Nağıl adam

 

 portret-povest

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

“Yurdumuzu gəzə-gəzə...”

 

YOLDAŞI YOLDA TANI: QUZĞUNDAN DÜBRARACAN

 

Nə vaxtdır ki, doğma Azərbaycanımızın bu vaxtacan gəzib dolaşdığım el-obaları, gəzməli-görməli yerləri ilə bağlı təəssüratlarımı, gördüklərimi-eşitdiklərimi “Yurdumuzu gəzə-gəzə...” silsiləsində qələmə alıram. Yeri gəlmişkən, qayım-qədim Şabran torpağında belə səfərlərdə çox vaxt yol yoldaşım dostum Aydın olub.

 

Müdrik kişilər demişkən, yoldaşı həm də yolda tanıyarlar...

 

Yenə qayıdıram dostum Aydınla qədimdən qədim bu Şabran elinin uzaqlı-yaxınlı, dağlı-aranlı köhnəlib soyulan, atılıb unudulan, seçilib qurulan, qayğıyla qorunan yurd yerlərinə, obalarına, oymaqlarına, yaddaşımızda köç salan o birgə güzargahlarımıza...

 

Dostum Aydın doğma yurdun hər qarış torpağını özünə səcdəgah bilən, daşına baş qoyub, mamırını qucmaqla da təsəlli tapan vətənpərvərlərdəndir.

 

Burasını da deyim ki, o, çox yerlər gəzib, çox yerlər görüb, doğulub boya-başa çatdığı, varlığını ovsunlayıb özündən uzağa, qırağa buraxmayan, onu sevgi ilə bağrına basan elini-obasını da sevə-sevə gəzib dolaşıb.

 

Keçənlərdən üzü bəri yurdun aqillərinin, ulularının idrakından-kamalından yoğrulan, nəsillərin yaddaşında yaşayan zəngin fikir xəzinəsindən həm özü bəhrələnib, həm də açar olub o xəzinənin qıfılını açaraq dilə gətirib, danışıb, yazılı yaddaşa çevirib və hələ də bu müqəddəs yoldadı.

 

Ancaq nə əcəb ki, sözünü desə də,  ağsaqqal-qarasaqqalını tanıyıb sevsə də, ucqar bilib hələ gedib çıxa bilmədiyi, nə vaxtsa yolunu salmağa, kim bilir, bəlkə də, necə deyərlər, “ehtiyat saxladığı” bəzi gülüstan yerlər də vardı. Oraları ziyarət etmək, gəzib görmək, torpağının ətrini, gülünün-çiçəyinin qoxusunu, nanəsinin, yarpızının, kəklikotusunun dadını, saf buz kimi soyuq sularını içib tamını almaq, demə, elə ikimizin birgə qismətinə qalıbmış.

 

Bizim bu Şabranda başı Çıraqqalaya dirənən, ayaqlarını isə Zöhrab kəndinin yaylaqlarından axıb gələn, gah məcrasından çıxıb aşıb-daşan, gah da yorulub məcrasına çəkilən Gilgilçayın pak suları yalayan dağların belində, yaylaqların əhatəsində yurdu köçüb adı, bir də o ağır yurdun dam-daşının kalovları qalan gen-geniş güney boyunca üzü Nohurlara doğru, yaşı bilinməyən yeddi kəndimiz var.

 

Bax, o Gilgilçayın quzeyində də başı, elə hər ikimizin yazıçı dostu Sadıq Elcanlının təbirincə desək, qədim Quzğun dənizindən iki min metr hündürlükdəki Dubrar dağına dirənən, nə yaxşı hələ ki, ocaqları tüstüləyib çıraqları yanan daha altı kəndimiz də öz yerində.

