Ağdamda nəyim qaldı?

 

 avtobioqrafik roman

 

“Azərbaycan” jurnalının builki 10-cu sayında yazıçı-dramaturq Əli Əmirlinin “Ağdamda nəyim qaldı” avtobioqrafik romanının “ardı var”sız, bütöv şəkildə çap olunduğunu görəndə bu əsəri mütləq oxuyacağımı düşündüm. Amma mütaliəylə bağlı aldadıcı qənaətlərim az olmayıb. Necə belə əsəri bir neçə cümlədən, abzasdan, səhifədən sonra yarımçıq qoymuşam. Sonra heç yadıma da düşməyib. Amma bu dəfə belə olmadı. Niyə görəsən? Oxuduqca məni bürüyən hüzn, kədər, göz yaşları, tez-tez sevinc, heyrət qarışan hisslər bir-birini əvəz edirdi...

 

Dəqiq deyə bilmərəm bu əsər məni niyə bu qədər cəzb etdi, təsirləndirdi...

 

Bəlkə mənim də uşaqlığımın və yeniyetməliyimin keçdiyi - “dünyanın ən varlı şəhəri” (A.Abbas) haqqındaydı ona görə?! O şəhərin 50-60-cı illər bundan öncəki durumu, aurası, ab-havası həzin bir nostalji yaradırdı bəlkə?! Bəlkə Əli Əmirlinin usta yazıçı qələminin, dəqiq, sərrast müşahidələrinin, iti yaddaşının beynimdə solan, rəngsizləşən məkanları, adamları, xarakterləri diriltməsinə görəydi?! Yaxud indi az-az duyduğum, dərhal da tanıdığım və təsirləndiyim təkrarsız Ağdam koloritinin hesabınaydı?!

 

Oxuya-oxuya düşünürdüm ki, mütaliəmi bitirib Əli müəllimə zəng vuracam, təbrik edəcəm, minnətdarlığımı bildirəcəm. Amma hər gün “525”in ofisində davam elədiyim mütaliəmin ikinci günü elə təsirləndim ki, sonu gözləməyə hövsələm çatmadı. Əsərin yaratdığı həyəcanın, emosiyanın içində Əli müəllimə zəng elədim, hisslərimi bildirdim, soruşdum da ki, bəlkə əsərdən parçaları “525”də çap edək. Etiraz etmədi. Sonrakı günlər mütaliə eyni ovqatla davam etdikcə, necə oldusa, düşündüm ki, parçalar niyə, bəlkə əsəri, hissə-hissə də olsa, bütövlükdə verək qəzetdə? Niyə mənim aldığım bu böyük zövqdən “525”in sadiq oxucularına da pay düşməsin?! Buna görə də, 50-60 il öncənin Ağdamını, Qarabağını, bütövlükdə Azərbaycanını, insanlarımızın yaşantılarını canlı, dolğun əks etdirən bu əsərin “525”də hissə-hissə dərcinə qərar verdim. Əlbəttə, Əli müəllimin razılığı və ona böyük minnətdarlıq hissləriylə.

 

Rəşad MƏCİD 

 

Dayımın ailəsi

 

Mən Ağdama gələndə dayımın evi bir otaqdan və şüşəbənd halına salınmış artırmadan ibarətdi. Burada dayımla arvadı Şəfiqədən başqa, yaşı yetmişi çoxdan ötmüş  nənəm Zinyət, dayımın əsgərlikdən qayıdıb evlənmiş yeganə oğlu Mənaf arvadı ilə yaşayırdı. Onu da deyim ki, Mənafın arvadı mənim atabir-ana ayrı bacım Naziləydi. Yəni Əmimin müharibə vaxtı tələf olmuş arvadından qalmış iki qızından biri.

 

