“Hamı səni sevənlər burdadı...”

 - Kamal Abdulla - 65

 

 

 

...Deyilənlərin boş, söylənənlərin cəfəng, vədlərin yalan, görünənlərin ilğım olduğu qənaətinə gəldiyin bəlli bir yaşdan sonra inanmaq, güvənmək, tapınmaq və təsəlli üçün bircə Yazı qalır.

 

Bundan sonra hadisələr də, adamlar da Mətnə çevrilir. Hər şey “yazılmağa” başlayır. Öncə yaddaşa, sonra tarixin səthinə - bəzən dərin, bəzən səthi... Bundan sonra adamlara mətn kimi yanaşırsan - alt qatdakı mənanı axtarmaq şakərinə çevrilir, ötürdüyü mesajı yozmaq isə vərdişinə. Bircə baxış hərləməklə bütövünü bir andaca “bitirdiklərin” də olur, cümlə görüntüsünün ardına düzülən üç nöqtənin hər birində ayrıca mənanın mahiyyətinə vardıqların da. Adamlar səndən ötrü başqa heç bir məziyyəti ilə deyil, yalnız mahiyyətləri, ifadə etdikləri mənaları, “oxunmaq” “asanlığı” və “çətinliyi” ilə mövcud olmağa başlayırlar.

 

Hərflərin, sözlərin bir-birinə qarışıb bulaşdığı “mətnlərlə” rastlaşıb, buna ötəri də olsa nəzər salıb gözünü ağrıtdığına görə heç qəzəblənmirsən, çünki bilirsən, bunlar  qəzəbə dəyməyən nəsnələrdir. “Səhifələrini” çevirəkən barmaqlarını, “oxuduqca” içini qaraldan bu “mətnqırıqlarının  çoxluğu nə əndişələndirmir, nə maraqlandırmır.

 

Zira əlyazma kimi qiymətli, “paralel dünyalar” kimi gah bircə addımlıqda, gah min işıq ili uzaqlığında mövcud olan “sirriçində” MƏTN(lər)in VARlığı təsəlli və tutalqa yeridir. Kamal Abdulla mətni kimi cövhərində bütün anlamıyla Mifqoruyan Mətn...

 

Bu mətnin xas tərəfi odur ki, ömrün öncə sevmək, sonrasa xatırlamaqla unutmağın arasında bir çək-çevir, gör-götür və vərəvurddan ibarət  olan real yaşantı-filan deyil, sadəcə olmuş və olacaqlar, gəlmiş və keçmişlərin depolandığı bir yaddaş olduğunu anladır. Yüz cür isimləndirib yaşadığın və yaşatdığın hər şey bitən andaca artıq həyat deyil, yaddaş materialıdır. “Yaddaş olmaq çətin şeydir”. Olanı unudursansa, xatırlamaq istəyib xatırlaya bilmirsənsə, deməli, bütün yaşantılar ilğımmış, olmayıbmış. Hər şey hardasa laübalı bir zamanda, bəlkə də paralel dünyada baş veribmiş. Həyat xatırladıqlarımızla dolu, unutduqlarımızla boşdur. Vaxtilə nələri xatırlayardıq, sonra nələri unutmadıq...

 

“- Sən də gedəcəksən şah çıxıb gedəndə onunla?”

“- Mən buyruq quluyam, getməyə bilmənəm.

“- Demək, gedəcəksən?

“- Gedəcəyəm”

“- Bəs mən?”

“- Nə sən?”

“- Mən də. Bəs sevmirsən məni, deyirdin sevirəm...

“- Sevirəm?”

“- Hə də”.

“- Yaxşı, yaxşı, sevirəm”.

“- Yox, sevmirsən, tük qədərinə də sevmirsən sən məni...”

 

Unutmaqla xatırlamaq çabalamaları arasındakı cəhd dövrəsidir “ömür” dediyimiz... Xatırlamaqdan unutmağa, unutmaqdan xatırlamağa qaça-qaça, fırlana-fırlana o qapalı dövrədən kənara ata bilməzsən özünü. Nağılla reallığın sərhədini itirərsən, bilməzsən nağıl harda qurtarır, reallıq hardan başlayır?  Bu vurhavurda hardansa bir Simurq quşunun peyda olub gəlib səni xilas edəcəyinə belə, inanarsan. Sonra özün ümidlərinə təkzib verərsən-  Kim dedi ki, Simurq quşu var imiş?” İçindəki və çölündəki qəribə boşluq diqtə edər sonrasını: “Xatırlamağa kimsə yox”. Necə yəni, bəs yaşananlar, bəs illərlə depolanan yaddaş, bəs indiyədək gözlə görülüb, əllə toxunulanlar? Olmayıb hec biri?

