Qeyri-səlis məntiq nəzəriyyəsinin
teatr sənətinə sinergetik uyğunlaşması
ELÇİN DRAMATURGİYASI MÜSTƏVİSİNDƏ DÜŞÜNCƏLƏR
Qeyri-səlis
məntiq nəzəriyyəsi dəqiq elmlər sferasına,
riyazi hesablamalar sisteminə aid bir nəzəriyyə olduğu
kimi, yaradıcı fəaliyyətin bütün sahələrinə,
o cümlədən, ədəbi proseslərə, dramaturgiya
sahəsinə də aid nəzəriyyə olub, ayzberq sehrli
bir qüdrət ilə "duman-çiskin" içindən
zaman-zaman gizli şəkildə boylanıb, təhtələn
öz vücudunu göstərməyə
çalışıb.
Bu sehr qədim düşüncədən üzü bəri
insan idrakının dərk edə bilməyəcəyi bir
orbitdən boy verdiyi üçün, kəşf olunana qədər
elmə aydın olmadığı qədər də təhtəl
hisslər dağarcığında hərəkətdə
olub, tərpəndikcə özünəməxsus
qabarcıqlarla öz izlərini bəlli edib.
İşi incələdikcə aydın olur ki, qeyri-səlis
məntiq nəzəriyyəsi də digər nəzəriyyələr
və cərəyanlar kimi şüuraltı qatda həmişə
öz "zühur" zamanını gözləyib. Bu gözlənti
20-ci əsrin ikinci yarısına qədər insan
düşüncəsinin elm xəzinəsində durduqca,
cahana doğacaq günəş kimi öz nüvəsində
qaynayır, qaynadıqca bişir və həzmə hazırlanırdı.
Tarix boyu, zaman-zaman müxtəlif hadisələrin
yaratdığı vəziyyətlərdən doğan
müxtəlif cərəyanların aşkarlandığı
bir də onu diqqətə çatdırmağa əsas verir
deyək ki, insan düşüncəsində hələ
öz "zühur" zamanını gözləyən
neçə-neçə doğacaq
"günəşin" də qaynadığı və
qaynadıqca həzmə hazırlandığı heç
şübhə doğurmur...
İnsan özünü dərk etdiyi vaxtdan etibarən,
qurub-yaratmaq istədiyi hər nə varsa, öncə onun ən
ibtidai üsulunu kəşf etdi. Məsələyə,
istər yaşam və həyat tərzini formalaşdırmaq
nöqteyi-nəzərindən, istər ətraf mühitdən
qorunmaq, istərsə də daxili tələblərin
ehtiyaclarını ödəmək və ya düşüncəsində
baş qaldıran, cücərən təxəyyül orbitinə
aid olan, hissləri, duyğuları riqqətə gətirə
bilən əhvalı ətrafındakılara
açıqlayarkən, klassik formanın mabədindən
baxmağa başladı. Və hər yeni
tapıntısını məhz klassik formanın içindən
boylanaraq, oradan aldığı impulsun nəzərləri
vasitəsi ilə görə bildi. Onun
üçün də bu, sübut olunmuş bir həqiqətdir
ki, klassik forma bünövrədir, himdir. Klassik
forma yaranışın şah damarı, bel sütunudur.
Klassik forma sabaha açılan pəncərədir.
Klassik forma varlığında milyonlarla
doğulacaq hüceyrə daşıyan canlı bir orqanizmdir.
Nəhayət, klassik forma bütün kəşf
və ixtiraların ana bətnidir.
Nə qədər simvolik də olsa belə bir izahat tam
yerinə düşür deyək ki, qeyri- səlis məntiq nəzəriyyəsinin
yaranışına qədərki dövrünü insan
varlığının ana bətnindəki dövrünə
bənzətmək olar. Onun da, insan ana bətnində
formalaşdığı kimi klassik formanın bətnində
bəstələndiyini və formalaşdığını,
doğulduğu ana qədər klassik formanın bətnində
bir həyat yaşadığını, doğulduqdan sonra isə,
sevilərək bəslənən, böyüyən körpə
qədər anbaan böyüdüyünü və inkişaf
etdiyini bir həqiqət kimi qəbul etməliyik. Bu günkü reallıq sübut edir ki, insan
doğulduqdan sonrakı ömrünü inkişafa necə sərf
edirsə, digər nəzəriyyələr, cərəyanlar
kimi qeyri-səlis məntiq nəzəriyyəsi də eyni
mahiyyətlə bütün sahələrdə, istər
texnogen anlamda, istərsə də fəlsəfi konteksdə
öz səmərəsini verməkdədir. Dediklərimizin həqiqətini isbatlamaq
üçün bir qədər tarixin dərin qatlarına nəzər
salsaq, orada, hisslər dağarcığında hərəkətdə
olan qabarmaların izlərinə mikroskopik nəzərlər
yetirməklə və diqqətdən keçirməklə
dolğun araşdırma imkanını əldə edə biləcəyik.