 

Xülasə, bir müddət əvvəl, lap dəqiqi, 2013-cü ilin bir sentyabr günündə dostumla sözü bir yerə qoyub güzarımızı “Çuxurazəmi” ərazisi deyilən o kəndlərə saldıq. Mən hələ neçə il əvvəl bu rayona vəzifə təyinatımdan düz iyirmi gün sonra (2007-ci ilin iyul ayının 18-də), necə deyərlər, işimin “adını” bildiyim üçün bu yerlərə gəlmişdim. İrili-xırdalı bütün kəndləri bircə-bircə gəzmiş, hər evin ağsaqqalı və başıpapaqlıları ilə də, demək olar ki, tək-tək görüşüb hal-əhval tutmuşdum. O zamandan bəri sonralar da artıq bir neçə dəfə də bu dağlara yolum düşmüşdü. Camaatla görüşlərdə, yeni tikilən məktəbin təməlini qoyanda, açılışını edəndə və bir sözlə “öz işimdə”... Dostum isə rayonun bir parçası olan bu yerlərə birinci dəfə idi gedirdi və yol boyu da bu gedişinin ilk dəfə olduğunu dilə gətirib səbəbkar kimi mənə hey alqış yağdırırdı.

 

O səfərimiz yazıçı dostumuzu yaman tutmuşdu və hətta bir günlük səfərin təəssüratlarından doğan, elə bu yazımın əvvəlində bir parçasını da iqtibas edərək “özümünküləşdirdiyim” “Ömrümüzə yazılan gün” adlı bir kitab da yazdı.

 

Mövzuya qayıdıb söhbətimin bu yerindən yenə də sözümə davam edəcəyəm. İndi isə... Lətifəsi yenə də bizim Aydından uzaq, yeri gəlib, qoy birini də danışım...

 

Çıraqqala ayağında dediyim bu kəndlərdən birində, Güləh kəndində Əliağa adlı birisi varmış. Yüz il bundan əvvəl dağ kəndində yaşayan birisinin işi-gücü nə olasıdır ki? Kişi əkinçilik, biçinçilik, maldarlıq, rəncbərliklə məşğul ola-ola gəlir çatır ömrünün lap ahıl çağlarına. Qırx pilləli nərdivanı üzü yuxarı həvəslə qalxıb, ürəyincə olmasa da, elə o pillədə daldalı, geriyə enərək, gəlib çatır lap aşağıdakına, yerdən bircə qarış hündürlükdəki həddə. Əli işdən, dizi girdən düşən Əliağa kişi bir gün kənd meydanında əyləşib yaşıdları ilə axşamın sızıltısından qabaq günü “öldürməkdəykən” Gilgilçayın quzeyindəki, gündə neçə dəfə hay verib, haraya çağırdıqları, bizim el təbirincə, bəlkə də, “əl uzatsan çatar” qədər məsafədə olan Mükül kəndinə həsrətlə baxır, baxır, sonra da bir dərin ah çəkib:

 

- Eh, gidi dünya, bu qədər ömür sürdüm, illər gəlib keçdi, qocalıq yetişdi, bu gün-sabah ölüb gedəcəm, ancaq gedib Mükülü bir görə bilmədim ki, bilmədim, - deyib vaysına-vaysına, damarları çıxıb qabar bağlamış vəl əllərini bir-birinə çırpır...

 

Üzü Dəhnəyə

 

Yolçu yolda gərək və biz də yolumuza davam edək, yolumuzsa uzandı. Bir ucu hər yerdən yalın beli ilə Zöhrab kəndə qalxan, bir ucu vadisi boyu Dəhnəyə doğru gedən Gilgilçaydakı yol ayrıcından Çuxurazəmiyə tərəfki səmti qabağımıza qatıb üzü yoqquşa dirəndik. Kəndə gündüz nahar vaxtı yetişdik. Dağların sinəsindəki bu altı kəndin, ərazinin inzibati mərkəzində, Çuxurazəmidə əylənib azacıq yubanası olduq.

 

Kəndin-kəsəyin ağsaqqal-qarasaqqalı ilə görüşüb hal-əhval tutduq, sözlərini-sovlarını, necə deyərlər, ərzi-hallarını bu ucqardan rayon mərkəzinə yetirə bilməyənləri dinlədik.

