Düsen Kaseinov: "Rusiyanın regionlarında yaşayan türksoylu xalqları Şəkiyə dəvət edirik"

 

 

Son vaxtlar Türkiyə ilə Rusiya arasında baş verən məlum hadisələrin fonunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY da gündəmə gətirildi.

 

Rusiya tərəfi bu təşkilatda fəaliyyətini dayandıracağını bəyan etdi. 

 

Müsahibimiz təşkilatın baş katibi Düsen Kaseinov məsələyə aydınlıq gətirib.

 

- Türkiyə ilə Rusiya münasibətlərində yaşanan böhran, məlum hadisələr işinizə təsir edirmi?

 

- Əlbəttə, təsir edir. Artıq bu haqda mətbuatda da yazırlar. Noyabrın 27-də Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırd, Saha (Yakutiya), Tatarıstan, Tıva, Hakasiya respublikalarının rəhbərlərinə teleqram ünvanlayaraq dərhal TÜRKSOY-la əlaqələrin dayandırılmasının vacibliyini bildirdi. Mən isə ilk öncə tövsiyə edərdim ki, emosiyalara uymaq lazım deyil.  Ona görə ki, əgər məsələn, onlar əlaqələrin kəsilməsi haqqında yazırlarsa, bu o demək deyil ki, bu, əbədi olacaq. Hər bir ölkənin hər hansı bir hadisəyə öz yanaşması, münasibəti var.  Bəzən bu yanaşma dostluq baxımından olmaya, özlərinin çıxardıqları qərara əsaslana bilər. Hər bir halda biz mübahisə edə, başqa ölkənin daxili işinə qarışa bilmərik. Əgər onlar öz vətəndaşlarına münasibətdə belə qərara gəliblərsə, bu onların qərarıdır. Digər tərəfdən əlbəttə ki, biz narahatıq. Çətin vaxtlarda insanlar bölünməli deyil, əksinə, birləşməlidirlər. Çünki  hisslər insanı ən son tərk edir .Əvvəlcə siyasi, iqtisadi, maliyyə, turizm digər mümkün sanksiyalar haqqında qərar qəbul edilir. Bu mənada insani münasibətlər isə birinci deyil, sonuncu yerdə gəlməlidir. Mən bir məqamı aydın şəkildə deməliyəm ki, biz  hələ Rusiya tərəfdən münasibətlərin dayandırılması haqqında rəsmi məktub, xəbərdarlıq  almışıq. Belə hallarda beynəlxalq təşkilatı xəbərdar etmək qarşı tərəfin vəzifəsidir. Bu mənadakı ötən il Rusiya Mədəniyyət Nazirliyi ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Sənəddə qeyd edilir ki, Rusiya Federasiyası çoxmillətli dövlətdir. Ərazisində digər xalqlarla birlikdə türk dilli xalqlar yaşayır. Xalqlar arasında mədəni dialoq ümumi mədəniyyətin, tarixi abidələrin inkişafına və qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir.Yəqin hər kəsə aydındır ki, biz bu sənədi qarşılıqlı istəklə imzalamışıq.

 

- Bu mənada TÜRKSOY olaraq necə mövqe nümayiş etdirməyə hazırlaşırsız?

 

- Mədəniyyətlərarası dialoq insanlar arasında qaçılmazdır. Ona görə də, düşünürəm ki, bir neçə gün əvvəlki teleqrama qədər bizim gözəl əlaqələrimiz olub. Və istəməzdim ki, insanlar bu teleqrama görə elə başa düşsünlər ki, bizim aramızda anlaşılmazlıq və mübahisə var.  Məsələn, TÜRKSOY-a gələn son müraciətdə  Başqırdıstanın baş nazirinin müavini Rusiyanın mədəniyyət naziri ilə razılaşmaya əsasən xahiş edir ki, biz Ufa şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması haqqında təklifə baxaq. 

 

Biz bu təklifə müsbət yanaşdıq və 26-28 noyabr  Mervdə keçirilən TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının növbəti iclasının gündəliyinə daxil etdik. İclasda həmin qərarın alınması gözlənilirdi. Amma Başqırdıstanın nümayəndə heyəti toplantıya gəlmədi və təklif gündəlikdən çıxarıldı. Əgər belə bir təklif vardısa və nümayəndə heyəti toplantıya gəlməyə hazırlaşırdısa, deməli, təşkilatla üzv ölkələr arasında son günə kimi heç bir problem yox idi. Bizə gəlincə, düşünürəm ki,qarşılıqlı əmakdaşlığın pozulması üçün onlara heç bir əsas verməmişik. Yayılan məlumatlar da qiyabidir. Nə Rusiyanın Türkiyədəki səfirliyi, nə də Rusiya Mədəniyyət və Turizm Nazirliyi bizə rəsmi bildiriş göndərməyiblər. Yəni bizim aramızda hər hansı mübahisə, ziddiyyət yoxdur. Əlbəttə, bu vəziyyətdə bizə yalnız ümid etmək, soyuqqanlı olmaq, müdriklik nümayiş etdirmək qalır. Ümid edirik ki, Rusiya və Türkiyənin rəhbərləri iqtisadi, siyasi əlaqələri yoluna qoyacaq. Bizə gəlincə, mədəni əməkdaşlığı davam etdirməyə hazırıq. Bu ay İstanbulda keçiriləcək "Türkvizion" Beynəlxalq mahnı müsabiqəsində təəssüf olsun ki,Rusiya Federasiyası ərazisindəki türkdilli respublikaların nümayəndələri iştirak edə bilməyəcək. Amma insanlar başa düşür ki, TÜRKSOY beynəlxalq mədəni əməkdaşlıq təşkilatıdır.Bu gün əlaqələrdə yaranmış soyuqluq haqqında yazan jurnalistlərə də bildirmək istəyirəm ki, əgər iki dövlət arasındakı münaqişə müddətində bizim əlaqələrimiz kəsilirsə, bu o demək deyil ki, türk xalqları öz aralarında əlaqələri dayandırır. Mən tamamilə ümid edirəm ki, bizim mədəni əlaqələrimiz davam edəcək.

