Vahabzadə və Aripov
yaradıcılığı türk
xalqlarının ədəbi əlaqələri rakursunda
(Əvvəli ötən sayımızda)
Bəxtiyar Vahabzadənin 60-cı illərdən geniş vüsət alan
mənəvi-estetik axtarışları
təkcə onun Vətəni - o taylı, bu taylı Azərbaycanda
deyil, onun sərhədlərindən xeyli
uzaqlarda da əks-səda verirdi. Böyük şairin hərarətli Vətən
çağırışlarına qardaş Özbəkistanın,
Türkmənistanın, Qaraqalpaqıstanın
və Qırğızıstanın
yeni poetik gəncliyi qoşulurdu...
Gənc nəslin yanıqlı və həsrətlə yoğrulmuş Vətən
nəğmələri uzaqlardan,
tarixin dərinliklərindən
gələn bir səs kimi, eyni zamanda, o da uzaqlarda olan,
yol gəlməkdə
olan İstiqbal sədası-tək qüdrətli
idi. Abdulla Aripovun "Özbəkistan,
Vətənim mənim"
şeiri təkcə bir şairin, yalnız bir nəslin deyil, bəlkə də azadlıq və İstiqlal eşqində yanan bütün bir millətin məhrəm bir Vətən nəğməsi
idi:
Yurdum, sənə şeir yazdım bugün,
Bənzərini tapmadım əsla.
Şairlər var öz yurdun bütün -
Aləm içrə söyləmiş
tənha.
O şeirlər uçdular uzaq,
Qanadında gümüş diyarı.
Bir ölkə var dünyada ancaq,
Yazılmamış dastandır varı.
Fəqət aciz qələmim
mənim,
Özbəkistan, Vətənim mənim.
Bu misraları təkcə bu şeirə deyil, ümumən, A.Aripovun Vətən mövzusundakı bütün
şeirlərinə gözəl
bir dibaçə, epiqraf hesab etmək olar. Həqiqətən də, şair
bir neçə səmimi misra vasitəsilə özünün
Vətənə münasibətinin
özgə cür olduğunu göstərməyə
çalışır. Deməliyik ki, qəsidənin ilk bəndində müəllif
öz estetik niyyətini hərtərəfli
əsaslandırır. Hər bir misrada müəyyən
və mühüm bir fikrin öz
əksini tapdığını
görürük. Ən mühümü,
cavan qələm sahibi ana yurd
haqqındakı arzu etdiyi yeni sözü,
Vətənə yaraşan
sözü, ana Vətən haqqında ustadların deməyə imkan tapmadığı həsrətli Sözü,
o böyük və məhzun nəğməni
yaratdığını gənc
bir şairanə sevinc ilə elan edir. Bu bənddəki "ancaq" sözünə
diqqət edək.
Əminliklə söyləmək
mümkündür ki,
A.Aripovun və altmışıncıların Vətən haqqındakı
yeni Sözünün
tarixi bu şeirlə yanaşı,
daha dərinə getsək, eynən bu misradan başlanır:
"Bir ölkə var dünyada ancaq...".
Elə buradaca
Abdulla Aripovun böyük
müasirlərindən biri
- Erkin Vahidovun "Özbəyim" (1968) qəsidəsini
xatırlamaq təbii və zəruridir. Xüsusən,
həmin şeirdəki
aşağıdakı misralar
yuxarıda qeyd etdiyimiz mülahizələrlə
həmahəng səslənir:
Mənə Puşkin bir cahandır,
Mənə Bayron bir cahan.
Amma Nəvai babam var,
Köksü asiman özbəyim.
Bax bu "Amma" ilə yuxarıdakı "Ancaq"
bənzər, hətta
eyni estetik missiyanı yerinə yetirməkdədir. Sanki gənc
lirik qəhrəman zamanın və hakim fikrin hərəkətinə
"Dayan!" deyir. Bu əslində yeni lirik qəhrəmanın yarım əsrdən bəri ədəbi fikir və dünyagörüşündə
kök atmış meyar və ölçülərə
etirazı, onlara qarşı çıxması
idi...
Bir ölkə var dünyada ancaq,
Yazılmamış dastandır varı.
XX yüzilin dahi sənətkarlarından biri
Boris Pasternak uzaqgörənliklə söylədiyi kimi, "Talant est yedinstvennaya
novost, kotoraya vseqda nova", yəni istedad həmişə yeni ola
bilən, köhnəlməyən
yeganə yenilikdir. Həqiqətən də,
yeniliyini və özünəməxsusluğunu itriməmək istedadın
əsas əlamətlərindən
biridir.
