Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Qarabağ xalçaları: keçmişdən bu günə

 

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı, həm də nəfis xalçaları ilə dünyada tanınır. Qədimliyi ilə seçilən bu xalçalar Azərbaycan dekorativ tətbiqi sənətinin nadir incilərindəndir.

 

Qarabağ xalçaçılığın inkişaf etdiyi ən qədim məkanlardandır. Təsadüfi deyil ki, Altayda Pazırıq kurqanlarından tapılmış və ən qədim xalça nümunəsi hesab edilən (2500 il əvvəl) "Pazırıq" xalçası da Qarabağda - qədim Bərdədə toxunub.

 

IX-XVI əsrlərdə yaşamış bir çox ərəb tarixçilərinə aid mənbələrdə Qarabağ xalçalarının nəfisliyindən, bu xalçaların Yaxın Şərq ölkələrində böyük şöhrət qazanmasından bəhs edilir.

 

Xammal ehtiyatının bolluğu bölgədə toxuculuğun geniş yayılmasına təkan verib

 

Sənət və mədəniyyət mərkəzi kimi məşhurlaşan Qarabağda daşişləmə, dulusçuluq, metalişləmə və sair ilə yanaşı, toxuculuq sənəti də özünəməxsus inkişaf yolu keçib. Bu sənət növünün meydana gəlməsi və inkişafı üçün zəruri şərtlərdən biri olan xammal ehtiyatının bolluğu bölgədə toxuculuğun geniş yayılmasına təkan verib. Ən qədim zamanlardan Qarabağ xalçalarının müxtəlif prosedurlardan keçərək ərsəyə gəlməsi, məişətdə istifadəsi qayğı, diqqət və məhəbbətlə müşayiət olunub. Maraqlı naxış elementləri və təsvirlərlə bəzədilən bu xovlu və xovsuz xalçalar müxtəlif təbəqədən olan insanlara məxsus dəyələrin, çadırların, alaçıqların, yaşayış evlərinin və sarayların divar bəzəklərində, döşənməsində istifadə edilib. Təsadüfi deyil ki, zövq və rahatlıq mənbəyi olan xalçalar Qarabağ bölgəsində var-dövlət göstəricilərindən biri hesab olunub.

 

Hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan, iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın həm dağlıq, həm də aran zonalarında xalçaçılıq sənəti özünəməxsus xüsusiyyətləri ilə fərqlənən inkişaf yolu keçib. Tarixi inkişaf prosesində Qarabağ xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatına həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir. Azərbaycanın milli ornamenti sayılan buta, həmçinin göl və xonçalar, müxtəlif heyvan (at, pələng, şir, maral, qartal və sair) təsvirləri, təbiət mənzərələri, ov səhnələri Qarabağ xalçalarında geniş istifadə olunub.

 

Qarabağ xalçalarının forması uzunsov, rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Burada al-qırmızı, palıdı, qızılı, sarı, çəhrayı, qırmızı rənglər daha çoxdur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Bu xalçaların ilmə hündürlüyü 6-10 millimetr, ilmə sıxlığı hər kvadratmetr sahədə 90 mindən 160 minədək olur. "Açma-yumma", "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Muğan, "Xanlıq", "Çələbi", "Şabalıdbuta" və sair çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.

 

XVIII əsrdən başlayaraq Şuşada klassik çeşnili xalçalarla yanaşı Rusiyadan, eləcə də Avropadan gətirilən məişət əşyalarından götürülmüş təsvirlərdən yeni çeşnilər hazırlanır, "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" kimi maraqlı kompozisiyalı xalçalar toxunurdu. Məhz bu dövrdən etibarən Şuşa şəhərində Qarabağ xalçaçılıq məktəbinin yeni inkişaf dövrü başlayır. Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovuşuğunda yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə, bədii və texnoloji cəhətdən yüksək səviyyəyə çatmasına zəmin yaradıb. Qarabağın dağlıq zonasında XVIII-XIX əsrlərdə xalça istehsalında Şuşa şəhəri ilə yanaşı Daşbulaq, Dovşanlı, Girov, Malıbəyli, Çanaxçı, Tuğ, Tuğlar, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri də əsas rol oynayırdılar.

