Hüseyn Cavid
yaradıcılığı yeni təqdimat formatında
Bu gün
xeyli fasilədən sonra - yəni həm də siyasi kataklizmlərin
səngidiyi, Azərbaycanın və azərbaycanlının
sakit bir həyat tərzi başladığı bir
çağda bəzən elə təsəvvür yaranır
ki, insan artıq kamilləşib, hər kəsin təhsili var
və bəlkə internetin tüğyan etdiyi bir mühitdə
daha ədəbiyyata ehtiyac da yoxdur.
Bu, çox təhlükəli yanaşmadı və əslində
internetin tüğyan etdiyi günümüzdə bədii
sözə daha çox ehtiyac var. Bu ehtiyacı kamil şəkildə
ödəyə biləcək yeni ədəbiyyatın son dərəcə
qıtlığı şəraitində klassikaya
qayıdış çox vacibdir. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin klassikaya məhəbbəti
- onlarca klassik söz sahibinin yubileyləri ilə bağlı
sərəncamları və bu məktəbin indiki davamı
xalqın milli özünüdərk problemlərinin həllində
misilsiz rol oynamaqdadır. Bu gün klassikaya
qayıdış zərurətini, ideyasını gerçəkləşdirmək
üçün həm də gerçək təşəbbüslər
gərəkdir. Belə təşəbbüskarlar
sırasında ölkədə fəaliyyət göstərən
Kaspi Təhsil Mərkəzi və “Kaspi” qəzeti çox
mühüm yer tutur. Xüsusi qeyd edək
ki, elə Azərbaycanın klassik mətbuat mühitində
ayrıca yeri olan “Kaspi” qəzetinə yenidən
qayıdışın özü lap ilk günlərindən
klassikaya yeni münasibət vəd edirdi. “Kaspi” qəzeti
bunu üç faktorla şərtləndirirdi: birincisi, Azərbaycan
klassikasının gücü, qüdrəti və bu gün
üçün də müasirlik ruhu; ikincisi, millətin
Ümummilli Liderinin bu sahədəki ideya və gerçək
fəaliyyəti; üçüncüsü yeni “Kaspi”nin təsisçisi
Sona xanım Vəliyevanın klassik jurnalistikaya və ədəbiyyata
vətəndaşlıq münasibəti.
Sona xanım “Kaspi” qəzetini “hadisələrə zəngin
tarix, böyük şəxsiyyətlərin tale yolları, həyat
amalları və bu amalların məfkurə məktəbi”
adlandırırdı. Və sonralar elə bu qəzetin tarixi və fəaliyyəti
ilə bağlı özünün
başçılığı ilə keçirilən
yazı müsabiqəsinə dair jurnalist materiallarının
çap olunduğu “Üç əsrin qəzeti” kitabına
ön sözündə mətbuatı belə qiymətləndirirdi:
“Bir qəzetin tarixinə dair tədqiqatlar xalqın, millətin
keçmişini, ictimai-siyasi,iqtisadi, mədəni
yaşantılarını, istək və arzularını, hətta
daxili duyğularını günbəgün, saatbasaat bizə
çatdırır”. Klassikanın mətbuat nümunəsinin
tarixinə və müasir dövrkü fəaliyyətinə
dair bu müsabiqə materialları -528 səhifəlik bu kitab
bir eksperiment kimi elə uğurlu alındı ki, Kaspi Təhsil
Mərkəzinin və “Kaspi” qəzetinin sonrakı layihələrində
böyük inam rolunu oynadı. Bu inam hələ
sağlığında klassikləşmiş Məmməd
Araz yaradıcılığına yeni bir
qayıdışın başlanğıcını qoydu.
Həmin layihə ilə Məmməd Araz
yaradıcılığını gündəmdən-gündəmə
gətirən bir yazı müsabiqəsi gerçəkləşdirildi.