Bundan çıxış
edərək, nə vaxtlarsa formalaşıb bərkimiş və daşlaşmış nəsnələrə,
anlayışlara, adət
və dəblərə
yeni nöqteyi-nəzərdən
yanaşmaq da həqiqi istedadın təbiəti ilə qırılmaz surətdə
bağlılığını vurğulamaq məqsədə
müvafiqdir. Bu yöndəki
və mövzudakı
şeirlər mövcud
ictimai-siyasi müvazinəti
bədii tərzdə
inkar edərək, düşüncə və
təsəvvürlərdə dönüş yaradırdı.
A.Aripovun Vətən mövzusundakı şeirləri
ilə və xüsusən, "Özbəkistan,
Vətənim mənim"
qəsidəsi ilə
yanaşı, Erkin Vahidovun "Ana torpaq",
"Özbəyim", "Özbəkistan", Rauf Pərfinin "Ana dilim",
"Özbəkistan", Çolpan
Erqaşın "Vətəni
tanımaq", "Vətən",
o cümlədən Məhəmməd
Əli, Maarif Cəlil, Aman Mətcan, Camal Kamal, Mirəziz
Əzəm, Həlimə
Xudayberdiyeva, Aydın Hacıyeva, Gülçöhrə
Nurullayeva və başqa istedadlı şairlərin Vətən,
ana yurd haqqındakı yeni ovqatlı şeirləri milli mənlik şüurunun və Vətən duyğusunun yetkinləşməsində mühüm
rol oynadı.
"Özbəkistan, Vətənim mənim"
şeirini dəfələrlə,
yenidən və yenidən oxuyarkən, bu şeirin, həqiqətən də,
60-cı illər poeziyasında
yeni bir epoxanın başlanmasına
təkan verdiyinə inanırıq. Müəllif bu
şeirində Vətənin
qüdrətinin və
dərdlərinin indiyə
kimi söz sənətində yetərincə
və layiqincə əks etmədiyini vurğulayır. Bu şeirdə
şair Özbəkistanın
tarixi obrazını işıqlandırmağa daha
çox can atır. Cəsarətlə söyləmək mümkündür ki,
"Özbəkistan, Vətənim
mənim" milli tarixin poeziyada inikası nöqteyi-nəzərindən
təkrarsız nümunədir.
60-cı illərdə Vətən tarixinə və taleyinə belə bir yanaşmaya
çox böyük ehtiyac vardı. Həqiqətən də,
şeir ana yurdun poetik tarixi
kimi doğma və cazibədardır:
"Keçmişim var
qədim, çox uzaq, Seçə bilmir hamısın gözüm. Mədh etmirəm keçmişi,
ancaq Olanları düşündüm özüm.
Zəbt eləyib gen Asiyanı, Bir zat çıxdı məğrur, davangir. İki əsr yarım dünyanı Hey titrətdi
axsaq cahangir. Deməm, bugün, o mənim, mənim, Özbəkistan,
Vətənim mənim".
Şair Vətənin həqiqi mahiyyəti və əsl qiyafəsi min illəri özündə
cəmləyən tarixində
əks etdiyini yaxşı bilir.
Həqiqətən də, min illəri
özünə hopdurmuş
və ötmüş
adlanan böyük zamansız, təkcə
on-on beş illik tarixçədən
çıxış edərək,
Vətən haqqında
hökm vermək olarmı? Müstəbid cəmiyyətdə söz sənəti məhz belə qeyri-bədii yollarla hərəkət etməyə,
əsl sənətkarlar
özlərinə yaraşmayan
işləri görməyə
məcbur edilmişdilər.
Gənc
şair tarix həqiqətlərinin müqəddəsliyini,
eyni zamanda, milli mənlik qürurunun bünövrəsi
olduğunu aydın dərk edir. Hətta Vətən tarixinin faciəli səhifələri də
övladlar üçün
əzizdir:
Babalardan
söz düşsə
əgər,
Bir kəlam var söz əvvəlində,
Səma
elmi doğulmuş əvvəl
Körəqani cədvəllərində.
Qatil əli qılınc çaldı məst,
Gün əş
kimi söndü qızıl baş.
Dostlar, göydə ulduzlar deyil,
O Uluğbəy gözündəki
yaş.
Yerdə
qalan o tənim mənim,
Özbəkistan, Vətənim mənim.