 

Xalçaçılıq Qarabağın dağlıq hissəsi ilə yanaşı, xammalla daha yaxşı təmin olunan aran bölgəsində - Ağdam, Bərdə, Ağcabədi, Füzulidə də geniş inkişaf etmişdi.

 

Qarabağ xalçaçılıq ənənələrinin qorunub saxlanılmasında Ağdam xalça fabrikinin böyük rolu olub

 

Ötən əsrin ortalarına qədər xalça istehsalı fərdi şəkildə evlərdə həyata keçirilirdi. 1939-cu ildə isə bu nəfis sənətin daha çox inkişaf etdiyi Ağdamda xalça fabriki yaradıldı. Qarabağ xalçaçılıq məktəbi ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində fabrikin yaradılmasının böyük rolu olub.

 

Bir vaxtlar Ağdam xalça fabrikinin, hazırda isə 2 saylı peşə məktəbinin direktoru olan Aybəniz Cəfərova bildirib ki, Ağdam xalça fabrikinin fəaliyyəti 1980-ci ildən daha da genişlənib və Ağdam Xalçaçılıq İstehsalat Birliyi yaradılıb. Birliyin Bərdə, Xocalı, Şuşa, Baş Güney, Papravənd, Əlimədədli, Mərzilidə filialları, sexləri fəaliyyət göstərirdi. İstehsalat Birliyində ildə 3 min kvadratmetrə yaxın xalça toxunurdu. Xalçaların ən böyüyü 8 kvadratmetr, kiçikləri isə 1 kvadratmetr olurdu. İstehsal olunan xalçalar "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinə təhvil verilirdi.

 

A.Cəfərovanın dediyinə görə, akademik Xudu Məmmədov tez-tez fabrikə gələr, gözəl çeşni eskizləri verərdi. "Uçan göyərçinlər" çeşnisinin eskizi də Xudu Məmmədova məxsusdur.

 

Qarabağın xalçaçılıq sənətinin qorunub saxlanıldığı və geniş yayıldığı kəndlərdən biri də Baş Güney kəndi idi. Baş Güney kəndindən məcburi köçkün Validə Abdullayevanın dediyinə görə, kənddəki evlərin əksəriyyətində xalça toxunurdu: "Toxuduğumuz xalçaların ipini özümüz hazırlayırdıq. Yun qırxılır, yuyulur, daranırdı. Sonra cəhrədə yunu əyirib ip edərdik. Yunu həm təbii yolla, həm də cövhərlə boyayırdıq. Müxtəlif rənglərin alınmasında təbii boyaq vasitəsi kimi soğan, fındıq və alma qabığı, boyaqotu, qoz ağacı, gəndalaş və sair kimi vasitələrdən istifadə edirdik. Zəy və duz isə aldığımız rənglərin boyama qabiliyyətini artırırdı. Payız, qış aylarında demək olar ki, bütün evlərdə hana qurulardı. Kəndimizdə Ağdam Xalçaçılıq İstehsalat Birliyinin filialı yaradıldıqdan sonra xalçaları dəzgahlarda toxumağa başladıq. Toxuduğumuz xalçaların çeşniləri də çoxaldı. Daha çox "Nəlbəki", "Açma-yumma", "Ağçiçək", "Buta" və sair çeşnilərə üstünlük verirdik".

 

Qarabağ xalçalarının toplanması, qorunması və öyrənilməsində 1987-ci ildə Azərbaycan Xalça Muzeyinin Şuşa filialının yaradılmasının əhəmiyyətini də qeyd etmək lazımdır. XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan general Səməd bəy Mehmandarovun mülkündə fəaliyyət göstərən muzeydə 200-dən çox xalça və xalça məmulatı, bədii tikmə, geyim, zərgərlik məmulatı saxlanılırdı. 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ərəfəsində muzey əməkdaşlarının fədakar səyi nəticəsində XIX-XX əsrlərə aid olan xalçalar və digər eksponatlar xilas edilərək Bakıya gətirilib.

 

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü xalçaçılığa da ağır zərbə vurub

 

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi bütün sahələr kimi, xalçaçılığa da ağır zərbə vurub. Hazırda Azərbaycanın bu qədim bölgəsində əlvan naxışlı xalçalar toxunmasa da, xalqımız Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaqdadır.

