Şuşa... Əli Mahmud...
"Göyərməz bir qara daş"...
Mənim
bu dünyada bir Şuşa həsrətim
var. Neçə illər öncə Qarabağın
çox-çox şəhərlərini, kəndlərini gəzdim.
Bircə Şuşanı görə bilmədim.
Bu dərd, bu həsrət illər boyu
içimdə yaşayır və əslində, bir həsrət
ağacına dönmüşəm, yarpaqlarım
sapsarıdır və o yarpaqlar ağacdan bir-bir qopub
torpağa qarışır.
Əli Mahmud adlı gözəl bir şairimiz var və
mən bu nisgilimi ona söyləyəndə gözləri
yaşardı.
- Sən
Şuşanı görməmisən. Böyük
dərddir. Amma mən ömrümün tən
yarısını Şuşada yaşamışam. Şuşanın havası ciyərlərimə dolub
və məni yaşadan da o havadır, o nəfəsdir. Deyirsən ki, mən bir həsrət ağacına
dönmüşəm. Səmimiyyətinə
inanıram. Amma Şuşanı sən xəyallarında
sevə bilərsən. Sənin həsrətin
müqəddəsdi, Şuşanı görməyən hər
bir azərbaycanlı belə düşünməlidir, amma bu
həsrət ilğım kimidi. Mənim həsrətimsə
anasını itirmiş bir oğulun həsrətidir.
Əli Mahmudla bu qəmli söhbətdən sonra onun mənə
bağışladığı şeirlər kitabını
və bir də çoxlu çap olunmamış şeirlərini
oxudum.
Bütün
varlığı ilə Şuşaya, Qarabağa,
doğulduğu Meşəli kəndinə bağlı olan
Əli Mahmudun şeir dünyası ilə tanış
olandan sonra - səmimi sözümdür - yeni bir şair kəşf
etdim və özümü qınadım ki, bu şairi
çox az tanıyıram. Vaxtilə "Şuşa" qəzetində,
sonra Bakıda - "Qarabağ" qəzetində redaktor
müavini, indi isə "Qarabağa aparan yol" qəzetində
redaktor işləyən və jurnalistlik fəaliyyətində
də Qarabağ həqiqətlərini car çəkən
Əli Mahmud şeirlərində poetik bir "Qarabağnamə"
ilə diqqəti cəlb edir. Ancaq bu yeni
"Qarabağnamə" nə tarixdir, nə salnamədir, nə
də etnoqrafik əsər. Bu "Qarabağnamə"
həsrətlə, nisgillə, kədərlə, bəzən
də qəzəblə, hirslə qələmə
alınıb. Budur, "Şuşada nəyim
qaldı" şeiri və bu şeiri oxuyandan sonra mən
görmədiyim Şuşanı Əli Mahmudun gözləriylə
görə bildim.
Şuşada
nəyim qaldı
Qəbrimə
nişanə seçdiyim
Mamırlı bir daş.
Gözümə
tökmək üçün qoruduğum
Bir ovuc torpaq.
Ürəyimdə
bişib,
Dodaqlarımı
göynədən
Bircə damla yaş.
Şeir
beləcə elegik bir ruhla başlayır və burdakı
xatırlamalar təkcə nisgil, həsrət
çalarları, rəngləri ilə yox, həm də bu qəmin,
kədərin fonunda Şuşanın ağ
günlərinin mənzərəsini göz önünə gətirir.
Təsəlli
üçün qardaş məzarına
Qoyacağım Xarı bülbül gülü.
Hər səhər
şehinə bələndiyim,
Üzümü
sürtdüyüm,
Gözümə
dürtdüyüm
Maralotu sünbülü.
Sehrli
nağılların
Dərin
quyularına enən
Qırxpilləkan yolu.
Qoxlanmamış
bənövşələrə
Keşik
çəkən
Qaratikan kolu.
Mərmər
döşənmiş ağ küçələr,
Ulduzları yerə tökülmüş gecələr.
Min illərin
sehri, sirri
Yığılmış mücrülər.
Şuşa həsrəti ilə bağlı elə
detallar seçilir ki, bunlar o böyük həsrətin
meridianlarını genişləndirir. Xan qızı Natəvanın,
Vaqifin, Nəvvabın, Bülbülün, Üzeyirin, Zakirin,
Cabbarın güllələnmiş məzarları, heykəlləri,
Ənvər Paşanın, Soltan bəyin qolları
üstündə qalmış şəhidlər, Qan çilənmiş
Cıdır düzündə qan rəngli lalələr,
"Vağzalı" havası yarımçıq qalan, əlləri
qanla xınalanan, gözəllərin ruhları... Şuşa həsrətinin ayrı-ayrı
boyalarıdır. Əli Mahmudun bu şeiri
nostalji hisslərin tüğyana gəlməsi anlamından
uzaqdır. Nostalgiya o zaman yaranır ki,
artıq keçmişi itirmisən və indi onu həsrətlə
yad edirsən, çünki o keçmiş bir də geri
qayıtmayacaq. Amma Əli Mahmudun şeirində
itirilmiş Şuşadan yox, itirilməmiş, torpağı,
daşı səni haraylayan Şuşa
xatırlanır. Canlı, diri Şuşadan
söhbət gedir. Hətta keçmiş
zaman şəkilçiləri qafiyəyə gələndə
də. Şuşanı keçmişdə yox,
qarşımızda görürük:
Şuşa
şəhərlərin baş şəhəriydi,
Yaddaş şəhəriydi, daş şəhəriydi.
