Bir üsyanın 85 illiyi, yaxud Hacı Axund niyə qiyam qaldırmışdı...

 

 

Azərbaycan Xalq Cümhuriyyətini devirən bolşeviklər hakimiyyəti ələ keçirdikdən dərhal sonra ölkəni üsyanlar bürüdü. Əvvəl Gəncədə, sonra Qarabağda, Şəkidə, Qubada və Azərbaycanın başqa bölgələrində baş verən qiyamlar müəyyən müddət davam etsə də, sonradan qan içində boğuldu.

 

Kollektivləşmə dövründə, xüsusilə kəndlərdə bu qiyamlar yenidən alovlandı. Belə ki, əhali zəhmətlə yaratdıqları təsərrüfatı kolxoza vermək istəmir, çarəsiz qaldıqda silaha sarılırdı. Lakin bu qiyamlar bir müddət ciddi xarakter alsa da, sonradan artıq formalaşmış sovet hərbi maşını qarşısında davam gətirə bilmədi.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sovet ideologiyasının tarixdən silməyə çalışdığı bu qanlı səhnələrin öyrənilməsi, tədqiqi sahəsində müəyyən addımlar atılsa da, bunlar qənaətbəxş deyil. Bu istiqamətdə qarşıda ciddi vəzifələr durur. Hazırda o dövrdə baş verən bu hadisələrin şahidi olmuş insanların əksəriyyəti dünyadan köçdüyünə görə ümid yazılı mənbələrə qalır.

 

Bu hadisələrlə bağlı məlumatlara arxiv materialları ilə yanaşı, həm də o dövrdə sovet hüquq-mühafizə orqanlarında rəhbər vəzifə tutmuş adamlar barədə yazılmış bioqrafik əsərlərdə də rast gəlinir. Belə əsərlərdən biri də Moskvada nəşr olunmuş "Qüdrətli narkom Beriyanın taleyi" (müəllifi Boris Sokolov) kitabıdır. Əsərdə tarixi hadisələr, xüsusilə Sovet dövrünün ilk illərində Azərbaycanda baş verən bəzi qiyamlar barədə məlumatlar arxiv sənədlərinə istinadən başvermə tarixi göstərilməklə qələmə alınmışdır. Kitabdan kiçik bir parçanı oxucuların diqqətinə təqdim etməklə, ümidvar olduğumuzu bildiririk ki, bu hadisə tarixçilərin diqqətini çəkəcəkdir.

 

Zaqafqaziya Dövlət Siyasi İdarəsi üçün ən böyük problem kollektivləşmə ilə əlaqədar 1930-cu ildə başlayan kəndli üsyanları oldu. Dekabrın əvvəlində Siyasi İdarə Gəncə uyezdində sayı min nəfərdən artıq olan üsyançılarla mübarizə ilə bağlı məruzəsində qeyd edirdi: "Bandit" (o dövrdə qaçaqlara qarşı bu ifadə geniş istifadə olunurdu) hərəkatının başında keçmiş molla-ittihadçı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament üzvü olmuş Hacı Axund dayanır. Onun "bandit" dəstəsi qarşısına kütləvi qiyam qaldırmaq məqsədi qoymuşdur. Bu məqsədi həyata keçirmək üçün Hacı Axund tərəfindən geniş antisovet təbliğatı aparılır. Qiyam başlayan ərazilərdə əhali arasında tezliklə türk və ingilis ordusunun gələcəyi, Sovet hökumətinin məğlub olacağı şayiələri yayılır. Ətraf ərazilərdə kəndlilər kolxoza qarşı, yoxsulluğa qarşı mübarizəyə, din yolunda silah götürməyə çağırılırlar. Bu məqsədlə Şamxor və Gədəbəy rayonları ərazilərində vərəqələr yayılır. Türk ordusunun gəlişi ilə bağlı şayiələrin doğruluğunu sübut etmək üçün Hacı Axundun təlimatı ilə üsyançılardan biri türk ordusu zabitinin geyimində "bandit" dəstəsi ilə birlikdə ətraf kəndlərə gedir, dəstə üzvləri ona "paşa" deyə müraciət edirlər. Kəndlilərə Stalinə qarşı olan "sağ təmayüllü" bolşeviklərin də Hacı Axundla həmrəy olduğu bildirilir".

 

Bu tədbirlər nəticəsində Hacı Axundun ətrafında min nəfərdən artıq silahlı üsyançı toplaşmış, Şamxor və Qasım İsmayılov rayonlarının bir sıra kəndləri onun təsir dairəsinə düşmüşdü. Qaçaqların maddi təminatı isə əsasən varlı və ortabab kəndlilər tərəfindən həyata keçirilirdi. Qiyamçılar noyabr ayının əvvəllərindən daha da aktivləşməyə başladılar. Hacı Axund üsyanı getdikcə təhlükəli xarakter alırdı. Üsyançılar hətta bir neçə gün Bakı-Tiflis dəmir yolunda qatarların hərəkətini dayandırmağa nail oldular. Həmin vaxtdan hökumət qiyamçıların fəaliyyət göstərdiyi ərazilərə silahlı ordu hissələri cəmləşdirməyə başladı. Dövlət Siyasi İdarəsinin silahlı dəstələri qiyamın yayıldığı ərazilərdə kəndləri ciddi nəzarətə götürərək,qaçaqlara yardım etməkdə şübhəli bildikləri adamlarla bağlı amansız tədbirlərə əl atdı.

 

Görülən sərt tədbirlər nəticəsində qaçaqların çətinlikləri meydana gəlməyə başladı. Bu vəziyyət Hacı Axundu öz dəstəsini kiçik hissələrə bölməyə məcbur etdi. Silah-sursat çatışmazlığından qiyamçıların çoxu evlərinə döndü.

 

Nəhayət, 1930-cu il 9 dekabrda Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri Mixail Frinovskinin (qeyd: Mixail Frinovski 6 avqust 1930-cu ildən 3 aprel 1933-cü ilə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, 1937-1938-ci ilərldə SSRİ XDİK sədrinin 1-ci müavini olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 1940-cı il 4 fevral tarixində güllələnməyə məhkum edilmiş, həmin gün güllələnmişdir) başçılığı ilə ordu qüvvələri Düyərli kəndinin (Şəmkir rayonu) qışlaqlarının birində Hacı Axundu 9 nəfər silahdaşı ilə birlikdə mühasirəyə aldı. Həmin gün baş verən döyüşdə Hacı Axund və silahdaşları həlak oldular.

 

O dövrdə Dövlət Siyasi İdarəsi Hacı Axund üsyanının yatırılmasında ən sərt repressiyalardan istifadə etmişdi. Belə ki, kəndlilər girov götürülür, onlar gizlənmiş üsyançıların təslim edilməsinə məcbur edilirdi. Ələ keçmiş qiyamçılar, onlara kömək etməkdə şübhəli bilinən adamlar yerindəcə güllələnirdi. Təkcə 1930-cu il 8 dekabrda Düyərli kəndində əhalinin gözü qarşısında 23 qaçaq, 10 nəfər onlara kömək etməkdə şübhəli bilinən adam güllələnmişdi. Könüllü olaraq silahı yerə qoyan qaçaqlar da bir müddət sonra güllələndi, yaxud sürgün edildi.

 

Beləliklə, ümid etmək olar ki, bu yazı tarixçilərin diqqətini cəlb edəcək və həmin  qanlı hadisənin dərindən araşdırılmasına səbəb olacaq.

 

Faiq HÜSEYNOV

525-ci qəzet.- 2015.- 10 dekabr.- S.8.