Suraxanı rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
ATƏŞGAH MƏBƏDİ: SURAXANIDAN QƏDİM VƏ ƏN YENİ TARİXİMİZƏ AÇILAN SƏHİFƏ
Bakının
Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi"
dövlət tarix-memarlıq qoruğu UNESCO-nun mədəni irs siyahısına daxil edilən nadir mədəniyyət
incilərindəndir.
Böyük tarixi əhəmiyyətə malik olan bu abidə
çağdaş dövrümüzdə dövlətimizin
beynəlxalq arenada təqdimatında xüsusi rol oynayır. Bu gün
dünya Azərbaycanı "Odlar yurdu" kimi tanıyır
və qəbul edir.
Əlbəttə
ki, burada təbii yeratlı resurslarla zəngin olan paytaxtın
müxtəlif ərazilərində, o cümlədən
Suraxanıda neft-qaz yataqlarının mövcud olmasının
da mühüm rolu var. Lakin tarixdə hidrokarbogen ehtiyatları
deyil, bu sərvətləri əbədiləşdirən,
tarixi-memarlıq, incəsənət nümunəsi kimi təqdim
edən abidələr qalır. Ona görə də,
tariximizi yaşatmaq, gələcək nəsillərə
olduğu kimi çatdırmaq üçün abidələrimizə
sahib çıxmaq, onları qorumaq lazımdır.
Tariximizin
qorunması işinə Suraxanı rayonunun töhfəsi
Azərbaycanın beynəlxalq təqdimatında məhz
"od" amili mühüm yer tutur. Dünya insanında bu
adın haradan gəldiyi maraq doğurub. Bu ilin yayında
ölkəmizin möhtəşəm səviyyədə ev
sahibliyi etdiyi Birinci Avropa Oyunlarının məşəlinin
məhz "Atəşgah məbədi"ndə
alovlanması bir daha avropalılara Azərbaycanda oda pərəstişlə
bağlı tarixi bağların mövcudluğunu göstərdi.
Sevindirici haldır ki, bundan sonra harada
keçirilməsindən asılı olmayaraq, Avropa
Oyunlarının məşəli ilk alovunu "Atəşgah
məbədi"ndən götürəcək. Artıq bütün dünyaya məlumdur ki, bu məbəd
Azərbaycanın oda pərəstişinin bir simvoludur. Tarixə nəzər salsaq, xalqımızın oda,
atəşə bağlığının daha qədim
dövrlərə gedib çıxdığının
şahidi olarıq. Əfsuslar olsun ki, bu
faktı rəmzi olaraq ifadə edən abidələrimiz
azlıq təşkil edir və ya bir qədər diqqətdən
kənarda qalıb. Səbəb ölkəmizin
müxtəlif vaxtlarda yadellilər, xüsusilə son iki əsrdə
erməni təcavüzkarları tərəfindən hücuma
məruz qalması, insanlarımızın vəhşicəsinə
qətlə yetirilməsi, tarixi abidələrimizin məhv
edilməsi olub. Bu, onların mənfur xislətindən,
torpaqlarımıza sahib çıxmaq,
özününküləşdirmək niyyətindən irəli
gəlib.
XVII əsrə aid olan "Atəşgah məbədi"
tarix-memarlıq qoruğu isə hazırki dövrümüzə
olduğu kimi gəlib çıxıb. Abidənin
inşa tarixinin 5 əsr yaşı olsa da, ifadə etdiyi məna,
mahiyyət xalqımızın daha dərin köklərə
bağlı olduğunu sübut edir.
Müstəqilliyimizi
bərpa etdiyimiz 1991-ci ildən bu yana ölkədə siyasi dəyişikliklərin
baş verdiyini, hökumət böhranının, vətəndaş
qarşıdurmasının yaşandığını, hərc-mərcliyin
baş alıb getdiyini, o cümlədən erməni
işğalı, terroru ilə üz-üzə
dayandığımızı, ağır şəraitdə
yaşadığımızı nəzərə alsaq, maddi mədəniyyət
nümunələrimizin qorunmasında xalqımızın
böyük əməyini xüsusi diqqətə
çatdırmaq lazımdır. Bu gün Azərbaycan
xalqı-kontekstdə götürsək, Suraxanı sakinləri
"Atəşgah məbədi" kimi abidənin qoruyucusu
olduqları üçün qurur duymaqda haqlıdırlar.
Hazırda çətin dövrlərini arxada qoyan Azərbaycan
dövləti də maddi-mədəni irsin qorunması istiqamətində
silsilə tədbirlər həyata keçirir.
Qeyd etmək lazımdır ki, tarixi və mədəniyyət
abidələrinin qorunması haqqında Azərbaycan
Respublikasının qanunu əsas hüquqi baza rolunu
oynayır. Bu, qanun tarixi və mədəniyyət abidələrinin
qorunması, öyrənilməsi və onlardan istifadə ilə
bağlı münasibətləri tənzimləyir.