Bu gün o vaxtkı  şəraiti təsəvvürə gətirəndə adam dəhşətə gəlir, o zamanlar isə, yəni 50-cı illərdə bu darkeşlik elə də qəribə görünmürdü. İndi bu qədər adamın dar-düddək bir evdə yaşadığı halda, hələ kimisə də övladlığa götürməyin adı nəydi bilmirəm. Beləliklə, mənimlə birlikdə altı nəfərlik ailə, amma xeyli mürəkkəb, özü də qarışıq ailə. Bu evdə hamıya ögey Şəfiqə idi, heç kimlə qan qohumluğu yoxdu. Mənə gəldikdə isə, məsələ xeyli mürəkkəbdi. Mənaf indi mənim həm dayım oğlu, həm qardaşım, həm də yeznəmdi, bacımın əri. Nazilə mənim həm ögey bacım, dayımın gəlini, həm də qardaşımın arvadıydı. Nənəmin qohumluq əlaqəsi dəyişməzdi, istənilən halda doğma nənəmdi, amma ögey nənədən betər: ətiacı, hirsli-hikkəli, acıqlı. Yeri gəlmişkən, Nənəm mənim bu evə oğul keyfiyyətində gətirilməyimi qəbul eləyə bilmirdi və vaxtaşırı çox müdrik, amma biədəb bir misal çəkirdi: dana damdan çıxar, oğul... Həm də ona elə gəlirdi ki, bu oğulluq məsələsi ilə mən onun özünə daha yaxın bildiyi Mənafın haqqına girmiş oluram. Əsas səbəbsə, təşəbbüsün o “hayasız”dan gəlməsi idi, yəni Şəfiqədən. Dirsəyini lazım gələndə Şəfiqəyə göstərib: “Umud ol, onnan saa oğul olajax!” - Bir ağız öskürüb bıçağı bir az da dərinə işlədirdi: “Oğul istiyən onu doqquz ay qarnında gəzdirər, canı çıxar hıqq eliyif doğar, o dartıf göyə dikəltdiyi döşdərinnən əmizdirər, canım saa desin...”

 

Bundan sonra dava düşür, tərəflər bir-birini yamanlayır, nəhayət,  Nənəmin göz yaşları və kənddə qoyub gəldiyi ev-eşiyinə ağı deməsi, ötən günlərini oxşaması ilə bitirdi.

 

Bəs necə olmuşdu Nənəm kənddə bir anbar ağbirçəklik hörmətini, özü demiş, topdağıtmaz evini, bağını-bağçasını, çox evdən rahat töyləsini, mal-heyvanını, toyuq-cücəsini buraxıb gəlmişdi şəhərə, oğlunun bu dardüddək evinə? Hələ bu azmış kimi, evi müəllimlər evindən bir arakəsmə divar ayırırdı. O müəllimlər evi ki, bir vaxtlar orada Ağdam teatrı yerləşirmiş. İndi həmin müəllimlər evində bir tar dərnəyi vardı ki, uşaqlar orda səhərdən axşamacan, “bəsdi deyincə” tar dınqıldadır, Nənəm də deyinməkdən, “başınız-dişiniz ağrısın!” deməkdən yorulmur, hərdən də əlinin altında olan çəliyinin tutacağı ilə divarı bərk-bərk döyəcləyirdi.

 

 Məsələ burasındaydı ki, babam Şahverən kişi Allah rəhmətinə gedəndən sonra Nənəm bir müddət yeniyetmə yaşında olan Mənafla tək qalır. Günləri pis keçmir; kişi oldu-olmadı, elə əvvəlindən təsərrüfat işlərinə Nənəm özü rəhbərlik edirmiş. Mənaf da əsgərlik yaşına qədər ona ən ağır işlərdə kömək eləyir, əlbuyruqçusu kimi, arvadın göstərişlərini yerinə yetirir.

 

 Mənaf hərbi xidmətə çağrılandan və uzaq Rusiyaya xidmətə yola düşəndən sonra dayım, bundan sonra Papa deyəcəm ki, çaşqınlıq olmasın, qərara gəlir ki, tək qalmış qoca anasını şəhərə yanına gətirsin. Onda Papamın arvadı bir vaxtlar onun özü ilə Ağdam teatrında aktrisa kimi çalışmış Mahizərdi. Yaxşı muğam səsi olan bu xanım Ağdam teatrının tamaşaya qoyduğu muğam operalarında Leylini, Əslini, Ərəbzəngini oynayıb. Papamdan ayrılandan sonra Bakıya köçmüş, Opera və Balet Teatrında işə qəbul olunmuş, yenə də muğam operalarında müxtəlif partiyaları ifa etmişdi. Ərə də getmişdi, hələ desən oğul-uşaq sahibi də olmuşdu. Sözüm onda deyil. Elə Ağdama gəldiyi ilk gündən Nənəmlə gəlinin xasiyyəti tutmayıb. Artıq Şəfiqəyə aşiq olmuş və canını Mahizərdən qurtarmaq istəyən Papamın əlinə yaxşı bəhanə düşür və “ipək kimi” anasını yola vermədiyinə görə ondan ayrılmaq qərarına gəlir. Eşitdiyimə görə, qadın da məmnuniyyətlə boşanır. Səbəblər də çoxdu: Ağdamda teatr neçə ildir bağlanıb, ailədə uşaq yox, Papam kolxoz bazarının müdiri vəzifəsindən çıxarılıb, işsizdir, nə cibində, nə də altında bir manatı yox. Bir tərəfdən də, kənddən gəlmiş ərköyün qayınana firounluq eləyir, gəlinə gün verir- işıq vermir. Ayrılmaq qaçılmazdı. Əlbəttə, bu danışdıqlarım eşitdiklərimdir, məndən qabağın işləridir.

