Şair köynəyi və
ya bir parça gil
Şairin köynəyi olurmu? Olur! Şairin köynəyi sözdü! Şair onu "geyinəndə" köynək adama yaraşır, adam köynəyə! Şair qardaşım Sərvaz Hüseynoğlunun da belə bir köynəyi var: Şair köynəyi! İlhamı alıb, istedadı, qələmi alıb o köynəyi ona.
Yalnız özü geyinəndə hamının köynəyi olur elə bil... Anası da görüb, bəyənib o köynəyi. Uşaqlıqda Sərvazına tikdiyi, aldığı köynəklərə oxşadığına görə. Bu, şair köynəyidir ey, şair köynəyi! Suların da köynəyi belə olur, dağların da, daşların da, quşların da!.. Adamlara soyunub verə bilər şair o köynəyi. Amma istəsələr,quşlara da verə bilər, daşlara da...
Sürünür tinlərlə axşam kölgəsi,
Sürünür Dantesin çuxası kimi.
Günəş qurub edir, qızarır qanlı
Şair köynəyinin yaxası kimi.
Güllə nişan alıb, nizə neyləyib,
Geyib soynulmaqdan kam almayıbdı.
Şair köynəkləri macal eyləyib,
Bir qız əllərində yamanmayıbdı.
Hardan yamansın bu köynək? Güllədən deşik-deşik, piltə-piltədir. Belə götürəndə, dünyanın ən xatalı işi şair köynəyi geyməkdi. Şair köynəyi geymək- qəhrəmanlıqdır!
Şair köynəyidir hər yeni söz də,
Hər yeni nəğmə də şair köynəyi...
Hələ isinməmiş bir xoş nəfəslə,
Dinər yaxasında şair göynəyi.
lll
Aşıqlar sazın köynəyindən keçib böyük sənətkar olurlar. Şairlər sözün köynəyindən keçirlər və hökmən keçməyə məcburdurlar. Şair köynəyi geyənlər sadəcə olaraq, şeir yazmaq üçün geymirlər o köynəyi. Şair köynəyi geyənlər öz həyatlarında da, ölümlərində də yaşamaq üçün, var olmaq üçün geyirlər o köynəyi!
Onları da rahat qoymurlar, nağıl, dastan qəhrəmanları kimi. Çox vaxt bir meşəyə aparırlar, gözdən, könüldən uzaq bir yerdə qanına qəltan edirlər, öldürürlər, qanlı köynəklərini - özlərinin kim olduğunu bildirmədən - analarının üstünə göndərirlər. Lakin dünya xali deyil. Sən demə,durnaların köç vaxtıymış yenə. Sən demə, durnalar "görüb, tanıyıbmışlar" qatilləri. Qatillərin yerini heç kim bilməsə də, durnalar biliblər. Və ölənlərin qanlı köynəklərini durnalar tapıb onların analarına çatdırırlar. Baxanlar baxıb görürlər ki, bu, adi köynək deyil, qanlı şair köynəyiymiş... Şairin özüymüş, sözüymüş. Ən böyük əsəriymiş həyatının, ömrünün gününün əsas mənasıymış! O köynəyi hamı geymək istəyir. O köynəyi hamı geyəmmir!
lll
Məşhur bolqar görücüsü Vanqa öz əzizlərindən birinə belə bir rəvayət danışıbmış:
"Allah insanı gildən düzəldir və əlində bir parça gil artıq qalır. Allah insandan soruşur ki, ona daha nə yaratsın? İnsan cavab verir ki, ona xoşbəxtlik yaratsın, Allah fikirləşir, fikirləşir və bu gil parçasını insanın ovcuna qoyur".
Bu o deməkdir ki, istədiyin xoşbəxtlik ovcundadır, öz əlindədir, öz ovcunun içindədir insanın... Buyur, onu özün yarat! (Və istəsən yarada bilərsən.)
Bu maraqlı və ibrətamiz rəvayəti oxuya-oxuya düşünürəm: Niyə insan (yaxud xoşbəxtlik!) yaradıldığı bütün (bütöv!) gildə deyil, ovucundakı bir parça gildədir!