Eyni
zamanda, diqqətə çatdıraq ki, Azərbaycan Prezidenti
İlham Əliyevin 2013-cü il 27 dekabr
tarixli Sərəncamı ilə "Daşınmaz tarix və
mədəniyyət abidələrinin bərpası,
qorunması, tarix və mədəniyyət qoruqlarının
fəaliyyətinin təkmilləşdirilməsi və
inkişafına" dair 2014-2020-ci illər üzrə
Dövlət Proqramı qəbul olunub. Proqramda xüsusi olaraq
qeyd olunub ki, "Atəşgah məbədi" dövlət
tarix-memarlıq qoruğunun mühafizəsi və maddi-texniki təminatı
barədə" Azərbaycan Prezidentinin 2009-cu il 1 iyul tarixli
365 nömrəli Sərəncamına əsasən qoruğun
konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin
hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin
aparılması və "Atəşgah" tarixi muzey mərkəzinin
yaradılması üçün Prezidentin Ehtiyat Fondundan 1
milyon manat vəsait ayrılıb. Qoruğun ərazisində
genişmiqyaslı bərpa-konservasiya, elmi tədqiqat, yenidənqurma
və abadlaşdırma işləri aparılıb, abidənin
daxilində, o cümlədən yeni inzibati binanın
interyerinin və ekspozisiya sahəsinin bədii tərtibatının
layihəsi hazırlanıb. Bütün
bunlar dövlət səviyyəsində Azərbaycanın
tarixi-mədəni irsinə göstərilən diqqət və
qayğının təcəssümüdür.
Xalqımızın tarixi irsinə, mədəni həyatına
göstərilən diqqət və qayğı Azərbaycanı
dünya ictimaiyyətinin diqqət mərkəzinə
çevirib.
Bunun nəticəsidir ki, hər il dünyanın müxtəlif
ölkələrindən Azərbaycana-Qız Qalası,
"Şirvanşahlar Sarayı Kompleksi", "Qobustan"
dövlət tarixi-bədii qoruğu və o cümlədən,
"Atəşgah məbədi"ni görmək
üçün turist kimi səfər edən qonaqların
sayı durmadan artır. Bununla Azərbaycanda
turizm sahəsi inkişaf edir, dövlətimizin büdcəsi
xaricdən gələn vəsaitlərlə daha da zənginləşir.
Əlbəttə ki, bütün bunlar şəhərlər,
rayonlar üzrə müasir infrastrukturun formalaşmasından
keçir. Ölkəmizin turzim potensialını daha da
inkişaf etdirmək üçün abadlıq, quruculuq,
rekonstruksiya və restavrasiya tədbirləri bir-birilə vəhdət
təşkil etməlidir. Qeyd etmək lazımdır ki,
bununla əlaqədar Prezidentin müvafiq sərəncamları
ilə 2014-2016-cı illərdə "Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı", "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı"ına dair Dövlət Proqramları, o
cümlədən "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası qəbul olunub. Bu mənada, Suraxanı rayon İcra Hakimiyyəti də
müvafiq Dövlət Proqramı, qanun, hüquqi akt və
normalardan irəli gələn tələblərə uyğun
olaraq, rayon ərazisində infrastruktur tədbirlərini həyata
keçirir.
Rayonunun
sosial-iqtisadi inkişaf göstəriciləri
"2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə
tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına
başlanılıb, başa çatdırılan və
başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil
edir. Ümumiyyətlə, bu dövr ərzində Əmircan qəsəbəsi,
Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən
qurulub, Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın
qarşısında yeni park salınıb, rayonun Səttar Bəhlulzadə,
İlqar Məmmədov və Xanlar Ələkbərov
küçələrində yaşıllaşdırma
işləri görülüb, mərhələli şəkildə
yollara asfalt vurulması işləri aparılıb,
küçələrin işıqlandırılması
üçün elektrik kabeli çəkilib, işıq dirəkləri
və çilçıraqlar quraşdırılıb.
2015-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda sənaye məhsulunun
istehsalı 198,1 milyon manat,
tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat
xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən
investisiyalar 30,2 milyon manat, kənd təsərrüfatı 2,2
milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8
milyon manat, orta aylıq əmək haqqı 546,4 manat təşkil
edib, əhaliyə 184,3 milyon manat məbləğində pullu
xidmətlər göstərilib, daimi olmaqla 2355 yeni iş yeri
açılıb.
