Milli mətbuatımıza və mədəniyyətimizə
xidmət nümunəsi
Teymur Əhmədov Azərbaycan ədəbiyyatşünaslıq
elminin, milli mətbuatın ictimai-siyasi, mənəvi
yükünü cəsarətlə, həm də bir
ziyalı qeyrətilə çəkən alim, vətəndaşdır. Bu vicdan
işini ləyaqətlə daşıdığı
üçündür ki, gördüyü işlərin
sayı-sanbalı, çəkisi ictimai-ədəbi mühitdə
hər zaman razılıqla, böyük qədirkeşliklə
qarşılanıb.
Ədəbiyyatşünas-alim ömür yolunu nizamlayan
işgüzarlığı, çoxçeşidli fəaliyyətinin
özünəməxsus səliqə-səhmanı,
qayda-qanunları ilə xeyli sayda ədəbi-bədii,
publisistik əsərlər meydana gətirib.
Professor Teymur Əhmədovun publisistikası elmi-ədəbi
yaradıcılığında başlıca yer tutur. Belə demək
mümkünsə, yaradıcılığın digər
qolları məhz onun jurnalistlik fəaliyyətindən rişlənib, qol-qanad
atıb. Onun publisistikası haqqında düşünəndə
öncə yadıma məhz özünün
yaratdığı "Ata yurdu", "Vətən səsi",
"Vətən həsrəti", "Hikmət",
"Yeni fikir", "Elturan", "Füyuzat" kimi mətbu
nəşrlər düşür. Bu mətbu nəşrlərin
sadəcə adlarına diqqət yetirəndə publisistin qəlbən,
ruhən mətbuata, onun cazibədar janrı olan publisistikaya
necə bağlı olduğunu anlamaq çətin olmur.
Və bu da bizi Teymur Əhmədovun jurnalistikaya
bağlılığının yaranması zamanını
öyrənməyə sövq edir. Bu sahədə izləmələr
məni bir qədər əvvələ, Teymur müəllimin
orta məktəbin səkkizinci sinfində oxuyarkən divar qəzeti
çıxardığı zamana apardı.
Dərs əlaçısı olan yeniyetmə oğlan
böyük həvəslə "Molla Nəsrəddin"
adlı divar qəzetini hazırlayanda müəllimləri onun
yazı-pozu aləminə, jurnalistikaya marağını
duymuşdular.
Bunun özü hələ o zaman yeniyetmə məktəblinin
Şərqi qəflətdən oyadan "Molla Nəsrəddin"
kimi dəyərli bir jurnalın ideyalarına bağlı
olmasına və onun ənənələrindən bəhrələnməsinə
böyük marağı idi. Sonralar Teymur Əhmədov
məktəbli çağlarını xatırlayarkən hər
yeni nömrənin azı iki-üç həftə divarda
saxlandığını, müəllim və şagirdlərin
ordakı yazıları diqqətlə oxuduqlarını, karikaturalara
böyük maraqla baxdıqlarını xoş hadisə kimi
xatırlayırdı...
Göründüyü kimi, onun jurnalistikaya
marağı, ona qəlbən, ruhən
bağlılığı elə o çağlardan
özünü göstərmişdir. Bu bağlılıq o qədər
möhkəm, qüdrətli oldu ki, hətta ədəbiyyatşünaslığın,
ədəbi tənqidin qara fəhləsi kimi keçmiş
SSRİ-nin arxiv və kitabxanalarında araşdırmalar
apardığı, sanballı monoqrafiyalar nəşr etdirdiyi
vaxtlarda da o, sevdiyi jurnalistikadan heç vaxt ayrılmadı.
Yaradıcılığının mükəmməl qolu olan
publisistik fəaliyyətinə ara vermədi,
onu elmi fəaliyyətilə paralel inkişaf etdirdi. Bir qədər obrazlı desək, jurnalistikaya olan
sevgisi, ehtiramı ruhunda bir nəbz kimi döyündü, onun
yaradıcı bir ziyalı kimi formalaşmasına təkan
oldu, ilham pərisi kimi onu ideallarına doğru qanadlandırdı.