Günəş
güllərini öpə bilirdi,
Ulduzlar göz yaşı səpə bilirdi.
O
Qızıl qayası səs qülləsiydi,
Allahın sonuncu möcüzəsiydi.
Əli Mahmudun "Şuşadan Şəhriyara məktub"
adlı bir şeiri var və o şeirdə Şuşanın
sözlə çəkilmiş, rəssam duyğusu ilə qələmə
alınmış tablolarını seyr edirik. "Ustad, səni
gözləyirik Vətəndə, Kaş görəydin
Xarıbülbül bitəndə".Yalnız Şuşada
bitən gülün adıdır "Xarıbülbül".
Deyilənə görə, başqa yerdə bitməz.
Çünki o gül torpağı musiqiylə,
şeirlə, məhəbbətlə yoğrulan Şuşada
bitər. Şuşadan Tehrana gəlin
getmiş Ağabəyim ağa-İbrahimxəlil xanın
qızı Vətən həsrətini unutmaq
üçün Qarabağdan torpaq və bir də
gül-çiçək gətizdirir. Amma
Tehran torpağında, yad məmləkətdə
"Xarıbülbül" bitmir.
Sarıbaba
bu dağların ulusu,
Çarıqbulaq
bulaqların sulusu,
Bu yerlərdə
gülsən ürəkdolusu,
Qayalarda səsin
qalar əbədi,
Mənim Şuşam qədim sənət məbədi.
Cıdır
düzü igidlərin oylağı,
Maral yalı
gözəllərin yaylağı,
Ceyranqaçan
ovçuların ovlağı,
Hər
qayanın, hər cığırın adı var,
Çiçəklənmr, ləçəklənir
arzular.
Bu şeir Şuşanın hələ bizim
üçün nisgilə çevrilməyən xoş
günlərində yazılıb. Şuşanın
işğalından sonra isə şeirinin ovqatı dəyişir,
gözəlliyə, Pənah xanın bünövrəsini
qoyduğu, məmləkətin ən möhtəşəm
şəhərinə çevirdiyi Şuşa
millətin itirdiyi maddi-mənəvi sərvət kimi göz
dağına çevrilir.
Ümumiyyətlə, Əli Mahmudun şeirlərində
son otuz ilin milli dərdləri əks olunub desəm,
yanılmaram.
Müasir poeziyamızda milli dərdlərdən
yazanlar çoxdu, amma bu dərdlərin poeziyada inikasına gələndə,
çox vaxt sözün urvatsızlığı və kəsərsizliyi
o dərdi də gözdən salır. Axı,
böyük dərdi-Qarabağ dərdini trafaret obrazlarla,
gücsüz təşbehlərlə ifadə etmək
günahdır.Belə şeirlərdə həzin və lirik
duyğularla, qəmli və kədərli notlarla sərt və
qəzəbli publisistik ahəng vəhdətdə olur. "Qaçqın və köçkün həmdərdlilərim
haqqında poemaya bənzər ağı" şeirinə
diqqət edək. "Kim qaçqındı, kim
köçkündü"- şeirdə bu adi suallara
çox sərt cavablar tapırıq:
Gecəyarı
döngələrdə,
dalanlarda
"Ov"
gözləyən,
Çil-çıraqlı
saraylarda
Hallı-pullu
əcnəbini
əzizləyən
Yarıçılpaq
məlakələr,
nələr, nələr,
Qaçqın
deyil!
Köçkün
deyil!..
Azərbaycan
şeirinə bu sayaq çılğın və üsyankar
nidalar, sözün apaçıq, məcazi örtüyə
bürünmədən söylənilməsi o zaman kütləvilik
kəsb etdi ki, zaman artıq dəyişilirdi, demokratik ab-hava
get-gedə güclənirdi və sanki poeziyanın o gəlinlik
örpəyi sürüşüb düşmüşdü,
daha incə, müəyyən müddət lirik duyğulara
sanki yasaq qoyulmuşdu. Poeziyanın publisistika ilə
qaynayıb-qovuşma prosesi göz qabağında idi. İlk baxışda bu prosesdə qeyri-təbii nəsə
axtarmaq doğru olmazdı, çünki sözün hansı
tərzdə deyilməsi yox, necə deyilməsi əsasdır.
Amma bu prosesdə publisistika poeziyanın cövhərini,
bədii ifadə tərzini sıxışdırıb
çıxarırsa, yerində "4-cü mikrafon"
deklamatsiyası cücərirsə, onda vay olur poeziya. Əli Mahmudun şeirlərində yaxşı ki, bu
"4-cü mikrofon" təsirini görmədik. Dərd böyükdür və o hisslər ki,
yatağına sığmır, onları adi şəkildə,
pıçıltıyla, zərif-zərif söyləmək
olmaz. Düşmən məlum,
havadarları da həmçinin, amma özümüzü də
qınamalı, suçlamalıyıq.
