Tofiq Bakıxanovun 85 illiyi ilə bağlı konsert keçirilib

 

Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində kamera konserti təşkil olunub.

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığından söz açıb:

 

"Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında bəstəkarın əvəzsiz xidmətləri var. 1930-cu ildə Xalq artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan dünya klassik musiqi ənənələrini mənimsəyib. İstər gəncliyində, istərsə ömrünün ixtiyar çağlarında musiqimizi dünyanın bir çox ölkələrində təbliğ edib.

 

Hələ erkən gənclik illərində skripka ifaçısı kimi tanınan böyük sənətkar yorulmadan bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib".

 

Sonra tədbir konsert proqramı ilə davam edib.

 

Konsertdə bəstəkarın "Dünya durduqca yaşa", "Türk sonatası", "Uca dağ başında" digər musiqi əsərləri səsləndirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 11 dekabr.- S.7