab etmək suç deyil.

 

"Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji təcrübi öyrədilməsi" ilk layihə olmaq etibarilə istər ordu-cəmiyyət münasibətləri üçün dəyərliyini, istərsə dövlətçilik baxımından vacibliyini yüksək dəyərləndirirəm.

 

1988-1994-cü illərdə olduğu kimi sonralar da (indi ) dərc edilən informasiyalar, məqalələr jurnalistin mövzuya yaxından bələd olmaması səbəbindən bəzən arzuolunmaz vəziyyətlərə səbəb olub. Bəzən bu ya digər informasiya "deyirlər" mövqeyindən ictimailəşdirilir ki, bunun da dövlətçiliyimizə, Silahlı Qüvvələrimizin nüfuzuna pozitiv təsirini xatırlatmağa ehtiyac yoxdur. Belə informasiyalar əhali arasında müəyyən çaşqınlıqlar da yarada bilir. Tədbiri bu baxımdan "qadağanedici işarə" kimi dəyərləndirmək mümkündür.

 

Ötən ilin avqust hadisələrində bəzi KİV-lərin informasiyaları təbii ki, narahatlıq yaradacaqdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamı jurnalistlərin fakt hadisələrə həssas münasibətinin istiqamətlərini müəyyənləşdirdi. Bu tədbiri müəyyən mənada, həmin Sərəncamın tələblərinin tərkib hissələrindən biri hesab etmək olar; "Dinc Dünya" Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisəfa Mehdiyev jurnalistikanın vətəndaşlıq mövqeyi ilə tənzimlənməsinin zəruriliyini nəzərə alıb. Tədbirə dəvət olunan peşəkarların dialoq, dialoq-müzakirə formatında söhbətləri "jurnalistlərin psixoloji təcrübi öyrədilməsi" tezisinə söykəndiyindən, təbii ki, zamanında (məqamında) səmərəli olacaq.

 

Tədbirin tşkilatçısı Əlisəfa Mehdiyev 1994-1995-ci illərdə söhbətlərimizdə onun ekstremal şəraitdə jurnalistlərin fəaliyyəti istiqamətində araşdırmalar apardığını, dünya təcrübəsini çağdaş jurnalistikamıza gətirmək istədiyini demişdi. Bu günkü tədbirin başlanğıcı həmin illərlə səsləşir. Yəni Əlisəfa Mehdiyev mövzunu kifayət qədər əhatəli araşdırıb. Məhz bunun nəticəsidir ki, "müdavimlər" hərbi mövzuda informasiya hazırlayanda, bu mövzuda məqalə (reportaj) yazanda nələri bilməyin, nələri nəzərə almağın zəruriliyini öyrənə bildi. Yaxın vaxtlarda informasiyalarda KİV-lərdə ictimailəşdiriləcək (məqalələrdə, reportajlarda) bunun nəticəsini görəcəyimizə şübhə etmirəm.

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professorları Şirməmməd Hüseynovun, Cahangir Məmmədlinin, Qulu Məhərrəmlinin, Mətbuat Şurasının sədri Əflatun Amaşovun tədbirdə iştirak etməsi, mövzunun nəzəri əsasları ilə bağlı tövsiyələrini bildirməsi, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin çıxışları ekstremal şəraitdə işləyən jurnalistlərin fəaliyyətlərində peşəkarlığın təmin edilməsi baxımından tezislər kimi qəbul edilməlidir.

 

Müdafiə Nazirliyi hərbi mövzuda yazan jurnalistlərin (tədbiri mahiyyəti etibarilə kurs hesab etmək olar öyrədilmə ifadəsi onlara qeyri-rəsmi müdavim deməyə əsas verir) hərbi terminologiyanı optimal səviyyədə mənimsəməsini , bu ya digər döyüş texnikası ilə əyani təmasını da, atıcı silahlardan istifadə qaydalarına bələdliyini bilavasitə poliqonda təşkil etdi. Bu, ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji təcrübi öyrədilməsinə böyük dəstək oldu...

 

lll

 

Məndən, səndən ötən zərbənin Vətənə dəydiyini hamımız bilirik. Vətənə atılan daşları bundan sonra da sinəsiylə əsgərlərimiz zərərsizləşdirəcək, söz daşını jurnalistlərimiz. Sözə yük olmayan, sözün yükünü çəkən,  vəzifə borcunun vətəndaşlıq borcundan qaynaqlandığını unutmayan jurnalistlərimiz əsgərdi. SÖZün əsgəri...

 

Rəşid Faxralı

525-ci qəzet.- 2015.-3 dekabr.- S.5.