Dabbax bələd
olub, quru dəriyik,
Deyirik Koroğlu nəvələriyik.
Dözürük,
ərəbin dəvələriyik,
Öz
evimdə baltalanıb dirəyim
Yıxılmışam
yerə dəyib kürəyim,
Vətən, haram olsun bizə çörəyin.
Bu etiraflara Əli Mahmudun digər şeirlərində də
rast gəlirik.
Amma elə düşünməyin ki, onun
şeirlərinin hamısı bu hava üstündə köklənib.
Əlbəttə, Şuşa, Qarabağ,
Meşəli həsrətiylə alışıb-yanan bir
şair-bir Vətən oğlu müvəqqəti itkiylə
barışır və ömrünü ah-zarla keçirir.
Yox! Əli Mahmud heç vaxt qələbəyə
inamını itirmir. Hamımız o
inamın bar verəcəyinə şübhə eləmirik.
"Qılınc qından sıyrılacaq.
Dolan səbr kasamızdı".
İgidlər
köhlənlərin
Yalına
yatmayıbsa,
Qılıncım
yağıların
Qanına
batmayıbsa,
Düşmən
son silahını
Əlindən
atmayıbsa,
Hələ
müzəffər ordum
Göyçəyə
çatmayıbsa,
Qoparıb
qaysağımı,
Duz
tök yarama, qardaş,
Mən də
qismətim kimi
Göyərməz
bir qara daş!
Bu yazıda mən Əli Mahmudun publisistik yazılarından da söz açmağı lazım bilirəm. Çox maraqlıdır ki, şeirlərində ağrı-acısı, ürək hıçqırtısı, Şuşa həsrəti daha çox ifadə olunursa, publisistikasında sərt həqiqətlər, o illərdə Qarabağda, Şuşada baş verən hadisələrə kəskin münasibət öz əksini tapır. Əli Mahmud bu yazılarda bizi o illərə qaytarır, Dağlıq Qarabağda baş verən hadisələri, ermənilərin və onların havadarlarının törətdiyi cinayətləri, A.Volskinin sədri olduğu Xüsusi İdarəetmə Komitəsinin ermənilərin əlində bir vasitəyə çevrilməsi, Azərbaycan rəhbərliyinin qətiyyətsiz hərəkətləri, Şuşada, Xankəndində yerli ziyalıların Volskiyə və onun tərəfdarlarına qarşı çıxışları bu yazıda real müşahidələr əsasında qələmə alınıb. Əli müəllim özü də bu hadisələrin içindəydi, Şuşada, Xankəndindində keçirilən müşavirələrdə "Şuşa" qəzetinin redaktor müavini kimi kəskin etiraz etiraz səsini ucaldırdı, hətta bir müddət həbs olundu.
"Tarixin Meşəli yaddaşı" yazısı isə Əli Mahmudun doğma kəndi Meşəlinin işğalından söz açılır. "Mənim Meşəlim qalası, bürcü, daş kurqanları, ehramları, məbədləri, ağacları, min dərdə dərman olan bulaqları, otları ilə abidəydi. Qırxqız dağının adı da kəndimin qoyun-qoltuğuna sığınmış oğuz sərkərdəsinin daş kurqanlar içərisindəki məzarları ilə bağlı idi... Xudu Məmmədov ulu şairimiz Xəlil Rza Ulutürk, professor Süleyman Əliyarov və başqaları gördükləri möcüzələrə heyran qalmışdılar". Amma bu gözəl məkan da 1988-ci ilin fevralından-ermənilərin torpaq iddiası başlanan günlərdən blokadaya alındı.
Dağlıq Qarabağda ilk şəhid də bu kəndin payına düşdü. Qeyri-bərabər döyüşdə Meşəlinin 29 nəfər dinc sakini qətlə yetirildi... Yandırılmış, külə döndərilmiş Meşəli 40 gün respublikanın torpaq, Vətən qeyrəti çəkə bilməyən rəhbərlərindən kömək gözlədi... Əli Mahmud 75 yaşlı şəhid anası Səyyarəni Şuşanın qədim Mirzəhəsən qəbristanlığında torpağa tapşırır...
Əli Mahmudun Şuşa həsrətli poeziyasını, Qarabağ həqiqətlərini car çəkən publisistikasını həyəcansız oxumaq mümkün deyil. Bu yazıda onun çox yazılarından söhbət aça bilmədim... Amma onun vaxtilə yazdığı bir nikbin şeirində bu misralara bütün varlığımla inandım ki:
Qoşulub dəlisov ildırımlara,
Düşmənin başında od tək çaxanda,
Köhlən ayğırların yatıb boynuna,
Kirsin zirvəsinə birgə qalxanda,
Bizi qələbəyə aparar savaş.
O gün uzaqda deyil, Əli Mahmud!
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.- 8 dekabr.- S.8.