Qaraçuxur
qəsəbəsində 146 saylı orta məktəb
üçün 25 əlavə sinif otağından ibarət
tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə
verilib, Əmircan qəsəbəsində 5 saylı və Yeni
Günəşli yaşayış sahəsində 262
saylı uşaq bağçaları əsaslı təmir
olunub, Qaraçuxur və Bülbülə qəsəbələrində
idman zallarının, Yeni Günəşli "V"
yaşayış sahəsində idman
meydançasının, Əmircan qəsəbəsində
RİH tərəfindən 100 yerlik uşaq
bağçasının, Yeni Günəşli "D"
yaşayış sahəsində şahmat məktəbinin və
yanğından mühafizə bölməsinin binasının
tikintisi davam etdirilib. Qaraçuxur qəsəbəsində Cəlal
Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev,
Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulubəy
Şadlinski küçələrində və Yeni Günəşli
yaşayış sahəsində rayonun idarə və müəssisələrin
köməkliyi ilə abadlıq-quruculuq işlər
görülüb, küçələrin ətrafında
yerləşən qeyri-yaşayış obyektlərinin
fasadları müasir üslubda yenidən qurulub, binaların
fasadları, hasarlar, müxtəlif dirəklər rənglənib,
ətraf ərazilər iriqabaritli tullantılardan təmizlənib.
Rayon təsərrüfatının növbəti
payız-qış mövsümünə
hazırlığını təmin etmək məqsədi ilə
rayon İcra Hakimiyyəti başçısının sərəncamı
ilə müvafiq Qərargah yaradılıb, həyata
keçiriləcək tədbirlər planı təsdiq edilib,
payız-qış mövsümünə hazırlıqla əlaqədar
təmir işləri davam etdirilir, məhəllədaxili və
binaların zirzəmilərində
aşağıpaylayıcı istilik xətləri dəyişdirilir,
məhəllədaxili və binadaxili istilik sistemləri yenidən
qurulur. Lakin bununla bərabər həllini
gözləyən bir sıra problemlər də mövcuddur.
Şübhə yox ki, rayon ərazisində mövcud olan
problemlər mərhələli şəkildə öz həllini
tapmaq imkanındadır.
Xüsusilə qış mövsümünün
başladığını nəzərə alsaq, məhəlləiçi
yolların qeyri-abadlığı, asfalt
örtüyünün çəkilməməsi
özünü göstərəcək. Bununla bərabər,
rayon ərazisində qəzalı vəziyyətə
düşmüş binaların da olduğu heç kəsə
sirr deyil.
Rayonun
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov
qeyd edib ki, qəzalı evlərdə yaşayan sakinlərə,
xüsusilə Zığ qəsəbəsində qəzalı
vəziyyətə düşmüş yaşayış evlərinin
sakinlərinə köməklik göstərilməlidir:
"Ərazidə yaranmış vəziyyətin ciddiliyi və
hər an insan tələfatı ilə nəticələnə
biləcək bədbəxt hadisələrin başvermə
ehtimalının yüksək olduğu nəzərə
alınaraq Suraxanı rayon İcra Hakimiyyətinin və aidiyyəti
qurumların əməkdaşlarının iştirakı ilə
Zığ qəsəbəsində yerləşən həmin
evlərə vizual texniki baxış keçirilib, ərazinin
relyefi, geoloji xüsusiyyətləri nəzərə
alınmadan, eləcə də tikinti norma və qaydalarına əməl
edilmədən müxtəlif illərdə inşa olunub, həmçinin
uzun müddət istifadə nəticəsində
aşınmaya məruz qalmış evlərdən 40-a qədərinin
qəzalı vəziyyətə düşdüyü müəyyən
edilib. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi
məqsədi ilə 26 qəzalı evin
boşaldılmasına dair Suraxanı Rayon İcra Hakimiyyəti
tərəfindən rayon məhkəməsində
qaldırılmış iddialar təmin edilib, 22 ailə
İcra Hakimiyyətinin daxili imkanları hesabına kirayə
evlərə köçürülüb".
2015-ci ilin 9 ayı ərzində yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilib, elektron poçt ünvanına daxil olmuş, əsasən sual və təklif xarakterli 205 elektron məktub cavablandırılıb. Bu müddət ərzində İcra başçısı tərəfindən 759 nəfər vətəndaş qəbul edilib, rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 1715 nəfər sakinin iştirakı ilə keçirilmiş 27 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, icrasına daim nəzarət edilib.
Hesabat yığıncağının yekununda İlqar Abbasov əlavə edib ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaq.
Əsas odur ki, İcra başçısı İ.Abbasov rayon ərazisində mövcud olan problemlərdən xəbərdardır və onun rəhbərliyi ilə rayon ərazisində zəruri tədbirlərin görülməsi üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Eyni zamanda, rayon sakinlərinin onları düşündürən, narahat edən digər məsələlər barədə İcra baçısına məlumat ünvanlamaları üçün müxtəlif imkanlar yaradılıb. Rayon sakinləri qaynar xətt, elektron və adi poçt imkanlarından istifadə edə, başçı ilə şəxsən görüşmək üçün İcra Hakimiyyətində qəbula yazıla bilərlər. Bu, rayonda dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərin müsbət nəticə verdiyindən xəbər verir.
Ümid edirik ki, rayon əhalisini düşündürən məsələlər, xüsusilə Zığ qəsəbəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil problemləri qısa zamanda öz həllini tapacaq.
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 4 dekabr.- S.4.