Yenə də Məmməd Araz şəxsiyyətinə
və Məmməd Araz yaradıcılığına sevgi
dolu bir kitab meydana gəldi. Həmin kitab təkcə
Məmməd Araz sevərlərin deyil, ədəbiyyatı sevən
hər kəsin stolüstü kitabıdır. Belə tipologiyaya məxsus kitabların həvəslə
oxunması, görünür, mövzuya ədəbiyyatşünaslıq
istiqamətindən daha çox publisistik yöndən,
essevarilik məqamından yanaşma ilə bağlıdır.
Mən
“Kaspi” qəzetinin və eyni adlı Təhsil Mərkəzinin
təsisçisi Sona xanım Vəliyevanın klassikamıza təkcə
adi bir oxucu, şair və elm xadimi kimi deyil, yüksək vətəndaşlıq
mövqeyindən yanaşdığını xüsusi qeyd etmək
istərdim. Eldəniz Həsənovun “Həsən bəy Zərdabi
irsi: keşməkeşli həyat yolu” adlı bir qiymətli
kitabının təqdimatında maarifçi Sona
xanımın kitabın ərsəyə gəlməsinə
necə sevindiyinin şahidi olmuşam. Həm məzmunca, həm
də poliqrafik keyfiyyətinə görə möhtəşəm
bir abidə təsiri bağışlayan “Həsən bəy
Zərdabi irsi: keşməkeşli həyat yolu”
kitabının rəyçilərindən biri olan Sona
xanım öz çıxışında kitabı ərsəyə
gətirənləri milli dəyərlərimizə
böyük xidmət göstərmiş irfan sahibləri kimi
qiymətləndirdi.
... Və
daha bir az keçdi, “Kaspi” adı yeni bir
layihəni ortaya qoydu. Doğrusu, bu layihə o qədər
də asan başa gələnə oxşamırdı.
Hüseyn Cavid irsini kütləviləşdirmək, Cavid
irsinin müasirlərimiz üçün nə qədər
vacib olduğunu gündəmə gətirmək, sabahın
gündəminə aparmaq üçün “Hüseyn Cavid: Vətənə
qayıdış” layihəsi meydana çıxdı. Əvvəlcə Hüseyn Cavidin əsərləri
doğma dilində nəşr olundu. Amma
Cavidə qayıdış təşəbbüsünün əsas
amalı sonra məlum oldu. Məlum oldu ki, əsas
məqsədlərdən biri Hüseyn Cavidin müasir
Türkiyə oxucusuna təqdim olunmasıdır. Beləliklə, istedadı, vətəndaşlığı
ilə hamımızın sevgimizi qazanmış Azər
Turanın hazırladığı “Hüseyn Cavid. Əsərləri” kitabı Türkiyədə nəşr
olundu. “Küsena Yayınları” nəşriyyatının
müasir poliqrafiyanın ən yeni texniki imkanları səviyyəsində
çap etdiyi bu kitab ömrünün böyük bir kəsimini
Türkiyəyə və türk dünyasına həsr
etmiş Hüseyn Cavidi təxminən doxsan ildən sonra yenidən
Türkiyə oxucusuna qaytardı. Kitabın titul səhifəsinin
ardında belə bir qeyd var: “Kitap Azerbaycan Cümhuriyyəti
Prezident Administrasiyasının İctimai-Siyasi Şübesinin
müdiri Ali Hasanovun Kişisel girişimi ile - Kaspi Qazetesinin ve
Kaspi Egitim Merkezinin Projesi Kapsamında
Yayınlanmışdır”. İndi Türkiyədəki
Cavidsevərlər də “Kaspi” sözünə məhəbbətlə
yanaşırlar. Təkcə ona görə
yox ki, Təhsil Mərkəzi və qəzet bu kitabın nəşrinin
təşəbbüskarıdır, həm də ona görə
ki, bu iki təşkilat həmin kitabın Türkiyədə
populyarlaşması tədbirinə yiyəlik etdi.
Budur, indi də Cavidin ömür yolunu və
yaradıcılığını geniş oxucu kütləsinə
təqdim edən möhtəşəm (sözün müstəqim
tutumunda) bir fotoalbomun və çoximzalı bir kitabın nəşri.
