"Kitabi-Dədə Qorqud"
saz və söz
işığında"
Bilik Fondu
"Azər-İlmə" Xalçaçılıq Mərkəzində
"Kitabi-Dədə Qorqud"
saz və söz işığında"
musiqili-ədəbi məclis
keçirib.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov dövlət başçımızın müvafiq Sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib. İcraçı direktor Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verib.
Məclisdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı "Kitabi-Dədə Qorqud" və əxlaqi mənəvi dəyərlərimiz" mövzusunda çıxış edib. Bildirib ki, dövlətçiliyimizin, xalqımızın, mədəniyyətimizin, dilimizin tarixi, etnoqrafiyamız, milli mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda toplanıb.
Saz ilə sözün vəhdətində keçən musiqili ədəbi məclisdə aşıq Altay "Kitabi-Dədə Qorqud" dastanından mahnılar və digər aşıq havalarını ifa edib.
"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar İncəsənət Xadimi Vidadi Muradov tədbirin rəhbərlik etdiyi bu müəssisədə keçirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna minnətdarlıq edib.
Xalqımızın milli mənəvi yaddaşında, folklorunda, həyata baxışında, dünyagörüşündə xüsusi yeri olan xalı, xalça sənəti nümunələrinin araya, ərsəyə gəlməsində istifadə olunan texnologiyalarla, Xalçaçılıq Mərkəzi ilə tanışlıq da tədbir iştirakçılarında xoş təəssürat yaradıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 8 dekabr.- S.7