Tarix həqiqətləri
və milli iftixar barəsində söz gedərkən, şair keçmişin amansızlığını və
ədalətsizliklərini də
yada salır. Əbu Əli
İbn Sina, Əl-Xarəzmi, Əl-Biruni,
Əl-Fərabi, Əl-Fərğani
kimi onlarla mütəfəkkir babalarımızın
kəşfləri və
elm, təhsil sahəsindəki
nadir yenilikləri başqaları
tərəfindən mənimsəndiyinə,
yadlara şöhrət
gətirdiyinə görə
acı təəssüf
çəkir. Vətən
övladlarının xalqımızın
ululuğuna və qüdrətinə bəxş
etdiyi töhfələrini
unutmamağı müəllif
yanğı ilə vurğulayır: "Göz
önümdən keçər
əsrlər, Hey göstərib
möcüzələrin. Sərsan keçmiş
neçə nəsillər,
Tapammamış doğulan
yerin. Amerika - sehrli diyar,
Yuxudaydı Kolumb da hələ, Ümman arxasına nur saçdı ilk dəfə, Birununin ağıl məşəli.
Kolumda var ələmim mənim, Özbəkistan,
Vətənim mənim".
Şair son dərəcə həyati
və real tarixi təzadlar vasitəsilə
Vətənin indiyə
kimi naməlum qalmış qürur zirvələrini zamandaşlarına
anladır. Onun qəlbinin ehtiraslı
və alovlu yaşantıları bizim könlümüzdə də
əks-səda verir.
Müəllif çox düzgün və haqlı olaraq öz xalqının mənəviyyat və mədəniyyət zirvələrinə diqqəti yönəldir. Türk xalqlarının hərbi rəşadətlərini və hərb sənətini də gizlətməyə can atan ədalətsiz dünyaya elm və sənət zirvələrimizi nümayiş etdirməyi vacib sayır: "Çox cahangir görmüş bu dünya, Hamısına şahid yer üzü. Amma dostlar, şeir əhli içrə Cahangirlər az olar düzü. Beş əsrdir nəzm sarayın, Titrətməkdə zəncirbənd bir şir, Teymur tuğu yetməyən yeri Qələm ilə aldı Əlişir. Dünya oldu çəmənim mənim, Özbəkistan, Vətənim mənim".
Əlişir Nəvai dühasının türk və islam mənəviyyatının yüksəlişindəki, tariximizdəki xidmətlərini parlaq əks etdirən bu sətirlər qəsidənin estetik pafosunu qabarıq şəkildə nəzərə çarpdırır. Ümumən, qəsidədəki öznəməxsus bir ardıcıllıq təşkil edən "Səma elmi doğulmuş ilk dəfə Körəgani cədvəllərində", "Dəniz arxasını nurlandırdı ilk dəfə Biruninin ağıl məşəli", "Teymur tuğu yetməyən yeri Qələm ilə aldı Əlişir" kimi poetik təkid və təsdiqlər əsər leymotivinin aydın şəkildə meydana çıxmasına şərait yaradır. Qəsidənin cazibədar bədii dünyasına dərindən baş vurarkən, görürsünüz ki, Abdulla Aripov öz əsərində ziyalı və mərifətli, elm və mədəniyyət məskənləri, məktəbləri ilə zəngin olan, amma tarixin amansız hökmləri nəticəsində son bir neçə əsrdə dünyanın nəzər-diqqətindən uzaq düşmüş böyük bir məmləkətin qiyafəsini yaratmağa nail olur.
"Özbəkistan, Vətənim mənim" şeirində o vaxt üçün və bugünkü mənəvi-estetik ehtiyaclar nöqteyi-nəzərindən hədsiz qiymətli olan bir bədii kəşfin üstündən də sükutla keçmək olmaz. Bu Vətən və xalq münasibətinin o vaxta qədər görünməmiş və estetik həllinə rast gəlmədiyimiz yeni bir milli-bədii müstəvidə təhlili və təlqini ilə bağlı idi: "Babalardan söylədim, amma Bir zat vardır hamıdan böyük. Böyüklərə bəxş edən düha, Ana xalqım, özünsən böyük. Sən özünsən - son tikəni də, Özün yeməyib, oğluna verdin. Sən özünsən, övladlar şanın, Yüz illərdən gətirib gəldin. Ana xalqım, can-tənim mənim, Özbəkistan, Vətənim mənim".
Ümumən, B.Vahabzadə və A.Aripovun bu yöndəki poetik axtarışlarının məşhur Azərbaycan və Özbəkistan altmışıncılarının tanınmış nümayəndələrinin yaradıcılığındakı eyni məzmunlu və oxşar tendensiyalarla müqayisə edilməsi, onların ədəbi müasirləri ilə mənəvi-estetik əlaqələrinin nəzərdən keçirilməsi mühüm elmi əhəmiyyətə malikdir.
Yaşar
QASIMBƏYLİ
525-ci qəzet.-
2015.- 4 dekabr.- S.6.