Kitab və fotoalbom kimi xeyli fərqli tipoloji xarakterə
malik olan iki nəşrdən adətən, ilk növbədə
kitab formatı özünün təhlilini tələb edir. Lakin indiki
halda mən “Hüseyn Cavid. Vətənə
qayıdış” fotoalbomunu əvvələ çəkmək
istəyirəm. Çünki bu fotoalbom
öz məzmun siqləti və əzəməti ilə Azərbaycan
mədəni mühitinə hadisə təsiri
bağışlayır. Bu hadisə- fotoalbomun titul səhifəsinin
ardında belə bir xüsusi qeyd var. “Hüseyn Cavid: Vətənə
qayıdış” fotoalbomu Ulu Öndər Heydər
Əliyevin dahi şairə göstərdiyi dərin ehtirama
ithaf olunur”. Fotoalbomu vərəqləyəcək
hər kəs bu ithafın son dərəcə ədalətli
və yerində olduğu qənaətinə gələcək.
Bu qənaətin səbəbi fotoalbomun annotasiyasında
çox müxtəsər və aydın şəkildə
belə ifadə edilmişdir: “Fotoalbomda Ulu Öndər Heydər
Əliyevin sənətə və ədəbiyyata verdiyi
yüksək dəyər nəticəsində dahi şair
Hüseyn Cavidin cənazəsinin qalıqlarının Vətənə
qovuşması, yubileyinin keçirilməsi, abidəsinin
ucaldılması, Cavidlər ailəsinin məzarlarının
bir məqbərədə torpağa
tapşırılması, eləcə də Azərbaycan
xalqının ədəbi irsinə, söz adamlarına
yüksək qiymət verən cənab Prezident İlham
Əliyevin şairin yubiley tədbirlərinin keçirilməsiylə
bağlı verdiyi sərəncamlar və digər maraqlı
materialları əks etdirən fotolar və sənədlər
toplanmışdır”. Bu sətirlər
fotoalbomun mahiyyətini, həqiqətən, dəqiq ifadə
etməkdədir.
Fotoalbomu vərəqləyən hər kəsi millətin
kamilləşməsi yolunda canına qıymış bir xalq
şairinin faciəli ömür yolunun bu qədər dəqiq
kompozisiya ilə təqdim formatı mütəəssir etməkdədir. Bu dəqiq
formatın, bu dəqiq kompozisiyanın, bu kədər
dünyasının dəqiq təqdimatının
aparıcı müəllifi, təkcə elə bu fotoalboma
görə böyük vətəndaş
adlandırılmağa layiq olan Sona xanım Vəliyevadır
- nəşr layihəsinin rəhbəri, redaktoru, tərtibçisi
Sona xanım.
Fotoalbomun kompozisiyasında ilk yeri, yenə də çox
haqlı olaraq, Heydər Əliyevin və İlham Əliyevin
Hüseyn Cavidlə bağlı qiymətli fikirləri tutur. Mən bu fikirlərdən
sonra Sona Vəliyevanın “Dahilərin qayıdışı
möhtəşəm olur” sərlövhəli bir az
duyğulu, bir az obrazlı, bir az elmi-şairanə (!)
üsluba malik ön sözünü oxuyuram və bu ön
sözdə Heydər Əliyevin hələ 1979-cu ildə, -
Sovet ideologiyasının milli dəyərlərdən hələ
də ehtiyatlandığı bir dövrdə Cavidin məzarının
uzaq Sibirdə axtarılması və tapılıb vətənə
gətirilməsi ilə bağlı cəsarətini, hadisələrin
şahidi kimi o anları bir də xatırlayıram. O
zamankı nəslin yaxşı yadındadır ki, Siyasi
Büro üzvlüyünə Şərq dünyasından
yeganə namizəd Heydər Əliyevin bu cəsarəti
hamını heyrətə gətirmişdi. Amma hər şey
nəinki uğurlu oldu, hətta Ulu Öndər həmin Siyasi
Büroya üzv olub da, 1982-ci ildə artıq məzarı
tapılmış Hüseyn Cavidin Vətənə gətirilməsini
qəhrəmanlıqla başa çatdırdı...
