Mənim sevdalarım edam yeridir

 

Ayağım yer tutmur, mənim yerimə

dərdim ayaq tutdu, qadam yeridi.

Ölümün neçəsi dəyər dirimə,

İçimdə göynəyən adam yeridir.

 

Sevdiyimin məndən sirri olmasın,

Baş qoysun dizimə, piri olmasın,

Gül-çiçək içində yeri olmasın,

Qəlbim cənnətidir, odam yeridir.

 

Bu yazın çiçəyi, gülü qanlıdır,

Axsın gözlərimin seli, qanlıdır,

Mənim arzularım əliqanlıdır,

Mənim sevdalarım edam yeridir.

 

Adamın sevməyə üzü də gəlmir

 

Eh, mənim sevməli yaşım deyil ki...

Vurula bilərəm, mənim əzizim,

Qorxuram ki, gücüm tükənər bir gün,

Yorula bilərəm, mənim əzizim.

 

Mən uşaq deyiləm, nağıl dinləyim,

Səbr edim sonunu axırda bilim.

Mənim saçlarımda tel qalmayıb,

Sevginin yolunda ağarda bilim.

 

Mən eşqə düşmənəm, sevgiyə yadam,

Özüm öz içimdə aza bilərəm.

Mən tanrı deyiləm, bəxt yazım, adam,

Mən sənə nəğmələr yaza bilərəm.

 

Başlanır ömrümün yarpaq tökümü,

Payızı da bitmir, yazı da gəlmir.

Uşaqlar adama elə baxırlar,

Adamın sevməyə üzü gəlmir.

 

Mən elə dəliyəm, elə ağıllı,

Çağırsan, ardınca gələ bilərəm,

Eh, mənim sevməli yaşım deyil ki...

Eləcə yolunda ölə bilərəm!

 

Gözəl qadınların bəxti çirkindir

 

Sən məni sahibsiz qoyma, əzizim,

Qısqan yada məni, yaxına məni,

Qadınlar sahibsiz yazıq olurlar,

Ümid edib getmə "çoxu"na məni.

 

Qoyduğun torpaqda yatmır ki qadın,

Axtar, məzarının yeri tapılmaz,

O "çox" dediklərin nanəcibdilər,

Vallah, axtaranda biri tapılmaz.

 

Sən məni sahibsiz qoyma, yazığam,

Hərdən gəl telimi qoxla, bəsimdir,

Bilirəm mənimki deyilsən, adam,

Gündə bircə dəfə yoxla, bəsimdir.

 

Bütün nahaqların dili uzundur,

Nahaqlar həmişə meydan sulayar.

Məni tənha qoyma, Allah eşqinə,

Üstümə it hürər, çaqqal ulayar.

 

Mənim səndən başqa yaxınım varmı?!

Bütün adamların adı "heç kim"dir.

Mən gözəl qadınam, heyif, səd heyif ,

Gözəl qadınların bəxti çirkindir.

 

Düş gəl, bağışlayaq bir-birimizi...

 

Bütün nağılların almayla bitdi,

Bütün başlanğıclar sondan başladı.

Ən böyük yalanı anam danışdı,

Ömrümün yalanı ondan başladı.

 

Mən bir az aldatdım, bir az aldandım,

Gəlirim, çıxarım oldu axı?

Sənə tapşırdığım pis adamların,

Demədin - axırı oldu axı?

 

Yadına gəlirmi yalvarışlarım?

Yadına gəlmirsə, deyim sənə?!

Yadına gəlirmi aldanışlarım?

Bağışla unutdum, məndən sənə ?!

 

Qələmdə doğulur, kağızda ölür,

Bu şəhid şeirlər, qazi şeirlər.

Oxuma, cırıb at, məktublarımdır,

Bu dərdli şeirlər, asi şeirlər.

 

Mənim olanım budur, incimə,

Haqq da tapdayıram, haqq da yeyirəm.

Sən məni bağışla, qurbanın olum,

Mən hərdən sənə yalan deyirəm.

