Bitməyən sənətkar ömrü:
Toğrul Nərimanbəyov
Tarixdə
öz dövrünü qabaqlamış şəxsiyyətlər
az olub. Zamanın hər pilləsində
mütəfəkkir insanlara ya dəli kimi baxılıb, ya da
onlar müxtəlif amansız üsullarla məhv edilməyə
çalışılıb.
İsa
peyğəmbərin çarmıxa çəkilməsi, Məhəmməd
peyğəmbərin daş-qalaq edilməsi, Avropanın orta əsr
inkvizisiya məhkəmələrində neçə-neçə
müdrik şəxslərin tonqallarda yandırılması,
İ.Nəsiminin diri-diri soyulması və digər misallar
göstərməklə bu fikri bir daha təsdiq etmək olar. Yaxşı bir el məsəli var. “Dağın
dibində olanda onun böyüklüyünü hiss etməzsən,
dağdan aralandıqca onun necə böyük olduğunu hiss
edə bilərsən”. Nə yaxşı
ki, artıq bu misal Toğrul Nərimanbəyov (1930-2013)
timsalında düz çıxmayıb. Sənətkar
sağlığında ikən böyük şöhrət qazanıb, qədirbilən
xalqımız və dövlətimiz tərəfindən həmişə
hörmətlə qarşılanıb.
Toğrul Nərimanbəyov çağdaş Azərbaycan
təsviri sənətinin yetişdirdiyi, böyük şəxsiyyətlərdən
biri olub. Qeyd
edək ki, hələ sovetlər dönəmində Azərbaycan
təsviri sənət ustalarından SSRİ-nin ən yüksək
fəxri adı sayılan SSRİ xalq rəssamı adına layiq görülən üç azərbaycanlı
rəssamdan - M.Abdullayev, T.Salahovla bərabər biri də o
olub. Doğma diyarımızı, milli xüsusiyyətlərimizi,
etnoqrafiyamızı sözlə yaradan dahi
yazıçımız Cəlil Məmmədquluzadə kimi,
Toğrul Nərimanbəyov da bunu rənglərlə tərənnüm
edib, özümüzə və başqalarına tanıda bilib.
İstedadlı rəssam, görkəmli incəsənət
xadimi Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə
anadan olub.
1950-ci ildə Ə.Əzimzadə adına
rəssamlıq məktəbini, 1955-ci ildə isə Vilnüs
şəhərində Litva Dövlət Rəssamlıq
İnstitutunu bitirib. 1950-ci ildən etibarən
bir çox yerli və beynəlxalq sərgilərdə
iştirak edib. 1955-ci ildə SSR Rəssamlar
İttifaqına üzv qəbul edilib. 1964-cü
ildə Azərbaycan SSR-nin əməkdar, 1967-ci ildə isə
xalq rəssamı fəxri adlarına layiq görülüb.
1974-cü ildə Azərbaycan SSR-nin, 1980-ci ildə
isə SSRİ-nin Dövlət mükafatına layiq
görülüb. 1989-cu ildə SSRİ
xalq rəssamı adını alıb. Bir
sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində
olub. Dəfələrlə doğma Respublikamızda və xarici ölkələrdə
fərdi sərgiləri keçirilib. Dünyanın müxtəlif
ölkələrinin muzey, qalereya və şəxsi
kolleksiyalarında T.Nərimanbəyovun əsərləri
saxlanılır.
T.Nərimanbəyov
uzun müddət xarici ölkələrdə - Amerika,
Lüksemburq, Fransada yaşasa da, bütün
yaradıcılığı boyu öz əsərlərində
Azərbaycan gerçəkliyinin yaddaqalan “bədii
güzgü”sünü yaradıb desək, yanılmarıq.
T.Nərimanbəyov hələ Vilnüsdə təhsil
aldığı illərdən özünü istedadlı rəssam
kimi göstərməyə başlayıb. Onun ixtisasca
monumentalçı rəssam olması ona həm asanlıqla
novatorluq meyllərini büruzə verməyə şərait
yaradıb və həm də rəssamda mövzuların bədii
həllinə
başqa prizmadan yanaşma üsulları
formalaşdırıb. Rəssam müəllimi,
məşhur litvalı rəssam Xouzas Mikenası həmişə
hörmətlə xatırlayardı. Eyni zamanda rəssam incəsənətin
digər bir sahəsi olan musiqi ilə də ciddi surətdə
maraqlanıb. Müsahibələrinin birində deyib:
“Özümü dərk edəndən musiqi ilə
maraqlanıram. Mən oxumağı çox
xoşlayıram. Bəzən hətta
oxuya-oxuya işləyirəm. Mənə belə gəlir
ki, rəssam
kimi yetişə bilməsəydim, vokalçı
olardım...”. Bu gün cəsarətlə demək olar ki, rəssam
hələ yaradıcılığının erkən dövrlərindən
başlayaraq tapdalanmış cığırla getməyib,
yenicə yaratmağa başladığı “Toğrul Nərimanbəyov
yolu” ilə irəliləməyə başlayıb. Təbii ki, bu “yol”la
irəliləmək rəssam üçün heç də
asan olmayıb. Lakin hər şeyə rəğmən
tutduğu mövqedən çəkinməyən rəssam sonda öz “yol”unu və
dəst-xəttini yarada bilib.