 

Çuxurazəmiyə bu güzarımızda bir hədəfimiz də Dəhnə istisuyuna ulaşmaq idi. Həm də bu səfa və şəfa yuvasına səyyahların daha çox gəl-get etdikləri, çox yerdə şiş qayaların çiyin-çiyinə verib sıxıb daraltdığı Gilgilçay çayı boyunca, suyun axarı ilə yox, dağların arasında, yamaclarda, meşə talalarında uçqun, sel təhlükəsindən uzaq yığcam gədiklərdə binə bağlamış kəndlərin arası ilə, qayalardan, biçənəklərdən, mal-qara özüsündən keçib Dəhnəyəcən Gilgilçayın bir qolu olan, mənbəyini xaraba Zaratdan götürən, ətrafı gah sıx meşələr, gah da sıx kol-kosla örtülü dərin dərə ilə daha 5-6 kilometr piyada yürüməklə...

 

Çuxurazəmidən Aydınla mən “Niva” maşınına, bələdçilərimiz, səfər yoldaşlarımız da UAZ - “Villis”ə əyləşdik.

 

Əvvəlcə Gilgilçayın bir qolu olan, Dübrar dağının ətəklərindən axıb gələn Qızılçayı, sonra isə Qəriblik kəndinin əkin-biçin yerlərini, Yəhər dağını, Muxarx aşırımını aşaraq, Şirno və Təhlo dərələrini də geridə qoyub “Xaraba Zarata” yetişdik.

 

Keçən əsrin yetmişinci illərinin axırlarında başının üstündəki dağın bir tərəfindən torpaq sürüşməsi səbəbindən bu kəndin sakinləri pərən-pərən düşüb, arana köç edərək Xəzər dənizinin sahilində (Siyəzən rayonu) elə öz qayım-qədim adları ilə yeni məskən, kənd-kəsək binə ediblər. O zamandan bərisə xaraba qalan, adı kimi elə özü də qərib Zaratdayıq.

 

Olduğum çox yerdə, dönə-dönə müşahidə etmişəm; nə zamansa insan məskəni olmuş, ancaq hazırda boş qalan yurd yerlərinin otu da, ələfi də, elə kolu-kosu, bağı-bağatı da ilin hansı fəslində olur olsun, o qədər hüznlü, qəmli görünür ki...

 

Elə Xaraba Zarat kimi! İnsan ayağının sığalından uzaq düşdüyündən bu xaraba kəndin elə bil həmişə üstündə əsən payız havası baxdıqca bu gün-sabahda gəlməkdə olan son payızın bozumtul mənzərəsinə ürək dağlayan nisgilli bir hüzn qatmışdı.

 

İllər əvvəl, elə buna oxşar mənzərəni görərkən, itib-batmaqda olan başqa bir yurd yerində qələmə aldığım duyğularımı burada da xatırlayıb indi təzədən öz-özümə pıçıldayıram:

 

Xaraba yurd... Torpağına

möhnət, qubar əkilib,

Çeşmələrdən su yerinə

giley, həsrət tökülür.

Babaların pak ruhları

burda dara çəkilib,

Abad etsən abad olar,

demə güman qalmayıb!

 

Heç olmasa ildə bir yol

o yurdlara qaçmırıq,

Düyün düşmüş cığırların

kələfini açmırıq,

Topağına üz sürtərək,

ocaq daşın qucmuruq,

Deyirik ki, macal hanı,

ya da imkan qalmayıb!

 

Bəlkə, dostum, qurşaq tutan

nər biləklər boşalıb,

At axsayıb, qılınc qında

ya pas atıb, korlaşıb?

Axı, deyən, unutqanlıq

ağlımıza güc gəlib,

Ya o yurdda biz gedəsi

bircə ünvan qalmayıb?