Əlbəttə ki, biz bu məqaləmizdən başlayaraq,
son nöqtəyə çatana qədər hisslər
dağarcığında öz izini buraxmış yalnız
dramaturgiyaya aid olan qabarcıqları incələyəcək,
qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətindəki
sinergetik adaptasiyasına nəzər yetirəcək və
insan düşüncəsində texniki sahədə olduğu
kimi, humanitar sahədə də eyni aktuallıqda və dinamik
inkişafda olduğunu isbatlamağa
çalışacağıq.
Qədim
keçmişdən, eramızdan əvvəlki tarixdən yola
çıxaq...
Çoxallahlılıq dövründə
yaşamış Homerin "İlliada" əsərində
Axilles obrazı müəllif tərəfindən Allahın
övladı kimi təqdim olunur. Bu təqdimata diqqətlə
fikir verin. Baxırsınızmı,
gözəgörünməz, ulu, qüdrətli
varlığın, yaranışın banisi hesab etdiyimiz və
buna mükəmməl şəkildə
inandığımız Allahın övladı
anlayışı bugünkü təfəkkür nöqtəsindən
baxdıqda nə qədər qeyri-səlis görünür?
Biz Allahı bircə anlamda dərk edir,
qavrayır və qəbullanırıq - Yerin-Göyün
Yaradıcısı, bütün varlığın banisi kimi.
Doğrudur, burada belə bir həqiqət də ortadadır
ki, çoxallahlılıq o demək idi ki, Yerin-Göyün
bir tək yaradanı yox idi, hər fenomenin öz Allahı
vardı, hər halda kainatda gördüyümüz nə
vardısa hər birinin yaradıcılıq hökmü məhz
Allah deyilən fenomeninin qüdrətinə
bağlanırdı. Allahın övladı
olmaq üçün isə bütün hüdudları
aşmaq, çoxsaylı ölçülər tezliyinin ritm
dinamikasına uyğunlaşmaq, çoxçalarlı rənglər
boyasına bürünmək gərəkdir. Yəni, mümkünsüzlük içində
mümkün olma. Hətta təkallahlılıq
dövründə peyğəmbərlər belə,
Allahın elçisi statusundan o tərəfə keçə
bilməmişlərsə, eramızdan əvvəlki dövrdə
belə bir fikri ədəbiyyat səhifələrinə gətirmək
təxəyyülün anlama dərəcəsinin
sonsuzluğa yüksələ bilən imkanlarından xəbər
vermirmi? Baxmayaraq ki, müqəddəs
kitabda - İncildə yazılır ki, "Bakirə Məryəm
Allahın övladı olan İsanı dünyaya gətirdi".
Fikrimizcə, İsanın bakirə Məryəm tərəfində
Allahın övladı olaraq doğulması da, məhz
eramızdan əvvəlki insan təxəyyülünün
labirintlərindən sıyrılıb "zühur"
etmiş, insan idrakını ağuşuna almış misilsiz
bir dilemmadır. Fiziki mənada mümkün
olmayan bir anlayış; insana Allahın övladı kimi
ağlasığmaz bir status vermək və mütləq
çoxluğu buna inandırmaq, qədim təxəyyüldən
qaynaqlanan bir hikmətdir. Diqqət kəsilməyə bir
əsas var deyək ki, bu hikmət məhz həmin dövr
insan düşüncəsinin sürət dinamikasından bu
günə qədər hərəkətdə olan və
sonsuzluğa doğru səmt alan yolda
öz səmərəsini verə bilmişdirsə, yəni
oxucu və tamaşaçı tərəfindən qəbul
olunmuşdursa, demək ki, bu məsələ təxəyyül
meydanında öz inandırıcı yerini tuta bilmiş,
düşüncə arealında həqiqət donunu geyinə
bilmişdir. Əks təqdirdə bütün
kainatı yaradan bir qüvvənin və yaxud, kainatda
gördüyümüz bütün möcüzələrin
yaradıcısı olan bir qüvvənin xüsusilik çərçivəsində
məhdudlaşmasını necə qəbul etmək olar?