 

- Ümumi tarixi, mədəni köklərin olmasına baxmayaraq görünür ki, bu gün türkdilli xalqlar, onların ölkələri dövlət quruluşu, mentalitet və iqtisadiyyatı və digər məqamlara görə bir-birindən fərqlənirlər. Yəni nəhayətdə fərqli geopolitik maraqları var. Düşünürsünüzmü ki, TÜRKSOY fəaliyyəti müddətində onları yaxınlaşdırmağa nail olub?

 

- Əlbəttə. Məsələn, zamanında Özbəkistan TÜRKSOY -un qurucularından biri idi. Sonra məlum və ya naməlum səbəblər üzündən rəsmi şəkildə qurumdan uzaqlaşdı. Bütün bunlara baxmayaraq onların incəsənət nümayəndələrini fərdi şəkildə tədbirlərimizə dəvət etməkdə davam edirik. Hətta onların maliyyə xərclərini də öz üzərimizə götürürük. Hələ neçə il əvvəl Türkmənistanla əlaqələrimiz zəif idi. İndi isə biz Mərv şəhərində Türkdilli Ölkələrin Mədəniyyət Paytaxtı layihəsini uğurla reallaşdırdıq.Yəni biz mürəkkəb vəziyyəti şəxsi və mədəni əlaqələr vasitəsilə həll edirik.  

 

- Bəs  Şəkinin Türk Dünyasının Mədəniyyət Paytaxtı olması ilə bağlı hansı yeni planlar həyata keçiriləcək?

 

- Əvvəlcə qeyd edim ki, bu yaxınlarda, konkret olaraq dekabrın 21-də  Şəkiyə səfər ediborada Şəki Dövlət Dram Teatrında türk dramaturqu Haldun Tanerin əsərinin premyerasında iştirak etməyi planlaşdırırıq.

Şəkidə həmçinin TÜRKSOY-un bu bu vaxta qədər biz artıq yeri düşdükcə vurğulayırdıq ki, Şəki Türk Dünyasının Mədəniyyət Paytaxtı ola bilər. 2014-cü ildə İpək Yolu Festivalında layihələrimizi gerçəkləşdirərkən mən xüsusi olaraq oraya getdim və Şəkinin mədəni, tarixi və təşkilati imkanlarını gördükdən sonra bu fikri səsləndirdim. Son illərdə TÜRKSOY xətti ilə Qazaxıstanın Karaqanda teatrı orada tamaşa göstərdi, türk xalqlarının etnik geyimlərindən ibarət dəfiləsi və 17-ci Rəssamlar Görüşü həyata keçirildi. Yəni bütün bunlarla biz qənaətə gəldik ki, Şəki  teatr, rəsm, dəfilə və digər mədəniyyət tədbirlərini yüksək səviyyədə keçirməklə Türk Dünyası Mədəniyyət Paytaxt ola və layiqincə ev sahibliyi edə bilər. Şəki öz potensialı və qədim şəhər statusu ilə öz üzərinə belə bir məsuliyyətli işi götürə bilər. Türk dünyasının mədəniyyət paytaxtı kimi Şəkinin 2016-cı il Avropanın mədəniyyət paytaxtları ilə əlaqələrin qurulmasını da planlaşdırırıq. Gələn il Avropanın Mədəniyyət Paytaxtı İspaniyanın San-Sebastyan və PolşanınVrotslav şəhərləri olacaq. Avropada hər il iki şəhər mədəniyyət paytaxtı seçilir. Onun biri Şərqi Avropanı, digəri isə  Qərbi Avropanı təmsil edir.Biz istəyirik ki, Şəki Türk Dünyası Mədəniyyət Paytaxtı olaraq onlarla ünsiyyət qursun. İl boyunca nümayəndə heyətlərinin mübadiləsi olsun. Təkcə Azərbaycandan, Şəki şəhərindən deyil, başqa TÜRKSOY ölkələrdən də nümayəndə heyətləri, rəqs qrupları, ifaçılar həmin paytaxt-şəhərlərə getsinlər.

 

- Mədəni əməkdaşlıq həm də barış, sülh  deməkdir. Bu missiyanı üzərinə götürən bir qurumun rəhbəri kimi, növbəti günlərdə hansı addımları atmağı düşünürsüz?

 

- Mən optimistəm və həmişə yaxşıya ümid edirəm. Eyni zamanda ümid edirəm ki,  Rusiya regionlarında yaşayan türksoylu xalqlarla da əməkdaşlıq kəsilməyəcək və əvvəlki kimi davam edəcəkdir. Yenə də deyirəm, əgər Rusiya vətəndaşları üçün Türkiyəyə gəlmək təhlükəli hesab edilərsə, bunun üçün Azərbaycan,Qazaxıstan, Qırğızıstan, Türkmənistan var. Məsələn, biz onları gələn il Şəkiyə dəvət edirik. Əgər küsmək istəmirlərsə, qoy öz dostluqlarını nümayiş etdirib Şəkiyə gəlsinlər. Biz onları böyük istəklə üzv ölkələrimizdə keçirilən tədbirlərə və əməkdaşlığa dəvət edirik.

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 9 dekabr.- S4.