Nizami və dünya
nizamı
MÜASİR DÖVRDƏ NİZAMİ, TOLSTOY, HÜQO KİMİ DAHİLƏRİN İNSANSEVƏR FİKİRLƏRİNİ NOSTRADAMUS KİMİ XEYİRSÖYLƏMƏZLƏRİN UYDURMALARI NƏ ÜÇÜN ÜSTƏLƏYİR?
Cürbəcür rəngli “inqilablar”,
müharibələr, mənşəyi
şübhəli xəstəliklər,
yalançı müsəlmanlar-İŞİD,
əsl satanizmə meylli anti-mədəniyyət
və digər bəlalar... Təəssüf ki, bu, indiki dünyanı xarakterizə edən əsas xüsusiyyətlərdir.
Elə yekunlaşmaqda
olan 2015-ci ildə də bəşəriyyət
çox ağır təlatümlər yaşayıb,
minlərlə insan müxtəlif ölkələrdəki
terror və qarşıdurmaların
qurbanına çevrilərək
həyatını itirib.
Öz tarixi boyu nizamı dönə-dönə pozulan
bu qoca dünyanın
xilası həmişə
insanların məkr və nifrətdən qaçaraq, bəşəri
harmoniya qanunlarına qayıtmasında olub. Bu baxımdan,
dünyanın taleyindən
həmişə narahat
olan böyük şəxsiyyətlərin fikirləri
bu gün üçün də
olduqca gərəklidir. Dühası sərhəd tanımayan böyük mütəfəkkirimiz
Nizami Gəncəvinin
öz əsərlərində
insanlığın diqqətinə
çatdırmaq istədiyi
məsələlər indiki
narahat dünya üçün də elə müasir təbircə
desək, “çox aktual səslənir”.
Bizim Azərbaycanımızın
dahi şairi özünə Nizami təxəllüsünü əbəs
yerə seçməyib. O, əsərləri
ilə dünyanın
ilahi nizam qanunlarını müfəssəl
izah etməklə və insanlığı bu nizama çağırmaqla bu adı alıb. Bu haqda bizimlə fikirlərini bölüşən
qocaman nizamişünas,
60 ilə yaxındır
ki, dahi şair və mütəfəkkirimizin əsərləri
və fəlsəfi-elmi
görüşlərini araşdıran,
bu mövzularda onlarla kitabın müəllifi, filologiya doktotu, 82 yaşlı Sabir Həsənzadə onu xüsusi vurğulayır ki, dahi şairimizin dünya fikir adamlarının əksəriyyətindən
daha üstün mövqedə durması onun indiki dillə
desək, universal dünyagörüşünə
malik olması ilə bağlıdır.
“Nizami, dünyanın digər fikir adamlarından fərqli olaraq, bəşərin harmonik qanunlarını daha müfəssəl izah
edir. Əgər tarix boyu yaranmış əksər
fəlsəfi cərəyanlara
nəzər yetirsəniz,
onların ayrı-ayrılıqda
hər birində hansısa konkret postulatların mövcudluğunu
görərsiniz. Özü
də onların çoxu yalnız insan psixologiyasının “qida”sı anlamındadır.
Bu, əlbəttə az iş deyil. Amma Nizami bəşəriyyətin
hələ yeni-yeni öz orta çağlarına
qədəm qoyduğu
bir dönəmdə fenomenal nəzəri bilgi və əməli
nizam üsullarını
öz əsərlərində,
həm də gözəl poetik dillə, insana təlqin edir. Onun əsərlərində
verdiyi yaradanla yaradılışın,
təbiətlə insanın,
canlı aləmlə
maddiyyatın, fikir ilə davranışın
harmoniyası məsələlərini
bütün dövrlər
üçün keçərli
olan “tezislər” hesab etmək olar. Sonrakı dövrlərə nəzər salsaq, görərik ki, dünyanın harmoniyaya qovuşmasını arzu edən böyük yazıçılar və
fikir adamları da bu cür
“tezislər”in hökmü
ilə yazıb-yaradıblar.
Özü də onların Nizamini oxuyub-oxumaması vacib deyil; əsas odur ki, onlar
sonda Nizaminin dediyi mətləblərin
üstünə gəliblər,”-deyə, gəncəli qocaman nizamişünas bildirir.