 

lll

 

Papam növbəti dəfə subaydır, yenidən evlənmək , düz iki il dalbadal alışıb-verişdiyi Şəfiqəni evə gətirmək məsələsində  heç bir maneə yoxdur. Amma yox, karlı maneə vardı: pulsuzluq! Şəfiqə tanış olduqları iki ildə Papamı pullu görüb, özündən xeyli yaşlı olsa da (əslində, 48 yaş kişinin həm bilən, həm bacaran vaxtıdır), kifayət qədər yaraşıqlı, indi deyilən kimi, xarizmatik kişi, səxavətli, vəzifəli... İndi buyur: evlənmək məqamında pulsuzluq kəsib qabağını. Evlənmək istədiyi qadına necə desin ki, mən lüt-lütqomam? Kişi bir balaca düşünüb çıxış yolunu tapır: kənddə qapısı-darvazası bağlı qalmış ev kimin nəyinə gərəkdir?!

 

Ata yurdunu satdığına görə qonum-qonşunun, qohum-əqrabanın qınağına tuş gələcəyini bilsə də, fikrindən daşınmayıb, heç Nənəmə gənəşməyib də. Arvad bir də ev əlindən çıxanda ayılıb,  gücü də çatıb qışqırmağa, qarğış eləməyə, amma gecdi, olan olub, torba dolub, daha geriyə yol yoxdu. Alan da kəndin cəddi daş çatladan çox hörmətli, ağır seyididir. Əslində, Papam savab iş görmüşdü, bomboş qalmış ata yurdu müqəddəs ocağa çevrilmişdi. Həqiqətən, adam bilmir harda qazanır, harda itirir, amma Papam üçün mühüm olan bu deyil, mühüm olan pul probleminin həll olunmasıdır.

 

Yeni izdivac baş tutur, qubalı qız Ağdama, Dəyirman həyətinə gəlin gəlir. Çətin də olsa, Dəyirman həyətini, Papamın ordakı evini görən qadının xəyal qırıqlığını təsəvvür etməyə çalışıram, amma...

 

Təzə gəlinin ayağı sayalı olur, papamı “Selpo” deyilən kəndlərlə bağlı bir ticarət idarəsinə müdir təyin edirlər. Vəziyyət tez dəyişir: pul var, vəzifə var, hörmət var, o vaxtların nadir bəzək əşyası olan qızıl “Zarya” saat və onu gözəl biləyinə bağlayan təzə arvad da var! Bir sözlə, həyat gözəldir, amma Nənəm belə düşünmür, o yenə də müxalifətdədir. Yetənə deyir ki, “Toy toğlusuna oxşuyan bu qırmızıdodax gəlinnən heç bir kişiyə, heç Məhəmmədə də arvad olmaz!”

 

Bir tərəfdən də Mənaf əsgərlikdən qayıtmalıdır. Kənddə ev yox, qocalmış nənə özü qalıb evsiz-eşiksiz, “podralı-qrasqalı yad qızının əlində əsir-yesir”. Amma evin aman-zaman bircə  oğlu əsgərliyi “savıb” küçələrdə qalmayacaqdı ki! Buna millət nə deyər? Onu da deyim ki, Mənaf hələ üzünü görmədiyi təzə analığından  bir yaş da böyükdü. Axı, Papam ilk dəfə evlənəndə on beş yaşının içində olub. Nənəm sonralar danışardı ki, gədəni evləndirəndə xrom çəkməsinə qəlbi daban vurdurub başına uzunşüllək gümüşü papaq qoymuşdum ki, boyu qəlbi olsun, yaşlı görünsün, yoxsa kənd sovetində kəbin kəsmirdilər. Ona görə də Mənaf, əslində, Papamın kiçik qardaşı yerindəydi, yaman da oxşayırdılar. Fərq ondaydı ki, Mənaf ilk baxışda boylu-buxunlu, yaraşıqlı olsa da, atasının xeyli primitiv dublikatı idi.

