Milli mətbuatımıza və mədəniyyətimizə xidmət nümunəsi

 

 

 

(Əvvəli ötən sayımızda)

 

"Vətən səsi", "Vətən həsrəti", "Yeni fikir" qəzetlərində  həyatdan gələn mövzulara aktuallıq prizmasından yanaşan müəllif bu ideyalarını yeni anlamda "Füyuzat"da davam etdirir. Bu yazıların hər birində torpağa məhəbbət, birliyə, bütövlüyə vüsətli bir çağırış, milli-mənəvi dəyərlərimizə bağlılıq sanki canda bir ürək kimi çırpınır.

 

Teymur Əhmədov "Füyuzat"ın hər sayında mətbuat xadimi kimi məsuliyyətini dərk edərək yazılarını məhz bu mövzuların mükəmməllik baxımından işlənməsinə, problemlərin açıqlanmasına həsr edir. Burda materialların tarixilik müasirlik baxımından seçilməsi, yerləşdirilməsi, eləcə həyatımızın bütün keçidlərində ictimai-siyasi hadisələrin maarifləndirici mövqedən şərh edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı ölkənin inkişafında mühüm rol oynayan mətbuatın özünün obyektivlik baxımından təbliğedici bir missiyası həssaslıqla önə çəkilir.

 

"Füyuzat" Teymur Əhmədovun yaradıcılığında yeni bir nəfəs oldu. O, Əlibəy Hüseynzadənin, ümumən XIX əsrin sonu, XX əsrin əvvəllərində yenicə təşəkkül tapmış Azərbaycan mətbuatı onu yaradıb inkişaf etdirən böyük bir ziyalı nəslinin ideyalarının ləyaqətli davamçısı olduğunu ərsəyə gətirdiyi yüzlərlə publisistik əsərlərində göstərə bilmişdir. O, belə yazılarında xalqın yaddaşını oyatmağa, hər bir azərbaycanlının öz keçmiş tarixini bilməsinə, dəyərləndirməsinə borclu olduğunu bildirir. Bu yazılar faktların zənginliyi onların məna dəyərinin, ictimai əhəmiyyətinin göstərilməsi baxımından, analitik çözümü ilə böyük maraqlara söykənir. O, imkanlarından üzərinə düşən məsuliyyətdən olduqca səmərəli istifadə edərək xalqın maariflənməsi, xüsusən gənclərin öz dilini, tarixini, mədəniyyətini mükəmməl bilmələrindən ötrü bu mövzularda məqalələr meydana gətirir. O, mövzu seçimində hər birini ictimai həyatla bağlamaqda çox peşəkardır. Heç bir hadisəni nəzərdən qaçırmayan publisist qələmə aldığı mövzularda demokratik düşüncəli, açıq fikirli ziyalı mövqeyini bildirir. Hansı mövzudan bəhs edirsə, onun tarixi köklərinə, xalqın həyatındakı yerinə diqqətlə yanaşır, dünənlə bu günü müqayisəli şəkildə təhlil edir. Zatən mətbuatın maarifçilik missiyası da bunlardan ibarətdir.

 

Teymur Əhmədov tədqiqat axtarışlarında olduğu kimi jurnalistikada da yaradıcılığın hamar yolu ilə getməmişdir. Hər zaman aryıb-axtarmış, mövzunun dərinliyinə varmaqla ictimai-mədəni maraqları ifadə edən yazılar ərsəyə gətirmişdir. Onun publisistikasında fikirlər dəqiqliyi, dürüstlüyü, mübarizliyi, cəsarəti ifadə etməsilə qüdrətlidir. Milli qəhrəmanlıq, mübarizlik səhifəsi - 1990-cı il 20 Yanvar hadisəsi, Xocalı faciəsi, Dağlıq Qarabağ onun ətrafında baş verən tarixi hadisələrə zaman-zaman qayıdış da yeni nəslə yaşadıqlarımızı xatırlatmaq məqsədini daşıyır.