Şairlər də bəlkə elə bu suala cavab axtarırlar?!
lll
İnsan həyatı qəribəliklərlə doludur. O qəribəliklərdən biri də budur: İnsanın arzuları nə qədər böyük olursa olsun, imkanlarından balaca çıxır.
Şair Sərvaz Hüseynoğlu da ömür boyu "imkanımız arzumuzdan balaca olduğu bir vaxt kəsiyində" həmişə bəxtindən bircə şey arzulayıb: Xoşbəxtlik! Özü də təkcə özü üçün yox, hamı üçün! Ancaq o da bəxtinə üz tutub təəssüflə:
Onda ayıldım, qapımı
Haçansa döyüb keçmisən...
- deməyə məcbur olub.
Buna baxmayaraq, ruhdan düşməyib. Qulağı yenə də haçansa yenidən döyülə biəcək qapıda qalıb. Deyib ki, "o, bilirəm, gələcək, qapımı bir də döyəcək və mən onu "içəri" dəvət edəcəm və deyəcəm:
Yaxın otur, tanı məni, gör məni...
...Uman yerdən ağrıdım mən, küsdüm mən,
Qəm sarıdan Məcnundan da üstünəm.
Hardan soyuq-sazaq əssə üstünə,
O tərəfdən divarına hör məni!
Sərvaz doğrudan da məhz belə deyəcəkdi bu dəfə öz bəxtinə! Görəcəkdi ki, düz edibdi onu "içəri" çağırmaqda... Bəxtin özünə bəxt lazımmış. Bayırda soyuqdan tir-tir əsirmiş, üşüyürmüş. Bəxt də bəxtini gəzirmiş. O da xoşbəxtlik axtarırmış.
Sərvazın ovcundakı gil özünə bəs etməsə də,yarısını bölüb bəxtinə verəcəkdi ki, özünə gəlsin (özünə bir gün ağlasın.) Və bəxtinin üşüdüyü səmtdən, ona sazaq gəldiyi tərəfdən onun "divarına" hörülməyə razı olacaqdı...
Ağlına gəlməyəcəkdi ki, xoşbəxtlik deyilən şey elə budu da!
Zənn elə pərvanə yanıb kül olub,
Hələ şölələnir şam şam yerində!
lll
Xalq şairi Nəriman Həsənzadənin maraqlı fikirlərindən biri belədir:"Üç adamı tez aldadırlar - uşağı, qadını, şairi. Üçü də safdı". Şairi aldatmaq daha asandır. Çünki o, həm də uşaq kimidir. Həmişə onun qarşısında "bir Cıdır meydanı, bir boş səhra var". İndi o,atını Cıdır meydanına da çəkə bilər, boş səhraya da aldanıb, boş-boşuna çapa da bilər. Şair at belindədi. Bir parça gil hələ də ovcunun içindədi.
Allah, xoşbəxtlik hardadı? Cıdır meydanındamı? Boş Səhradadımı?! Yoxsa, elə şairin bərk-bərk sıxdığı ovcundadımı?! Hardan biləsən? Necə biləsən? Bir də ki... kim bilib ki, Sərvaz da bilsin! Şair atını çapır.
Hara? Xoşbəxtliyə doğrumu?
(Xoşbəxtlik ovcunun içində ola-ola!) Şair qan-tərə
batır. Harda?! Cıdır
meydanındamı? Boş, bomboş Səhrədamı?! Ovcundakı
xoşbəxtlik iksiri olan gil parçası heç olmasa tərini
silmək üçün dəsmalsa ola bilməzdimi?! Ax,
ömür-gün! Ax, həyat! Ax, İnsan! Ax, xoşbəxtlik!
Ax, insan ovcundakı bir parça gil!
lll
Sərvaz
Hüseynoğlu canı xəyallarının qanadlarında
olan bir şair ömrü yaşayır.
Bilir ki,
aşıq olan, şair olan usanmaz! Deyir ki:
Canım
xəyalımın qanadlarından,
Enməz,
torpaq olub çürüməyincə!
Belə
şeyləri, belə həqiqətləri və reallıqları bilməyinə
baxmayın Sərvazın. Yaman "unutqandı". Sərvaz
özünü unutmuş adamdı. Elə ovcumdakı gili də!