 

 Papam əsgərlikdən gəlmiş, heç bir təhsili, sənəti-peşəsi olmayan Mənafa bir budka-dükan açdırır və Mənaf başlayır ticarətə, amma unutmayaq ki, Mənaf atasının oğluydu, yeyib-içən, kefqom, qadınlara münasibəti də əsgərlikdən göndərdiyi şəkillərdən məlumdu. Papamın sevimli monoloqlarındandı: “Ə, camaatın uşağı əsgərrikdən tank belində, avtomat çiynində şəkillər göndərir evə, mənimki də urus qəhbələri ilə şəkil çəkdirib yolluyur üstümə. Deyirəm, ay oğrac, mən səni ora göndərmişəm tüfəng atasan yoxsa... nəhlət saa şeytan dayna!” Bu monoloqu eşidəndə Mənaf gülməkdən qəşş eləyirdi.

 

Bu yerdə Nənəm Mənafa qahmar çıxır:

 

 - Ə, Məhəmməd, saa çəkif dayna! Sənnən oluf özgəsinə oxşamıyajeydı ha! On üç yaşınnan arvad deyif dad döyürdün.

 

- Palan içi tökmə, az! Sənin yekəltdiyin uşax bunnan artıq olmuyajeydı!

 

Bu yerdə Nənəmi saxlamaqmı olardı:

 

- Neynək, ə, mən pisiydim, gəlif sən yekəldeydin! Arvad bilmədin, ata-ana saymadın, uşax tanımadın, qızdın qıza bildikcə, kəndə sığmadın, qaşdın şəhərə. Pis yekəltmişəm mən?! Bə niyə onda fikrin çəkmədin baleyın? Anası da demə qınqılış dayanıfmış, o da hayıxıf qoşuldu qaşdı Çölməhlə lotusuna! Qaldım altıaylıq südəmər uşaxla. Sənin dilin də var danışırsan, ay beinsaf? Mənaf yazıx havax ata gördü, havax ana südü əmdi?

 

 - Bəsdi, az! Ağzını qoyma Allah yoluna! Dinc saxla o yüz qramlıq dilini!

 

 - Niyə, ə, mənim səsimi alıflar? Qaldım eeey tək canıma dilsiz-ağızsız tifilnən. Şəlliyirdim kürəyimə, inək sağırdım, pəyə kürüyürdüm, mal nobatına gedirdim. Bir də görürdüm oduhaa... kürəyimin arası isdandı, işəməyi axdı belimnən dabanımacan... Sən də onda kefdeydin; lotu qalmadı Ağdamda, aldın-boşadın, aldın-boşadın...

 

Nənəmin bu aqressiv reçitativindən sonra növbəti davanın ikinci, daha qaynar fazası başlayırdı.

 

lll 

 

Papam Mənafın  ipə-sapa yatmadığını, qazandığını “arvadlara və qumara” qoyduğunu görüb onu evləndirmək qərarına gəlir və bir dəfə kənddə bizim evdə gördüyü Naziləni istəyir Mənafa. Nazilənin bənizi, bilək yoğunluğunda sarışın hörüyü, yaşıla çalan ala gözləri kişinin xoşuna gəlmişdi. İki ögey qızına əsl “öyəlik” eləyən Mamam məmnuniyyətlə razı olur, təki yetimlərin birindən canı qurtarsın, qardaşının da könlü xoş olsun. Elə bircə günün içində Naziləni Mənafa, həmin o dardüddək evə gəlin gətirirlər. Mənafa kimi almaq fərq eləməzdi, həm də atasının sözündən çıxmazdı. Gənclik illərində, elə sonralar da “qağa” dediyi atasından həm çəkinir, həm də çox istəyirdi. Onun müqəddəs and yeri qağasının canı idi. Sonralar Mənaf evdən xeyli aralıda ev kirələdi və arvadı ilə ora köçdü, şübhəsiz bu həm də Şəfiqənin təzyiqinin və istəyinin nəticəsi idi. Amma bu köçdən qabaq çox işlər oldu, çox hadisələr baş verdi. Bu barədə yeri gələndə və lazım bilsək danışarıq. Beləliklə, Mənaf ev tutub köçəndən sonra bu evdə qaldı Papam, Şəfiqə, Nənəm və mən.

