Günümüzün gözəllik kriteriyaları və harmoniya anlayışı

 

ŞƏMSİYYƏ NAMAZLI: “HƏR KƏS ÖZ DÜŞÜNCƏSİNƏ, MƏNƏVİ ALƏMİNƏ UYĞUN GÖZƏLLİK AXTARIR”

 

 

Hər kəsin istəyi gözəl görünməkdir. Qadınlar isə gözəl görünmək üçün müxtəlif üsullara əl atırlar. Belə bir deyim var: iyirmi yaşınızda üzünüz təbiətin hədiyyəsidir, əlli yaşınızda onun necə olacağı isə sizdən asılıdır.

 

Zaman keçdikcə zahiri gözəllik qismən dəyişir, amma daxili mənəvi zənginliyi qoruyub saxlamaq insanın öz əlindədir. Gözəl görünmək üçün ilk növbədə sağlam bədənə, sağlam ruha sahib olmalıyıq. Sağlam yaşamağın açarı insanın düzgün qidalanmasından asılıdır. Gün ərzində qəbul etdiyimiz qidalar orqanizmi gündəlik ehtiyac duyduğu vitamin minerallarlı təmin etməlidir.

 

Beləliklə, mövzumuz gözəllik harmoniyadır. Harmonik gözəlliyə necə nail olmağın yolları ilə bağlı  tibb fəlsəfə üzrə fəlsəfə doktoru, dietoloq Şəmsiyyə Namazlı ilə söhbətləşdik.

 

Harmonik gözəllik deyəndə...

 

- Sağlamlıq gözəlliyin təzahürü kimi insanın fiziki mənəvi qabiliyyətlərinin harmoniyası, birliyi deməkdir. Cinsindən asılı olmayaraq biz kimisə zahiri görkəminə görə gözəl görürüksə, fiziki cəhətdən yetkin, danışıq qabiliyyəti olan, ümumiyyətlə sağlam təsir bağışlayan insan hesab ediriksə, lakin onun mənəvi ruhi aləminə doğru dönüş hiss etmiriksə, əlbəttə ki, bu insanın təbii gözəllik harmoniyası ola bilməz. Çünki harmonik gözəllik deyəndə insanın sağlamlığı fiziki qüvvələrinin harmoniyasından söhbət gedir. Biz əgər sadəcə zahiri gözəlliyi nəzərə almış olsaydıq, bu cizgilərin hələ ilk işartılarını qədim yunan fəlsəfəsində görürük. O zaman yunanlar insanların fiziki mənəvi vəhdətini bir yerdə  götürərək bu vəhdətin müxtəlif tiplərini yaradıblar. Məsələn, hər kəsin bildiyi Afrodita şəhvət hissini, Gero məğrurluq hissini, Artemida bakirəliyi ifadə edən  ilahi varlıqlar sayılıb. Bu o deməkdir ki, eramızdan əvvəl antik yunan fəlsəfəsindəki qədim filosoflar insanın zahiri gözəlliyinə tam müsbət qiymət verməyiblər. Məsələn, dahi Platon insanın zahiri gözəlliyini birinci xosbəxtlik, mənəvi zənginliyi isə ikinci xoşbəxtlik adlandırıb. Əgər bu xoşbəxtliklər ikisi birgə cəmləşərsə, artıq təbii insan gözəlliyinin bir ampluasına çevrilə bilər. Yox, əgər bu hər ikisi eyni bir ampluada cəmləşə bilmirsə, dediyimiz kimi, tam olaraq, mütləq mənada gözəllikdən danışa bilmərik. Bu, nisbi bir gözəllik sayılır. Çünki insan fiziki cəhətdən normal inkişaf etməlidir. Biz sağlamlıq dedikdə insanın yalnız zahiri görkəmində təcəssüm edən plastik hərəkətləri, zərif cizgiləri, mütənasib hissələri nəzərdə tutmuruq, eyni zamanda onun daxili, psixi inkişafından söhbət gedir.