 

Əziz dostum, ünvan qalıb,

dur toparlan, təpər ol,

Atını sür, dağlara qalx,

sərt ruzigara sipər ol,

Sızıldayan yurd həsrətli

ümidlərə zəfər ol,

Vaxt yetişib, hünər göstər,

daha zaman qalmayıb!

 

Kəndin, uçulub sökülsə də, hələ də keçmiş əzəmətindən xəbər verən damını-daşını, yol-yolağını seyr etdikcə duydum ki, bu sərt dağların, sərt yamaclarının arasında cəsarətli, həm də qoçaq kişilər yaşayıblar.

 

Qoçaq, fərasətli, fədakar, əməksevər olublar ki, qara qayaların nəhəng qara daşlarından hördükləri möhrələr, ötən yetmiş ilin sərt ruzgarlarına dözüb, aşına-aşına, uçulub tökülə-tökülə torpağa qarışmayıb, alaq-ulaq bitirməyib.

 

Hayıf, kişilik dəbdəbəsindən soraq verən o möhrələrin yan-yörəsinə indi çoban-çoluq, ot biçən, ələf yığanlar əl gəzdirib yay mövsümündə sığınacaq kimi istifadə edirlər.

 

Kəndin bu qərib mənzərəsinə baxdıqca buraları yurd edib sevə-sevə yaşayan, çoxdan bu dünyada olmayan o kişilərə rəhmət, indi sorağının haradan gəlməsindən asılı olmayaraq törəmələrinə də Uca Allahdan insaf dilədim ki, əli uzunları bu kəndə gələn uzun yolu yaxın edib babalarının yurdunda, elə o babaların daşıyıb qurduqları kolovların böyür-başına əl gəzdirib heç olmasa yay evcikləri quraydılar. Övladları, elə özləri də çox yox, cəmi bircə ay bu dağların saf havasından alsalar, o bir ay illərinin qalan günlərinə artıqlaması ilə, gen-bol bəs edər...

 

Qartalla görüş

 

Nahar vaxtı gəlib çatmışdı. Kəndin ən hündür, axar-baxarlı yerində, yarı uçuq yarımçıq divarlarından bir zamanlar genişliyi və rahatlığı ilə fərqləndiyi hələ indi də duyulan bir həyətin çəpərsiz, baxımsız olsa da, hələ xeyli meyvə ağacının dözüb qurumadığı bir bağçada bir neçə iri daşı köməkləşib yan-yana düzərək üstündə süfrəmizi açdıq.

 

Qonaqpərvər Çuxurazəmililər tonqal çatıb quzunu şişləyənəcən biz də yol üçün götürdüyümüz barxanımızı ortalığa qoyduq. İllərdi uzaq yola çıxanda əlinə düşən olan-olmazımızdan boğça bağlayıb yol çantama qoyan ev əhli bu gün də səxavətlərini əsirgəməmiş, bolluca yeyəcəklər qoymuşdular. Elə Aydın da evdən hazır çıxıbmış, barxanası yenə “babatdı”.

 

Mənə nə var ee, toyuğun, balığın heç üzünə də baxmayıb əl atdım pendir-çörəyə. Aydın da ki, sulu xörək sevəndi, “Xaraba” Zaratda isə indi qazan asan kimdi? Əliniyazın quzunu şaqqalayıb şişə çəkdiyi kababın özündən qabaq ətri süfrəmizə çatanda, Aydın da daha tablaşmayıb əl atdı zənbilinə, bu gün səhər üzü Çuxurazəmiyə yol gələrkən Zöhrab çayın Gilgilçaya qovuşduğu vadidə səhləb çiçəklərini görüb ayaq saxlayıb dayandığımız yerdə, təbiətin o ecazkar incilərinin şərəfinə “süftə” etmək üçün açdığı yarımçıq şüşəni alıb qoydu ortalığa. Sağ-salamat bu yerə gəlməyimizi də beləcə “şərəfləndirmişdi” ki, başımızın üzərində, səmanın ənginliklərində bir qartalın şövqlə, şahanə dövrə vuraraq, qıyha çəkməsi hamımızı yerimizdən oynatdı. Sanki bu qədim yurd yerinin, təəssübkeş keşikçisiydi qartal və o ucalıqdan gələn qıyhası ilə də bizə səslənib: - “Ehey! Kimsiniz, buralarda nə işiniz var?” - deyə xəbər tutmaq istəyirdi.

