Budapeştdə "Atəşkəs"
sənədli filminə ictimai
baxış olub
Azərbaycanın Macarıstandakı səfirliyinin
və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi və Macarıstan Turan Fondunun təşkilatçılığı ilə macar və Azərbaycan kinematoqrafçılarının çəkdiyi Dağlıq
Qarabağdakı erməni
işğalından, bu
ərazilərdə həyata
keçirilən etnik
təmizləmə siyasətindən,
habelə ötən əsrin ən böyük cinayətlərindən
biri olan Xocalı soyqırımından
bəhs edən "Atəşkəs" sənədli
filminə ictimai baxış keçirilib.
Film Budapeştin böyük və qədim mədəniyyət ocaqlarından biri olan "Uraniya" kino-teatrında nümayiş etdirilib.
Əvvəlcə tanınmış macar ictimai-siyasi xadimi, keçmiş səfir, hazırda Macarıstan parlamenti sədrinin baş məsləhətçisi Andraş Kellemen, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, filmin rejissoru İştvan Ban və Macarıstan Turan Fondunun prezidenti Andraş Biro çıxış ediblər. Onlar filmin mərkəzində dayanan faciəli hadisələr - Dağlıq Qarabağın işğalı və onun bir milyondan çox azərbaycanlının taleyində oynadığı ağır rol, münaqişənin nizama salınması istiqamətində göstərilən səylər haqqında məlumat veriblər. Çıxışlarda Macarıstan kino ustalarının azərbaycanlı həmkarları ilə birgə ingilis subtitrləri ilə belə bir ekran əsəri yaratmalarını Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətinin və miqyasının Avropa ictimaiyyətinə çatdırmaq baxımından mühümlüyü vurğulanıb.
Zala toplaşan 500 nəfərə yaxın tamaşaçı 50 dəqiqə ərzində Dağlıq Qarabağda və Azərbaycanın işğala, etnik təmizlənməyə məruz qalmış digər ərazilərində erməni separatçılarının törətdikləri dəhşətli cinayətləri faciə qurbanlarının öz dilindən dinləyiblər. İzləyicilər, eyni zamanda, ABŞ, Almaniya, İngiltərə, Fransa və başqa ölkələrdən olan mütəxəssislərin Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mülahizələri ilə tanış olmaq imkanı qazanıblar.
Filmin nümayişində Macarıstan parlamentinin üzvləri, siyasi partiyaların nümayəndələri, Budapeştdə akkreditə olunan diplomatik korpus əməkdaşları, çoxsaylı mətbuat təmsilçiləri iştirak ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 11 dekabr.- S.7.