 

Teymur Əhmədov demokratik mətbuatın inkişafına yeni dəyərlər qazandırılmasında peşəkarlıqla çalışan, yazıb-yaradan qələm sahiblərindəndir. O, həmçinin ədəbiyyat tarixi, ədəbi proseslərin araşdırılması, bədii yaradıcılıqla da məşğul olur. Ədəbiyyatşünas-alimin xalqımızın böyük oğlu Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətini, yaradıcılıq yolunu işıqlandıran araşdırmaları, elmi-publisistik məqalələri ədəbiyyat tariximizin çox qiymətli əsərləri sırasındadır.

 

Publisist ana dilimizlə bağlı çox məqalələr yazıb, onun qüdrəti, şirinliyi, gözəlliyi, toxunulmazlığı, qorunması ilə bağlı xalqın varlığındakı başlıca rolundan bəhs edib. Bütün bunlar müəllifin mövzuya sadəcə yanaşması ilə tamamlanmır, ona zaman-zaman reallıq prizmasından rəngarənglik gətirən fikirləri, bir tədqiqatçı kimi mötəbər qaynaqlara müraciəti, nəzəri baxışları da özünün ictimai ifadəsinə söykənir. "Ədəbi dilə vətəndaşlıq borcu"nda ziyalıların bununla bağlı fikirlərini izləməklə yanaşı, Heydər Əliyevin bu sahədə gördüyü işlər, dilin inkişafına göstərdiyi qayğı onun çoxmiqyaslı layihələri fonunda xatırlanır. Onun gənclərimizə göstərdiyi qayğısı, ana dilini, vətəni sevməyi tövsiyəsi oxucunu bu gün , sabah da əbədiyaşarlıq qazanmış xidmətlərinə nəzər salmağa sövq edir.

 

Teymur Əhmədov vətən xalq yolunda, milli-mənəvi, bəşəri dəyərlərin inkişafında yorulmadan qələm mübarizəsi aparır. O, ictimai həyatımızda görünən qüsurları tənqid etməkdən çəkinmir, eləcə müxtəlif sahələrdə qazanılan uğurları keçmiş ağrıların, qayğıların problemlərin fonunda müqayisələr aparmaqla qazanılan dəyərlərə diqqət yönəldir. Eyni zamanda ölkənin inkişafı prosesini, yaşadığımız dövrün mənzərəsini, iqtisadi-sosial, mədəni-mənəvi yüksəlişin xalqın həyatında yaratdığı məsud, firavan həyatı da işıqlandırmaqla milli ruhun yüksəlişinə xidmət edir. Azərbaycan mədəniyyətinə, muğam sənətinə verilən yüksək dəyər, bu sahədə görülən işlər, dövlət səviyyəsində göstərilən qayğı diqqət vətənpərvər ziyalının qələmində özünəməxsusluqla işıqlandırılır. Müstəqilliyin xalqımıza qazandırdığı nemət, ülvi hisslər, özünəinam, əminlik, vətən, torpaq təəssübkeşliyini hər zaman maarifçilik mövqeyindən açıqlamaq təbliğ etmək onun yazılarında xalqımıza xidmətinin aydın göstəricisidir.

 

T.Əhmədovun jurnalist fəaliyyətinə diqqət yetirəndə yadıma akademik Cəmil Quliyevin vaxtilə dediyi bir fikir düşür: "Soruşularsa, Teymur tədqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə o, jurnalist fəaliyyətində yaxşı tədqiqatçıdır, tədqiqatçı fəaliyyətində yaxşı jurnalistdir. Bu iki tərəf onun yaradıcılığında vəhdət təşkil edir".

 

Bəzən ümumbəşəri əhəmiyyət kəsb edən mövzulara təkrarən qayıtmağı zəruri hesab edən publisist xalqın mübarizlik, vətənpərvərlik ruhunu yüksəltməyə çalışır, yaşadığı faciələri xatırlatmaq, yaddaşları közərtməklə unutqanlığa qarşı çıxır. Akademik Budaq Budaqov yazırdı: "Professor Teymur Əhmədovun elmi-publisistik fəaliyyətində yaxın tariximizin taleyüklü məsələlərinin indiyədək dərindən öyrənilməyən səhifələrinin açılması, köklü şəkildə tədqiqi, elmi ictimaiyyətə geniş oxucu kütləsinə çatdırılması, eləcə tarixiliklə müasirliyin vəhdəti aparıcı xətdir".

