Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

 

Texnika, internet əsrində yaşamağımızın, qloballaşmanın faydalı tərəfləri danılmazdır. Amma əgər bütün informasiyanın, kitabların, bədii və elmi ədəbiyyatın elektronlaşması, insanlar arasında virtual ünsiyyətin üstünlüyü ələ alması bu dünyanın adamının özünün robotlaşmasına, dilinin "virtuallaşmasına" gətirib çıxarırsa, çağdaş zamanın övladı gülüşünü də, emosiyasını da işarələyirsə, bütöv əsəri yox, onun sadəcə annotasiyasını oxumaqla kifayətlənirsə, həyəcan təbili çalmaq zamanıdır.

 

İnsanın təbiətdən uzaq düşməsi, evindən çıxmadan kiçik bir monitor qarşısında  dünyanın  gözəlliklərini virtual izləyə, görə bilməsi, olduğu məkana da videokamera ekranından baxması ciddi problemdir. Çünki hansısa genetik  kodlar, ruh təbiəti tələb edir. Zamanla musiqi, ədəbiyyat, sənətin müxtəlif növləri mənəvi qidaya çevrilibsə də, məhz ibtidai, yonulmamış, insan "redaktəsinə" məruz qalmamış "qidalara" da ehtiyac qalır. Sadəcə dinamik, sürətli dövrdə yaşayan adam bunun fərqində deyil. Amma nəticə - fəsadlar göz önündədir; doğma adamların yadlaşması, insanın cəmiyyətlə yabancılaşması, dəyərlərin itməsi, bağların qırılması, nəsillərarası dialoqun yoxa çıxması. Onda bir anlıq düşünürsən ki, robotlaşan zaman hansı gələcəyi vəd edir bizə? Rahat, dünyanı ovcunda duya biləcəyin şərait, amma hissiz, duyğusuz həyat, küt, korazehin cəmiyyət?! Bəs çıxış yolu nədir? İnsan münasibətlərinin "böyük  buzlaşma  dövrünü" necə qabaqlamaq olar?  Görünür lap əvvəldən başlamaq lazımdı: uşaqlardan. Yeni gələn nəsildə müasir dövr "virus"larına qarşı immunitet yaradılmalıdır.

 

Bu məsələdə təkcə ailə tərbiyəsi deyil, sənət tərbiyəsinin, təhsilin də əhəmiyyəti böyükdür. Uşaqların mənəvi inkişafında folklorun, ədəbiyyatın müstəsna yeri var. Yüzillərdən gələn ənənələrimiz - körpələrə layla deyilməsi, oxşamaların, əzizləmələrin söylənilməsi, nağılların oxunması boşuna deyil. Bütün bunlar balacaların zehni və mənəvi inkişafı üçün son dərəcə mühüm məsələlərdir. Və artıq XX əsrin əvvəllərindən folklor nümunələrinin toplanması, nəşri valideynlər üçün uşaqların tərbiyəsində daha bir üstünlük oldu. Yəni ötən əsrin əvvəllərindən bu materialları küll halında oxumaq, seçim etmək imkanı yarandı. İnternet, saytlar, elektron kitabların inkişafıyla isə bu məsələlər ümumiyyətlə sadələşdi.

 

Bir sözlə, indiki zamanda hər hansı kitabı, materialı əldə etmək problemi də yoxdur. Amma di gəl ki, bu adətlərimiz, yazılmamış ailə qanunlarımız getdikcə sıradan çıxmaqdadı. Bu gün uşağına layla deyən, onu oxşamalarla əzizləyən, nağıllar oxuyan azsayda gənc ana olar. Ancaq uşaqları mənəvi cəhətdən sağlam, köklərimizə bağlı böyütmək, millətimiz üçün üstünlük, fərqlilik sayıla biləcək - böyüyə hörmət, kiçiklərə mərhəmət, dostluğa sadiqlik, vəfa, etibar kimi cəhətlərimizi qoruyub saxlamaq istəyiriksə, folklora, ədəbiyyata söykənən hərtərəfli, sistemli tərbiyə vacibdir. Əlbəttə bu günün uşağını, kompyuter arxasında oturub hansısa oyunda virtual "biznes"  quran, "müharibələr" edən adamı uzun-uzadı nağılla, yaxud əfsanəylə maraqlandırmaq çətindi, bəlkə də mümkünsüzdü. Ancaq görünür, diqqət çəkmək üçün çağdaş zamana uyğun metodlara, hansısa müasir üsullara, yeni təqdimat vasitələrinə ehtiyac var. Bu gün dünyada da, Azərbaycanda da klassik musiqini sevdirməyin üsulu tapılıb, müasir melodiyalarla sintez etməklə daha ciddi, böyük əsərlər təbliğ olunur. Çox güman ki, uşaqların və gənclərin mənəvi inkişafında ədəbiyyatın, xalq yaradıcılığının da yer tutmasından, kənarda qalmamasından ötrü belə vasitələr düşünülməlidir. Folklordan qaynaqlanan mövzular yazılı ədəbiyyata gətirilməli, müasir uşağın qavrama tərzinə, yanaşmasına uyğunlaşdırılmalıdır. Kobud desək, hansısa kiçik reklam elementlərindən istifadə də vacibdir. Amma təəssüflər olsun ki, son illərdə bu sahədə də durğunluq müşahidə edilir.