 

Aydının da cavabı tutarlı oldu:

 

- Tanımadın, Aydınam da, yurd sevgisi ilə yanan fədailərdənəm, könlü yurddan qopmayanların görüşünə, onu qoruyanların qulluğuna gəlmişəm,-deyərək əlindəki “saf suyu” birbaşa başına çəkərək qartalı ikiqat “şərəfləndirdi”. Elə şövqlə “şərəfləndirdi” ki, bəlkə də bu anda əli qartala çatsaydı, iti caynaqları sinəsinə sancılsa belə, onu çılğıncasına qucub dönə-dönə bağrına basardı...

 

Bəli, bundan sonra Əliniyaz qonaqlarının - bizim şənimizə candan elədiyi qumral quzudan tikə kabab yox ee, lap lülə kabab da bişirsə, nə dəxli var...

 

Dəhnə istisuyuna əsasən Gilgilçay boyunca gəl-get edirlər və çayın təsadüfü leysan yağışlarının sel-suları ilə dolub-daşması bəzən insan itkisi ilə nəticələnən hadisələrə də səbəb olub...

 

Ancaq bu şəfa ocağına təhlükəsiz gediş-gəlişin daha uyğun, münasib bir yolunun olduğunu düşündüyümdən, Çuxurazəmiyə bu gəlişimizdə nisbətən uzaq və dolanbac olsa da elə bu kəndlərarası yollarla Çuxurazəmidən “Xaraba” Zarata, oradan da üzü aşağı, Əliniyazın “Villis” maşınıyla, sonra da İstisu dərəsi boyunca isə piyada yolumuza davam edirik.

 

Araka gərmo

(tat dilində - İstisu çayı)

 

Maşından düşəndən sonra İstisu çayı ilə nə az, nə çox-üç kilometr yolu piyada yürüyüb möcüzəli, şəfalı suya yetişəcəyik. Dərənin içi ilə xeyli gedəndən sonra bir atlının, həm də elə bir piyadanın ancaq sığınacağı yol (bəlkə cığır demək, daha düz olardı) güneyə qalxıb yamac boyu uzanıb gedir. Darısqal olsa da, yol etibarlıdır. Dərəyə tərəf axın hissəsi qaya parçalarından əllə hörülüb möhrələnib. Torpaq axınının qarşısını almaq üçün bu işi, indi “xaraba” qalan Zaratda Məlik adlı kişi olub, onun inşa etdiyini öyrəndik.

 

Cığırın sağ tərəfində ovucun içi boyda daşlarla qalaqlanmış yan-yana iki təpəcik göründü. İxtisasca mühəndis olan, çoxlarından fərqli olaraq aranı yaşamaq üçün asan bilib doğulduğu, boya-başa çatdığı dağların etibarına qıymayıb elə Çuxurazəmidə yurd salan, yol boyu öz “UAZ” - “Villis”i ilə biz sərnişinlərə həm sürücülük, həm də peşəkarcasına bələdçilik edib bu bölgənin hər qarış torpağı, dağı, yaylası, yolu, izi, az qala kolu-kosu, otu-ələfi haqqında da yol boyu mükəmməl bilgi verən dostumuz Əliniyaz indi də bizi bu daş təpəcikləri dolaşmağa çağırdı.