Bu mümkün deyildir. Ona
görə də belə demək daha doğrudur ki, bu,
heç şübhəsiz ki, müəllif təfəkkürünün
və təxəyyülünün ölçülərə
sığmayan idrakının məhsuludur. Yəni, müəllifin təxəyyülündəki
ağdan qaraya olan məsafənin hüdudlarında
saysız-hesabsız çoxluqların və ya rənglərin
olduğunu görə bilmək gücünün göstəricisidir.
Sərhədləri bəlli olan
ölçülər çərçivəsini imtina edən,
yuvarlaq cəm məntiqinə sığmayan bu təxəyyül,
məhz qeyri-səlis məntiq nəzəriyyəsi
kapsamında özünə yer tutmuş ağlın
düşüncəyə təsir qüvvəsinin ifadəsidir.
Bu yanaşma o deməkdir ki, idrakın
düşünmə arealının hüdudlarını
müəyyənləşdirmək mümkün deyildir.
Belə yorumda yuvarlaq cəm iti sürətlə
görünməz sonsuzluğa çevrilir. Fikrimizin daha anlamlı müstəviyə yüksəlməsi
üçün Homerin "İlliada" əsərindən
birbaşa Şekspirin "Hamlet" əsərinə
keçid etmək tam yerinə düşür. Bunun üçün zamanın səhifələrini
sürətlə vərəqləyərək, unikal bir aləmə
daxil oluruq. Homerin bədii təxəyyülündəki
ölçülərə sığmayan qeyri-xəttilik
sistemi kimi, Şekspirin də öz təxəyyülündə
yetişdirib meydana atdığı orijinal bir
tapıntını araşdırma nöqtəsinə gətirək.
Müəllif Hamletin atasını səhnəyə
kölgə şəklində gətirir və hadisələrin
dramatizmi də məhz bu qeyri-adilikdən sonra başlanır.
Səhnədə, dünyasını dəyişmiş bir
canlının qulisinasik gözə görünmə metodunu tərc
edən müəllifin istər psixoloji anlamda, istər fəlsəfi
kontekstdə ağlın dərk edə bilməyəcəyi,
klassizmin ölçülər cədvəlini
çilik-çilik edə bilən bir modern
yanaşmasının, dərk etmədə özünə
yer tutmuş hüdudlar içində hüdudsuzluq anlayışını
sübut edən kəşfinin göstəricisidir. Qeyri-səlis məntiq nəzəriyyəsi Aristotelin
binar məntiqindən fərqli olaraq dünyanı bir rəngli
deyil, rənglər çoxluğunda görməyə imkan
yaradır; rənglər çoxluğunu, sürət
çevikliyini özündə ehtiva edə bilməyən bir
təxəyyül belə kosmopolit sehri, oyun
oyunçuluğunu necə düşünüb ədəbiyyata
və teatr sənətinə gətirə bilər?
Burada bir haşiyə boy verir. Nağıllarımızın
mifik personajlarından biri olan Zümrüd quşu
nağıl qəhrəmanı Məlikməmmədə deyir
ki, "çətinə düşsən, tükümü
yandır, həmin anda yanında peyda olacağam". Doğrudan da tük yanan kimi Zümrüd quşu
peyda olur. Burada belə bir sual doğur.
Bu tezlik hansı qüdrətli qüvvənin
hökmüdür ki, tük yanan kimi quş peyda olur? Belə cavabsız suallar ədəbiyyat səhifələrində
saysız-hesabsız qədərdir. Əgər dünənki
fotoaparat öz zəif sürət tezliyi qarşısında
bugünkü iti sürət tezliyini tapa bilmişdirsə və
həmin tezliklə üz-üzə qalarkən ədədlər
çoxluğunun sonsuzluğu ilə
rastlaşdığına əmin olmuşdursa, həm də
böyük nailiyyətlərə qovuşursa, ədəbiyyat
yaradıcılarının təxəyyülündəki qədim
zamandan bu günə qədər uzanıb gələn uzun bir
məsafədə öz qabarcıqlarını göstərən
ədəbi proseslərdə qeyri-səlis məntiq nəzəriyyəsinin
rənglər çoxluğunu, ədədlər
sonsuzluğunu niyə inkar etməliyik? Əlbəttə
ilk baxışda dediklərimiz çox bəsit və
lüzumsuz görünə bilər, ancaq dərindən
düşündükdə görürsən ki, istəsən
də, istəməsən də ədəbiyyatda
yaranmış qeyri-səlis məntiq nəzəriyyəsinin bədii
ekvivalenti daha qədimdir və danılmazdır.