Fotoalbom mahiyyət etibarilə bir qəm tablosudur -
bütöv bir millətin repressiya faciəsinin ustalıqla
ümumiləşdirilmiş qəm tablosu. Hüseyn Cavidin şərlənməsi
və həbsini əks etdirən sənədlər və
foto-materiallar oxucunu milli faciənin ağır epizodları ilə
tanış edir. Lakin sanki
sonu olmayacaq bu kədər və bu faciədən doğan qəm
karvanı fotoalbomun növbəti bir bölməsində təkcə
oxucu üçün deyil, bütövlükdə bir millətin
təskinliyinə gedib çıxır. Bu bölmə
elə öz tematik vədi ilə bizi təskinliyə
çağırır: “Əbədi zirvəyə gedən
yol. Ulu Öndərin sonsuz sevgisinin ünvanı
Hüseyn Cavid və Naxçıvan. 1980-1982”.
Bu bölmə dahi Hüseyn Cavidin vətənə
qayıdış kimi çətin və uzun bir prosesinin
fotolarda əbədiyyətə çevrilən anlarının
ifadəsidir. Bu fotolarda, sənədlərdə çox
şey var: onlara yalnız baxmaq və duymaq qalır. Ancaq o
bölmədəki fotolarda bir adam da diqqəti
cəlb edir. Naxçıvan Vilayət Partiya
Komitəsinin katibi Həmid Cəfərov. Heydər
Əliyev Hüseyn Cavidin Sibirdən Azərbaycana səfərini
bu insana tapşırır. 1982-ci ildə Hüseyn Cavidin
cənazəsini uzaq Sibirdən Vətənə qaytaran
nümayəndə heyətinin sədri olan, bir çox vacib sənədləri,
fotoları qorumuş və bu fotoalboma təqdim etmiş Həmid
Cəfərov ən şərəfli qiymətə layiqdir.
Oxucu fotoalbomun “Cavid soraqlı səfər” bölməsində
Cavidin məzarını Sibirdə axtaran və tapıb Vətənə
gətirən nümayəndə heyətinin o uzaq və
ögey yerlərdəki çətinliklərini, sadə rus
xalqının bu axtarışa göstərdiyi köməyin
foto-xatirələrini görəcək, həm kövrələcək,
həm də qürur hissi keçirəcək.
Mən yuxarıda fotoalbomun kompozisiyasından xüsusi
danışdım ona görə ki, bu kompozisiya həmin
axtarışları və şairin Vətənə
dönüşünə qədər olan məqamları
nizamlı bir xətlə bizə çatdırır. Artıq təfərrüata
varmıram, fotoalbomun təkcə mündəricatına diqqət
etmək kifayətdir ki, həmin nizamlı xəttin səmərəsi
aydın olsun...
İndi də “Hüseyn Cavid. Vətənə
qayıdış” yazı müsabiqəsindən ərsəyə
gələn eyni adlı kitab barədə. Əlbəttə,
Hüseyn Cavidin həyatı və
yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığının
Mir Cəlal, Abbas Zamanov, Məsud Əlioğlu, Yaşar
Qarayev, Teymur Kərimli, İsa Həbibbəyli və bir
çox digər filoloq alimlərimizin maraqlı tədqiqatları
mövcuddur. Bu böyük filosof şairin
yaradıcılığına böyük filosof Səlahəddin
Xəlilov da çox maraqlı bir kitab həsr etmişdir.
Lakin bütün bunlarla belə klassikaya
qayıdışı milli mənlik, milli kimlik səviyyəsində
qəbul edən “Kaspi”çilər Hüseyn Cavid
yaradıcılığına daha geniş və bir az da
publisistik istiqamətdən baxmaq məqsədilə təşkil
etdikləri müsabiqənin nəticəsini oxucu cəmiyyətinə
çatdırmaq məqsədi güdüblər.