 

Səbəbini soruşduq, maraqlandıq. Əliniyaz da ötənlərdən, eşidib bildiklərindən danışdı. Demə, bir vaxtlar, İstisuyun təxminən iki yüz metrliyində, təpənin arxasında, yolun kənarındakı alt üzü sərt qaya olan darısqal meydançada günahkar bilinən iki gənc - bir oğlanla bir qız daşqalaq ediliblərmiş. Bu qəddar hökmün nə zaman və kim tərəfindən, həm də dəqiqliyi, tam dürüstlüyü ilə nə səbəbdən, nəyin üstündə verilməsi məlum olmasa da, əsrlərdir ki, insanlar bu yerlərdən keçəndə bu təpələri daşlayırlar.

 

Mən bələdçimizə: - Nə deyirsən, Əliniyaz, yəni daşlamadan ötüb keçmək olmaz?-deyə soruşdum.

 

O isə: - Nə bilim,- deyə bir ehtiyatlı cavab verib, sonra bunu da əlavə etdi. - Lənətlənmiş yerdən daşlamadan ötüb keçmək də günahdır deyirlər,- əlavə də etdi.

 

Heç Aydın daş atandı? İndi də o, Əliniyazı suala tutdu:

 

- Axı nə üstündə lənətləniblər , günahları nə olub? - deyə sanki bu hökmü elə Əliniyaz veribmiş kimi kişini qısnayıb cavab gözlədi.

 

Əliniyaz udqunub cavab axtararkən mən: - Yəqin, sevgi üstündə olmuş olar, - dedim.

 

Aydın elə bil buna bənd idi. Coşmuşdu: - Nə? Sevgi üstündə? İlahi! Əşşi, sevgi üstündə də adam daşqalaq edərlər? O hökmü kim verib, indi bəs özü hardadı?

 

Qəzəblənmişdi, ovunmaq bilmirdi Aydın, birdən yerdə çömbələn oturdu, mənə tərəf dönüb əlimdə təpəciklərə tullamaq üçün ovcumda hazır saxladığım daşlara işarə edib: - Müəllim, sən daş atma, amandır, atma! Əsl günahkar səbəbi bizə naməlum, bəlli olmayan bir “günah” üçün daş atanlardır, - deyib, vallah, kövrəldi də.

 

Daşları əlimdən yerə atası oldum, dostuma yaxınlaşıb ərklə qolundan yapışdım:

 

- Qalx, qalx gedək, bərk susamışam, bir zamanlar Səfəvi hökmdarı Şah Abbasın su içdiyi bulaqdan biz də su içək,- deyərək onu sakitləşdirməyə çalışdım...

 

Qəribə dünyadır, vallah, görməzdən, bilməzdən buralardan ötüb keçən piyadalar öz yerində, atlılar da atdan düşüb təpələri daşlayırlar...

 

İstisuya lap az qalıb. Əsas məqama yetişməkdəyik.

 

lll

 

El arasında daha çox “Xaltan istisuyu” kimi tanınsa da əslində bu şəfa ocağı Şabran rayonunun Dəhnə kəndində qaynayıb çıxır. Xaltan kəndinəcən isə hələ arada Quba rayonunun Pəngidar və Çarxaçu kəndləri də var. Gilgilçayın sərt qayalarla əhatələnmiş bu hissəsində, yerdən 45 dərəcə istilikdə çıxan bu müalicə suyunun sağ və sol sahillərindəki çeşmələrinin üstündə Səfəvi hökmdarı Şah Abbasın tikdirdiyi iki hovuz bu günəcən gəlib çatıb, indi də o qüdrət suyunun hikmətindən şəfa tapmaq üçün üz tutanların istifadəsindədir. Qubada da bir hissəsi Şabrana aid olan Dəhnə kəndi var və buna bəzən Böyük Dəhnə də deyirlər. Ancaq o kənd şəfa suyunun qaynadığı Şabran rayonunun Dəhnə kəndindən beş-altı kilometr məsafədə, yan tərəfdədir...