Azərbaycan Dövlət Universitetini bitirdikdən
sonra Teymur Əhmədov doğma yurduna, İrəvana
qayıdaraq 1954-1961-ci illərdə "Sovet Ermənistanı"
qəzetində ədəbi işçi, məsul katibin
müavini vəzifələrində çalışdı.
Soydaşlarının həyatını, ictimai
fəaliyyətini öyrənmək üçün onlarla
sıx ünsiyyət qurdu. İnsan
taleyini, onun yaşamaq, fəaliyyət göstərmək
haqqını yazılarının mövzusu etdi. Yeni kitablar, kino-filmlər haqqında maraqlı məqalələr
yazdı. Elə o vaxtdan özünü
jurnalistikada, onun özünüifadəyə geniş imkan
yaradan janrında, publisistikada görə bildi. Həmin vaxtlar (1959-1961) Ümumittifaq Jurnalistika və
fotoreportaj üzrə qiyabi lektoriyası jurnalistika şöbəsinin
dinləyicisi kimi bu sahədə nəzəri biliklərini
artırdı. Bundan sonra taleyini Bakı ilə
bağladı. Azərbaycan Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasını bitirdikdən sonra 1965-1968-ci
illərdə "Azərbaycan" jurnalı redaksiyasında
tənqid və ədəbiyyatşünaslıq şöbəsinin
müdiri kimi mətbuatla sıxı
bağlılığı yarandı. Bu, sadəcə
bağlılıq deyildi, yaradıcı mühitdə
özünün yerini müəyyən etmək, ictimai-siyasi,
tarixi, mədəni hadisələrə qələm adamı
kimi doğru mövqedən münasibətini bildirməklə
xalqına bu yolla xidmət etmək istəyi idi. Bu istək o qədər təbii və güclü
oldu ki, ömrünün böyük bir hissəsini
bütünlükdə jurnalistikanın çətin, şərəfli
yollarında fəaliyyət göstərməsinə imkan
yaratdı. Bir sözlə, jurnalistika onu həmişəlik
öz cazibəsində saxlaya bildi.
Mən
Teymur Əhmədovun publisistik fəaliyyətini əks etdirən
əsərlərinə nəzər yetirəndə onu Mirzə
Cəlilin, Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəyovun,
Əhməd bəy Ağayevin mənəvi varisi, xələfi
sayıram. Onlar yaratdıqları mətbuat
nümunələrilə xalqın yolunda necə bir maarif
işığı yandırmışdılarsa, Teymur Əhmədov
da maarifpərvər ziyalı olaraq yaratdığı mətbuat
orqanlarında sələflərinin amallarını vətənpərvərlik,
milli təəssübkeşlik hissi, elmi-mədəni yüksəlişin
tərənnümçüsü, təbliğçisi kimi
sözü, əməli ilə davam etdirmişdir. Xalqın taleyinə, dərd-sərinə sənətkar
yanğısı ilə yanaşan publisistin əzəldən
yaradıcılığı ictimai mənafeləri ifadəyə
söykənmişdir.
Teymur Əhmədov ölkədə milli oyanış
dövrünün yarandığı ötən əsrin səksəninci
illərinin sonunda "Ata yurdu" qəzetini hazırlayıb
nəşr etdirdi. Cəmi 1 sayı işıq üzü
görən bu qəzet meydan hadisələri zamanı səsini
xalqın səsinə qatdı. Bu gün
bu qəzetin işıq üzü görmüş yeganə
sayını təkrar-təkrar oxuyanda milli, inqilabi ruh yaradan
yazılarda mübariz bir qələm sahibinin azadlığa təşnə
olan səsini, nəfəsini duyuram. Ölkədə
gedən siyasi hadisələrin geniş vüsət
aldığı vaxtda nəşrə başlayan həmin mətbu
orqanlar dövrün ictimai-siyasi mənzərəsinin aydın
güzgüsü idi. Həm də müstəqillik
dövrünün astanasında demokratik mətbuatın təşəkkülü,
inkişafında onun yaratdığı və redaktoru
olduğu bu mətbuat orqanları müstəsna əhəmiyyət
kəsb etdi.