 

Azərbaycan Xalça Muzeyinin Şuşa filialı doğma məkanından uzaq düşməsinə baxmayaraq, öz fəaliyyətini bu gün də davam etdirir. Filialın kollektivi Qarabağ bölgəsinə məxsus milli sərvətimizin təbliğini və yaşadılmasını özlərinin əsas vəzifəsi sayır. Azərbaycan Xalça Muzeyinin Şuşa filialı köçkün sənətkarları muzeyə cəlb edir, onların əl işlərindən ibarət sərgilər təşkil edir, Qarabağ xalçalarının təbliği, tədqiqi ilə bağlı işlər görür, Şuşa xalçaları haqqında elmi-tədqiqat məqalələri, bukletlər nəşr etdirir.

 

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Goranboy rayonunda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin işlə təminatı, həmçinin Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı məqsədilə 2012-ci ildə Aşağı Ağcakənd qəsəbəsində xalça müəssisəsi yaradılıb. Azərbaycan Xalça Muzeyinin Şuşa filialının əməkdaşları tərəfindən Qarabağ məktəbinə məxsus "Çələbi", "Bəhmənli" və "Malıbəyli" çeşnili xalçalarının eskizləri hazırlanaraq xalça sexinə verilib.

 

Qarabağ xalçaçılıq məktəbi ənənələrini gənc nəslə aşılamaq üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 2 saylı peşə məktəbində xalçaçılıq qrupları fəaliyyət göstərir. Burada gənc qızlar Azərbaycan xalçaları barədə nəzəri biliklərə yiyələnir, emalatxanada təcrübə keçirlər.

 

İyirmi ildən çox köçkünlük həyatı yaşayan Ağdam Xalçaçılıq İstehsalat Vahidliyi isə bu müddət ərzində fəaliyyətini Bərdə şəhərində davam etdirib. Vahidliyin direktoru Ceyran Əliyeva bildirib ki, 1993-cü ildə Ağdamın işğalından sonra Ağdam Xalçaçılıq İstehsalat Birliyi və bütün filiallar fəaliyyətini dayandırıb. Rəhbərlik etdiyi kollektiv isə çətinliklərə baxmayaraq, Qarabağ xalçaçılıq məktəbi ənənəsini davam etdirir. Toxucuları əsasən məcburi köçkünlər olan vahidlikdə 2014-cü ildə 40 kvadratmetr - 34 xovlu xalça toxunub. Vahidliyin toxucuları əsasən "Malıbəyli", "Ağçiçək", "Şuşa", "Buta", "Namazlıq", "Pirəbədil", "Faxralı" və sair çeşnili xalçaların toxunmasına üstünlük verirlər. 

 

Ağdamın işğal edilməmiş ərazisində xalça istehsalı müəssisəsi yaradılacaq

 

Azərbaycan dekorativ tətbiqi sənətinin nadir incilərindən olan Qarabağ xalçaçılıq məktəbi ənənələrini davam etdirmək və qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu deyən Ceyran Əliyeva hazırda Ağdam rayonunun işğal edilməmiş ərazisində xalça istehsalı müəssisəsinin yaradılacağına əminliyini ifadə edib.

 

Ağdam rayon icra hakimiyyətindən verilən məlumata görə, rayonun Eyvazlı kəndi ərazisində sənaye məhəlləsinin inşa edilməsi məqsədilə torpaq sahəsi ayrılıb. Qarabağ xalçaçılıq məktəbi ənənələrinin davam etdirilməsi üçün sənaye məhəlləsində xalçaçılıq müəssisəsinin yaradılması da nəzərdə tutulub.

 

Köçkünlük kimi ağır bir taleyə qatlaşaraq Qarabağ xalçaçılıq sənətini yaşadanlar da, onların peşə məktəbində nəzəri biliklərə yiyələnərək təcrübə dərsləri ilə kifayətlənən davamçıları da bu layihənin gerçəkləşməsini səbirsizliklə gözləyirlər. Arzular isə daha böyükdür. İrəlidə işğal altında olan torpaqlarımızın azad edilməsi və Qarabağ xalçaçılarının doğma yurdlarında toxuyacaqları nəfis xalçaları ilə yenidən dünyanı heyran edəcəyi günlər dayanır.

 

Tahir AĞAMƏMMƏDOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

525-ci qəzet.- 2015.- 10 dekabr.- S.8.