 

Mən elə bilirdim, sən unutmazsan,

Dərdlərim yadında qalar, ilahi!

Bağışla, bilmirdim sən olan yerdə,

Bu boyda haqsızlıq olar, ilahi!

 

Sən bir yaxşılıq et, mən bir dua,

Ağlayım, göz yaşım ovutsun bizi.

Eh, mənim gəlməyə üzüm qalmayıb,

Düş gəl, bağışlayaq bir-birimizi.

 

Haqqını yediyim adam

 

Hamı layla çalır yatan bəxtinə,

Kədəri gözündə oyaq gəzdirir.

Hamı ürəyində nakam arzular,

Hamı kürəyində bıçaq gəzdirir.

 

Bu dünya köhnəlmir, biz qocalırıq,

Köhnə ləbbadə təkatacaq səni.

Varını, yoxunu verib aldığın,

İkicə qəpiyə satacaq səni.

 

Od vurub odlama köhnə yurdunu,

Bir gün dönəcəksən gəldiyin yerə.

Dünyada qadınlar çeşid-çeşiddir,

Dünyada kişilər cürəbəcürə.

 

Adamlar beş arşın ağı bəyənmir,

Tələsmə, onu da geyən tapılar.

Ağlama, haqqını yediyim adam,

Mənim haqqımı yeyən tapılar.

 

Hamı layla çalır yatan bəxtinə,

Kədəri gözündə oyaq gəzdirir.

Hamı ürəyində nakam arzular,

Hamı kürəyində bıçaq gəzdirir.

 

Üç nöqtə...

 

Sevmədi yerdəki adamlar məni,

Mən küsüb gələcəm göyə, ilahi!

Üzümə boyayla gülüş çəkirəm,

Bir az gülümsəyim deyə, ilahi!

 

Bir az rəhmin gəlsin qu adamlara,

Bağrı daş, gözləri su adamlara,

İnanma, inanma bu adamlara,

Guya xoşbəxtdilər, guya, ilahi!

 

Yıxmısan evimi yıxdığın qədər,

Baxmadın üzümə, baxdığım qədər,

Bir quşa, böcəyə çıxdığın qədər

Sən mənə çıxmadın yiyə, ilahi!

 

Bəlkə...

 

İlahi, batacaq bu Yer kürrəsi,

Bu qız göz yaşını boğmadı bəlkə.

Gözünü ovcuna sıxır buludlar,

Bu payız leysanı yağmadı bəlkə.

 

Ayrılıqlar tutub dar küçələri,

Kim dilləndirəcək lal gecələri?

Küçəyə dağılmış xatirələri,

Bir bəndə tapılıb yığmadı bəlkə.

 

Hərənin bir dəli baxır içindən,

Payıza göz yaşı yağır içindən,

Çıxar bu adamı, çıxar içindən,

Allah da üzünə baxmadı bəlkə.

 

Dünyanın işləri oyun, oyuncaq,

Gündoğan, günbatan yanar od, ocaq,

Bu leyla gecəylə gəl vidalaşaq,

Bu gecə səhərə çıxmadı bəlkə.

 

Başlayaq ayrılmağa

 

Nə günəş qalıb nə də ay,

Dünya qaranlıqdı daha.

İç bu vüsalı doyunca,

Hər şey bir anlıqdı daha.

 

Təşnə oldum, lal buludlar,

Üstümə yağmadı, getdi.

Sən tərəfdən doğan günəş,

Bu səhər doğmadı, getdi.

 

Həyat mənə verdi ki,

Mənasız öyüddən başqa?

Mən həyatdan istədim,

Bir ovuc ümiddən başqa?

 

Sən həyatdan şirinmişsən,

Necə keçim, necə doyum?

Yer üzündə yer tapmıram,

Alım səni hara qoyum?

 

Həsrəti dəmə qoymuşuq,

Bir ömürə dəmin çəkər.

Dur başlayaq ayrılmağa,

Ölənəcən həmin çəkər.

 

Vəfa MÜRSƏLQIZI

525-ci qəzet.- 2015.- 8 dekabr.- S6.