Yazıçılar Birliyində Zemfira Məhərrəmlinin yubileyi qeyd olunub

 

 

Ötən gün Yazıçılar Birliyində (AYB) Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin yubileyi "Ömür bitər, yol bitməz", "Oyuncaq" kitablarının yubilyar haqqında tərtib olunan "Söz adamı" məqalələr toplusu təqdimatı keçirilib.

 

Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq təmsil etdiyi qurumun rəhbərliyi adından Z. Məhərrəmlini təbrik edib yubilyarın yaradıcılığından danışıb: "Zemfira Məhərrəmli uzun illərdir ki, mətbuatımızda məqalələri, reportajları, bədii-publisistik yazıları ilə çıxış edir. Vətənpərvərlik, yurd sevgisi, düşmənə qəzəb hissləri Zemfira xanımın əsərlərində ana xətti təşkil edir. Onun ədəbiyyatımıza, mədəniyyətimizə yüksək sevgisi yazılarında qabarıq nəzərə çarpır. Zemfira xanım ölkənin ictimai-mədəni həyatında yaxından iştirak edən, baş verən hadisələrə biganə qalmayan vətəndaş, qadın, ana mövqeyini bildirən insandır. Həm jurnalist, həm yazıçı kimi onun fəaliyyəti xüsusi hörmətə ehtirama layiqdir. Daim sakit, təmkinli görkəmli ilə yadda qalan Zemfira Məhərrəmlinin içərisindəki ağrı-acıların ağırlığından yəqin ki, çoxlarının xəbəri yoxdur. O, Qarabağ boyda vətən ağrısını zaman-zaman ürəyinin süzgəcindən keçirib, oxucuları ilə bölüşüb". R. Məcid yubilyarı peşə prinsiplərinə sadiq, tədqiqatçı alim, insan hüquqlarını vətəndaş cəmiyyəti quruculuğunu təbliğ edən, həmişə ön cərgədə olan ziyalı kimi xarakterizə edib. 

 

AYB-nin mətbuat katibi Xəyal Rza yubilyarın həyat yaradıcılıq yolundan söhbət açıb: " Zemfira Məhərrəmlinin yaradıcılığında mənəvi problemlərə dair yazılar üstünlük təşkil edir. O həm hərbi mövzuda kitabların müəllifidir. Qarabağ müharibəsinin tüğyan etdiyi illərdə "qaynar" nöqtələrə səfərlərindən ərsəyə gələn cəbhə reportajları vaxtilə çalışdığı "Bakı" "Baku " qəzetlərində dərc edilib. "Döyüşə qızlar gedir", "Qarabağda savaş var", "Qırx qız dastanı", "Ötür durna qatarı", "Bir ömürdə üç həyat", "Oyuncaq", "Ömür bitər, yol bitməz" kitablarının müəllifidir. Yaradıcılıq uğurlarına görə Həsən bəy Zərdabi, "Qızıl qələm" bir sıra mükafatlara layiq görülüb. Qələmə aldığı povest hekayələri, mənsur şeir esseləri "Azərbaycan", "Ulduz" jurnallarında, "Məhsəti", "Yazıçı qadınlar", "Söz" dərgilərində, "525-ci qəzet", "Ədəbiyyat", "Bakı" "Baku", "Kaspi", "Mir literaturı" qəzetlərində işıq üzü görüb". Sonra mətbuat katibi AYB-nin Fəxri Fərmanını yubilyara təqdim edib.

 

Şair Vaqif Bəhmənli Z. Məhərrəmlini təbrik edərək o vaxt Azərbaycan Dövlət Universitetində-632-ci qrupda birgə oxuduqları tələbəlik dövrünün xatirələrindən söz açıb: "O zaman mənə elə gəlirdi ki, Jurnalistika fakültəsinin 630 632-ci qruplarında təhsil alan tələbələr-yəni biz, min il keçəndən sonra da tələbə olaraq qalacağıq, heç yaşa dolmayacağıq. Amma aradan özümüz hiss etmədən az, çox, düz 43 il keçir. Bədii publisistika Zemfira Məhərrəmlinin yaradıcılığında üstünlük təşkil edir. Zemfira lakonik yazırdı, Azərbaycanın elm təhsil sahəsində baş verən yenilikləri xalqa çatdırırdı. Zemfiranın yüksək jurnalist peşəkarlığı ona böyük nüfuz qazandırmışdı. Zemfira Məhərrəmli olduqca zərif, kövrək bir ürəyin sahibidir. Onun ədəbi zövqünə bələdəm. Şübhəsiz ki, məhz bu keyfiyyətlər onu həm estetik görüşlərini qələmə almağa, sənət, ədəbiyyat adamları haqqında, sözün, rəngin, səsin  ifadə etdiyi ən dərin duyğular barədə danışmağa sövq edir". 