İndi baxsan onun (bu bəni-adəmin yox, insan
oğlunun!) ovcunda gilmi taparsan? Olsa-olsa onu da bir başqasına-kimsəsizin birinə
vermiş olar!
Ona
çox dedim, özünü yada sal. Məcburam indi öz
misralarını özü haqda deyim:
Get-gedə
özünə yad olanı var,
Mənim
şairlərə yazdığım gəlir.
Sərvazı
qınamıram! Atalar düz deyib:"Atıcı atar,
tayını tapar". Mən də elə unutqanın biriyəm.
Mən də elə özünü unudanın biriyəm.
Görünür, xoşbəxtlik deyilən şey
ovcumuzdakı bir parça gilə baxmadan, tale məsələsiymiş,
alın yazısıymış.
...1969-cu
ildə bacılarımdan biri 10-cu sinfi bitirmək ərəfəsində
Bakıya gəlmişdi. Mən onda tələbəydim. Onu
Bakının görməli yerləri ilə tanış etməyi
qərara aldım. AZİ-nin
yanında qəfəsdə bir bülbül gəzdirəni
gördük. Qəfəsdə bülbüllə
yanaşı bükülü, balaca kağızlar da
vardı. Sən demə, bülbül gəzdirən
görücüymüş, falçıymış.
Kağızların içində gələcəkdən xəbər
verən sözlər varmış. Puluna minnət. Sən də
al, bax, oxu, öz gələcəyindən
"halı ol". Bacım üçün
bülbülün dimdiyi ilə verdiyi kağızda belə
yazılmışdı ki, yaxınlarda sevinəcəksən,
dövlət kağızı alacaqsan. (Bu, düz
çıxdı. Bacım ali məktəbə imtahan verdi və
qəbul olundu, qəbul kağızı aldı) Vay mənim
halıma! Bülbül mənə
çıxartdığı kağızda nə
yazılmış olsa yaxşıydı? "Sən həmişə
öz xoşbəxtliyinlə üz-üzə gəlirsən
və ondan yan keçirsən".
(Sonra
zaman göstərdi ki, bu elə beləymiş!) Sərvazın
gələcək dostu başqa nə cür olmalıydı
ki?!
...Ona -
Özünü unutma - deməkdən mən yoruldum. O,
özünü unutmaqdan yorulmadı! "Özünü
unutma" dedikcə daha da o, unudur özünü, unudur hər
şeyi...
Hər şey deyəndə, nəyi deyirəm, bilirsinizmi? Təzə şeirlər yazmağı. Təzə kitablar çap etdirməyi. Başqaları kimi, istədiyi müvafiq təltifə, ada-sana layiq olduğunu da!
Ancaq ətini də kəssən, unutmadığı(və unudulmaz!) nəsnələri də ona unutdura bilməzsən! Məsələn, Yaxşılığı! İnsanlığı! Vətənpərvərlik hissini! Kövrəkliyi! Sevgini! İpək yumşaqlığını! Bir ayağı Arandadı (İmişlidə), bir ayağı "Dağda" (Bakıda) . İstədiyi vaxtda, istədiyi saatda Gəncədə, Qazaxda, Borçalıda da, Təbrizdə, Türkiyədə də görünə bilər. Əynində başqa paltar görə bilməzsən.
Şair köynəyindən başqa! Sərvaz Hüseynoğlu da o köynəyi mətə mindirən şairlərdəndir, az yazır, amma şair kimi yazır.
Ustadların qədir-qiymətini biləndi. Anardan da, İsa Muğannadan da, Söhrab Tahirdən də, Nəriman Həsənzadədən də, Elçindən də, Məmməd Arazdan da, Fikrət Qocadan da... öz əzizi, doğması (millətin əzizi, doğması kimi) yazıb, söhbət açıb. M.Araza, N.Həsənzadəyə poemalar həsr edib. Fədakardır mənim dostum! Təkcə şair köynəyi geydiyinə görə yox, həm də ədəbiyyatımız üçün uzun illərdir sərf etdiyi böyük əməyinə görə!