Həmsöhbətimiz qeyd edir ki, dahi
şairimizin fəlsəfəsinə
nəzər yetirsək,
indiki dünyanın rahatlığının hansı
qanunların pozulması
ucbatından baş verdiyini anlayarıq:
“Baxın, “Hər şey bu dünyada
cəzbə bağlıdır;
Filosoflar onu EŞQ adlandırır”-deyir Nizami. Bu EŞQ həm maddi, həm mənəvi aləmdə,
atom zərrəciklərinin cəzbindən tutmuş, insanların ruhi rəğbət hisslərinədək
hər yeri bürüməklə külli-kainatı
nizamlayır! Bizim Yer
kürəsindəki dünyamızın
fiziki və mənəvi qanunlarının
vəhdəti də onun varlığının
hifz olunmasında başlıca şərtdir.
Amma elə Nizaminin özünün də “Xeyir və Şər” anlayışlarının sərhi-bəyanından
da aydındır ki, nadanlıq mövcud olduqca, ədalətsizlik və dağıdıcılıq da
var olacaq, tamah və məkr
dünyada nizamın bərqərar olmasını
ləngidəcək”.
Həmsöhbətimiz Nizaminin 12-ci əsrdə şərq dünyasında yaranan “Əxi”, yəni qardaşlıq təşkilatının
üzvü olmasını,
bu təşkilatın
ali məqsədinin insanların mənafeyinə
xidmət etmək olduğunu, sonralar bu cür təşkilatların
qərb dünyasında
da yaradıldığını,
lakin müəyyən
zaman keçdikdən
sonra orada qardaşlıq anlayışının
mahiyyətinin dəyişdirilərək
onun “seçmə” təbəqənin mənafeyinə
uyğunlaşdırıldığını
vurğulayaraq qeyd edir ki, məhz
maddiyyat və maliyyəni əsas meyar edən həmin elit dairələrin iradəsilə qərb dünyası “səmərəli
həyat tərzi” yolunu tutaraq, “məqsədə çatmaq
üçün hər
bir vasitə caizdir” deyərək, əslində qeyri-humanist ideyaların əsirinə çevrilib.
“Şərq fəlsəfəsi
insaniyyətə necə
xidmət etməyi, qərb fəlsəfəsi
isə təmənna,
var-dövlət, hegemonluq
ideyaları daşıyıb.
Son yüzilliklərdəki bütün müharibələr
də bu ideyalardan qaynaqlanıb”-deyə, müsahibimiz bildirir.
Müdrik şərq fəlsəfəsi ilə məkrli qərb dünyagörüşünün təzadının nümunəsi olaraq, indiki cəmiyyətin humanist ideyalar əvəzinə bəzən avantürist fikirlərə daha çox müraciət etdiyinin təhlükəli olduğunu vurğulayan həmsöhbətimiz qeyd edir ki, məsələn, varlığı və mülahizələri belə şübhəli olan Nostradamus kimi isimlərin dünyada necə deyərlər, populyarlaşdırılmasının arxasında təmənnalı məqsədlər var:
“Nostradamus bəlkə də uydurmadır, ehtimallar var ki, heç belə şəxsiyyət tarixdə mövcud olmayıb. Doğrudan da necə oldu ki, onu 80-ci illərin axırlarından “üzə çıxardılar”? Güman ki, bu cür üsullarla dağıdıcı qüvvələr şübhəli “öncəgörmə” nümunələrini olası bir şey kimi xalqlara təlqin edir, onu psixoloji olaraq faciələrə “hazırlayır”, sonra da bundan istifadə edib müharibələr törədirlər”.
S.Həsənzadə qeyd edir ki, Yer kürəsi son dövrlər qığılcıma bənd olan barıt çəlləyini xatırlatsa da onun xilası yolları tükənməyib və Nizami kimi dahisi olan xalq həmişə bu məsələdə nikbinlərin cərgəsindədir.
“Kökü kəsilməyə getsə bəşərin,
Fərqi bilinməsə xeyirlə şərin,
Əgər Nizamini dinləsə bəşər,
Hər şey həqiqətlə yenə səsləşər”
-deyə, poetik yaradıcılığa da biganə olmayan qocaman nizamişünas fikirlərini yekunlaşdırır.
Zakir Muradov
GƏNCƏ
525-ci qəzet.- 2015.- 5 dekabr.- S.14