pıçıltı...
dəcəl uşaq bir daş atıb bu yuvanı uçursa,
gələn bahar bu eyvanda bir qaranquş kəm gələr.
nəsə çatmaz göy üzündə, bir quş yeri boş qalar,
səni də başqa şəhərin yağışları isladar...
səni də başqa şəhərin yağışları isladar,
başqa küçəyə açılar sərxoş pəncərələrin.
kimsə çatmaz bu şəhərdə hər gecə “səhv düşməyə”:
“bu sevgini qışqırma... pıçıltısında qalsın...”
bu sevgini qışqırma... pıçıltısında qalsın,
bu gedişin, bu yoxluğun bir adı da
olmalı.
bir adı da olmalıdı bir ömür yorğunluğun,
bu təkliyə yoluxmağın bir adı da olmalı...
bu təkliyə yoluxmağın bir adı da olmalı,
bir əlinlə başına döy, o biriylə sığal çək.
güzgüyə bax, gülümsə, de ki: “səndə alınmadı,
nəsə... nəsə...
olmadı! nəsə...
nəsə... olmadı”...
1, 2 və başqa rəqəmlər...
belə olmalı deyildi, dostum,
bunca hündür olmayacaqdı divarlar,
indi mənim qısıldığım küncdən
heç kimsə görünmür
deyirəm ki, belə olmur...
onda lap çoxdan idi
onda hamı sağ idi
yaxşı yadımdadı
anamızın qarğışı
da heç kimsəni tutmazdı
Allah da heç kimi
öldürməzdi
sən deyirdin: uzaqlar olmayacaq...
amma
mən qorxurdum
qorxurdum ki, hamı birdən susa bilər...
qorxuram
qorxuram ki
hamı birdən susa bilər
səsini itirə
bilərəm, dostum
“hardasan”ını, “necəsən”ini eşitməyə
bilərəm
bir də görərsən ki
heç kimin səsi yoxdu
mən sənin səsinə sığınıb
bir ömür ovunduraram özümü
deyirəm ki, məni səsinsiz qoyma...
mən sənin nə etdiyini
hara getdiyini
kiminlə içdiyini
bilmək istəyirəm
bilmək istəyirəm
nə geyindiyini, nəyə baxdığını
niyə gülümsədiyini...
əllərinin hərəkətini
görmək istəyirəm
bilirsənmi
indi gələn yoxdu - quruca yollar var
qucaq yoxdu - quruca qollar var
büsbütün yiyəsiz
bədənlərdi indi
yataqlar...
bir də görərsən ki
heç kimin əli qalmayıb
mən sənin əlindən tutub
bir ömür yeriyə bilərəm
deyirəm ki, məni əllərinsiz qoyma...
belə olmalı deyildi, dostum
belə olma...
lll
əlin hər yerdən üzülər
və heç kimsəyə çatmaz
oturub ağlayarsan əllərinin bu çarəsiz halına.
taleyin işinə bax...
gör bir səni necə tutmuş allahının qarğışı
dodaqların cadar-cadar
və öpüşsüzləmişlər.
gör qarşıda necə quru, necə yorğun ömür var
bəs deyirdin göz yaşları yağışı da isladar...
bəs deyirdin göz yaşları yağışı da isladar
bəs deyirdin ümidlər taa bizə gərək olmaz
niyə belə küsürsən?
hərdən lap xırda
şeylərdən başlayır
unudulmaq
deyirlər ki,
arzuları öldürməsən
heç nə düzəlməyəcək...
bizə də gərək olmayacaq bir cüt uşaq
əlləri
yar telləri gərək olmayacaq
baxıb ovunmağa
aldanıb yaşamağa
bu qara dünyanın
bər-bəzəyinə
bizə bir ana tapılmayacaq
yığışıb köçməyə
dünyadakı bütün
künclərimizdən
duzlaşmış dizlərinə
daha heç nə şəkillərdəki
kimi olmayacaq
bizi aldadan quşlar
çoxdan öldülər
fotoaparatların tətik
səslərində...
lll
günəşi oğurlanmış
ömürlər var
açılmaz sabahları
tanrının unutduğu
adamlar var
eşidilməz ahları
nədən ki
məscidlərdən gələn
səslərə qarışıb
itdi
palatalardan ucalan dualar
mən sizə demişdim axı
Allahın da tərs damarı var...
lll
gün gəlir
bədənindəki ağrıların
xatirələrə çevrildiyinə
inanırsan
məsələn, yaxşı
bilirsən
ki,
nevrozun sarışan halları
kimin gedişidi
kimin gəlməyişidi
kimdəki keçmişindi...
xatırlandıqca daha çox inanırsan ağrılarına
daha çox ağlayırsan keçmişinə
daha çox udur səni qapqara boşluq...
bir də
daha çox hamılaşırsan
daha çox heçkimləşirsən
daha çox yadlaşırlar dost-doğma
adamlar...
Və Allaha bir ömürlük
bu duanı pıçıldayırsan:
İlahi,
məni bütün bədənlərdə unutdur...
lll
bir az da qalsaydın deyəcəkdim ki
lap deyəcəkdim ki, sənsiz alınmır
guya çətin olur təklik dediyin
guya gecələrin günəşi olmur
bir az da qalsaydın
bir az qalsaydın
deyəcəkdim ki
sabaha şaxta var
əynini qalın elə
üşüməyim...
Şəhriyar del GERANİ
525-ci qəzet.- 2015.- 5 dekabr.- S29