Xalq şairi Zəlimxan Yaqub Göyçədə

 

YAXUD İLK KİTABIN VƏ BİR ŞƏKLİN TARİXÇƏSİ

 

 

Qızıl payızın birinci ayı sona yaxınlaşırdı. "Yarpaq tökümü" özünü yeni-yeni göstərirdi. İlin "qüruba doğru" yön aldığı belə bir zamanda havada bu yerlərin təbiəti üçün çox da xarakterik olmayan qeyri-adi mülyimlik hökm sürürdü.

 

"Bar-bəhər" fəsli "yaydan qalma günlərin" hesabına mövsümün ömrünü "uzatmağa" çalışır, əmək adamlarına qarlı-boranlı sərt qışa hazırlaşmağa sanki əlavə "möhlət" verirdi.

 

Belə təzadlı bir gündə neçə "yoldaş olub yola düzəldik". Səfərimiz Dədə Ələsgər yurduna, sazın, sözün vətəni Göyçə mahalına idi. İctimaiyyət nümayəndələrinin iştirakı ilə, o illərin təbirincə desək, rayon partiya və icraiyyə komitələrinin mətbu orqanı "Vardenis" ("Bolluq uğrunda") qəzetinin 50 illik yubileyi qeyd olunacaqdı.

 

Yığıncağa partiya, təssərüfat fəalları, ziyalılar, pedaqoji kollektivlərin nümayəndələri, mətbuat işçiləri, oxucular, qonaqlar toplaşmışdılar. Gənc şair Zəlimxan Yaqub da onların arasında idi. Ölkənin qanunverici orqanının - Ali Sovetin Rəyasət Heyəti sədrinin müavini başda olmaqla, dövlət nümayəndələri də tədbirə qatılmışdılar. Dəstənin başçısı çıxış edərək yubilyar qəzeti, onun yaradıcı kollektivini, oxucuları hökumət adından salamladı, sonda mükafatı - Fəxri fərmanı jurnalistlərə təqdim etdi.

 

"Vardenis"in redaktoru, uzun illərdən bəri qəzetə rəhbərlik etmiş cəfakeş redaktor Yunis Abdullayev mətbu orqanın keçdiyi yarıməsrlik şanlı yol barədə geniş məruzə etdi. Ayrı-ayrı kollektivləri təmsil edən fəallar, oxucular ürək sözlərini dedilər, arzu və təkliflərini bildirdilər.

 

"Sovet Ermənistanı" respublika qəzetinin məsul katibi kimi bu sətirlərin müəllifi də yubilyar qəzeti, onun əməkdaşlarını, oxucuları ürəkdən  təbrik etdi, çətin və məsuliyyətli işlərində həmkarlarına yeni-yeni yaradıcılıq uğurları arzuladı. Bildirdi ki, Göyçə mahalı, onun döyünən ürəyi Basarkeçər torpağı Ermənistanda azərbaycanlıların toplum yaşadığı ən böyük rayondur. Qəzetimizin bütün tarixi ərzində bu zonadan həmişə onun xüsusi müxbiri olmuşdur. Rayon qəzeti əməkdaşlarının hər birinin şəxsində isə hadisələrə operativ münasibət bəsləyən müxbirlər ordusu fəaliyyət göstərmişdir. Onların da yaxından iştirakı ilə respublika qəzeti etibar olunmuş vəzifəni layiqincə doğruldur. Belə bir əlamətdar gündə yubilyar qəzetin kollektivini, oxucuları salamlamaq, həmkarlarımıza yeni-yeni uğurlar duləmək hamımızın ürəyindən olardı.

 

lll

 

Tədbirə çay süfrəsi ətrafında yekun vuruldu. İlin bu vaxtında Göyçə səfərinə çıxan şair Zəlimxan Yaqubla yaxından tanış olmaq, hal-əhval tutmaq imkanımız oldu. O, təəssüratlarını danışdı, bildirdi ki, burada olacağı qısa müddətdə Aşıq Ələsgər yurdunu, Aşıq Alının məzarını ziyarət edəcək, əmək kollektivləri, ziyalılarla görüşəcək, ulu yurdun tarixinə dair məlumatlar toplayacaqdır...

 

Bu görüşdən xatirə kimi birgə şəkil çəkdirdik. Şair hələ mətbəə boyası yetərincə qurumamış ilk nübar kitabını (cəmi 64 səhifədir) - "Könlümün səsi"ni bizə ərməğan etdi, qısa bir avtoqraf da yazıb imza, tarix qoydu: Z. Yaqub, 1980.

 

Bu ötəri "detalların" özü də, onun yada salınması da səbəbsiz deyil. Əksinə, "təfərrüat" sonrakı bəzi məqamlara "işıq tutacaq". Elə bu epizodların yada salınması, qələmə alnınması da əslində imza və tarixlə bağlıdır. Bu mənada, yazımızın ərsəyə gəlməsi də yada düşən "detallarla" bağlıdır. Onlar olmasa idi, bu yazını da çox güman ki, qələmə almazdıq. Halbuki aradan nə az-nə çox, düz 35 il keçir.