 

Təsəvvür edin, fiziki cəhətdən möhkəm, sağlam insanlar qrupu bir cəmiyyətdə birləşib. Ancaq bunların daxili mənəvi zənginliyi yoxdursa, bunu sosial mühit adlandıra bilmərik. Çünki bunlar sağlam kütlədir. Əgər insanda mənəvi zənginlik yoxdursa, o zaman vətənə, ailəyə məhəbbət, torpağa bağlılıq kriteriyalarını bu şəxsdə görə bilmərik. Sadəcə olaraq belələri sağlam, fiziki cəhətdən yetkin insanlar qrupudur. Biz deyirik ki, sağlamlıq gözəlliyin təzahürüdür. Doğrudur, amma dediyimiz kimi, daxili-mənəvi yetkinliklə bərabər. Bəli, hər kəs öz düşüncəsinə, mənəvi aləminə uyğun gözəlliyi axtarır. Amma yenə bütün bunların hamısının mərkəzində insanın sağlam fiziki əqli inkişafı dayanır. Məsələn, Afrika ölkələrində insan doğulur, nəsil artır. Lakin görün, qədər eybəcərliklə doğulan uşaqlar var. Bu uşaqlar böyüyür xəstə bir cəmiyyət əmələ gəlir. Çünki cəmiyyətin sosial sağlamlığı hər bir fərdin, ailənin tibbi bioloji sağlamlığından asılıdır. Ona görə bunu nəzərə alaraq dünyada 21-ci əsr sağlamlıq, ekologiya  sabit inkişaf əsri adlandırılıb. Bu, BMT tərəfindən səsləndirilən konsepsiyadır.

 

Daxili gözəlliyin zahiri görünüşə təsiri

 

Daxili gözəllik zahirdən aşkarlanır. Məhz buna görə normanın estetik dəyərləri ön plana gəlir. Məsələn, biz bəzən müşahidə edirik ki, kiminsə gözəl qədd-qaməti, düzgün bədən quruluşu var, plastik-elastik hərəkətləri, hətta onun yerişinin növü  hansı formadadır. Qadındırsa bir başqa, kişidirsə yenə fərqli olaraq, səsinin tonu, tembri, danışığı, yəni bütün bunların hamısı insanın daxili aləmindən xəbər verən atributlardır. Yox, əgər sadəcə, maneken kimi bir insanın zahiri gözəlliyində bu atributları görəriksə, təbii olaraq burda gözəllikdən söz gedə bilməz. Eynən yunanlarda olduğu kimi, Afrodita, Gero kimi ilahiləri qoyub sadəcə onlara baxıb keçərdilər. Çünki onların daxili aləmi yox idi. Sadəcə, onlar insan təxəyyülündə özlərinin arzuladığı bir obrazı yaratmışdılar ki, gözəllik belə olmalıdır. Belə bir söz var ki, “filankəs çox nurlu insandır”. Doğrudan da, daxili işıq hər zaman insanın üzündə təcəssüm edir. Əgər daxilində kin-küdurət, paxıllıq varsa, başqalarının sevincinə sevinə bilmirsə, insandan asılı olmayaraq mimika dəyişir. Bu zaman insanda hormonal dəyişiklik baş verir, onda endorfin düşür, adrenalin aşağı səviyyədə olur insanda üz ifadəsi dəyişir. Bu mimika dəyişən anda, əlbəttə ki, o insanın üzündə təbəssüm ola bilməz. Artıq daxildə hormonal dava-dalaş gedir. Daxildə belə mübarizə getdiyi anda qan təzyiqi qalxa, müxtəlif dəyişiklik baş verə bilər. Bu zaman insanın üzündə o nuru, işığı, daxildən gələn o müsbət enerjini görə bilmərik. Çox təəssüf ki, cəmiyyətdə belə insanlar çoxdur. 

 

Gözəllik görənin gözlərindədir

 

Qarşısındakı insanın gözəlliyi ona baxanın mənəviyyatından, intellektindən, düşüncəsindən asılıdır. 21-ci əsrdə bütün dünyanın alimləri, nəhəng filosofları yenidən insanın mənəvi aləminə qayıdıb bir dönüş etdilər. O qədər elmi-texniki inkişaf baş verdi ki, insan özünün oxşarını da yaratmağa nail oldu. Kosmik layihələr, kəşflər, elmlərin bir-birinə inteqrasiya edərək yeni elmlərin yaranması sair ağlasığmaz elmi-texniki nailiyyətlər əldə olundu. Amma bununla yanaşı insanın mənəvi-ruhi aləmində elə bir dəyişiklik əldə olunmadı. Əksinə, bu sahədə göstərici aşağı düşdü. Çünki hər insanın öz baxış bucağı, hər kəsin özünün daxili aləminə uyğun axtardığı gözəlliklər var. Əgər bu gün insanlar arasında fizioloji instinktlər onun intellektual səviyyəsini üstələyirsə, əlbəttə ki, dediyiniz o gözəllik bir ildən, altı aydan sonra artıq nəzərdən düşüb sıradan çıxır. O prizmadan baxan insan yenidən digər bir gözəllik axtarışına çıxır. 