Toğrul
Nərimanbəyov yaradıcılığı çoxşaxəlidir:
tematik tablolar, portretlər, mənzərələr,
natürmortlar, qrafika əsərləri, divar
boyakarlığı, teatr dekorasiyaları və s. Onun
yaradıcılığının başlıca xüsusiyyətləri
kimi obrazların monumentallığını, kompozisiyanın
dolğunluğunu, obrazlar bolluğunu, bədii şərti
dekorativliyi, zəngin koloriti, personajların ustalıqla bilərəkdən
qeyri-mütənasib işlənməsini və
perspektivanın həllində isə çox zaman predmetlərə çoxbucaqlı baxış
istiqamətinin seçilməsini göstərmək olar. T. Nərimanbəyov
yaradıcılıq prosesində çox sərbəst idi. Rəssam çox vaxt təsviri sənət nəzəriyyəsində
qəbul olunmuş kanonların və məlum bədii çərçivələrin
ustalıqla əksinə gedərək, sonda peşəkarlar tərəfindən
rəğbətlə qarşılanan sənət əsərləri
yaratmaq qabiliyyətini təsdiqləmiş nadir sənətkarlardan
idi.
T.Nərimanbəyov
yaradıcılığının ilk dövrünə aid əsərlərdən
“Bayıl mənzərəsi”, “Fırtınadan da
güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”,
“İşıqlı gələcək uğrunda” və
başqalarını qeyd etmək olar. Əsərlərin
mövzu dairəsinin zənginliyindən də göründüyü
kimi o, axtarışdadır. Rəssam ona yaradıcılıq sevincinə bələnmiş
uğur gətirəcək işıqlı arzularının
zirvəsini tezliklə fəth etmək naminə sanki
mübarizəyə başlayıb.
Bu istək sonradan da rəssamı bütün həyatı
boyu müşahidə edəcəkdi. “Şair Fikrət Qoca”, “Rəssamın
ailəsi”, “Yazıçı Anar”, “Səttar Bəhlulzadə”,
“Ana” və s. portretlərində rəssam ona yaxın olan “məslək
dostları”nın, “silahdaş”larının canlı
obrazlarını yaradıb. S.Bəhlulzadə ilə çox
yaxın dost olan T.Nərimanbəyov rəssamın bir neçə
yaddaqalan obrazını yaratmağa nail olub. Doğrudan
da, S. Bəhlulzadə dünyasını onun qədər
yaxından duya və tanıya biləcək sənətkar
tapmaq çətin olardı. Bu, bəlkə
də ilahinin lütfi idi ki, S.Bəhlulzadə
ömrünün və sənətinin sirlərini
daşıya biləcək gənc rəssamı elə S.Bəhlulzadəyə
tuş gətirmişdi. Ona həsr
olunmuş əsərlərinin birində - kompozisiyanın mərkəzində
çılğınlığı duyulan, çərçivələrə
sığışmayan, barmağından əskik olmayan
papirosunun tüstüsü ərşə qalxan, dərin
fikirlərə dalmış S.Bəhlulzadə sanki hansısa
yaradacağı yeni əsəri barədə
düşünür. Əsərin obraza
canlılıq bəxş edən kolorit həlli də son dərəcə
ustalıqla işlənilib. Son nəticədə o
dostunun süni zahiri keyfiyyətlərdən, aldadıcı
poza təəssüratından uzaq, rəssamın daxili aləmini,
iç dünyasını, psixoloji xüsusiyyətlərini
açan diqqətçəkici obraz yaradıb. Bundan
başqa, özündə
yaradıcı adamlara xoş keyfiyyətləri yaşadan
“Şair Rəsul Rza”, “Gənc rəssam Səhhət Veysov” və
“Maqsud İbrahimbəyov” portretlərində də T.Nərimanbəyov
bədii təxəyyülünün xüsusiyyətləri
qabarıqdır.
T.Nərimanbəyov çoxsaylı mənzərələrində
Bakımızı, doğma diyarımızın digər
gözəl guşələrini tərənnüm edir. “Doğma şəhər”,
“Bakı”, “Qədim Naxçıvanın ponaramı”,
“Göyçay bağlarında”, “Dağların
mahnısı” və s. mənzərələrində təbiətimizin
zəngin gözəlliklərinin, bərəkətli
torpağımızın yetirdiyi bol nemətlərin insanda
yaratdığı sehrkar assosiasiyanın təsiri altına
düşməmək mümkünsüzdür. “Qədim Naxçıvanın panoramı” adlı əsər
adama doğma Naxçıvanımızın qədim tarixi və
əski mənzərəsi haqda çox şey deyir. Əsərə bir qədər diqqətlə fikir
yetirdikdə tamaşaçıda bu əfsanəvi diyar barədə
olduqca maraqlı duyğular yaranır. Kompozisiyanın
mərkəzində dəvə karvanı ilə hərəkət
edən sarvan təsviri əsrarəngiz şərq
dünyasının “nağıl”ını xatırladır.