 

lll

 

Ən əvvəl deyildiyi kimi, cəmi 64 səhifəlik "kövrək" hədiyyə-kitab, onun çap "fəsadları" haqqında. Bu və ya digər nəşriyyat işçisi, adi oxucu kitabı ələ götürən kimi qeyri-adi təlaş hissi keçirəcək, oradakı "çatışmazlıqları" dərhal duyacaqdır. Bunlara diqqəti cəlb etməklə bilirik ki, qüsurlar texniki xətadır və aradan qaldırılandır. Yəqin ki, növəti oxunuşda naşirlər, redaksiya onları ləğv etmişlər. Bəlkə qalanları da olub...

 

Lakin bu qüsurların heç biri müəllifin istedadına, "təqdimat" və təsvir bacarığına, onun poetik təbinə, məzmun və mənaya, bütövlükdə sənətkarlıq məsələlərinə əsla kölgə sala bilməzdi. Biz isə tələm-tələsik müəllifə verilən "siqnal nömrəsindəki" çatışmazlıqları göstərməyi lazım bildik.

 

lll

 

"Könlümün səsi"ndə titul vərəqi "buraxılıb, tərtib edən, redaktor, korrektor, çap ünvanı (şəhər-rayon), naşir, çap ili yoxdur, tiraj, qiymət müəyyən deyil. Adi kitablara xas olan ştrixlər, vacib məqamlar "diqqətdən yayınıb".

 

"Diqqətdən yayınmayan" təkcə müəllifi  kitabın adıdır. Bu görkəmdə də indi o, əlimizdədir.

 

Görünür, səfər xəbəri qəfil ortaya çıxdığından, şair "siqnal nüsxələr"i götürərək heybəsinə qoyub yola çıxmışdı...

 

Bəzilərinə qəribə gəlsə də, çap işi ilə bağlı "texniki qüsurlu", ancaq şairin avtoqrafı ilə "rəsmiləşdirilmiş" "kövrək hədiyyəni" kitab rəfimdə qiymətli suvenir kimi ən gözəlçarpan yerdə, böyük-böyük müəlliflərin say-seçmə cildləri ilə bir sırada əzizləyə-əzizləyə qoruyub saxlayıram. Bu, Zəlimxan Yaqub poeziyasına, Zəlimxan Yaqub istedadına, Zəlimxan Yaqub şəxsiyyətinə olan dərin hörmət və ehtiramın ifadəsidir. O ki qaldı kitabın "siqnal nüsxə"sinin ümumi dəyərinə, şeiriyyətin ölçü-biçisinə, burada oxucu üçün lazım olan bütün məqam və məziyyətlər, hər növ incəliklər əksini əyani şəkildə tapmışdır, özü də bol-bol!

 

lll

 

Cəsarətlə demək olar ki, kitabda toplanmış 70-ə yaxın poeziya nümunəsinin hər biri adi şeir həvəskarının qələmindən çıxan zəif, "yarım-yaylaq" poetik parçalar deyil, daha çox kamil sənətkar qələmindən süzülüb gələn bədii lövhələr, poetik ümumiləşdirmələrdir. Şeirlərin məzmunu aydın, mənası dərin, əhatə dairəsi, "coğrafiyası" geniş, məntiqi sərrast və hədəfi vurandır. Zəlimxan Yaqub bu kövrək "siqnal nüsxə"də sanki Azərbaycanı səhayətə çıxmış, onun varını, dövlətini, min bir nemət yetirən barlı-bərəkətli torpağını poeziyanın dili ilə dolğun vəsf etmiş, əmək adamlarını, sayılıb-seçilən ziyalılarını, xalq sənətkarlarını, millətin adını uca tutan alimlərini ürək dolusu tərənnümə qalxmışdır.

 

Şair bu şeirlərin hər birini özünəməxsus ustalıqla ümumiləşdirir, dərin fəlsəfi nəticələr çıxarır, oxucuda xoş ovqat oyadır, vətəni, xalqı üçün iftixar hissi aşılayır. O, nədən, kimdən yazırsa-yazsın, hər an öz "mənini" unutmur, onu ön sıraya çəkir, hadisələrin iştirakçısına, hökm edən, "qərar verən" bir varlığa çevirir. Zəlimxan şeirinin şirinliyini, qəlbəyaxınlığını, sevilib-seçilməyini şərtləndirən amillərdən biri də budur. Yaxşı haldır ki, "hədiyyə-kitabda" bu mizan-tərəzi əksər nümunələrdə, əksər şeirlərdə öz əksini geniş tapmışdır.

 

Bu ilk kitab Zəlimxan poeziyasının pərəstişkarlarına, eləcə də nəzm bahadırlarına nə deyir? Sanki deyir (bu, oxucunun qənaətidir), xəbərdar edir ki, arxadan şeiri, sənəti, poeziyanı həyatının qayəsinə çevirən varı-dövləti, canı-ciyəri hesab edən, ömrünü bu yolda əsirgəməyən Zəlimxan Yaqub adlı bir şair, böyük istedad sahibi gəlir. Zamanın yeni poeziya Bayraqdarı onun biliyi, zəkası, hünəri ilə yaranacaqdır! Yarandı da! O ilk kitabdan onilliklər sonra şair özünün 13 cilddən ibarət əsərləri külliyatını xalqına, millətinə ərməğan etdi!