 

lll

 

Ağdamda, təzə evdə, yad ailədə mən hər bazar gününü səbirsizliklə gözləyirdim. Həmin gün Əmimlə Mamam şəhərə, yəni Ağdama bazarlığa gəlirdilər. Təbiidir ki, bazara gəlib qardaşı evinə dəyməyə bilməzdi Mamam. Həm də orda indi anasından, qardaşından başqa  mən də vardım, özündən ayırıb qardaşa peşkəş elədiyi uşaq.

 

 Ağdama gəldiyim gündən darıxmağa başladım. Ata-anam, bacı-qardaşlarım, həyətimiz, bağçamız üçün tək burnumun ucu yox, ürəyim göynəyirdi. Dayımın evində mən özümü sürgündəki kimi hiss edirdim, amma bunu heç kimə deyə bilmirdim, hamıdan gizlədirdim, necə xifət elədiyimi  heç vaxt büruzə vermirdim. Hamı məni xoşbaxt, ərköyün, sevilən uşaq bilirdi. İndi mənə çox qəribə gəlir, yeddi-səkkiz yaşlı uşağı ikili həyat sürməyə, həqiqi hisslərini cidd-cəhdlə gizlətməyə məcbur edən nəydi? Nəydi məni bu evdə, bu süni ailədə saxlayan? Mən Papamın neçənci arvadı olan Şəfiqənin qabağında, elə Papamın hüzurunda niyə özümü ata-anama biganə göstərirdim? Onların yanında anama həmişəki kimi mama demirdim, həm də deyim ki, buna ixtiyarım da çatmırdı. Bilirdim ki, artıq Papa dediyim dayım, mama dediyim Şəfiqə mənim valideynlərimə göstərdiyim bu biganə münasibətdən xoşlanır, hətta anamın məni öpməsinə qısqanclıqla yanaşırdılar. Yazıq Mamam bunu bildiyindən Papamın, xüsusilə də Şəfiqənin  yanında məni öpməkdən çəkinirdi. Özünü saxlaya bilməyib məni yüngülvari öpəndə isə, Şəfiqə o saat Papamı köməyə çağırırdı:

 

 - Mamed, buna bax, gör necə öpür Əlini?

 

 - Nədaaz, dəəsən peşman olmusan?

 

Yazıq Mamam vəziyyətdən çıxmağa çalışır:

 

- Ə, indi qardaşımın balasını öpbəyə ixtiyarım yoxdu, Mamed?

 

 Əmimin gücü isə mənə baxıb  məzlum təbəssümlə gülümsəməyə çatırdı. Elə ki, mamamgil bizdən çıxıb bazara yol alırdılar, bir bəhanə ilə qaçıb qaranəfəs onlara çatır, özümü Mamamın həsrətində olduğum qucağına atırdım. Mamam burda, küçədə, qardaşının gözündən iraq yerdə  məni duz kimi yalayır, üz-gözümü göz yaşları ilə isladırdı. Əmim isə xasiyyətinə uyğun təvazökarlıqla, sakitcə, ən çoxu da günahkar adam kimi üzümdən və başımdan öpürdü. Mən hələ onda hiss edirdim ki, Əmim mənim üzümə baxmaqdan utanır.

 

 Mamam toxtayıb göz yaşlarından islanmış yanaqlarını ipək kəlağayısının ucu ilə silir və hirsli-hikkəli soruşur: “O lotu səni incitmir ki, ə?” Mamam lotu deyəndə Şəfiqəni nəzərdə tuturdu, çünki qulağına ağdamlı qonşularımız Şəfiqənin məni nökər kimi işlətdiyini pıçıldamışdılar.

 

- Bax, qorxub eləmə, saa pis baxırlarsa de, bu sahat aparım səni evimizə. Mən qardaş-zad bilmərəm! - Bu yerdə Mamamın səsi çatal vurur, gözləri yaşla dolur.

 

Mən Mamamın sualına heç nə demədən başımı bulamaqla cavab verirdim. Heç vaxt Şəfiqənin məni incitdiyini, əlbuyruqçusu kimi işlətdiyini, hətta həyət süpürtdürtdüyünü demirdim, çünki hələ o zaman da bilirdim ki, Mamam qardaşından çox asılıdı. Bilirdim ki, Mamam tez hirslənən, özündən çıxan hikkəli qadındı, özü demişkən heç nəyin üstündə “qırğın qoparandı”, bircə şikayətimdən hirslənib sabahı düşünmədən məni elə burdanca götürüb kəndə apara bilərdi, amma tez də peşman olardı. Əvvəla, bircə qardaşı ilə küsü saxlaya bilməzdi, bu heç bir cəhətdən ona sərf eləməzdi, ikincisi də qardaşını çox istəyirdi. Papam  hər bir cəhətdən onun uman və guman yeri idi. Bütöv Ağdamda tanınan, sayılıb-seçilən adamdı kişi, elədiyi xahiş boşa çıxmaz, sözü havada qalmazdı. Bir çətinliyimiz olanda dərhal dayı yada düşürdü. Özü demiş “Poxu g...dən əyri çıxan” üstünə yüyürürdü.