Xatirimdədir, o zaman "Vətən səsi", "Vətən
həsrəti" xalqın müstəqillik arzularına
doğru hərəkatda özünün ideoloji
savaşları ilə bu mübarizənin önündə
gedirdi. Teymur müəllim bu qəzetlərin redaktoru və
baş yazarı kimi hadisələri nəinki ziyalı həssaslığı,
müşahidəsi ilə izləyir, proseslərin məhz
doğru mövqedən işıqlandırılmasına
çalışırdı. Xalqın demokratik
mübarizəsinə mane olan radikal meyllərə
qarşı barışmaz mövqedə olan Teymur Əhmədovun
redaktorluğu ilə nəşr olunan "Vətən səsi",
"Vətən həsrəti" qəzetləri ideya istiqamətlərinə
görə dövrün hakim dairələri tərəfindən
təzyiqlərə məruz qalırdı. Vətənin
və millətin müstəqilliyi yolunda sözü, əməli
ilə cəsarətlə mübarizə apardığı,
ictimai mənafelərə xidmət göstərdiyi
üçün də, Ümummilli lider Heydər Əliyevin
verdiyi yüksək qiymət nəticəsində, Teymur Əhmədov
1995-ci ilin oktyabrında "Respublika" qəzetinə
baş redaktor təyin edildi.
Onu da xatırlayıram ki, o zaman Teymur Əhmədovun xalqın taleyinə, ağrı-acılarına biganə olan dövlət rəhbərlərini bu işlərdə prinsipiallıq göstərməyə, didərginlərin səsini eşitməyə, onlara qayğı göstərməyə çağıran bəyanatla çıxış etməsi, ulu öndər Heydər Əliyevin müsahibəsinə "Vətən səsi" qəzetində yer verməsi ölkədə böyük əks-səda doğurmuşdu. Təbii ki, onun bu vətənpərvərliyi, cəsarəti sakit qarşılanmamış, o, təqiblərə, təzyiqlərə məruz qalmışdır. O, bütün ictimai şüuru, məfkurəsi, azərbaycanlı təfəkkürü, bütöv əqidəsi ilə öz ləyaqətini redaktor, publisist fəaliyyəti ilə də göstərə bilmişdir. Xalq yazıçısı Qılman İlkin onun məhz redaktorluq fəaliyyətinə böyük dəyər verərək yazırdı: "Redaktorluq hər adamın işi deyil, insandan istedad tələb edir. Teymur Əhmədov istedadlı, cəfakeş redaktordur. Onun başçılıq etdiyi qəzetlər həmişə maraqlı və oxunaqlı olmuşdur... O, materiallara keyfiyyətindən asılı olmayaraq, hamısına eyni diqqət və məsuliyyətlə yanaşır. Buna görə də qəzet səhifələrində onun gözündən heç bir səhvə yol verilmir. Mən onun fəaliyyətində dərin kök salmış bu məziyyətə - vaxtilə mənimlə birlikdə işlədiyim "Azərbaycan" jurnalında redaktorluq dövründən şahid olmuşam... Buna görə də onun əlindən çıxan materialları mən oxumadan nabora göndərirdim. Ona inanırdım və o da bu inamımı həmişə doğruldurdu".