Bir anlıq psixoanalizin mənbəyinə nəzər
salaq.
Müharibələrin yaratdığı psixi travmaların fəsadları
psixatriya elmində hansı dəyişiklikləri etdisə və
Ziqmund Freyd psixologiyanın tibbin çərçivəsindən
qopub ictimai həyat sahələrinə tətbiqində
peripetik çevrilişə necə nail oldusa, o cür də qeyri-səlis
məntiq nəzəriyyəsinin yaradıcı sahələrdəki
yerini müəyyənləşmək məqamının
yetişdiyinə tam inam hissi ilə deməliyik ki, bu sahədə
dərin araşdırmaların və ortaya atılmış
fikri isbata yetirməyin zamanı olduğunu etiraf etmək
qaçılmazdır.
Bədii keyfiyyəti dramaturji yükü və söz
qüdrəti ilə teatr sənətində xüsusən
seçilən "Hamlet" əsəri dünya
teatrlarında, bir-birinə bənzəməyən müxtəlif
yozumlarda, yüzlərlə tamaşası ilə səhnədə
canlandırılır. Bu əsərin Azərbaycan teatr səhnəsində
də müxtəlif yozumlarda ərsəyə gələn
tamaşaları olmuşdur. Bunlardan Tofiq
Kazımovun quruluşunda təqdim olunan tamaşa öz
orijinallığı ilə zamanın hüdudlarına
sığmadığı üçün dövründə
bəzi mütəxəssislər tərəfindən
uğursuz tamaşa damğası ilə zədələnmişdir.
Ancaq belə demək daha doğru olar ki, Tofiq
Kazımov öz yozumu ilə tamaşanı çox rəngli,
həm də yeni boyalar və çalarlarla
fırçalamış, klassizmin çərçivəsindən
iti sürətlə kənara çıxara bilmişdir.
Odur ki, bu rənglər çoxluğunun
içində fikrini cəmləşdirə bilməyənlər
tamaşaya haqsız olaraq lazımi dəyər verə bilməmişdirlər.
Ümumiyyətlə, Tofiq Kazımovun
tamaşaları məhz ölçülərin
hüdudlarını sürətlə aşıb keçən
və sonsuzluğa doğru istiqamətlənən bir məsafəyə
səmt alırdı. Onun
tamaşalarının hər biri bütün komponentləri
ilə qeyri-səlis məntiq nəzəriyyəsinin rənglərinə
boyandığını göstərirdi.
Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında
araşdırma apararkən fikrimizcə ilk növbədə
mütləq əlahəzrət SÖZ fenomeninə baş
vurmaq və qeyri-səlis məntiqin cövhərini, nüvəsini
orada axtarmaq gərəkdir. Çünki ipə-sapa
yatan və yatmayan bütün ölçülər, çərçivələr,
yuvarlaqlıq və çoxxətlilik, hüdudsuz sonluqlar ilk
növbədə sözün mabədində özünə
dolğun şəkildə yer tapmış və elə
sözün cövhərində də yuva salmış, məhz
bu yuvadan özünə enerji alaraq hərəkətə gəlmişdir.
Sözün qüdrəti bütün rəngləri,
çoxşaxəli, gedən və dönən dinamizmi,
bütün dinamik hərəkətləri özündə
ehtiva edə bilir. Söz ən geniş
miqyasa, ən uzaq məsafəyə qədər işıq
sala bilir. Sözü heç bir sərhəd
öz hüdudlarında sıxışdıra bilmir. Söz bütün hüdudları bir göz
qırpımından da iti sürətlə aşıb, ən
uzaq məsafəyə yetişə bilir. Söz
istədiyi məsafəni istədiyi sürətlə qət
edə bildiyi kimi, istədiyi anda istədiyi yerdən istənilən
yerə qədər geri dönərək, öz təsir
qüvvəsinin mahiyyətini diqtə edə bilir. Sözün enerjisi bizə bəlli olan ən
güclü və qüdrətli partlayıcı maddənin
nüvəsindən belə güclü püskürtüyə,
partlayıcı qüvvəyə malikdir. Söz
həm çox qıvraq və çevikdir, həm də
öz elastikliyi ilə ən elastik maddəyə meydan oxuya
bilmək qüdrətindədir. Sözlə
istənilən fikri istənilən cür yoğurmaqla, istənilən
hala salmaq mümkündür. Söz
özündə bütün hikmətləri cəm edə
bilir. Bütün cərəyanları, nəzəriyyələri
və fəlsəfi düşüncədə cəmləşən
mabədi söz ifadə etdiyi kimi, bütün
duyğuların, hisslərin təcəssümü də
sözlə ifadə olunur. Böyük Füzuli möhtəşəm
demişdir ki, "Bu nə sirdir kim, olur hər
ləhzə yoxdan var söz?"