 

Bu da Tanrı möcüzələrindən biri, inanaraq, güvənib üz tutanların şəfa ocağı Dəhnə istisuyu! Üç tərəfdən zirvələri görünməyən sərt sıldırım qayalarla əhatə olunmuş yığcam talanı adlayıb cığırla irəliləyərək üstünü buxardan duman almış hovuza çatırıq. O nadir Tanrı nemətini ovuclayıb üz-gözümüzə çiləyir, həvəslə, “doydum” deyənədək içirik...

 

Aydınla birlikdə Şabranın daha haralarında olmamışıq... Əlbəttə, mən ucqarları, “ayaqdəyməz”, “güngörməz” yerləri nəzərdə tuturam.

 

Tarixi Gilgilçay boyu ellərimizin yağının bağrına batan incisi - Çıraqqalayadək, oradan, elə o tarixi səddin cığırları ilə Çaraqdan, Təkyədən, islam mütəfəkkiri, övliya Soltan babanın uyuduğu Uqahdan tutmuş, başının üstündəki yelli gədiklərdə addımbaşı rastına çıxan, ulu əcdadlarımızdan qalma, indi isə yaddaş qaynağı olan qədim türbələrdən keçib sıralanmış kurqanların böyür-başına addayaraq istilaçı monqol hakimi Teymurləngin qoşunlarının iki il qışladıqları ehtimal olunan, qayaların arasında, zümrüd meşələrin qoynundakı Şəhərgaha qədər neçə-neçə obaları gəzib oymaqların seyrinə dalmışıq.

 

Tənkəmər dağının beli ilə enib Ağzıbir düzündən keçərək Xəzərin sahillərinə çatıb, yaşı minilliklərdən soraq verən İpək yolunun üstündəki qədim Şabranın qonaqlı-qaralı dövranından-zamanından söz açan karvansaraların qalıqlarına tamaşa etmişik.

 

Hələ məmləkətimizin görməli-gəzməli o qədər yerləri də var ki...

 

Hərdən ürəyimizdən ulu Savalana çiyin tutan Lerik dağlarına da birlikdə gedib Zövnəni “şərəfləndirmək”, dəniz səviyyəsindən 2496 metr hündürlükdəki Kömürgöyədən, Ərdəbilə, Nəninə uzaqdan, gözlə də olsa, səyahət edib bir zamanlar elə o yerlərdən üzü bəri gələn qədim İpək yolu boyunca Biləvərin başı üstündəki zümrüd meşələrdən ötən yolla Kiçik bazar, Böyük bazar yerlərində əylənib azacıq nəfəs almaq, Yelli gədiyi, Oğlan qalasını, Qız qalasını, Semaqonunu, Mənniyi, Xan bulağını,Cam bulağını da görmək, o yaylaqların da zirincinin tamını, kəklikotusunun ətrini dadıb, buz bulaqlarının suyundan “oxqay” deyə-deyə içmək keçir.

 

Zaman bizi qabaqlayır,

Yolu gah düz, gah dolanbac.

Necə gəldi varaqlayır,

Kimi nakam, kimi möhtac.

 

Ağrı verir, üşüyürük,

Ürəkdə “yük” daşıyırıq.

Ümidlərlə yaşayırıq,

Bir gözü tox, bir gözü ac.

 

Çək köçümü, götür apar,

Artıq yorulub bu çapar.

Vəfasızın min dərdi var,

Nə mən dərman, nə sən əlac.

 

Qəm götürür hara məni?

Dərd çalışır yora məni.

Yenə çəkdi dara məni,

Güman adlı bir ehtiyac...

 

Qeyrət, hünər, qüvvət, sücaət ünvanlı dağlarımıza sevgi, gözəlliklərinə məhəbbət, ucalığı, əzəməti ilə ülfət və bir də içimizdəki iffət bizi hələ çox yerlərə aparacaq.

 

Dostum, darıxma, hələ nə “vaxtımızdı”, gedərik, inşallah...

 

(Ardı var)

Novruz Nəcəfoğlu

 

525-ci qəzet.- 2015.- 5 dekabr.- S22-23