Sona xanım Vəliyevanın bu kitaba da ön söz kimi
daxil edilən yazısında Cavid
yaradıcılığına yeni qayıdışın,
ümumiyyətlə, dahilərə zaman-zaman
qayıdışın motivasiyaları geniş qoyulur.
Kitabda 30-dan çox müəllifin məqaləsi təqdim
olunub. Bu məqalələrin,
əlbəttə, güclüsü də, zəifi də var,
amma əsas məsələ orasındadır ki, hər müəllifin
Cavid yaradıcılığına öz münasibəti,
çoxçeşidli interpretasiyaları var. Məsələn,
sənətşünas Ziyadxan Əliyev Hüseyn Cavid
romantizminə rəssamlıqda, heykəltəraşlıqda,
milli xalçaçılıq sənətimizdə həsr
olunmuş əsərlərin təhlilini vermişdir. Məqalənin bir çox maraqlı məqamları
sırasında müəllifin bu sahəyə diqqət
göstərmiş sənətkarlara və onların əsərlərinə
necə yaxından bələd olması dayanır. Z.Əliyevin Cavid yaradıcılığının
müxtəlif aspektlərinə əsərlər həsr
etmiş incəsənət adamlarını bu qədər
yaxından tanıması faktı onun Hüseyn Cavid irsinə
məhəbbətinin təzahürüdür.
Elnarə
Akimova Cavid yaradıcılığını zamana
baxış kontekstində, İskəndər Atilla fəlsəfi
düşüncələrdə, Aynurə Mustafayeva şairin
yaradıcılığında şərq və qərb məsələləri
işığında, Rəna Məmmədşəfaqızı
onun türkçülük, vətən, Turan sevgisinin qaynaq
və ifadələrində və s. tematikalarda
araşdırmalarını görürük. Bu
yazıların hamısında özündən əvvəlki
qaynaqlara hörmət münasibətilə birgə, problemə
orijinal yanaşma prinsipi aydın görünməkdədir.
Bu mənada xüsusilə ədəbi mühitdə
öz orijinal yanaşmaları ilə tamam seçilən Fərid
Hüseynin “Fərqli zamanların bənzər
düşüncəsi” əsəri daha çox maraq doğurur.
Müəllif burada “Xurşidbanu Natəvanın bir qəzəli
ilə Hüseyn Cavidin “Kor ərəbin mahnısı” kimi
artıq xalqımızın yaddaşına hopmuş “Şeyx
Sənan” əsərindəki İkinci Korun dilindən deyilən
şeirin müqayisəsinə nəzər yetirir”. Və bu “nəzər
yetirmə” ayrı-ayrı zamanlarda yazılmış iki əsərin
həm tematik, həm də üslub paralelliyi ilə adamı
mat qoyur: “Fərqli zamanla- bənzər düşüncəsi”
oxucuya və yəqin ki, həm də professional ədəbiyyatşünaslara
çox şey deyir. Bu məqamda mən xüsusi qeyd edərdim
ki, Nərgiz İsmayılovanın “Hüseyn Cavidin “İblis”
və Nobel mükafatı laureatı, Lissabonlu Joze Saramaqonun
“İsanın İncili” əsərlərində “İblis” surətlərinin
paralelliyi ətrafında təhlilləri də ədəbiyyatşünaslığa
maraqlı bir mesaj kimi səslənir.