 

Publisist Fəridə Ləman Z. Məhərrəmlini həm əqidə adamı kimi səciyyələndirib: "Onun vətən harayı çox ürəklərdə əks-səda verib, neçə-neçə insan taleyindən keçib. Mənim əziz dostum cəbhə xəttinə, döyüşçülərin yanına qələmə sarılıb gedib. Gedib ki, faciələr içində qovrulan Vətənin ağrılarına çarə tapanlardan biri olsun, yağı əlinə keçməmək üçün son gülləsini köksünə sıxan cəsurlardan qəhrəmanlıq dastanları yaratsın. Həmkarımız artıq o dastanları yaradıb  özü qəhrəman olub".

 

Tənqidçi Südabə Ağabalayeva yubilyarın bədii publisistik yaradıcılığından, insani keyfiyyətlərindən söz açaraq Z. Məhərrəmlini səsinin təbəssümü olan şəxsiyyət adlandırıb.

 

Publisist Laura Cəbrayıllı hələ gənc yaşlarından, jurnalistika sahəsində qadın müəlliflərin az olduğu bir zamanda onun publisistik fəaliyyətindən həvəsləndiyini, stimul aldığını vurğulayıb.

 

"Yaradıcı insan üçün yazmaq da bir missiyadır. Elin, obanın, Vətənin dərdini yazmağın acısını istedadın istisində ovundurmaq isə ağrılıdır. Bunun üçün yazıçı-jurnalist Zemfira Məhərrəmli kimi əsl vətənpərvər ürəyə, yüksək duyuma, hissiyyata, iti qələmə sahib olmaq gərəkdir. Zemfira Məhərrəmlinin müharibədə rəşadət göstərən azəri qadınlarının şücaətindən bəhs edən "Qırx qız dastanı" ana-bacılarımızın timsalında bütün qeyrətli vətən övladlarımızın şəninə işıq salan yazılı salnamədir". Bu fikirləri tədbirdə şair-publisist Mahir Cavadlı səsləndirib.

 

Hərbi müxbir, yazıçı Vahid Məhərrəmov bildirib ki,  Z. Məhərrəmlinin yazılarını vətən yaralarına, ağrılarımıza məlhəm adlandırmaq olar: "Onun Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edən publisistik kitabları tariximizin bir parçasıdır. Zemfira Məhərrəmli igid vətən müdafiəçilərini "qaynar" nöqtələrdən axtarıb-tapmaq, onların döyüş yolunu işıqdandırmaq üçün çox böyük əmək sərf edib".V. Məhərrəmov jurnalistlik fəaliyyətinə başladığı illərdə Z. Məhərrəmlinin qayğısını daim hiss etdiyini bildirərək ona minnətdarlığını ifadə edib.  

 

Ombudsman Aparatının əməkdaşı Ziba Məmmədova, Krım-Sevastopol Dövlət Teleradiosunun "Azərbaycan-Qobustan" proqramının müəllifi Həbib Vəliyev, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova, tanınmış publisist Məzahir Süleymanzadə,  əməkdar mədəniyyət işçisi Rafiq Salmanov, yazıçı Elçin Hüseynbəyli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, şairlər Qulu Ağsəs, Vahid Aslan, Oqtay Rza tədbirdə çıxış edərək yubilyarla bağlı xoş arzularını dilə gətiriblər.

 

Professor Qulu Məhərrəmli  Z. Məhərrəmlini təbrik edib, bundan sonra da bədii publisistik yaradıcılığında ona uğurlar arzulayıb.

 

Sonda çıxış edən Zemfira Məhərrəmli tədbirin təşkilinə görə AYB-nin rəhbərliyinə, səmimi çıxışlara xoş arzulara görə qonaqlara minnətdarlığını bildirib.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 9 dekabr.- S.7