Odur ki, dramaturgiyanın da ifadə olunmaq imkanını bəxş
edən söz, ölçülər çərçivəsinə
sığmadığı kimi, həm də dramaturgiyada ədədlər
sonsuzluğuna qədər həm özü inkişaf edir, həm
də yaranmış vəziyyətlə bərabər hadisələri
inkişaf etdirir. Sözlə dramaturgiyada istənilən elastik hərəkətlə
istənilən vəziyyətin təqdimatına nail olunur. Eyni zamanda söz dramaturgiyanın bətninə elə
bir qüvvə, elə bir enerji yerləşdirə bilir ki, həmin
qüvvə və enerji ilə səhnə və salon
arasında, ağlın belə dərk edə bilməyəcəyi
sinergetik bir bağlılıq yaranır. Bu
bağlılıq öz ölçüləri ilə ədədlər
sonsuzluğunun hüdudsuzluğunda, qeyri-xəttilik sisteminin əlçatmaz
bir məsafəsində özünü tapır. Sözün yaratdığı dramaturgiya janrı
dramaturgiya ilə bərabər teatr sənətini yaradır.
Teatr sənəti isə sözün özü
qədər istənilən halda istənilən formaya
düşmək, istənilən cilddə görünmək,
istənilən vəziyyəti istənilən hala salmaq və
istənilən hadisəni istənilən dramatizmdə, istənilən
dinamizmdə təqdim etmək haqqına sahib bir enerjiyə
malikdir. Özündə bir neçə
yaradıcılıq sahəsini cəmləşdirən teatr
sənəti sintetik olduğu qədər də elastik və
canlıdır. Seyrcinin təfəkkür
sisteminə təsvir, səs, söz və sair kimi təsiredici
qüvvələrlə daxil olan bu sənət sahəsi
idrakı bütünlüklə öz tilsimində sehirləyə
bilir. Məhz bu imkanlara malik olan teatr sənəti
öz enerjisi ilə səhnədən salona daxil olur,
salondakıların düşüncə, anlayış
sistemində öz nüvəsini yerləşdirir. Beləliklə, səhnə ilə salon arasında,
daha doğrusu, səhnədəkilərlə (buraya səhnədə
olan bütün elementlər daxildir) salondakılar arasında
həm real, həm də virtual bir məkan yaranır. Bu məkan ayrıca bir kürə kimi
özünü reallaşdırır. Bir
növ ötürücü sistem kimi səhnədəkilərlə
salondakılar arasında üzvi bağlılığı təşkil
edir. Bu məkan
ötürücülük funksiyası ilə bərabər,
həm də qısa qapanmalar yarada bilən bir tıxac
funksiyasını da daşıyır. İki
qütbü bir-birindən ayırmaq imkanına malik
olduğunu, qütblər arasındakı ünsiyyət zamanı
düşüncələrə hökm edərək,
ünsiyyəti pozmaqla da isbatlayır. Bir də
onu isbatlaya bilir ki, oyunçularla seyrcilər arasındakı
ünsiyyət məsafəsində artan sürət dinamizmində,
dərketmənin sonsuzluğuna doğru istənilən qədər
yüksələ bilir və onlar arasındakı ünsiyyət
prosesində, bir anın içində anlaşma dərəcəsinin
ölçüsüzlüyünü tapır.
