Rəşid Behbudovun 100 illik yubileyi keçirilib
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində
görkəmli müğənni,
SSRİ Xalq Artisti
(1959), Sosialist Əməyi
Qəhrəmanı (1980) Rəşid
Məcid oğlu Behbudovun anadan olmasının 100 illik yubileyi qeyd edilib.
Axşam.az Azərtac-a istinadən xəbər verir ki, tədbir
müğənninin ifasında
“Azərbaycan” mahnısının
səsləndirilməsi ilə
başlanıb. Bu mahnı Rəşid Behbudovun özünəməxsus
vizit kartı olub. O, dünyanın
hər yerində konsertlərini bu mahnı ilə başlayıb və bu mahnı ilə
də qurtarırdı.
Muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli müğənninin
həyat və fəaliyyətindən söhbət
açıb.
Bildirilib
ki, Rəşid Behbudov 1915-cil il
dekabrın 14-də Tiflisdə
doğulub. Onun ilk müəllimi atası, Şuşanın
tanınmış xanəndəsi
Məcid Behbudov olub. Anası Firuzə Vəkilova
rus dili müəllimi, habelə
Tiflis klubunda dram dərnəyinin
rəhbəri olub.
1943-cü
ildə Bakı kinostudiyası Üzeyir Hacıbəylinin eyniadlı
operettası əsasında
“Arşın mal alan” filmini çəkməyi qərara
alıb. Filmin yaradıcılarından biri təsadüfən Zabitlər Evində Rəşid Behbudovun Əsgərin ariyasını
oxumasını görüb
və onu filmdə baş rola dəvət edib. 1945-ci ildə
ekranlara çıxan
film SSRİ-də və
bir çox ölkələrdə uğur
qazanıb.
R.Behbudov
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə M.F.Axundzadə
adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Fikrət
Əmirovun “Sevil” operasında Balaş rolunu ifa edib.
R.Behbudov
1957-ci ildə Azərbaycan
Dövlət Filarmoniyasının
nəzdində caz üslubunu və xalq musiqi alətlərini
birləşdirən ansambl
yaradıb və ona rəhbərlik edib (1957-1959).
O, Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb və ömrünün sonunadək
onun bədii rəhbəri və solisti olub. Teatr hazırda
onun adını daşıyır. Yaraşıqlı görkəmi, aktyorluq bacarığı və məlahəti, istənilən
milli musiqini duymaq istedadı Rəşid Behbudova böyük uğur gətirib və bu uğur onu
ömrü boyu müşayiət edib.
Müğənninin zəngin repertuarında
əsas yeri Azərbaycan bəstəkarlarının
mahnıları, xalq mahnıları tutub.
O, bir neçə bədii filmə çəkilib. Tədbirdə
Xalq Artisti, tarzən Ramiz Quliyev böyük müğənni haqqında
xatirələrini bölüşüb.
Bildirib ki,
1978-1989-cu illərdə ansamblda
işləyib və müğənnini qastrollarda
müşayiət edib. Azərbaycan xalqının
zəngin musiqi mədəniyyəti, gözəl
müğənniləri var. Lakin populyarlıqda Rəşid Behbudovun tayı-bərabəri olmayıb.
Konsert proqramını R.Behbudov adına 2 nömrəli
musiqi məktəbinin
xalq-çalğı alətləri
ansamblı açıb.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifasında müğənninin repertuarından
mahnılar, operalardan parçalar səsləndirilib.
Tədbirdə Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin zəngin arxiv materialları əsasında
hazırlanmış slayd-şou nümayiş etdirilib. Qərb
Universitetinin dizayn
kafedrası tərəfindən sərgi təqdim edilib.
525-ci qəzet.- 2015.- 5 dekabr.- S17