 

Ötən il uşaq ədəbiyyatı, uşaq televiziya və radio verilişləri, kino və cizgi filmləri ilə bağlı kiçik bir araşdırma aparıb gördüm ki, əslində bu sahədə boşluq son vaxtlarda yaranıb. Tarixən, folklorumuzdan başlayaraq lap son dövrlərə kimi uşaqlar üçün, onların sağlam ruhda tərbiyəsi, milli köklərimizə bağlı böyüməsi üçün əsərlər yazılıb, filmlər çəkilib, tamaşalar qoyulub. Professional uşaq ədəbiyyatının yaranması əsasən XX əsrin əvvəllərindən başlanır. Abdulla Şaiqin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin yazdıqları uşaq şeirləri, Süleyman Sani Axundovun, Mirzə Cəlil Məmmədquluzadənin, Əbdürəhim bəy Haqverdiyevin və başqa ünlü yazıçılarımızın balacalar üçün hekayələrini bu sahənin təməli hesab etmək olar. Eyni zamanda dünya uşaq ədəbiyyatı nümunələrinin C.Sviftin, M.Tvenin, J.Vernin, Ç.Dikkensin əsərlərinin hələ sovet dövründə dilimizə çevrilməsini uğurlu addımlardan    saymaq olar. Ötən əsrin 70-80-ci illərində Azərbaycan radiosunda uşaq verilişləri xüsusi, ayrıca layihə olub. Uşaqlar üçün radio-tamaşalar hazırlanıb, nağıllar oxunub, radio-oyunlar keçirilib.  "Sehirli xalat", "Bir qalanın sirri", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Qaraca qız" kimi uşaq filmlərini bu gün də böyük maraqla izləyirik. Hələ 1958-ci ildə uşaqlar üçün dərgi - "Göyərçin" çap olunmağa başlayıb. Cırtdan, Təpəgöz, Tıq-tıq xanım kimi cizgi filmləri personajlarının sözləri, ifadələri o dövr uşaqlarının zərb-məsəllərinə çevrilib, leksikonlarına keçib. Elə isə bütün bu nikbin tarix, ənənə varsa, bəs sonra nə olub, nə baş verib?! Əslində elə bir ciddi geriləmə də müşahidə olunmur bəlkə... Yeni uşaq ədəbiyyatı nümunələri indi də yazılır, məsələn, Rafiq Yusifoğlu, Zahid Xəlil uşaqlar üçün şeirlər, kiçik hekayələr yazırlar, "Göyərçin" jurnalı bu gün də elə Rafiq Yusifoğlunun baş redaktorluğu ilə çap olunur, cizgi filmləri də az-çox çəkilir, televiziya verilişləri hazırlanır, Azərbaycan radiosunda da uşaqlar üçün əyləncəli verilişlər var, Oqtay Zülfüqarovun mahnıları televiziyada, radioda indi də səsləndirilir.  Bəs onda şikayətimiz nədəndir, hər kəsi narahat edən nədir? İlk növbədə peşəkarlıq səviyyəsi, ikinci çağdaş zamanın tələblərinə uyğun olmayan məqamlar.  Etiraf edim ki, yutubda uşaqlar üçün audio-nağılları dinləyəndə xeyli təəccübləndim. Əlbəttə nağılların varlığına yox, onların necə peşəkarlıqla təqdim olunmasına. Nəcibə Məlikova, Səməndər  Rzayev, Leyla Bədirbəyli, Hüseynağa Sadıqov, Məhluqə Sadıqova, Amaliya Pənahova kimi böyük sənətkarların bu nağılları, uşaq hekayələrini necə həvəslə, ruhla, yüksək səviyyədə oxumasını  dinlədikcə düşündüm ki, görünür, bu gün peşəkar, populyar aktyorların bu sahəyə fikir verməməsi də ciddi problemlərdən biridir...