 

 Kənddə çox adam Mamama, elə bizim ailəyə Mamed Əmirova görə hörmət edir, bizi adamlı bilirdilər. Arvadlar Mamama “Sənin nə dərdin, ay Sitara, adı rayyonnan bir qardaşın var” deyirdilər. Mən uşaq olsam da, bütün bu nüansları başa düşür və ona uyğun hərəkət edirdim.

 

lll 

 

Mən Şəfiqənin bütün təpkilərinə dözürdüm, nə qədər istəsəm də, kəndə qayıtmağı ağlıma belə gətirmirdim. Çox illər sonra, onda Əmim xeyli vaxtdı rəhmətə getmişdi, Mamam bir söhbət əsnasında dedi ki, “Əmin saa görə çox xifət eliyirdi, yazıx kişi içində çəkirdi. Bir dəfə bazardan qayıdanda dedi ki, az, Sitara, biz niyə belə nainsaf iş tutduq?!” Mamam gözünün yaşını silir: “Əli, o dayının canı haqqı, bir dəfə də bunu dedi, sonra o boyda kişi içini çəkib hıçqıra-hıçqıra ağladı. Mən də dedim ki, ə, Xannar, ə, ağlamaq nədi, ay dəli, görmürsən gədəni paççah balası kimi saxlıyıllar?! O boyda kişi belindən gələn Mənafı qoyuf Əlinin canına and içir? Bəənnən də danışdıxca gözümnən yaş axır... Axı hər şeydən xəbərim vardı, anan ölsün sənin, mən anan...”

 

Əlbəttə, nə Şəfiqə, nə onunla antoqonist münasibətdə olan nənəm Zinyət, nə də Papam məni məxsusi incitmirdilər, amma mən bu evə gələndən artıq uşaqlığım bitmişdi. Uşaq istəklərimin çoxunu içimdə dəfn eləmişdim. Heç kimə ərkim çatmırdı. Evdə güvənə biləcəyim adam yoxdu. Ona görə də məhlədəki tay-tuşlarım kimi ürəkli deyildim. Nahaq deməyiblər yetim quzu qoç olmaz! Bilirdim ki, çətin məqamda arxamda dayanan olmayacaq, əksinə haqlı-haqsız çoxlu danlaq, tənə yeyəcəm, odur ki, bütün hərəkətlərimi Şəfiqənin xoşuna gələ biləcək istiqamətdə tənzimləyirdim. Bir oğlan uşağı kimi mənim  azadlığım yoxdu, heç kəs kənddəki kimi başıma fırlanmır, məni tumarlamır, nəvaziş eləmir, üzümdən öpmürdü. Mən heç doğmaca Nənəmdən də elə bir məhəbbət, qayğı görmürdüm. Onun başı özünə qarışmışdı, daha çox “toy toğlusuna oxşayan” gəlinlə mübarizədə idi. Ümumiyyətlə, Dayımın evində bütöv bir ailə anlayışı yoxdu.     

 

Şəfiqə

 

Şəfiqə Papamdan iyirmi yaş kiçik, məndən cəmi on beş yaş böyükdü. Mən uşaq olsam da, bilirdim ki, bu izdivac müvəqqətidir. Prinsipcə onları bağlayan heç nə yoxdu, ayrılmaq üçünsə səbəblər kifayət qədərdi. Bu qadını papamın kişi yaraşığı, xarizmatik görkəmi, ən çoxu da pullu və səxavətli kişi rolunu məharətlə oynaması aldatmışdı və bunu başa düşmək üçün bir toyuğun ağlı da kifayət edərdi. Qubalı qız Ağdama gəlib reallığı görən gündən hər şeyi anlamışdı mən bilən, amma gecdi, dərhal geri qayıtmaq ayıb olardı. Hər bir cəhətdən sınıq təknə təəssüratı yaşamış və nə etmək lazım gəldiyini bilməyən, bəlkə də hələ nəyəsə ümid eləyən bu gənc qadın hər şeyi öz axarına buraxmışdı.