Aynurə Paşayevanın “Hüseyn Cavid yaradıcılığına
yeni bir nəzər” məqaləsi də orijinal
düşüncələri və problemə yeni
yanaşmaları ilə bu gənc ədəbiyyatşünas
xanımın elmi istedadından xəbər verir. Mənə elə
gəlir ki, gənc alimin Hüseyn Cavidin hər cür zülmə
qarşı qoyduğu romantizm- üsyan xarakterli
yaradıcılığını şairin şahidi
olduğu zamanın ədalətsiz ictimai hadisələrə
münasibətindən doğan bir fakt kimi araşdırmaya cəlb
etməsi yeni bir elmi konsepsiya kimi maraqlıdır. Məqalə
müəllifi əsaslı şəkildə qeyd edir ki,
Cavidin “bütün ömrü üç ictimai ədalətsizlik
burulğanının vəhdətində dövr etmişdi:
Çarlıq Rusiyasının müstəmləkəsi
altında olan doğma Vətəni, Sultan Əbdülhəmidin istibdadı altındakı
Sultanlıq Türkiyəsi, qatı dini təəssübün
hökmranlıq etdiyi İran”. Müəllif Hüseyn Cavidin
“Peyğəmbər”, “Azər”, “Topal Teymur” kimi fundamental əsərləri
ətrafında öz elmi fikrini sübut edir. Bu
məqalənin məni daha çox cəlb edən tərəfi
gənc alimin cəsarətli polemikası oldu.
Kitabda toplanan digər məqalələr ətrafında da geniş dayanmaq olardı. Xüsusilə Gülnar Səmanın “Cavidanə uçurum”, Fariz Yunislinin şairin estetik ideallarını təhlilə çəkən məqaləsi və s. oxucuya çox şey vəd edir. Amma bu kitaba daxil edilən bir yazını mən qəsdən axıra saxladım və o yazının dəyərini ayrıca qeyd etmək istərdim. Bu, Hüseyn Cavidin Vətənə qayıdışı ilə bağlı Heydər Əliyevin tapşırığını yüksək vətəndaşlıq qeyrətilə yerinə yetirən Həmid Cəfərovun “Vətənə qayıdış” məqaləsidir. Bu yazı təkcə çağdaş oxucularımızın deyil, həm də milli kimliyimizin ləyaqətini zaman-zaman gündəmə gətirmək təşəbbüsündə olacaq (və mütləq olacaq!) gələcək nəsillər üçün də, adi vətəndaşdan tutmuş elmi tədqiqatçılara qədər hər kəsin müraciət etdiyi bir tarixi qaynaq rolunu oynayacaq. Çünki cəmi 6 səhifədən ibarət bu yazı Hüseyn Cavidin Sibir- Azərbaycan səfərinin salnaməsidir.
Haqqında bəhs etdiyim fotoalbomun və məqalələr toplusunun bu yaxında təqdimatı və Hüseyn Cavid yaradıcılığını yeni formatda cəmiyyətə təqdim edən müsabiqənin qaliblərinin mükafatlandırma tədbirində akademik İsa Həbibbəyli, müsabiqənin təşkilatçılarından biri olan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, ünlü ədəbiyyatşünas, əməkdar elm xadimi Kamran Əliyev, Cavid irsinin ardıcıl tədqiqatçısı, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və başqaları klassikamıza yeni qayıdışın təbliğatçılarına təşəkkürlərini ifadə etdilər. Azərbaycan Mətbuat Şurasının sədri, ilk dəfə dilə gətirdiyim daha bir şərəfli statusun - Milli Məclisin üzvü, dostumuz Əflatun Amaşovun - tədbirin aparıcısının şifahi nitqindəki fikirlər tədbirin müzakirə istiqamətinə daha bir təkan verdi.
Mən bu yazını Azərbaycan ədəbi fikrinin klassikaya yenidən qayıdışına xüsusi qayğısı ilə şərait yaratmış Sona xanım Vəliyevanın müsabiqə məqalələrinin toplandığı “Hüseyn Cavid. Vətənə qayıdış” kitabına yazdığı ön sözdən bir sitatla bitirmək istərdim: “Cavid yaradıcılığı hər məqamında müasirliyi ilə misal gətiriləsi, örnək göstəriləsi nümunələrlə elə zəngindir ki, türk düşüncəsində yer alan dastan və eposu xatırladan axıcı ruhla qanımıza, canımıza hoparaq, bizi-bizə tanıdır, bizə-bizdən danışır. Danışır ki, heç nəyi unutmayaq!”
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 5 dekabr.- S.18