 

lll

 

Narahat edib soruşmadıq, bəlkə şairin özündə də "siqnal nömrədən", mətbəənin "dəst-xətti" ilə ortaya qoyulan nüsxələrdən qalanı var? Yəqin ki, Zəlimxan müəllim tozunu alıb nazını çəkdiyi o kövrək kitabı sanballı külliyyatı sırasında ön cərgədə yerləşdirib, arabir ona "təzim də edir", minnətdarlıq bildirir ki, sən bu böyük cildlərin atası-babası, sələfi, cığıraçanısan! Ayağın sayaqədəm imiş! Yəqin ki, "siqnal-kitabı" görənlərin, mütaliə edənlərin də hər biri bu fikrə şərik çıxardı.

 

lll

 

Mətləbdən qismən uzaqlaşsaq da, daha bir fikri bura əlavə edərdik. Zəlimxan Yaqub usta şair, nadir poeziya xiridarı olduğu kimi, həm də fenomenal yaddaş sahibidir. Deyilənə görə, külliyatını əzbərdən ortaya qoymağı bacaran qeyri-adi hafizəsi var. Hələ onu demirik ki, Zəlimxan Yaqub onlarla digər müəllifin qiymətli söz incilərini də yaddaşında möhkəm saxlayır. Ədəbiyyat tariximizdə görənlərin, eşidənlərin söhbətinə əsasən, bu xüsusiyyət nakam şairimiz Mikayıl Müşfiqdə də olub. O, türk şairi Əbdülhəq Hamid Tarhanın (1852-1937) on min misradan ibarət "Məqbər" poemasını əzbərdən deyib, mərhum akademik Heydər Hüseynov hələ tələbəlik vaxtı ümumi bir qalın dəftərə köçürmüşdür... (BDU-nun kafedra müdiri, professor, filosof, mərhum Fuad Qasımzadənin söhbətindən).

 

lll

 

Şairin "Mən" şeirinə bu yaxınlarda mətbuatda rast gəldim. Yığcamdır, müfəssəldir, sənətkarın özünün yerini, yurdunu, ünvanını dəqiq nişan verir, onu axtaranlara deyir ki, haradadır, necə bir ülvi gözəlliyin nurundadır, insafın, zərgər dəqiqliyini sevənlərin yanındadır, təmizliyin, müqəddəsliyin topasındadır:

 

Məni gəzsən, gözəlliyin içində gəz,

Ən təmizdə, ən halalda, ən safdayam.

Paylanmışam könüllərə işıq kimi,

Vicdandayam, inamdayam, insafdayam!

 

Son bənddə onu axtaranları sıldırım, uca dağlara səsləyir: Məni Ağrıda, Qoşqarda, Qafda axtarın, - deyir. Burada da şairin "Mən"i ünvanın axtarılıb tapılmasında "bələdçi" rolunu oynayır.

 

Xatırladaq ki, bu yazı əsasən Zəlimxan Yaqubun ilk qələm təcrübəsinin toplandığı "Könlümün səsi" siqnal-kitabı ətrafında cərəyan edən motivlərə söykənən mülahizələrdir. İstər-istəməz xəyal adamı müasir Zəlimxan dünyasına aparır, ürəyindən Zəlimxan sənətinə, Zəlimxan poeziyasına min bir alqış diləmək, ona cansağlığı arzulamaq keçir və ucadan deyirsən: Eşq olsun Zəlimxan istedadına, eşq olsun Zəlimxan Yaqub ucalığına! Yaşa, yarat, böyük şair, buna sənin haqqın var!

 

Adi bir təsadüfdən qaynaqlanaraq xoş təəssürata çevrilən "35 yaşlı xatirə" burada sona çatır, tamamlanır.

 

lll

 

Unutmayaq, keçək şəklin - indi xatirəyə çevrilmiş fotonun izahına. Soldan: onda "Vardenis"in, indi "Respublika" qəzetinin şöbə müdiri Qədir Aslan, "Sovet Ermənistanı" qəzetinin Göyçə zonası üzrə keçmiş xüsusi müxbiri, sonradan rayonda kolxoz sədri işləyən Qurban Əzizov, uca boylu, şux qamətli, qartal baxışlı gənc - şair Zəlimxan Yaqub, el ağsaqqalı, Şişqaya kənd kolxozunun sədri Mikayıl Bayramov, mən - Əsgər Əsgərov, "Yenilik" Kəlbəcər rayon qəzetinin redaktoru, dastançı Əli Qurbanov və "Vardenis"in məsul katibi İbrahim Qaraşov.

 

Əsgər ƏSGƏROV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

11 noyabr 2015-ci il

525-ci qəzet.- 2015.- 10 dekabr.- S.6