"Yaradıcılıq... mükalimədir..."

 

YARADICININ "ÖZÜNÜN ÖZÜYLƏ MÜKALİMƏSİ"

 

 

 

Zemfira Məhərrəmlinin 60 yaşına

 

"Döyüşə qızlar gedir", "Qarabağda savaş var", "Ötür durna qatarı", "Qırx qız dastanı", "Bir ömürdə yaşanan üç həyat", "Oyuncaq", "Ömür bitər, yol bitməz"... Bunlar publisist, nasir Zemfira Məhərrəmlinin mənə məlum olan kitablarından bir neçəsidir, onların yalnız adlarının çəkilməsi, görünür, kifayət edir ki, istedadlı, zəhmətkeş xanımın yazıçı-publisist təfəkkürünün maraq dairəsi barədə  aydın təsəvvür yaransın. O mənada ki, bu adlardakı ifadə anlayışlarda döyüş, mübarizə, vətənpərvərlik, həyat, dünyanın, yolun sonsuzluğu ( bunların  hamısnın fövqündə bütün zərifliyi, munisliyilə seçilən bir xanımlıq!) var...

 

"Dan ulduzu", "Həsən bəy Zərdabi", "Qızıl qələm", "Sara xatın", "Qarabağ Ali ədəbi mükafatları"... Bunlar isə  Zemfira xanımın jurnalist-publisist fəaliyyətində layiq  görüldüyü ödüllərin tam olmayan  siyahısıdır, hər birinin arxasında, artıq qeyd etdiyim kimi, istedad, zəhmət  bir yüksək insanlıq, səmimiyyət, mədəniyyət dayanır. bu mükafatların adlarında da milli qürur, heysiyyət, vətəndaşlıq, yaradıcılıq enerjisi var...

 

Zemfira Məhərrəmlinin müxtəlif mövzulu, məzmun-mündərəcəli, çoxlu uğurlu yazıları içərisində bir essesi mənim xüsusilə xoşuma gəlir ki, onun adı "Yaradıcılıq ruhun tərcümanıdır". İki-üç səhifəlik bu essenin ən azı üç qnesioloji-üslubi "spektr"i var: publisistiklik, alimlik yazıçılıq.

 

Esse belə başlanır: "Yaradıcılıq qələm adamının özünün özüylə  mükaliməsi, fikir duyğularını incələməsidir. Yaradıcılıq sənət adamının  ruhunun tərcümanı, qəlbinin əks-sədasıdır..."

 

Zemfira xanım yazır: "Ruh yüksəkliyi, gözəl əhval, xoş ovqat yaradıcılığa təkan verən amillərdir. Yaradıcı insanın duyğuları, düşüncələri, sevgisi, vətəndaşlığı onun qanı-canı bahasına, min bir əziyyətlə yaratdığı əsərlərindədir. Yazarlar öz qələm nümunələrini  yaradıcılıq axtarışları sayəsində araya-ərsəyə gətirir, bu sənət  övladlarına gözünün nurunu içirir.

 

Jurnalistlərin isə daha çox üz tutduğu, ədəbi yaradıcılığın xüsusi növü olan publisistika da həyat həqiqətlərini əks etdirir. Sənədli faktların danılmaz gücünə əsaslanan publisistika oxucunun diqqətini dərhal özünə cəlb edir, ona müəllifin mövqeyində durmağı, onunla həmfikir olmağı təlqin edir.

 

Bu günümüzün reallığının doğurduğu hadisələrlə, olaylarla həmahəng "hərəkət etmək" mübariz ruhlu publisistikanın  ən səciyyəvi cəhətidir bu xüsusiyyət onu ədəbi janrlar  sırasında önə çıxarır"...

 

az qala hər cümləsi sitat gətirilməli, təhlil-şərh edilməli, hətta əzbərlənməli olan esse belə bitir: "Publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. Bu janr üçün ən məqbul cəhət cəmiyyətdə gedən proseslərin mahiyyətinin, gerçəkliyin obyektiv surətdə əks etdirilməsidir. Fikrimcə, bu baxımdan  həmin janr elmlə yaxındır,  obrazlılığı isə publisistikanı incəsənətlə yaxınlaşdırır, çünki onun cəbbəxanasında ədəbi üsullar, təhkiyə və s. mövcuddur.

 

Yazıçılar, nasirlər də həmin üsluba müraciət edirlər və bu xüsusiyyət onların yaradıcılığının təsir gücünü artırır. Tarixən  qəbul olunmuş müddəaya görə, publisist sözünün əsas məqsədi insanları inandırmaqdır. Antik dövrün filosof-natiqlərindən  olan Diosfen əbəs yerə demirdi ki, "mən sizi inandıra bilsəm,  dediklərimin hamısına əməl edəcəksiniz".

 

Doğrudan da, publisist sözünün əhəmiyyəti onun müəyyən işi görməyə nə dərəcədə sövq edə bilməsi ilə ölçülür. Çağdaş publisistikamız özündən əvvəlki mərhələlər kimi, vaxta, zamana köklənir, qələm sahiblərinin fikir yelkənini, təxəyyülünü qanadlandırır"...

 

Zemfira Məhərrəmlinin bu sözləri və ümumiyyətlə, mətninin xeyli hissəsini özüm də fərqinə varmadan məmnuniyyətlə sitat gətirdiyim esse onun müəllifinin bədii-publisistik yaradıcılığının, yazıçı-jurnalist şəxsiyyətinin mahiyyətini bilavasitə ifadə etdiyinə  görə, bir növ,  avtobioqrafik məzmun daşıyır. Və Zemfira xanım özünün publisist, yazıçı və alim olaraq hansı məsləkə, ideya-mənəvi dünyaya, sözün geniş mənasında, üsluba mənsub olduğunu bütün səmimiyyətilə göstərir.

 

...Bir il bundan əvvəl görkəmli jurnalist, dilçi-professor, ictimai xadim (və mənim əziz dostum) Qulu Məhərrəmlinin altmış illik yubileyini qeyd etdik. İndi isə Qulu müəllimin həyat və məslək yoldaşı Zemfira xanımın altmış yaşı tamam olur...

 

Publisistikamızın, ədəbiyyatımızın və elmimizin, bir sözlə, həyatımızın adını çəkdiyim hər üç mükalimə meydanında uzun illər istedadla, məsuliyyətlə, cəsarətlə və vətənpərvərliklə möhkəm dayanmış dostlarıma, peşə və əqidə  yoldaşlarıma  bundan sonra da böyük uğurlar arzulayıram!.. Xüsusilə "özünün özüylə mükaliməsi"ndə...

 

Nizami Cəfərov

525-ci qəzet.- 2015.- 4 dekabr.- S.8.