 

T.Əhmədov redaktoru olduğu mətbu nəşrlərin yaradıcılıq istiqamətini, əhatə dairəsini hər zaman yenilikçi mövqeyindən müəyyənləşdirir. Azərbaycanın mədəni-ictimai həyatını xalqın münəvvər şəxsiyyətlərinin simasında xatırlatmaq, işıqlandırmaqla qazanılan uğurların, mənəvi dəyərlərin əvəzsiz olduğunu ictimaiyyətə təqdim etməyi özünün ziyalı, publisist borcu sayır. O, dəfələrlə müraciət olunmuş mövzulara tam yeni baxışla nəzər yetirməyi milli ənənələrimizin davamlı olaraq inkişafı baxımından da vacib sayır. H.B.Zərdabinin ictimai-nəzəri görüşlərinə yeni bir prizmadan yanaşmaqla bu sahədə mətbuatımızın inkişafındakı misilsiz rolunu xatırladır. Ustadın toxunduğu problemlərin həmin dövrdə necə böyük ağrılara səbəb olduğunu özünəməxsus fikirlərlə açıqlayır. Jurnalist mətbuat tariximizlə bağlı yazılarında belə bir fikri vurğulayır ki, xalqın hüquqsuz və savadsız, gözübağlı bir vaxtında "ictimai fikrin oyanmasına əhəmiyyətli təsir göstərmiş" "Əkinçi" mətbuat tariximizin şərəfli bir səhifəsi kimi hər zaman tədqiq olunmalı, unudulmamalıdır. O, əlinə düşən redaktorluq imkanından və fürsətdən istifadə edərək ictimai maraqlara söykənən faydalı yazılar ərsəyə gətirir. Publisistin məqalələrində tarixi şəxsiyyətlərin, görkəmli ziyalıların vətənin və xalqın azadlığı, bütövlüyü, dili, mədəniyyəti uğrunda apardığı mübarizəsinin mahiyyətinə varması da qədirdanlıq baxımından dəyərlidir.

 

Müəllif müstəqillik tariximizdən, onun qazanılmasında keçilən çətin yollara nəzər salarkən də yeni dəyərlər məcmusu yaratmağa çalışır. Azərbaycanın diasporu tarixindən bəhs edən publisist diasporun xalq və ölkə üçün qazandığı dəyərləri önə çəkərkən buna ölkə başçısının mövqeyini bildirməklə də aydınlıq gətirir. "Prezident İlham Əliyevin dediyi kimi: "Bu, həm orda yaşayan azərbaycanlılar üçün bir dəstək və dayaq olacaq, həm də ölkəmiz üçün. Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər..."

 

Teymur müəllimin elmi-jurnalistik fəaliyyəti haqqında müxtəlif vaxtlarda görkəmli akademiklərin, ədəbiyyat, mətbuat adamlarının - Cəmil Quliyev, Budaq Budaqov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Qılman İlkin, Nəriman Həsənzadə, Qasım Qasımzadə, Xeyrulla Məmmədov, Əsgər Zeynalov, Allahşükür Qurbanovun... söylədiyi dəyərli fikirlər bizimzaman-zaman yaranmış qənaətimizi ehtiva edir.

 

Teymur Əhmədovun publisistikası yaxın keçmişimizin ağır sınaqlarından, vətənin və xalqın taleyində baş verən təlatümlü dövrün burulğanında haqsızlığa, özbaşınalığa, çəkişmələrə qarşı cəsarətlə mübarizə aparmış, milli-ictimai mənafelərə dəyərli töhfələr verərək bugünkü yüksəlişimizə üzüağ çıxmışdır. Eyni zamanda əvvəldə qeyd etdiyimiz kimi, milli oyanış dövründə yaratdığı və redaktoru olduğu mətbu nəşrlərlə demokratik mətbuatın təşəkkülü və inkişafına öz töhfəsini vermişdir.

 

P.S. Bu il dekabrın 25-də Teymur Əhmədovun 85 yaşı tamam olur. Bu münasibətlə görkəmli ədəbiyyatşünas-alimi, peşəkar jurnalist, publisist, təcrübəli redaktoru yubileyi münasibətilə təbrik edir, ona sağlam ömür, yeni yaradıcılıq uğurları arzulayıram.

 

Şəfəq Nasir

525-ci qəzet.- 2015.- 9 dekabr.- S.6