 

Xatırlamağa kimsə yox-yaddaşın hansı müstəsna halıdır-bəlkə bu, ana bətninəqədərki yaddaşın  təzahürüdür, yaxud da ölümdən sonrakı vəziyyətin təsviri? Bəs bunun tərsi, astarı olan, eyni zamanda həm də paradoksal bir şəkildə üzü olan “Unutmağa kimsə yox”un anlamı nədir? Yenə də qəribə yaddaş fenomeni. Bu o deməkdir ki , ya yaddaş siləbəsilə doludur, ordan unutmaq üçün kimsəni seçmək, kənara qoymaq mümkün deyil. Hər kəs öz yerini tapıb qərarlaşıb orda, bitkin bir mənzərə alınıb, yaddaş ayaqlarını inamla yerə basıb dayanıb. “Unutmağa kimsə yox” deyimindən sonra ordan bircə kəsi çıxarmağa cəhd eləsən, yaddaş müvazinətini itirəcək. Ya da düşünürsən ki, bəlkə yaddaş öz yükünü, “arxada nə qaldısa-xatirə, düşüncə, duyğu-hamısını”  “Xaron, mərhəmətli Xaron”a “yükləyib”? Və buna görə də boşluqdu, tam boşluq-”Unutmağa da kimsə yox”... Bundan sonrası həyat olmur ki, üzücü, darıxdırıcı, bezikdirici rutin olur sadəcə, ya da indiyədək olmayan əcayib -qəraib şeylər baş verir: “üzü Allaha tərəf, üzü dərgaha sarı yağışlar başlayır”... Bundan sonrasa “sevməyə bir adam qalmadı daha” qənaətinə gətirib çıxaran əsl səbəblər, ya da bəhanələr yada da düşmür artıq...Amma di gəl ki, başlanğıc doğal və doğmaydı axı. Mətnin hansı yerindənsə bir cümlə sıyrılıb ruhunu qanatmışdı : “Bu qızı hamıdan, bütün dünyadan qorumaq lazımdır”. Bu yerdə özünün samit olduğunu qəbul edən kişi qadına sait kimi yanaşmışdı. Çün bilirdi ki, yalnız ikisinin birliyindən söz, mətn yaranar. Saitsiz F.Q. gücsüzdü, oxunaqlı deyil, dilə ilişir, amma bircə saitin təkrarlanması ilə F.Q.  dönüb AFAQ olur.

 

Əsl kişi olan özündən əvvələ də qadını qoyur, iki samitin arasındakı qoruma nöqtəsinə də. Axı bilir ki, saitlə bir yerdə məna ifadə edir, “saitlərə” yumşaq münasibətin isə məntiqi kökü var: “Saitlər dildə indiyənəcən nə istəyiblər ediblər. Köçəri quş kimidirlər...”Və yalnız bu samitli-saitli tandemdən Çiçəkli Yazı doğulur. Sən o yazını dünya tarixinin mühüm bir hissəsinin təcəssümü zənn edərkən deşifrə olunanın sevgi şeiri, bütün hərblərin və qələbələrin tarixindən daha əfzəl bir eşq naməsi olduğunu anlaşılır. Həmin məqam “ ürəyin qəlbə çevrilən məqamıdır”. “Bilən bilir, ürəyin qəlbə çevrilən məqamında adam hətta ağlını itirə bilər”:

 

...gözəl görünmək

Heç kimə bu qədər yaraşmamışdı...

 

Bu qədər gözəl görünənin hələ görüntüsündən ziyadə arzusuna bax:  “Mən ki nə zamandı səmada pərvaz eləməyin həsrətindəyəm, mənə uçmağı öyrət...” Hələ bu istək “illərin yükünü yığıb bir günün çamadanına dürtən” “dünyanın sonuncu tənha adamı”na deyilərsə,

 

- Arzuna çatdınmı, bircə biləydim,

Bu da sənə göyqurşağı...

 

- deyib o arzunu çin eləməzmi, eləyər... Və çin olmuş o arzunun eyforiyasından “mən elə bilirdim, bitməz o gecə  təəssüfünə bircə addım məsafə var:

 

Vaxt gəlir, hər şeyin yetişir sonu

Bu nəydi qurtardı, yox oldu, getdi?

 

Arzularla təəssüflər paralel dünyalar kimi yanaşı mövcuddurlar. Bundan ona, ondan buna adlamaq an məsələsidir- “Bilirsənmi? Bilirəm...” Bilirsən? - Necə yəni, bəs özün demirdinmi- “mahiyyəti bilmək bizə inayət edilməyib”?!

 

Kağızdan evcik qurub

Qızıl saray bilmişik

Nahaqdan incitmişik

qüssəli ürəkləri-

 

peşmançılığına  öncə “hər adamın həyatında bir Çalıquşu olur” sevinci, çox keçməmiş “taleyində olan həyatında olmaya bilər”  özünüaldatması qarışanda “günah sahibinin” axtarışına başlanılar: “Bəs o zaman kimin idi bu günah?! Moyraların olmasın?” Bundan sonra  könül alarsanmı, yoxsa dediyinlə can alarsanmı, düz-əməlli bəlli olmaz ki:

 

səni mən unutmaram-

xatirən ən naməlum

dumanlara bürünəcək.

səni mən unutmaram

ana bətninə qədər

unutmadıqlarım tək.

gəlib yığılma

səni görməyən gözlərimə.

səni mən unutmaram

məni daha gözləmə.