Əsərin fonunda isə qədim şərq memarlığı
üslubunda inşa edilmiş “köhnə” binalar təsvir
olunub. Səmaya ucalan dağların zirvələri
buludlarla əhatələnib. Rəssam məharətlə
Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri
az qala topoqraf dəqiqliyi ilə göstərə
bilib. Əsərin kolorit həlli o qədər
ustalıqla tapılıb ki, insan Naxçıvan iqliminin
qovurucu istisinin mehini belə özündə hiss etmiş olur. Bu əsərlə
Soltan Hacıbəyovun yaratdığı “Karvan”
süitası bədii fəlsəfi və estetik mahiyyəti
etibarı ilə səsləşir, desək yanılmarıq.
Rəssamın
“Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış
dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul
bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərlərinin hər biri haqqında geniş
söz açılmağa layiq sənət nümunələridir.
Belə tablolara rəğbətini gizlətməyən
S. Bəhlulzadənin “Toğrulun əsərləri bərəkətli
bir süfrəni xatırladır. Bu süfrədə hər
cür nemət var. Özü də bu, doğma Azərbaycan
torpağının nemətləridir! Toğrulun
əsərlərindən torpağımızın ətri gəlir...”
fikrini söyləməsi də həmin əsərlərin sənətkarlıqla
yaradıldığını təsdiqləyir.
T.Nərimanbəyovun
yaradıcılığının səciyyəvi xüsusiyyətlərini
özündə əks etdirən natürmortlar da bu janrın
onun yaradıcılığında yeni bir zirvəyə
yüksəldiyindən xəbər verir. Müxtəlif
əşya və predmetləri, ləziz Azərbaycan nemətlərini
və xüsusən də narı natürmortlarında məhəbbətlə
əks etdirən rəssam tamaşaçıda xoş
duyğular yaradan, özünün sehrli və
duyğulandırıcı aləminə aparan bitkin əsərlər
qalereyası yaradıb. Rəssamın bu
cür əsərlərinə “Natürmort. Narlar”,
“Narlar”, “Natürmort. Nar ağacı” v əbaşqalarını
göstərmək olar.
T.Nərimanbəyov
Abdulla Şaiq adına Dövlət Kukla
Teatrının, Milli Məclisin binasının və
keçmiş “Moskva” mehmanxanasının foyelərini bənzərsiz
rəssam təxəyyülünün şahanə
fantaziyası ilə qədim incəsənətimizdən gələn
ənənələrə tapınmaqla misilsiz sənət
inciləri ilə bəzəyib.
Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: “Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa edərkən gözlərimdən yaş axır”. “Muğam”, “Musiqiçilər” adlı əsərini hələ muğam sənətimizin zəif təbliğ edildiyi vaxtlarda yaratdığını nəzərə alsaq, sənətkarın muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətinə dərindən bələdliyini bir daha duymuş oluruq. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif pozalarda yerləşdirilməsi, xüsusi ilə xanəndənin keçirdiyi hissləri, tərkidünyalığının verilməsi, tablonun ekspressiv dinamikliyi tamaşaçını sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur.
T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu.
1998-ci ildə Bakıda təşkil olunan möhtəşəm konsertində ümummilli lider Heydər Əliyevin iştirak etməsi, orada rəssamla görüşməsi T.Nərimanbəyov ömrünün ən yaddaqalan məqamlarından idi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin “Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında” imzaladığı Sərəncam (22 iyun 2010-cu il) rəssamın yaradıcılığına verilən yüksək qiymətin, göstərilən diqqət və qayğının bariz nümunəsidir. T.Nərimanbəyov həmçinin müstəqil Azərbaycanın “İstiqlal” (2000) və “Şərəf” (2010) ordenləri ilə təltif edilib.
Daim yüksək sənət amallarına sadiq, ülvi hisslərlə yaratmaq şövqünə malik və tükənməz yaradıcılıq şövqü ilə bədii əsərlər yaratmış T.Nərimanbəyov Azərbaycan təsviri sənət tarixində və onu tanıyanların xatirəsində həmişə yaşayacaq. Sözlərimi rəssamın məşhur fikri ilə bitirirəm: “Hər bir sənətdə, yaradıcılıqda yenilik, bənzərsizlik olmalıdır. Bunlar ki, olmadı, demək, sənət öldü... Sənətdə məni ruhlandıran, yaradıcılığa sövq edən cəhətlər bilirsinizmi nədir? Bir çox məlum, hətta özümün də inandığım həqiqətləri rədd etmək. Daima axtarmaq, nə isə yeni bir şey tapmaq...”
Əsəd QULİYEV
sənətşünas, Rəssamlar
İttifaqının üzvü, AMEA-nın dissertantı
525-ci qəzet.- 2015.- 5 dekabr.- S.16