 

 Papam yaxşı vəzifələrdə işləsə də, pul qazanan deyildi, əyri işlərə girişməz, hökumət əmlakına əl uzatmaqdan qorxardı. Xırda-xuruş nələri isə nəzərə almasaq, əsasən, aylıq məvaciblə dolanar, onun da əsas hissəsini əyin-başına xərcləyərdi. Hər şeydə simic olsa da, özünə geyim almaqda səxavətli idi.  O sabahı düşünən kişilərdən deyildi, kef adamıydı. Əslində, Şəfiqə  gələcəyi görənlərdən deyildi, yüyəni zamanın, bəzən də, lap anın əlindəydi. O, cavanlığından istifadə edib şıltaqlıqlar yapır, bir aktrisa kimi, lazım gələndə vurğun qadın rolunu da pis oynamırdı. Bu da Papamın xoşuna gəlirdi.

 

Məni oğulluğa götürmək də bu qadının növbəti şıltaqlıqlarından biri, sonranı görməyən adamın əməli idi. Yəqin onun ağlına da gəlməyib ki, uşaq kukla deyil, canlı varlıqdı, onun başını sığallayıb yanağını əlləmək azdır, onu çimdirmək, yedirtmək, geyindirmək, bir sözlə, qayğısına qalmaq lazımdı, özü də bir dəfə yox, beş dəfə yox. Deyim ki, o buna təşəbbüs də eləmişdi. Ağdama gəldiyim ilk günlər çox böyük həvəslə mənim əyin-başımı dəyişib şəhərli görkəminə salmağa girişdi və Papamın köhnə pal-paltarından mənə qısa şalvar, çesuçadan o vaxtlar şəhər yerində dəbdə olan yaxası tikməli köynək, daha nələrsə tikdi, geyindirdi. Kənd uşağı tezliklə təğyiri-libas olub şəhər uşağına çevrildi, hətta məhlə uşaqlarını da bu qəribə geyim-keçimlə keçdim, onlar da mənə maraqla baxırdılar. Şəfiqənin modelyerlik həvəsi tez keçib getdi, payız gəldi, dalınca da qış və məlum oldu ki, mən çılpağam. Bax, onda Əmim hər qışda olduğu kimi, on manata mənə bir balaca sırıqlı aldı bazardan və mən yenə də əvvəlki kənd uşağına çevrildim.

 

 Heç vaxt övladı olmamış gənc bir qadının birdən birə yeddi-səkkiz yaşlı özgə uşağının qayğısını çəkməsi, əslində, asan iş deyildi. Onun buna nə həvəsi, nə istəyi vardı. Deməli,  səkkiz yaşını tamam eləməmiş bir uşaq özü öz qayğısına qalmalı, əyin-başını təmiz saxlamalıydı. Və bütün bunlar Şəfiqə tərəfindən düzgün tərbiyə metodu kimi qələmə verilirdi. Məsələ dözülməz olardı, əgər Mənafın arvadı, mənim bacım Nazilə olmasaydı. İndi yadıma düşür ki, Mənafgil kirayə ev tutana qədər evin işlərinin hamısını yazıq Nazilə görürdü. Amma mən insaflı olmalıyam. Şəfiqənin müsbət tərəflərini də deməliyəm.

 

lll

 

Altı il mama dediyim bu qadın  heç vaxt mənə əl qaldırmadı, demək olar ki, haqsız yerə incitmədi. Əgər bu humanist yanaşmanın bir səbəbi Şəfiqənin, prinsipcə, xeyirxahlığa meyilli olması ilə bağlıydısa, ikinci səbəb mənimlə bağlıydı - mən gəldiyim gündən bu ailədə həlledici səsə və hökmə malik bu qadının istəklərinə köklənməyi bacarmışdım. Məni incidən, mənə mənəvi əzab verən onun mənə can yandırmaması, bəzən də kobud, qaba davranışı idi. Əlbəttə, o vaxtlar indiki ağlımla düşünə bilsəydim,  hər cəhətdən mənə ögey-özgə olan qadından ana sevgisi ummağın ən azı sadəlövhlük olduğunu bilər və ondan bu qədər inciməz, özüm də əzab çəkməzdim. Əslində mən öz valideynlərimdən küsməli, inciməliydim, bunu isə, bacarmırdım, çünki mən Şəfiqəni deyil, onları sevirdim. Sevdiyindən incimək olmur. Bununla belə, sevsəm də, sevməsəm də, istəsəm də, istəməsəm də Şəfiqə mənim həyatıma həmişəlik girmişdi. Mən uzun illərdən sonra, indinin özündə də bunu aydın görür, etiraf eləyirəm.