 

Gedənlər gedər, qalanlar da gedə bilmədikləri üçün qalar...Gedənlərlə qalanlar arasında aramsız yaşadıqlarından nəfəs dərməyə macal olmaz ki:

 

Daha yorulmuşuq çevrilmələrdən

Sən də mənim kimi göylər gəzmisən...

Sonsuz ölmələrdən, dirilmələrdən

Bezmişəm. Əlbəttə sən də bezmisən...

 

Bezginliyin ardınca gözdən, beyindən duman çəkilər, aydınlanar həqiqət:

 

Bütün miflər bircə-bircə dağılar,

Yenə qallam təkcə özüm özümlə...

 

Və “Təkcənəlik” başlar... Bu təkcənəliyi ruhən, mənən karlik olanların arasında daha dərindən, bütün miqyasıyla hiss edərsən. Onların sırasından “Dünyanın ən ucaboylu karliki” tapılıb gülünc şəkildə boy müqayisəsinə qalxanda qaranlığa qərq olmaqdan başqa arzu qalmaz ki. “Sən maralla, mən maral” “düşüncəsi” ilə yaşayanların arasında Təkcənəlik yükü çəkilməz ki... belə mətləbləri yalnız qaranlıqda həzm eləmək mümkündür, bir zərrə işığın gələcəyi ümidilə: 

 

İşıq sizin, mənə qaranlıq verin,

Baxım görüm, neynirəm.

Qaranlığın içində

Salın, itirin məni.

Nə mən görüm kimsəni,

Nə kimsə məni görsün.

Bəlkə onda bilərəm

İşığın qədrini...

 

“Səhvlərimizin qrammatikası”nda “deyiliş-yazılış” xətalarını çözələyib çözdükcə bütün ruhuazmanlar kimi təqsiri, günahı, suçu, yanlışı heç kimdə aramazsan, təkcə özündə görərsən:

 

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirməyiblər...

 

Özünə kəsdiyin cəzanınsa misli-bərabəri tapılmaz: “Məni yaşıl bir zəmini uçan quşlardan qorumaq üçün taxtaya bağlayıb əllərimi yana mıxlayasan və torpağa sancasan...”Və bütün olanlardan sonra bəzən gərəksiz, lazımsız, bəlkə də ən dogru olana üz tutarsan. Ümid fala qalarsa...

 

Bu faldan bir ömür çıxart,

Bir az yaraşığı olsun

Torpaqdan bir az yuxarı,

Göylərdən aşağı olsun

İçinə bir az zülmət at,

Bir az da işığı olsun...

 

Əlini Allahın ətəyindən üzüb fala bağlamağın cəzası agır olsa da , qorxun ötəridir. Allah bağışlayandır- bilirsən. Bunun da fərqindəsən ki, bağışlamaq bəzən elə ən böyük cəzadır:

 

Kimi bunu alqışladı,

Kimi bir nağıl başladı,

Allah bizi bağışladı,

yəni, verdi cəzamızı...

 

Ölüb-dirilməkdən, paralel dünyaları dövrə vurmaqdan yorulan dopdolu yaddaş daşıyıcıları bir də ona əmindilər ki, nə olursa olsun, cəza da, ağrı, da, iztirab da əbədi davam edə bilməz. Bitmiş görünənlər bitmir əslində...”Hər şeyin davamı var, bu dünya hər şeyin sonu deyil”. Ölüm də digər bir başlanğıcdır: “Ölərik-ayılıb görrük ki varıq”. Və “zaman zaman içində...”  üstəlik onu da görrük ki, bizi sevən hamı burdadı-ayıldığımız yerdə.  Təsəlli də hazırdı:

 

Vaxt gələcək ağrımız,

Örtüləcək çiçəklə.

Bütün yaralarımız

Yenidən bitişəcək...

Soldu nar çiçəkləri,

İndi nar yetişəcək...

 

İçində bu qədər mətləbi sığdırmağa qadir və hələ neçə misli buraya yazılmayan, “hadisələrin üfüqündə” yer alan “möhtəşəm ahəng” harmoniyalı Mətnin mütaliəsindən sonra yaddaş eynən “Unutmağa kimsə yox” durumuna düşür. Bundan o yana nə unutmağa yer, nə də yazmaga gərək qalmır...

 

Yol getməyə taqət qalmadı,

Danışmağa dil qalmadı,

Sevməyə ürək qalmadı,

Ölməyə həvəs qalmadı- necə oldu?

Dəxi mən də dur

um gedim,

gec oldu...

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 5 dekabr.- S19