 

Arıqlıq niyə dəbdədir...

 

Qədim italyan rəssamların əsərlərinə baxanda görürük ki, əsasən dolu xanımların rəsmləri üstünlük təşkil edir. Bəlkə də bu ondan irəli gəlirdi ki, dövrünün ən irəlidə gedən rəssamlarının obrazları idi o qadınlar. Və ona baxaraq hər kəs çalışırdı ki, o obraz tipində bir qadını tapa bilsin, sevə bilsin. Mən hesab edirəm ki, indikindən fərqli olaraq o dövrün insanları öz zamanında yaşayan dahi rəssamların əsərlərinə daha çox baxıblar, nəinki bizim dövrümüzdəki insanlar. Onların çəkdiyi o obraz elə bil ki, onların beyninə mənəvi cəhətdən həkk olunmuşdu. Hər kəs istəyirdi ki, sevdiyi insanı ona bənzətsin. Amma zaman keçdikcə, təbii ki, elmi-texniki inqilablar, tibbi dietologiyanın inkişafı bu sahədə dəyişikliyə gətirib çıxardı. Tibdə müəyyən göstəricilər, düsturlar var ki, insanın normal çəkisi nə qədər olmalıdır. Həmin düstura, çəkiyə uyğun olaraq hər şey dəyişdi. Dediyim kimi hər sahədə inkişaf getdiyi kimi təbabət sahəsində də inkişaf getdi. Kök insanların çəkisi normadan artıq olur, hormonal pozğunluqlar baş verir, şəkər xəstəliyi, hipertoniya, qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Hələ mənəvi cəhəti kənara qoyaraq tibbi bioloji tərəfindən yanaşsaq burda artıq normaların dəyişildiyini görürük. Çəki artdıqca bütün bu fəsadlar baş verir, insanın sağlamlığına birmənalı olaraq ziyan vurur. O baxımdan hər hansı həkimin qəbuluna xəstə gələndə əgər aşağı ətraf, oynaqlar xəstədirsə ilk növbədə çəkinin azalması deyilir. Yaxud qan təzyiqi yüksək olan xəstə gəlirsə ilk növbədə çəki azalmalıdı. Çünki hər kiloqram çəkiyə hesablamalar göstərir ki, bir ml civə sütunu səviyyəsində  insanın təzyiqi  aşağı düşür. Ürəyə gələn yük azalır. Əlbəttə ki, bu zaman-zaman belə inkişaf etdikcə artıq başlayır zahiri gözəlliyə təsir etməyə.

 

Ataların belə bir misalı var, çox yemək insanı az yeməkdən qoruyar. Bütün məsələlərdə insan tamahını saxlaya bilərsə, hər şeyə nail ola bilər. Elmi-texniki inkişafla bağlı olaraq insanlar adinamik həyat tərzi keçirirlər.  İstər kişilərdə, istərsə də qadınlarda fiziki aktivlik çox azalıb. Hərəsi bir cür problem yaşayır.

 

Sakit həyat tərzi keçirən bir insana gün ərzində iki min beş yüz kilo kalori yetərlidir. Amma bəzən insanlar gün ərzində beş min kilo kalori qida qəbul edirlər. Qida qəbulundan sonra həmin qida parçalanmalıdır, əgər parçalanma baş verməzsə, bu qida piy halında lokal şəkildə digər yerlərə toplanır. Hesab edirəm ki, xəstəliyi olmayan  insanın qidalanması normal olarsa, şirniyyatdan, xəmir xörəklərindən uzaq olarsa və qəbul etdiyi qidanı hərəkətə sərf edərsə, bu insanlarda çəkinin artması, piylənmə müşahidə edilməyəcək. 

 

Estetik əməliyyatlar nəticəsində individuallıq itir

 

Tanrının yaratdığı insanlardakı simptomlardan biri də incə cizgilərdir. Əməliyyatlar nəticəsində artıq biz o cizgiləri itirmiş oluruq. Hər bir nəslə, millətə  məxsus cizgilər olur. Bu gün isə hamı eyniləşib. Burun əməliyyatları, dodaqların silikonlaşdırmaq, eyni makiyaj, eyni saç düzümü. Estetik əməliyyatlar nəticəsində insanın zahiri cizgiləri itir və bir-birinə oxşayır. Təbii ki, buna gözəllik demək olmaz.

 

Samirə QULİYEVA

525-ci qəzet.- 2015.- 5 dekabr.- S27