 

Dəfələrlə bu məsələlər qaldırılsa da, problemlər qabardılsa da, teatrlar, ayrı-ayrı təşkilatlar, qurumlar həll yolunda kiçik, ya böyük addımlar atsalar da, nəticə tam arzuolunan deyil.  Çünki bu istiqamətdə sistemli, ardıcıl, kompleks işlər görülməlidir.

 

"Sağlam bədəndə sağlam ruh olar" ifadəsinin yaşı, müəllifi bilinmir. Amma zamanla, yaşadıqca bu deyimin dəqiqliyini başa düşürük. Yazımın əvvəlində insanın təbiətdən uzaq düşməsi, özünə, evinə, hücrəsinə qapanmasını vurğuladım. Məhz bu mövzunu düşündüyüm günlərdə yaşadığım, ötüb keçdiyim məhəllələrə fikir verəndə başa düşdüm ki, bir zamanlar dəb olan küçə oyunları; məhəllə futbolu, çilingağac, gizlənqaç, ortadaqaldı, qaçdı-tutdu, səndə-məndə və s. kimi sadəlövh uşaq əyləncələri də sıradan çıxmaqdadır. Əgər on il qabaq gündüz vaxtı həyətlərdən uşaq səsləri eşidilirdisə, yenə də folklorumuzdan, adətlərimizdən gələn meydan oyunları, onların bir az da qəribə qaydaları balacaların dilindən düşmürdüsə, bu gün dərsdən evə gələn uşaq, yeniyetmə  yenə də kompyuter, pult arxasına tələsir. Bu oyunları virtual aləmdə oynayır. Və bütün bunlar onların fiziki cəhətdən də passivliyə gətirib çıxarır. Bəlkə də ilk baxışdan sadaladığım məsələlər əlaqəsiz, sadə görünə bilər. Ancaq mənə görə bunlar hamısı bir-birindən asılı olan, bir-birini hərəkətə gətirən məsələlərdir. Yəni insanı daxildən hərəkətə gətirən elm, sənət, ədəbiyyat, incəsənətdirsə, zəhmətkeşliyi, əzmkarlığı, dözümlülüyü və gücü aşılayan idmandı, fiziki işlərdir. Və bu daxili və zahiri "hərəkət"lər üst-üstə düşəndə nəticə gözəl olur.

 

Uşaqlardan, yeniyetmələrdən, gənclərdən gələcəyimiz asılıdır. Bu gün cəmiyyətimizin mənəvi sütunlarını təşkil edən ziyalılarımız var. Amma həyat davam edir, zaman amansızdı, tarixin sürəti bizim yaşam sürətimizlə üst-üstə düşmür. Bu günki gəncliyimiz gələcəyin qarantı kimi, layiqli davamçılar olaraq yetişdirilməlidir. Bu gün uşaqların və gənclərin fiziki və mənəvi inkişafı üçün dövlət səviyyəsində bir çox işlər görülür, yeni layihələr hazılanır, həyata keçirilir. İdmanın inkişafı yolunda görülən işlər - bölgələrdə və paytaxtın bütün rayonlarında idman zallarının, olimpiya komplekslərinin tikilməsi, istifadəsi, idmançıların uğurlarının dövlət səviyyəsində dəyərləndirilməsi, dünya səviyyəli yarışların ölkəmizdə keçirilməsi və s. bütün bunlar çağdaş nəsil üçün stimuldur. Eyni zamanda mədəniyyətə, incəsənətə də dövlət qayğısı, istedadlı gənclərə mükafatların, təqaüdlərin verilməsi, müxtəlif növ müsabiqələrin keçirilməsi və s. də öz yerində. Amma görünür, bütün bu işlərin effekt verməsi, necə deyərlər "ünvanına çatması" üçün səfərbər olmağımız lazımdı. Bu mənada ailə-məktəb, valideyn-müəllim birgə işi son dərəcə mühümdür. Və əslində söhbət uşaqlardan, onların inkişafından, gələcəyindən gedirsə, heç kəs kənardan baxa bilməz. Yoxsa nağılların xoşbəxt sonluğundakı "üç alma"nı gözləməyimiz çox çəkəcək!     

 

Pərvin NURƏLİYEVA

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

525-ci qəzet.- 2015.- 10 dekabr.- S.4.