Bəzən səhnə ilə salon arasında sinergetika pozulur. Bu da sənətkarla seyrci ünsiyyətinin ixtişaşına səbəb olur. Bu nə vaxt baş verir? Səhnədə cərəyan edən hadisələrin salondakılar tərəfindən qavrana bilməməsi və yaxud, belə deyək, salondakıları səhnədəkilərin qane edə bilməməsi kimi dağıdıcı bir vəziyyət yaranır ki, belə vəziyyət tamaşaçını da, sənətkarları da sual qarşısında qoyur. Anlaşılmaz bir vəziyyət yaranır. Belə vəziyyət, oyunçular mükəmməl oyun nümayiş etdirmək üçün oyuna gərək olan rəngləri düşüncə süzgəcindən kifayət qədər dolğun şəkildə keçirə bilmədikdə və ya rənglərə gərəyincə boyalar qata bilmədikdə və yaxud da seyrcinin hətta mükəmməl yapılmış oyunu belə dərk etmək imkanına malik olmadıqda baş verir. Nəticədə səhnədəkilər salondakıları, salondakılar isə səhnədəkiləri günahlandırırlar. Əslində isə belə vəziyyət insan düşüncəsinin, istər oyunçunun, istərsə də seyrcinin ambivalentinin zəif olması ilə əlaqəlidir. Bunu, ara məkanını aşa bilməyən qavramanın, dərketmənin düşdüyü gərgin vəziyyət tam aydınlığı ilə üzə çıxara bilir. Bu vəziyyətin özü iki vur iki, bərabərdir dörd anlayışna zidd bir nöqtədə dayanan və özünə başqa anlayış axtaran bir haldır. Lakin belə anlarda məhz ara məkan dediyimiz kürə, dərketmə sferasındakı iki düşüncə arasında sinergetik adaptasiya mexanizminin hərəkətini tənzimləyir və sonda fotoaparatın sürət sıxlığındakı təsvirə alma tezliyi kimi dərketməni yeni sürətlə hızlandırır, qidalandırır, düşüncələr arasında anlaşılan vəziyyət yaradır. Tam qeyri-səlis məntiq nəzəriyyənin hökmünə uyğun ölçülərlə...
Bir də SƏS fenomeninə diqqət yetirək. Səs də
söz qədər heç bir ölçüyə yerləşməyən
çoxluqları özündə ehtiva edən bir qüdrətdir.
Musiqi sənətində ölçülər
taktlarla, yarımtaktlarla hesablanır. Bir də,
taktların və yarımtaktların içində iti sürətlə
sıralanan saysız-hesabsız boğaz
xırdalıqları, zəngulələr vardır. Hətta həmin zəngulələrin özündə
də sayı-hesabı olmayan çox xırda səslərin
sıralandığını eşidə bilirik.
Məhz
qeyri-səlis məntiq nəzəriyyəsi də qütblər
arasındakı məsafədə ölçülər və
rənglər çoxluğunun həqiqətini tam bu fəlsəfəyə
uyğun riyazi düsturlarla isbatlamırmı?..
Şekspir
dövrünün qeyri-səlis məntiq nəzəriyyəsinə
əsaslanan kiçik bir fakt nümunəsindən sonra, Azərbaycan
dramaturgiyasında yaranmış "Şekspir" adlı səhnə
əsərinin müəllifi, Xalq yazıçısı
Elçin dramaturgiyasına ekskurs etməkdə fayda
olduğunu söyləyərək, fikrimizin həqiqətinə
doğru xeyli irəliyə getmiş olduğumuza tam əminlik
hissi ilə, müəllifin "Poçt şöbəsində
xəyal" əsərinə diqqət yetirməyi vacib hesab
edirik. Xəyal deyilən anlam ümumiyyətlə
qeyri-səlis bir anlayışdır. Ədəbi
əsərdə yuxu, xəyal, qarabasma, havalanma,
düşüncə kriteriyasında həddini aşma və
sair, bu kimi hallarla yaradılmış vəziyyət və
hadisələri bu vəziyyətlər kontekstində öz həqiqətinə
qovuşdurma qeyri-xəttilik prinsipinin qanunauyğunluğudur.
Müəllif bu qanunauyğunluqdan ustalıqla
yararlanır. Pyeslərindəki hadisələrin
çevik dinamikası, zaman və məkan çərçivəsində
ölçülər tanımayan becit sürətlə iti dəyişkənliyi,
personajların çoxrəngli koloritlə təqdimatı və
sair komponentlərlə öz bənzərsizliyini və
klassizmdən boy verən öz novatorluğunu, qeyri-xəttilik,
qeyri-səlislik prinsiplərini aydınca təqdim edir.
"Poçt şöbəsində xəyal", "Mənim
ağıllı dəlim", "Mənim ərim dəlidir",
"Qatil", "Teleskop", "Şekspir" kimi əsərlərində
onun yaratdığı monumentallıq, modern düşüncə,
abstrakt yanaşma, absurd və qeyri-səlis anlayışlı
variasiyalar toplusu müəllifin texnogen bədiilik kəhkəşanında
ulduzlar çoxluğunun parıltılarını əks
etdirən paradiqmasıdır.
İftixar
PİRİYEV
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.-
2015.- 9 dekabr.- S.8.