 

İlk olaraq onu deyim ki, mənim dünyagörüşümün yaranmasında, hətta Ağdam mühitindən fərqli olmasında, zövqümün formalaşmasında Şəfiqənin xidməti danılmazdı. Həyətimizdəki ev arvadlarından fərqli olaraq o, ardıcıl şəkildə kitab oxuyur, mütaliə edir, məni də kitab oxumağa həvəsləndirirdi. Rus dilində oxuduğu kitabların məzmununu danışırdı mənə. Drayzerin adını ilk dəfə Şəfiqədən eşitmişdim. “Cenni Herhardt”, “Kerri bacı”, “Dahi” romanlarını mən ondan sonra oxumuşdum. Rus dilində oxuduğu kitabların məzmununu mənə nağıl eləyəndə hiss eləyirdim ki, o, bu işdən ləzzət alır, bəlkə də aktrisa olduğu illər yadına düşür, mənə tamaşa oynayırdı. “Qraf Monte Kristo” romanını Şəfiqə mənə bitdə-bitdə elə danışmışdı ki, sonralar, özüm də rus dilində mütaliəyə başlayanda o romanı oxuya bilmədim, mənə elə gəldi ki, bu romanı artıq bir dəfə oxumuşam, məzmun mənə bütün təfərrüatları ilə məlumdu.

 

Şəfiqə teatrdan danışmağı da çox sevirdi. Böyük həvəslə yadına salırdı oynadığı rolları, ayrı-ayrı parçaları əzbərdən deyir, bəzən ağlamağı sevməyən bu qadının gözlərinin yaşardığını görürdüm. Onun aktyorluq fəaliyyətinin məkanı olan Quba teatrının o vaxtkı repertuarı haqqında mən tam məlumatlı idim. Təbii ki, bu teatr söhbətlərinin mərkəzində Şəfiqənin özü və onun oynadığı rollar dayanırdı. Onu demək artıqdır ki, bu söhbətlər, kitaba, illah da teatra aid nağıllar mənim uşaq yaddaşımda dərin izlər buraxırdı. Məhz həmin illərdə mən Azərbaycan dramaturqlarının bütün pyeslərini oxudum.

 

Şəfiqə şəhər kino-teatrında göstərilən təzə filmlərə baxmağı sevirdi, bu həm də o uzaq illərin hansındasa Papamın Ağdam kino idarəsinə rəhbərlik etdiyi vaxta düşürdü. Təzə filmlərə Şəfiqə çox vaxt yəhudi qonşularımızla,  Faynşteynlərlə gedirdi, mən də bir kişi  kimi bu üç qadını müşayiət edirdim. Zalda qadın qismində Şəfiqə və Faynşteynlər olurdu. Ağdam qadınları ancaq məşhur hind, bəzən də səs salmış Azərbaycan filmlərinə baxırdılar.

 

Şəfiqənin Faynşteynlərlə söhbəti yaxşı tuturdu, amma bu dostluq deyildi, hardasa bir-birinə lazım olan insanların mənəvi ehtiyacından yaranan münasibət, ünsiyyətdi.

 

Faynşteynlər Ağdamda, Dəyirman həyətində illərlə yaşasalar da, həyətin qadınları ilə ünsiyyətə meyl göstərmirdilər. Qızların anası Manya  divar qonşusu  Surayya ilə heç yola getmirdi. İmkan düşən kimi ona bir-iki acı söz deyirdi. O vaxtlar qadının hirslə dodağının altında Surayyanın ünvanına dediyi “şalava”, “prostitutka”, “zaraza” kimi sözlərin mənasını aydın bilməsəm də, pis söyüş olduğunu hiss edirdim.

 

Haqqında danışdığım bu qadınlar Şəfiqə başda olmaqla mənim fikrimdə, düşüncəmdə, maraq dairəmin formalaşmasında mühüm rol oynayırdılar. Təbiidir ki, o vaxtlar mən bu barədə düşünə bilməzdim, tərbiyəmdə kiminsə hansı mühüm rol oynadığını anlamazdım. İndi isə, hələlik Şəfiqəni rahat buraxıb qayıdaq mənim uşaqlığımın xoşbaxt günlərinə, doğma Boccalıya, ata-anamla getdiyim kənd toylarına.

 

Əli Əmirli

 

525-ci qəzet.- 2015.- 5 dekabr.- S24-25