İşlədiyi "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri kimi qan-tər tökənlərdən biri olduğuna görə. Yazıçıların Aran Bölməsindəki rəhbərliyinə, ziyalılığına görə! Həm gözəl redaktor, şair, həm də gözəl ata olduğuna görə!
Ac qalar, təki şair köynəyində olsun! Ölər - (Allah eləməsin!) şair köynəyi yaşasın, deyə!
Xoşbəxtliyi axtarmaz, ovcunda öz "Gil payı" olmasına baxmayaraq. Heç gözünün quyruğu ilə də dönüb baxmaz bircə dəfə, ovcuna bu adam. Qələminə göz olar, Sözünə baxar, şair köynəyinə baxar gözləri! İstər ki, həmişə nəyi olmasa da şair köynəyi olsun! Bir də qana bələnməsin, qanı qana qərq etsin o köynək!...
Onda... onda bəşər, axır ki, xoşbəxt olar. Onda hər insanın ovcundakı gil ömründə ilk dəfə gülümsəyər!?
lll
Vaqif Bəhmənlinin 60 yaşına həsr olunmuş yubiley tədbirinə televiziyada baxdıqdan sonra zəng edib onu təbrik etdim. Bir çox sevinc dolu fikirlər qarşılıqlı olaraq, telefon söhbətimizdə yer alsa da, şairin bir nagahani fikri məni bərk silkələdi:
- Sizinlə genişlənirik!
Telefon söhbəti başa çatdı. Ancaq gördüm ki, ürəyimdə deyilməmiş bir söz qalıbmış. Gərək mən də ona deyəymişəm:
- Sizinlə böyüyürük!
Sərvaz Hüseynoğlunun özü və sözü haqqında düşünəndə hər iki fikir yenidən yadıma düşdü. Gördüm ki, Sərvaz Hüseynoğluya da çox yaraşır həmin sözlər:
- Sizinlə genişlənirik. Sizinlə böyüyürük.
lll
Altay mifologiyasına görə, insan müdriklik kitabı "Hom"un gücüylə yaradılıb, yəni, əslində insan kitabdan xəlq olunub!
Bəlkə insanlar (şairlər, yazıçılar, alimlər, ziyalılar) ona görə kitab yazmağa başlayırlarmış ki, ilk yaradılışlarına qayıtsınlar, xəlq olunduqları ilkinliyə (kitaba!) oxşasınlar?!
Yəqin ki, şair Sərvaz Hüseynoğlu da öz kitablarını bu məqsədlə araya-ərsəyə gətirir...
lll
"Tanı məni, gör məni" deyən şairi indi tanıdınızmı? Məlikməmməd kimi Zümrüd quşunun qanadlarında uçmaqdan, lap yeri gəlsə, Zümrüd quşunun özü olub, lələk salmaqdan, lələk paylamaqdan gözəl nə ola bilər ki?! Məlikməmməd olurmuş şair köynəyi geyinən, Zümrüd quşu da! Zümrüd quşu da şairmiş! Şair köynəyi geyibmiş! Şair köynəyi geyibmiş Məlikməmməd də! Yoxsa, Divlərlə vuruşa bilməzdi. Qaranlıqdan işığa çıxa bilməzdi! Yaşa, şair köynəyi! Şair könüllüləri, şairləri sən yaşadırsan! Şairliyin nə olduğunu bizlərə dönə-dönə xatırladırsan!
Sonda nə deyərdim? Ötəri də olsa, yenə bir şair "köynəyi"nə nəzər saldıq.
Ona dedik
ki, soyunma bu köynəyi!
Bu
köynək sənə daha yaxşı yaraşır.
Ona bir
daha xatırlatdıq ki, şair olduğunu heç vaxt unutma
(özünə də, oxuculara da yazığın gəlsin).
Ona bir də
onu dedik ki:
Əfəndim,
gözəl bir gün
yaşadıq,
"İçdik"
və xatırladıq.
Uzaqlara
dikildiyindən
üzləşmədi
baxışlarımız...
... Deyilənləri qələmə aldı:
Barat
VÜSAL
525-ci qəzet.-
2015.- 10 dekabr.- S.7.