Minskdə Bəxtiyar Vahabzadə xatirəsi yad edilib

 

 

Belarusun paytaxtı Minskdə Azərbaycanın Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə Azərbaycanın Belarus Respublikasındakı səfirliyinin, Belarusun "Azərbaycan icmaları konqresi" beynəlxalq ictimai birliyinin və bu qurumun gənclər bölməsinin nümayəndələri, ali məktəblərin tələbələri və başqaları iştirak ediblər.

 

Tədbirin əvvəlində Belarus Dövlət İqtisad Universitetinin tələbəsi Olqa Yaroçkina "Sarı gəlin" Azərbaycan xalq mahnısının sədaları altında rəqs edib.

 

Sonra "Azərbaycan icmaları konqresi" beynəlxalq ictimai birliyinin sədri Natiq Bağırov çıxış edib. O qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfələr vermiş görkəmli şəxsiyyətlərdən biridir.

 

Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Salatın Mirzəyeva vurğulayıb ki, Bəxtiyar Vahabzadə bizdə Azərbaycan dilinə, doğma torpağa məhəbbət hissi tərbiyə edib. O, əsl vətənpərvər idi və doğma diyarı Şəkini çox sevirdi.

 

Gecənin aparıcıları - Belarus Dövlət Universitetinin tələbəsi Ramil Hüseynov və Belarus Dövlət İqtisad Universitetinin tələbəsi Polina Poteyenok da şairin həyatından maraqlı faktlar əsasında qonaqları Azərbaycan poetik fikrinin bu əfsanəvi nümayəndəsinin yaradıcılığı ilə tanış ediblər. Azərbaycanlı və belaruslu tələbələr görkəmli şairin şeirlərini Azərbaycan və rus dillərində oxuyublar. Minsk şəhərinin müxtəlif ali məktəblərinin tələbələri: Aytən Mursaqulova (Belarus Milli Texniki Universiteti), Dilşad Ağayeva (Belarus Dövlət Universiteti), Həmid Yusifov və Elvin Əkbərov (Belarus Dövlət Tibb Universiteti), Polina Poteyenok (Belarus Dövlət İqtisad Universiteti) xatirə gecəsində çıxış ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 10 dekabr.- S.7.