Vətənin və millətin acı taleyini, ağrılarını ictimai şüurunda daşıyan redaktor "Vətən səsi", "Vətən həsrəti" qəzetlərində qaçqın və köçkünlərin, yurd-yuvasından qovulmuş didərginlərin dərdindən, onları bu hala salan daşnakların törətdikləri vəhşiliklərdən yazaraq bu faciələrin tarixi köklərinə vardı. Hələ gəncliyindən həyata ayıq nəzərlərlə baxan, ictimai-siyasi hadisələri müşahidə qabiliyyətinə malik olan publisist elə o çağlardan tariximizin araşdırılması, öyrənilməsi ilə məşğul olmuşdur. Belə bir zəhmətə qatlaşmaq, bu yükü bir vətəndaş qeyrətilə çəkmək onun yaradıcılıq həvəsini, axtarış imkanlarını formalaşdırdı. Teymur Əhmədov uşaqlıq çağlarından erməni xəyanətkarlığının tüğyan etdiyi çağlarda baş vermiş faciələrin şahidi olduğundan bu mövzuda saysız sənədlərə, tarixi faktlara söykənərək çoxlu sayda məqalələr yazmışdır. Sonralar da üzdəniraq qonşuların işğalçılıq əməllərini ifşa etmiş, tariximizlə bağlı həqiqətləri üzə çıxarmaqdan ötrü axtarışlarını, tədqiqatlarını genişləndirmişdir. Həmin dövrdə soyqırım hadisələrinin mərkəzində olan erməni siyasətinin, daşnaksütyun partiyasının hiylə və məkrlərini, tutarlı faktlar və dəlillərlə açıqlamışdır. Bu yazılarda daşnaksütyun partiyasının "Böyük Ermənistan", "Türksüz Ermənistan" yaratmaq məqsədilə azərbaycanlılara qarşı etdikləri zülmlər, evlərinin yandırılması, yer-yurdlarından zorla qovulanların başına gətirdikləri faciələr tarixi faktlar, sənədlər və rəqəmlərdə öz əksini tapmışdır. XX əsrin sonlarında bu hadisələrin yenidən tüğyan etdiyi vaxtlarda, ölkənin ağır günlərində baş verən hadisələri analiz etmək, öz ata-baba yurdlarında soydaşlarımızın başına gətirilən faciələrdən xalqı xəbərdar etmək, problemin həlli yollarını göstərmək, xalqı çaşqınlıqdan qurtarmaq, bütün bu məsələlər Teymur Əhmədovun publisistikasında bir ziyalı vətəndaş yanğısı ilə işıqlandırılır. Bu yazılarda publisist çoxçeşidli, çoxfaktlı, ictimai əhəmiyyətli hadisələrə operativ, çevik münasibət bildirdiyindən bu əsərləri siyasi publisistikanın ən gözəl, dəyərli nümunələrindən hesab etmək doğru olar. Məhz bu keyfiyyətlərinə görə də bu məqalələr öyrədici, maarifləndirici xarakterə malikdir.
Türkiyəli professor Yaşar Ağdoğan Teymur Əhmədovun Azərbaycanda, eləcə də qardaş Türkiyədə böyük həyəcan və rəğbətlə qarşılanan "Erməni xəyanəti və Andronik Ozanyanın qanlı əməlləri" kitabı haqqında yazırdı: "Tarixdə çirkin əməlləri ilə tanınan Andranik adlı bir məlunun Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri bilirik, lakin bunların Teymur bəyin kitabında tarixi sənədlərə istinad edilərək verilməsi bir çox həqiqətlərin ortaya çıxmasına imkan yaratmış, Andranikin qanlı əməllərini, yerə-göyə sığmayan cinayətlərini açıqlamışdır. Əminəm ki, "Kuvayi-milliyə" jurnalında dərc edilən yazı ermənilərlə bağlı bir çox həqiqətlərin açılmasına kömək edəcəkdir. Mən deyərdim ki, bu yazı utanmadan, çəkinmədən soyqırımdan danışan ermənilərə çox yaxşı cavabdır".
Bu yazıların ruhundakı mübarizlik, vətənpərvərlik, xalqın dərdlərinə bütün varlığı ilə acımaq müəllifin öz daxilindən, ruhundan süzülən ağrılardı. Publisistikanın çox qiymətli nümunələri olan bu məqalələr yeniyetmə və gənclərin tərbiyə olunmasında, vətənpərvərlik ruhunun yüksəlməsində, eləcə də vətənin hər daşının qədrini, qiymətini bilməsində və onu qorumasında çox böyük əhəmiyyətə malikdir. Publisist milli-mənəvi dəyərlərimizə söykənmiş bütün hadisələrə, ictimai-siyasi, tarixi, mədəni sahələrə, bir sözlə, həyatımızı əks etdirən bütün mövzulara jurnalistika yaradıcılığı ilə öz münasibətini bildirməyə çalışmışdır. Onun bütün mövzuları ruhən, ictimai dəyərlər məcmusu baxımından bir-birinə çox bağlıdır.
(ardı var)
Nasir Şəfəq
525-ci qəzet.- 2015.- 8 dekabr.- S.6